Məhkəmə qərarları › İş №1(067)-27/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-27/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-27/2022 22.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbəsi ev 465-də qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış və bu fakt 07 sentyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında onun üzərinə saat 18:40-dən 18:50-dək olan vaxt ərzində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sol yan cibində saxladığı bir ədəd “West” markalı siqaret qutusunda 16,082 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olsa da Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Öz dolanışığını təmin etmək məqsədilə sürücü kimi fəaliyyət göstərir. Təxminən 2 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir. Əvvəllər məhkum olunsa da, məhkumluğu ödənilmişdir. 2021-ci ilin avqust ayının sonlarında saat təxminən 16 radələrində marketə getmək məqsədilə, yaşadığı evdən çıxmışdır. Evdən çıxanda əlində zibil torbaları olmuşdur. O, yaşadığı küçənin sonunda olan zibilliyin yanına çataraq zibilləri atmış, bu zaman zibil yeşiklərinin yanında işiq dirəyinin yaxınlığında olan sellofan diqqətini çəkmişdir. O, həmin sellofanı götürərək içərisinə baxmış, bu zaman sellofanın içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Ətrafa baxıb, heç kimin olmadığına əmin olduqdan sonra, tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamaq qərarına gəlmişdir. Tapdığı kütlə dağılmasın deyə yaşadığı evə gətirmiş və “West” markalı boş siqaret qutusuna qoymuşdur. Həmin marixuanadan birazını istifadə edib, qalan hissəsini gələcəkdə istifadə etmək üçün saxlamışdır. 07.09.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda saxlamaqda şübhəli olduğunu bildirərək, Xaçmaz RPŞ-nə dəvət etmişdirlər. Həmin zaman tapdığı narkotik vasitə də onun üzərində olsa da, polis əməkdaşları yanında olduğundan narkotiki ata bilməmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında ona müdafiəçi təqdim olunaraq hüquqları izah olunduqdan sonra, onun razılığı ilə videoçəkilişlə müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan göy rəngli qolsuz gödəkçənin sol yan cibindən içərisində tapdığı narkotik vasitə qurudulmuş marixuana olan “West” markalı siqaret qutusu aşkar edilmişdir. Aşkar olunmuş maddə ekspertizaya təqdim edilmək üçün bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, verilən suallara cavab olaraq, həmin narkotik vasitəni 2021-ci ilin avqust ayının sonlarında yaşadığı küçədə zibilliyin yanından tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını və heç kəsə satmadığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X7 Mübarizə Qrupunun əməliyyat müvəkkili, X6 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz RPŞ-nin NMQ-na əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatla bağlı Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə ondan və işlədiyi şöbənin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində olmasını müəyyən edərək, həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirməklə Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə avtomobilə əyləşərək Xaçmaz RPŞ-nə gəlmiş, bu müddət ərzində onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasını ehtimal edərək, Abbasın narkotiki üzərindən kənarlaşdıra bilməməsi üçün Təqsirləndirilən şəxs davranışına nəzarət etmişlər. Xaçmaz RPŞ-nin inzibati binasına gəldikdə müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edilmiş, bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə üzərində şəxsi axtarış aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Təqsirləndirilən şəxs isə bununla bağlı etirazının olmadığını bildirmiş və Təqsirləndirilən şəxs üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümü, həmin gödəkcənin sağ yan cibindən “Argo” markalı siqaret qutusunu və bir ədəd alşıqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılarkən içərisindən “West” markalı siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusu müstəntiq tərəfindən açılarkən içərisindən tünd yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa heç bir əşya aşkar edilməmiş, müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bitki kütləsinin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan, narkotik vasitə olduğunu bildirdiyi bitki kütləsini hardan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin kütləni tapdığını, hərdən çəkmək üçün istifadə etdiyini bildirmiş, müstəntiq Təqsirləndirilən şəxs həmin narkotik vasitənin satışı ilə məşğul olub-olmadığnı soruşduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bitki mənşəli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd kağız zərfdə qablaşdırılaraq, möhürlənmiş və qabşaldırmanın üzəri şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən “Argo” markalı siqaret qutusu və bir ədəd alışqan götürülməyərək özünə qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 şahid qismində dindirilən Xaçmaz rayon X7 Mübarizə Qrupunun əməliyyat müvəkkili, X2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 07 sentyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, barəsində şəxsi axtarış aparılan şəxs - Təqsirləndirilən şəxs əynində göy rəngli qolsuz gödəkçə, qəhvəyi rəngli qısaqol köynək, göy rəngli şalvar və qara rəngli çəkələk olmuş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş “West” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, həmçinin eyni gödəkçənin sağ cibindən isə bir ədəd "Argo” markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuş, “West” markalı siqaret qutusunun içərisinə baxılan zaman orada yaşıl rəngli bitki kütləsinin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin bitkinin narkotik vasitə olduğunu bildirmiş, həmin bitkini şəxsi istifadəsi üçün üzərində saxladığını və heç bir şəxsə satmadığını bildirmiş, digər siqaret qutusuna baxılan zaman içərisində siqaret dənələrinin olması müəyyən edilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərində hər hansı bir şey aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan sellofana sarılmış bir ədəd “West” markalı siqaret qutusu ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırıb möhürlənərək, müstəntiq tərəfindən götürülmüş, digər siqaret qutusu və alışqan Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin köçürüldüyü, şəxsi axtarış protokoluna əlavə edilmiş 01 (bir) ədəd CD diskin 12 sentyabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 7/907 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının DİN-in zərflər üçün N58” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs imza ....Nemət Xasayev imza.....” yazı və imzalar olan zərfdə 01 ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 16,082 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 12 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 16,082 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 16,032 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 sentyabr 2021-ci il tarixli, 3496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İHB-nin Xaçmaz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 11 aprel 2015-ci il tarixli, AZ-İİ 037656 saylı naikah haqqında şəhadətnamədən görünür ki, Həsənov X1 Könül İlham qızı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların həmin nikahdan 24 oktyabr 2016-cı il tarixli X9 adından bir azyaşları qızı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Həsənov X5 rayon Məhkəməsinin 29.08.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20.02.2009-cu il tarixdə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması ilə əvəz edilmiş, 23 .04.2009-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 17.03.2009-cu il tarixli amnistiya qərarının 1.3-cü bəndinə əsasən azad olunmuş, məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış və bu fakt 07 sentyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında onun üzərində saat 18:40-dən 18:50-dək olan vaxt ərzində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sol yan cibində saxladığı bir ədəd “West” markalı siqaret qutusunda 16,082 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzasının yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (himayəsində azyaşlı uşağın olmasını, əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 07 sentyabr 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və 09 sentyabr 2021-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2 gün müddətinə şübhəli şəxs qismində Xaçmaz RPŞ-nin MSY-də saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 16,032 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd 12 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab olunmuş disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 16,032 qram marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd 12 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab olunmuş disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar