Məhkəmə qərarları › İş №1(067)-26/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-26/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-26/2021 20.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 03 (üç) ay 13 (on üç) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 03 ədəd çətənə bitkisi toxumlarını yaşadığı Xaçmaz şəhəri Atatürk küçəsində yerləşən 104 saylı evin həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə xeyli miqdarda, yəni ümumilikdə 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, 01 avqust 2020-ci il tarixdə saat 13:15 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı evin həyətyanı torpaq sahəsindən 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1740.0 qram təşkil edən əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin iyul ayında həyətyanı torpaq sahələrində əkdikləri pomidor bitkilərini suvararkən onların arasında 03 (üç) ədəd çətənə bitkilərinin yetişdiyini görmüş, həmin bitkilərə qulluq edib yetişdirməklə gələcəkdə şəxsi istifadəsi üçün narkotik vasitə hazırlamaq qərarına gəlmişdir. Bu məqsədlə pomidor bitkilərini suvararkən çətənə bitkilərini də suvarmaqla onlara qulluq göstərmiş, lakin bu barədə evdə ailə üzvlərinə heç bir söz deməmişdir. 02 avqust 2020-ci il tarixdə Qusar şəhərindən işdən qayıdıb evə gəldikdə 01 avqust 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən atası Şahid1 razılığına əsasən həyətyanı torpaq sahələrinə baxış keçirilməsi və həmin 03 ədəd çətənə bitkilərinin aşkar edilərək götürülməsi ona məlum olmuşdur. Atası Şahid1 həmin bitkiləri nə məqsədlə əkdiyini soruşduqda ona çətənə bitkilərinin bağda əkdikləri pomidor bitkilərinin arasında əmələ gəldiklərini, həmin bitkilərin narkotik tərkibli olduğunu bildiyinə görə onları çıxarıb atmadığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Atası ona polis şöbəsinə getməli olduğunu demiş, buna görə də o, 03 avqust 2020-ci il tarixdə nahar fasiləsindən sonra Xaçmaz rayon Polis Şöbəsinə gedərək həyətyanı torpaq sahələrindən aşkar olunaraq götürülmüş narkotik tərkibli çətənə bitkilərinin özünə məxsus olduğunu etiraf etmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 göstərdi ki, 01 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin aparılması və yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra şöbədə Xaçmaz rayon X3 Mübarizə Qrupunun sabiq baş əməliyyat müvəkkili Şahid2 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, o və Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X9 qrupun tərkibinə daxil edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışın görüntülərini videoçəkiliş vasitəsi ilə qeydə almaq üçün Xaçmaz rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru Şahid4, həmçinin baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 dəvət edildikdən sonra həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada onları Təqsirləndirilən şəxs atası Şahid1 qarşılamış, ona oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğundan videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmiş və bununla bağlı hüquq və vəzifələri izah olunmuşdur. Şahid1 həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Bundan sonra Şahid1 özünün iştirakı ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahəsində pomidor və qarğıdalı bitkilərinin arasında, müxtəlif yerlərdə bir-birindən təxminən 5 metr məsafədə 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid5 aşkar olunmuş bitkilərin əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldıldığını, suvarıldığını və aqrotexniki qulluq göstərilməklə əkilib-becərildiyini bildirmişdir. Sorğu zamanı ev sahibi Şahid1 həmin bitkilərin narkotik vasitə istifadəçisi olan oğlu Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərildiyini demiş, bundan sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq ağız-ağıza keçirilməklə iki ədəd sintetik torbaya qablaşdırılmış və möhürlənmişdir. Faktla bağlı təhqiqatçı Oktay Məcidov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi ekspert-kriminalist Şahid4 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmış və bir ədəd CD diskə köçürülərək materiala əlavə olunmuşdur. Qeyd olunan tarixdə Əli Əkbərov evdə olmadığından onun Xaçmaz rayon Polis Şöbəsinə gətirilməsi mümkün olmamış, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində 03 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinə gəlməsi təmin olunmuşdur. Aparılmış söhbətlər zamanı o, 01 avqust 2020-ci il tarixdə yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 03 ədəd çətənə bitkilərinin özünə məxsus olduğunu və həmin bitkiləri şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana əldə etmək məqsədilə əkib-becərdiyini etiraf etmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Xaçmaz rayon X3 Mübarizə Qrupunun sabiq baş əməliyyat müvəkkili Şahid2 Xaçmaz rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X4 Tədqiqatlar Qrupunun baş inspektoru, polis mayoru Şahid4 göstərdi ki, 01 avqust 2020-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayon X10 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X9 ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini və həmin prosesin video görüntülərini çəkiliş vasitəsi ilə qeydə almaq lazım olduğunu demişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumatın yoxlanılması, onun ətrafında əməliyyat tədbirlərinin aparılması və yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsindən ötrü Xaçmaz rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və təhqiqatçı Oktay Məcidovdan ibarət əməliyyat qrupunun yaradılması ona məlum olmuşdur. Keçiriləcək baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 dəvət edildikdən sonra həmin tarixdə saat 13 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Orada onları Təqsirləndirilən şəxs atası Şahid1 qarşılamış, ona oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğundan videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmiş və bununla bağlı hüquq və vəzifələri izah olunmuşdur. Şahid1 həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Bundan sonra Şahid1 özünün iştirakı ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı torpaq sahəsində pomidor və qarğıdalı bitkilərinin arasında, müxtəlif yerlərdə bir-birindən təxminən 5 metr məsafədə 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid5 aşkar olunmuş bitkilərin əkilibbecərilməsi qadağan olunmuş çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldıldığını, suvarıldığını və aqrotexniki qulluq göstərilməklə əkilib-becərildiyini bildirmişdir. Sorğu zamanı ev sahibi Şahid1 həmin bitkilərin narkotik vasitə istifadəçisi olan oğlu Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərildiyini demiş, bundan sonra həmin bitkilər birbir köklərindən torpaqdan çıxarılaraq iki ədəd sintetik torbaya qablaşdırılmış və möhürlənmişdir. Faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntülərini əvvəldən axıra kimi «SONY» markalı video kamera ilə qeydə almış və sonradan həmin görüntüləri bir ədəd CD diskə köçürərək təhqiqatçı Oktay Məcidova təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 göstərdi ki, 01 avqust 2020-ci il tarixdə Xaçmaz rayon X10 Bölməsinin təhqiqatçısı X5 mütəxəssis təyin olunmasına dair qərarına əsasən şöbəyə dəvət olunmuş, təhqiqatçı Oktay Məcidov ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Atatürk küçəsində yerləşən 104 saylı evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini demiş və həmin baxışda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və bundan sonra həmin tarixdə saat 13 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə qeyd olunan ünvana getmişdir. Həmin ünvanda ev sahibi olan Şahid1 polis əməkdaşları tərəfindən oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğundan videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmiş və bununla bağlı hüquq və vəzifələri izah olunmuşdur. Şahid1 həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Bundan sonra Şahid1 özünün iştirakı ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı evin şimal hissəsində yerləşən həyətyanı torpaq sahəsində pomidor və qarğıdalı bitkilərinin arasında, müxtəlif yerlərdə bir-birindən təxminən 5 metr məsafədə 03 (üç) ədəd bitkilər aşkar olunmuşdur. O, həmin bitkilərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirmiş, aşkar olunmuş bitkilərin əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması, onların diblərinin yumşaldılaraq suvarılması, aqrotexniki qaydada qulluq göstərilməklə becərildiyini müəyyən edərək bu barədə rəy vermişdir. Bundan sonra həmin bitkilər köündən torpaqdan çıxarılaraq torbaya qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra faktla bağlı təhqiqatçı Oktay Məcidov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi ekspert-kriminalist Şahid4 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğludur. 01 avqust 2020-ci il tarixdə saat 14 radələrində evdə olduğu zaman polis əməkdaşları gəlmiş, ona oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkdiyini və bunun üçün həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları onun ərizəsi əsasında həyətyanı torpaq sahəsinə daxil olub özünün iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı həyətyanı torpaq sahəsindən 03 ədəd çətənə bitkisi aşkar edilərək sənədləşdirilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra aşkar olunmuş çətənə bitkilərinin oğlu Əli tərəfindən əkilib-becərilməsi ona məlum olmuş, lakin həmin vaxta kimi bununla bağlı oğlu Əli ilə onun arasında heç bir söhbəti olmamışdır. Polis əməkdaşları ondan oğlu Əlinin harada olduğunu soruşduqda, Əlinin telefonuna zəng etmiş, Əli Qusar rayonunda işdə olduğunu dedikdə bu barədə polis əməkdaşlarına bildirmiş və Əliyə isə Xaçmaz şəhərinə evə gəlməsini tapşırmışdır. 03 avqust 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinə gəlməsi və yaşadıqları evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş narkotik təbiətli çətənə bitkilərinin onun tərəfindən əkildiyini etiraf etməsi və bununla bağlı tutulduğu ona məlum olmuşdur. İş materiallarında olan baxış keçirilməsi haqqında 01 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən evin həyətyanı sahəsinə təqsirləndirilən şəxsin atası Şahid1 və dəvət edilmiş aqronom mütəxəssisin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, baxış zamanı həyətyanı torpaq sahəsində pomidor və qarğıdalı bitkilərinin arasında, müxtəlif yerlərdə bir-birindən təxminən 5 metr məsafədə 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid5 bitkilərə baxış keçirərək həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməklə becərildiyini bildirmişdir. Bundan sonra həmin çətənə birkiləri diblərindən çıxarılaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 01 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilmiş aqronom mütəxəssis Şahid5 iştirakı ilə baxış keçirmiş, baxışda iştirak edən mütəxəssis Şahid5 Təqsirləndirilən şəxs əkib-becərdiyi və həyətyanı torpaq sahəsindən aşkar olunmuş pomidor və qarğıdalı bitkilərinin arasında, müxtəlif yerlərdə bir-birindən təxminən 5 metr məsafədə 03 (üç) ədəd bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkisi olması, onların əkildiyi yerin torpağının yumşaldılması və həmin birkilərə aqrotexniki qaydada qulluq olunmasını müəyyən edərək bu barədə rəy vermişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 02 avqust 2020-ci il tarixli, 7/468 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «…ünvanda yerləşən evin həyətyanı sahəsində aşkar olunmuş…» sözləri yazılmış sintetik bağlamada 03 (üç) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1740,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir.Tədqiqata sərfdən sonra çətənə bitkilətinin qalıq çəkisi 1739,85 qram təşkil edir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2020-ci il tarixli, 2356 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən, Quba rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 03 (üç) ay 13 (on üç) günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 22 yanvar 2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 03 ədəd çətənə bitkisi toxumlarını yaşadığı Xaçmaz şəhəri Atatürk küçəsində yerləşən 104 saylı evin həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə xeyli miqdarda, yəni ümumilikdə 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, 01 avqust 2020-ci il tarixdə saat 13:15-də Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı evin həyətyanı torpaq sahəsindən 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1740.0 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 03 avqust 2020-ci il tarixli qərardan və həmin tarixli şübhəli şəxsi tutma haqqında protokoldan, həmin tarixli qərardan, Xaçmaz rayon məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 4(067)-112/2020 saylı və 29 sentyabr 2020-ci il tarixli, 4(067)159/2020 saylı qərarlarının surətlərindən, müstəntiqin 29 sentyabr 2020-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 4(067)-112/2020 saylı qərarına əsasən onun barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Xaçmaz rayon məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 4(067)159/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməklə o, qeyd olunan tarixdə məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, müstəntiqin qərarına əsasən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 avqust 2020-ci il tarixdən 29 sentyabr 2020-ci il tarixdək tutularaq həbsdə saxlanıldığı cəmi 56 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarında olan Quba rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 4(067)- 36/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamaqda təqsirləndirildiyinə görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanılmış cinayət təqibi ilə bağlı Quba rayon Prokurorunun təqdimatı əsasında məhkəmənin qeyd olunan qərarı ilə barəsində həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 ay 27 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Quba rayon məhkəməsinin 29 aprel 2021ci il tarixli, 4(067)-36/2021 saylı qərarı ilə 03 ay 27 gün müddətinə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1739, 85 qram təşkil edən 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə müddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 89 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İşmateriallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru X1 03 avqust 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 34 iş saatı, Xaçmaz rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1(067)-149/2020 saylı qərarı əsasında isə məhkəmə istintaqı zamanı dövlət hesabına 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 44 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 264 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 avqust 2020-ci il tarixdən 29 sentyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 56 (əlli altı) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 may 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 1739,85 qram təşkil edən 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 44 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 264 (iki yüz altmış dörd) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar