Məhkəmə qərarları › İş №1(067)-26/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-26/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-26/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Rusiya Federasiyasının Samara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni ümumilikdə 9,059 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış və bu fakt 02 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən yataq otağında olan masanın üzərindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 7,569 qram, eyni zamanda həmin masanın üzərində açıq şəkildə təmiz çəkisi 1,490 qram, ümumi təmiz çəkisi 9,059 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 2021-ci ilin avqust ayının ortalarında yaşadığı evin yerləşdiyi küçədə yolun kənarında bir ədəd çətənə bitkisi görüb onu torpaqdan çıxararaq hissələrini toplamış və əynində olan paltarın altında gizlədərək yaşadığı ünvana gətirmiş, sonra həmin bitkinin hissələrini evdə qurudaraq istifadə etməyə başlamışdır. Həmin bitkidən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı bir ədəd kibrit qutusuna yığmış, kibrit qutusunu yaşadığı evdə istifadə etmək üçün saxlamışdır. 02 sentyabr 2021-ci il tarixdə o, istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə yataq otağında olan masanın üzərinə qoymuş, sonra küçəyə çıxaraq evin həyətinin giriş qapısının yanında dayanmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğunu, evə baxış keçirəcəklərini bildirmişlər. O, etiraz etməyək yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Bundan sonra həmin yerə dəvət edilmiş müstəntiq və digər əməkdaşlar tərəfindən onun razılığı ilə videoçəkilişlə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin yataq otağında olan masanın üzərindən içərisinə narkotik vasitə qurudulmuş marixuana yığaraq saxladığı kibrit qutusu aşkar edilmişdir. Həmçinin masanın üzərində açıq şəkildə narkotik vasitə qurudulmuş marixuana olan bitki kütləsi də olmuşdur. Həmin bitki kütləsi də kibrit qutusu ilə birgə polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, o və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə əməliyyat məlumatı əldə olunmuş, məlumat əldə olunduqdan sonra rəhbərliyin icazəsi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra o, Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və X2 baş əməliyyat müvəkkili Səxavət Abbasov 02 sentyabr 2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs həyətlərinin qapısına yaxınlaşmışlar, sonuncunu yanlarına dəvət edərək özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib daşıması və saxlaması barədə rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həqiqətən narkotik vəsitə istifadəçisi olduğunu və həmin vaxt evində narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra həmin ünvana Xaçmaz rayon X8 Bölməsinin müstəntiqi Nemət Xasayev gəlmiş, müstəntiq N.Xasayev videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs evində və ya üzərində narkotik vasitə olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan masanın üzərində özünə məxsus olan narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra müstəntiq N.Xasayev onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı evə baxış keçirmək üçün evə daxil olmuşlar. Evə daxil olduqları zaman Təqsirləndirilən şəxs özünə məxsus olan yataq otağını göstərmiş, otağın mərkəzində olan masaya yaxınlaşaraq, masanın üzərindəki kibrit qutusunu göstərib, qutunun içərisində narkotik vasitə, qurudulmuş marixuana olduğunu bildirmişdir. Müstəntiq N.Xasayev həmin kibrit qutusunu əlinə götürərək içərisinə baxarkən qutunun içərisində yaşıl rəngli bitki qurusu olduğunu, həmin bitki qurusunun narkotik vasitə qurudulmuş marixuanaya bənzədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində nə olduğu soruşulduqda, o, qutunun içərisindəki bitki kütləsinin marixuana olduğunu bildirmişdir. Müstəntiq N.Xasayev həmin bitki kütləsini haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs, narkotik tərkibli çətənə bitkisini əkdiyini, balaca bir bitki olduğunu daha sonra həmin bitkidən yığaraq hazırladığını bildirmişdir. Bundan sonra, müstəntiq, həmin masanın üzərində açıq vəziyyətdə olan bitki kütləsini göstərək onun nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin də nəşə olduğunu bildirmişdir. Daha sonra Nemət Xasayev masanın üzərində açıq vəziyyətdə olan bitki kütləsini həmin masanın üzərində içərisi boş olan kibrit qutusunun içərisinə yığdıqdan sonra, hər iki kibrit qutusu bir ədəd ağ rəngli zərfdə qablaşdırmışdır. Zərfin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X2 baş əməliyyat müvəkkili Şahid2 və Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan baxış keçirilməsi haqqında 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, A.Mustafayev küçəsi ev 87 ünvanına baxış keçirilmiş, yaşayış evinin Təqsirləndirilən şəxs məxsus yataq otağında olan masanın üzərindən bir ədəd kibrit qutusunun içərisində, bundan başqa həmin masanın üzərində açıq şəkildə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 05 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon X8 Bölməsinin müstəntiqi X10, Xaçmaz rayon Polis Şöbəsinin X2 baş əməliyyat müvəkkili Şahid2, X2 əməliyyat müvəkkili Şahid1, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmuşlar. X11 özünü təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması və saxlanılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirir və daha sonra həmin məlumatı yoxlamağa gəldiklərini qeyd edir. Bundan sonra Təqsirləndirilən şəxs baxışda iştirak edən şəxslər də özlərini təqdim edirlər. Müstəntiq Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunduğunu bildirdikdən sonra ona sual verir ki, üzərində və yaxud evində hər hansı bir narkotik vasitə və ya daşınması və ya saxlanılması qadağan olunmuş başqa bir predmet vardırmı. Bu zaman, həyətə daxil olmazdan əvvəl, müstəntiq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığının bildirir. Bundan sonra müstəntiq və baxışda iştirak edən digər şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, onun yataq otağına daxil olurlar. Yataq otağında daxil olan zaman görünür ki, otaqda yataq, masa və digər məişət əşyaları vardır. Otaqda olan masanın üzərində olan kibrit qutusunu göstərək Təqsirləndirilən şəxs bildirir ki, həmin kibrit qutusunun içərisində “nəşə” vardır. Müstəntiq həmin kibrit qutusunu əlinə götürüb içərisinə baxan zaman, qutunun içərisində yaşıl rəngli bitki kütləsi olduğunu bildirir və həmin bitki kütləsini videogörüntüyə təqdim edir. Bundan sonra, masanın üzərində olan digər dərman qutularının nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin dərmanların ağrıkəsici olduğunu və aptekdən aldığını bildirir. Müstəntiq həmin dərman qutularını əlinə götürüb baxdıqdan sonra, bildirir ki, həmin dərmanlar apteklərdə açıq satışdadır. Bundan sonra, müstəntiq, masanın üzərində açıq şəkildə olan bitki kütləsini göstərərək həmin bitku kütləsinin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin də, “nəşə” olduğunu bildirir. Müstəntiq, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrini haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bir ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini, balaca bir bitki yetişdirdiyini və ondan yığaraq hazırladığını bildirir. Bundan sonra, masanın üzərində açıq vəziyyətdə olan bitki kütləsi də, müstəntiq tərəfindən bir ədəd boş kibrit qutusuna yığılır, daha sonra hər iki kibrit qutusu bir ədəd ağ rəngli zərfdə qablaşdırılır. Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunmuş narkotik vasitəni zərfin içərisinə qoymazdan əvvəl, həmin zərfin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanır, bundan sonra müstəntiq, aşkar olunmuş və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kibrit qutularını zərfin içərisinə qoyur, daha sonra baxışda iştirak edən şəxsin iştirakı ilə həmin zərf möhürlənir və ekspertizaya təqdim etmək üçün müstəntiq tərəfindən götürülür. Daha sonra müstəntiq N.Xasayev Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin bitməsini bildirir və videogörüntü həmin yerdə bitir. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, yaşadığı evdə ona məxsus yataq otağından aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu bir daha etiraf edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli 7/877 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 58” dairəvi möhür əksi olan “X.Nemət imza..., Q.Eldar imza....” yazı və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 7, 569 qram və 1,490 qram olmaqla, ümumi təmiz çəkisi 9,059 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim edilmiş qurudulmuş marixuanalar tərkibinə görə eynidir. Tədqiqata sərfdən sonra marixuananın ümumi qalıq çəkisi 8,959 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 19 oktyabr 2021-ci il tarixli 4022 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Kannabioidlərin və psixatrop maddə olan metamfetaminlərin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bir ədəd kibrit qutusunda, təmiz çəkisi 7,569 qram və masanın üzərində açıq şəkildə olan, təmiz çəkisi 1,490 qram, ümumilikdə təmiz çəkisi 9,059 qram narkotik vasitə olan qurudulmuş marixuana və hadisə yerinə baxışın videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalan 8,959 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən vəXaçmaz rayon məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 1(067)_158/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2017-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.10.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və 30.04.2019cu il tarixdə isə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni ümumilikdə 9,059 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış və bu fakt 02 sentyabr 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən yataq otağında olan masanın üzərindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 7,569 qram, eyni zamanda həmin masanın üzərində açıq şəkildə təmiz çəkisi 1,490 qram, ümumi təmiz çəkisi 9,059 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 02 sentyabr 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında 04 sentyabr 2021-ci il tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarından, axtarışda olan şəxsin tutulması haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2021-c il il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 04 sentyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon X7 Saxlama Yerindən azad edilmiş, Xaçmaz rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında 04 may 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuşdur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək və 04 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 24 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 8,959 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 88,70 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək və 04 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 01 ay 18 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 8,959 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar