Məhkəmə qərarları › İş №1(067)-29/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-29/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-29/2022 02.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Atatürk küçəsi ev 112-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla daşımışdır. Belə ki, 02 sentyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 14:00-14:15 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış 7,609 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 01 (bir) ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz şəhəri ərazisində dəmir yolu xəttini keçib Xaçmaz şəhəri, Atatürk küçəsi ilə piyada yaşadığı evə tərəf gələrkən dəmir yolunun kənarında, yerdə bir ədəd siqaret qutusunun olduğunu, həmin siqaret qutusunu açıb baxdıqda içərisində kibrit qutusunun olduğunu, həmin kibrit qutusunu açanda isə içərisində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu görmüşdür. Əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyi üçün tapdığı narkotik vasitəni özünün istifadəsi üçün götürüb cibinə qoymuş və həmin gün narkotik vasitəni üzərində gəzdirmiş, lakin istifadə etməmişdir. Səhəri gün yaşadığı Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən evə polis əməkdaşları daxil olaraq evdə axtarış aparmış, lakin evindən narkotik vasitə aşkar etməmişlər, üzərində saxladığı narkotik vasitəni polis əməkdaşları yaşadığı ünvanda olarkən onlara bu barədə bildirməyərək təqdim etməmiş, onu Xaçmaz RPŞ-nə apararaq polis şöbəsində müdafiəçi dəvət edildikdən sonra videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış keçirilmiş, bu zaman üzərində saxladığı bir ədəd kibrit qutusundakı qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sonra isə ifadəsini dəyişərək bildirmişdir ki, evdə axtarış onu polis şöbəsinə aparıb üzərində şəxsi axtarış keçirilərək üzərində saxladığı narkotik vasitə aşkar olunduqdan sonra aparılmış, həmin vaxt o, evdə olmamışdır. Evdə axtarışın aparılmasını isə ona ailə üzvləri bildirmiş, həmçinin evdə axtarış aparmış şəxslərin kimlər olduğunu bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 02 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Qeyd olunan tarixdə, saat 12:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən evin yaxınlığında olduğunu müşahidə edib sonuncuya yaxınlaşmış, özlərini təqdim edəndən sonra qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə məlumat olduğunu bildirərək Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 həvalə olunduğundan onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili X8 şöbəyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunandan və keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 həvalə olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, ondan üstündə qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulmuş və üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusu, həmin gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan 01 ədəd qara rəngli “Kent-4” markalı siqaret qutusu, gödəkçənin sol döş cibindən 01 ədəd ətir şüşəsi, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd alışqan, həmin şalvarın diz hissəsində olan sağ cibindən 10, 5 və 1 manatlıq əsginaslardan ibarət olmaqla ümumilikdə 16 manat məbləğində pul və 01 ədəd mikro yaddaş kartını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu açıldıqda onun içərisində spesifik qoxuya malik və narkotik vasitə - qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin həqiqətən “nəşə”, yəni narkotik vasitə - qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Ondan narkotik vasitəni haradan əldə etməsi, hansı məqsədlə üstündə saxlaması, narkotik vasitədən istifadə edib-etməməsi və satışı ilə məşğul olub-olmaması soruşulduqda o həmin narkotik vasitəni Xaçmaz şəhərində, dəmir yolu xəttinin kənarından tapdığını, narkotik vasitədən istifadə etdiyini və şəxsi istifadəsi üçün üstündə saxladığını, lakin narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində yaşıl rəngli bitki kütləsi olan 01 ədəd kibrit qutusu ekspertizaya göndərilməsindən ötrü 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və ağzı möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İçərisində siqaret dənələri olan 01 ədəd “Kent-4” markalı siqaret qutusu, 01 ədəd alışqan, 10, 5 və 1 manatlıq əsginaslardan ibarət olmaqla ümumilikdə 16 manat məbləğində pul, 01 ədəd ətir şüşəsi və 01 ədəd mikro yaddaş kartı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin videogörüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və faktla bağlı müstəntiq Şəhriyar Kərimli tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin onun tərəfindən təqsirləndirilən şəxsin evinə daxil olaraq hər hansı baxış keçirilmədiyini, təqsirləndiriləni küçədə, yaşadığı evin qarşısında saxlayaraq polis şöbəsinə gətirdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər, həmçinin onlar da təqsirləndirilən şəxsin evinə daxil olaraq hər hansı baxış keçirilmədiyini, təqsirləndiriləni küçədə, yaşadığı evin qarşısında saxlayaraq polis şöbəsinə gətirdiklərini bildirmişlər. İş materiallarında olan “Şəxsi axtarış aparılması haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan və şəxsi axtarışın videogörüntüsünün olduğu 01 ədəd CD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında iş üzrə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin də iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Xaçmaz RPŞnə gətirildiyi, videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilir və üstünə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirir. Ondan üzərində qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulur və üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olmadığını deyir və bundan sonra o, əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusu, həmin gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan 01 ədəd qara rəngli “Kent-4” markalı siqaret qutusu, gödəkçənin sol döş cibindən 01 ədəd ətir şüşəsi, əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli alışqan, həmin şalvarın diz hissəsində olan sağ cibindən 10, 5 və 1 manatlıq əsginaslardan ibarət olmaqla, ümumilikdə 16 manat məbləğində pul və 01 ədəd mikro yaddaş kartını çıxarıb masanın üzərinə qoyur. Bundan sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü axtarılır. Lakin onun üstündən başqa heç nə aşkar edilmir. X6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu açılır və həmin kibrit qutusunun içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müşahidə edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin “nəşə”, yəni narkotik vasitə - qurudulmuş marixuana olduğunu etiraf edir. Müstəntiq tərəfindən ondan həmin narkotik vasitəni haradan əldə etməsi, hansı məqsədlə saxlaması, narkotik vasitədən istifadə edib-etməməsi və satışı ilə məşğul olubolmaması soruşulur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Xaçmaz şəhərində, dəmir yolu xəttinin kənarından tapdığını, narkotik vasitədən istifadə etdiyini və şəxsi istifadəsi üçün saxladığını, lakin narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirir. Müdafiəçi Yusif Talıbov kibrit qutusunda olan narkotik vasitənin ona məxsus olub-olmamasını soruşanda Təqsirləndirilən şəxs müstəntiqə dediklərini bir daha təsdiq edir və narkotik vasitənin özünə məxsus olduğunu deyir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində yaşıl rəngli bitki kütləsi olan 01 ədəd kibrit qutusu 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və üzəri imzalanıb möhürlənməklə götürülür. İçərisində siqaret dənələri olan 01 ədəd “Kent-4” markalı siqaret qutusu, 01 ədəd alışqan, 10, 5 və 1 manatlıq əsginaslardan ibarət olmaqla, ümumilikdə 16 manat məbləğində pul, 01 ədəd ətir şüşəsi və 01 ədəd mikro yaddaş Təqsirləndirilən şəxs özünə qaytarılır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli, 7/878 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N58” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən.....” yazı və imzalar olan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,609 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuana narkotik vasitəsindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 7,559 qram təşkil etmişdir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli “Maddi sübutun tanınması haqqında” və 01 dekabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 7,609 qram narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,559 qramı Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 26 oktyabr 2021-ci il tarixli, 4148 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticisində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və əməliyyat tapşırığına cavabdan müəyyən edilir ki, əməliyyat tapşırığına əsasən əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı əlaqələrini, 02.09.2021ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 7,609 qram çəkidə olan narkotik vasitə - qurudulmuş marixuananı əldə etdiyi mənbəni və onun narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqındakı ifadəsində yaşadığı evdə də polis əməkdaşları tərəfindən axtarış keçirilməsi ilə bağlı bildirdiyi xüsusata münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin həmin xüsusatla bağlı bildirdikləri ziddiyyətli olmaqla yanaşı, həm də öz təsdiqini tapmamışdır. Belə ki, hazırkı cinayət işinin 19.01.2022ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsində həm göstərmişdir ki, polis əməkdaşları o, evdə olarkən onun yaşadığı evə gələrək evdə axtarış keçirdikdən sonra onu polis şöbəsinə aparıb üzərinə şəxsi axtarış keçirilərək üzərində saxladığı narkotik vasitəni aşkar etmişlər, həm də göstərmişdir ki, evdə axtarış onu polis şöbəsinə aparıb üzərində şəxsi axtarış keçirilərək üzərində saxladığı narkotik vasitə aşkar olunduqdan sonra aparılmış, həmin vaxt o, evdə olmamışdır. Evdə axtarışın aparılmasını isə ona ailə üzvləri bildirmiş, həmçinin evdə axtarış aparmış şəxslərin kimlər olduğunu bilmədiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər təqsirləndirilən şəxsin evində axtarış aparmadıqlarını, təqsirləndirilən şəxsin yalnız yaşadığı evin qarşısında, yəni küçədə saxlanılaraq polis şöbəsinə aparıldığını bildirmişlər. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd CDni, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,609 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla daşımışdır. Belə ki, 02 sentyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz RPŞ-də saat 14:00-14:15 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış 7,609 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana 01 (bir) ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 1(067)- 131/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 03 may 2021-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasın. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 1(067)-131/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 03 may 2021-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın 7,609 qram olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan, 04 sentyabr 2021-ci il tarixli “Şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan və 04.09.2021-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət, təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 oktyabr 2021-ci il tarixli, 4148 №-li rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticisində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 7,609 qram təşkil etmiş narkotik vasitə - qurudulmuş marixuandan tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 7,559 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 7,609 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 7,559 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 7,559 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:30dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 7,559 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar