Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-30/2021 03.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayonu vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun İstisu (Müqtədir) qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində AB-770303 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L200” markalı, **-NM- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50/60 km/saat sürətlə Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisindən keçən hissəsində Xudat şəhəri istiqamətində hərəkət edən zaman “Dörd Fəsil” restoranının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı,öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, diqqəti yoldan yayındığından idarə etməni itirmiş və avtomobil yoldan çıxaraq hərərkət istiqamətinin sol hissəsində olan çökəklik yerə düşərək aşmış, nəticədə avtomobildə olan sərnişin X2 ehtiyatsızlıqdan ölümünə səbəb olmuş baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş ənsə sümüyünün iri qəlpəli açıq sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, habelə burun sümüyünün sınığı sol gözün içəri bucağı, ənsə və sağ baldır nahiyələrinin əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə onun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 2018-ci il tarixdə “Mitsubishi L200” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı minik avtomobili almış, həmin avtomobil özünə məxsus olmuşdur. “BC” dərəcli sürücülük vəsiqəsi də vardır. X3 doğma dayısı oğlu olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Çingizin ailəsi onun evində qonaq olmuş, sonuncular Xudat şəhərində yaşayır, daim onun evinə gedib-gəlmişlər. Çingizin özünün avtomobili olmamışdır. Ona görə də Çingiz ailəsini onun xalası oğlu Asifin avtomobili ilə aparıb Xudat şəhərində yaşadıqları evə qoyub onların evinə qayıtmışdır ki, Asifin avtomobilini özünə qaytarsın. Saat 22 radələrində işdən evə geri qayıdanda Çingiz onların evində olmuş, ailəsinin harada olduğunu soruşduqda artıq gec olduğundan ailəsini Asifin avtomobili ilə aparıb evə qoyduğunu demiş, hal-hazırda ardınca taksi gələcəkdir ki, onu öz evlərinə aparsın. O, Çingizə taksi çağırmamasını, axşam yeməyini yeyib özü onu aparıb evə düşürəcəyini demiş, saat təxminən 22:40 radələrində şam yeməyini yeyib avtomobilinə oturmuş, Çingiz də onun yanındakı qabaq oturacaqda əyləşmiş, yaşadığı evdən çıxıb Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbənin ərazisindən keçən hissəsi ilə üzü Xudat şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkət etmiş, sürət həddi çox olmamış, çünki həm hava qaranlıq olmuş, həm də işdən gəldiyi üçün yorğun olmuşdur. Çingiz onun yanındakı oturacaqda oturub telefonla məşğul olmuş, Çingiz telefonla məşğul olduğu üçün onlar heç söhbət də etməmişlər, bütün diqqəti yolda olmuş, hərəkətdə olduğu vaxt yolun sağ ehtiyat hissəsində iki atın hərəkət etməsini görmüş, diqqəti yoldan yayınmış və həmin atlara baxmağa başlamış, həmin vaxt fikri yayındığı üçün qəflətən idarəetməni itirmiş, idarə etdiyi avtomobil hərəkətdə olduğu yolun əks hərəkət zolağına çıxaraq yolun sol kənarında olan dərəyə düşmüş və avtomobilin aşıb 2-3 dəfə yuvarlandığını hiss etmiş, avtomobilin birinci və ikinci yuvarlanmasında Çingiz onun yanında olmuş, sonuncu dəfə yuvarlananda isə Çingizin artıq yanında olmadığını görmüş, avtomobilin qabaq hissəsi üstə düşdüyünü, daha sonra düzəldiyini hiss etmiş, avtomobil onun hərəkət istiqamətində yolun sol kənarına üzü yol istiqamətində düz vəziyyətdə düşüb dayanmış, qapını açıb avtomobildən düşmək istəsə də, sağ ayağının sürət ötürücüsü ilə oturacağın arasında ilişib qaldığını görmüş, avtomobildən düşə bilməmiş, onun üçün də qışqırıb ətrafdan kömək istəmiş, Çingiz avtomobildən təxminən 5 metr aralıda avtomobilin qarşısına düşüb qalmış, Çingizin səsi çıxmamış, bundan sonra özündə olmamış, onlara kimin köməklik edib xəstəxanaya aparmasından məlumatı olmamışdır. Ayılanda Xaçmaz RMX-da olduğunu və hadisə nəticəsində Çingizin öldüyünü bilmişdir. Yol-nəqliyyat hadisəsini törədərkən sərxoş olmamış, avtomobili yüksək sürətlə idarə etməmiş, işdən yenicə gəlmiş və yorğun olmuşdur. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, zərərçəkmiş şəxs dayısı oğlu olmaqla zərərçəkmişin ailəsi ilə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməklə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X2 hüquqi varisi X6 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X3 onun əri olmuş, onlar 2017-ci ildə ailə qurmuş, həmin evlilikdən üç yaşlı Çələbi Balakişiyev adlı bir övladı vardır, qayınatası Ağagül, qayınanası Əzizə və qaynı Balaqadaş da onlarla bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs onun mərhum əri Çingizin doğma bibisi oğludur. Onlar Xudat şəhərində yaşayır, İmrangil isə İstisu qəsəbəsində yaşayırlar. Onlar tez-tez bir-birinin evinə qonaq gedib gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə də günorta saatlarında İmrangilə qonaq getmişlər, mərhum əri Çingizin avtomobili olmadığından İmrangildə olan zaman saat 20 radələrində əri Çingiz “İmran gec gələcək, gəlin sizi aparıb evə qoyum” demiş, İmranı gözləməyi, İmran özü gəldikdən sonra onları aparar demişlər. Lakin Çingiz onları qohumu Asifin avtomobili ilə aparıb evə düşürüb gələcək demiş, İmran özü onların evinə gələr, ya da özü qayıdıb şam namazını İmranla birlikdə qılar demiş, bundan sonra Çingiz onları Asifin avtomobili ilə aparıb evə düşürmüş və geri qayıtmışdır. Çingizdən şam namazını qılmaq üçün evə gəlib-gəlməyəcəyini soruşanda Çingiz İmran gec gəlsə, namazını gəlib evdə qılacaqdır demiş, karantin rejimi ilə bağlı məscidlər də işləmədiyi üçün Çingiz daim namazlarını evdə qılmışdır. Saat 23 radələri olsa da, Çingiz evə gəlmədiyi üçün qayınatası Ağagül Çingizin mobil telefonu ilə əlaqə saxlayanda sonuncu telefona cavab verməmiş, qayınatası daha sonra İmranın qardaşı Kamranın mobil telefonuna zəng edib Çingizin onlara getdiyini, lakin telefonuna cavab vermədiyini demiş, Kamran qayınatasına İmran öz avtomobili ilə Çingizi evə gətirən zaman yolda qəza baş verdiyini, hər ikisinin xəsarət almasını demiş, qayınatası Ağagül evdən çıxıb Xaçmaz rayonuna xəstəxanaya getmiş, təxminən saat 4-5 radələrində Çingizin meyitini evə gətirən zaman sonuncunun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsini bilmişdir. İmranın qohumlarının deməsinə görə hadisənin baş verməsinə səbəb İmranın idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşması olmuşdur. İmranı baş vermiş hadisə ilə bağlı günahlandırmır və Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir. Hadisədən sonra təqsirləndirilən şəxs onlara maddi köməklik etmiş, onlar qohum olduqlarından barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə cəza təyin edilməsini tələb etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin DYPB-nin YPX tağımında xidmət etməklə polis serjantı rütbəsindədir. xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməliyyat qrupunun üzvü olmaqla ərazidə xidmət aparmışdır. Xaçmaz rayonu, Xudat şəhəri istiqamətində xidmətdə olan zaman Xudat PB-nin inzibati ərazisinə aid olan İstisu qəsəbəsində bir avtomobilin yol kənarına yuvarlanaraq aşmasını öyrənmiş və dərhal hadisə yerini müəyyənləşdirmək üçün həmin yerə getmiş, təxminən 5 dəqiqə sonra hadisə yerinə gəlib çatmış, hadisə yeri Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsinin ərazisindən keçən hissəsi olmuş, üzü Nabran kəndi istiqmətində yolun sağ kənarında qamışlığın yanında hər tərəfi əzilmiş vəziyyətdə “Mitsubishi L200” markalı avtomobil olmuş, avtomobilin qabaq hissəsi yola tərəf dayanmış, dərənin yola yaxın hissəsində bir insan uzanmış vəziyyətdə olmuş, danışmamış, hadisə yerində olan adamlar həmin şəxsin artıq ölməsini demiş, avtomobilin yanında yerə uzanmış vəziyyətdə olan şəxs isə huşu özündə olmasa da, ağrıları olduğu üçün ağrıdan qışqırmış, ətrafdakı şəxslər ona su vermiş, ona yaxınlaşmış, onun huşu özündə olmadığı üçün danışa bilməmiş, avtomobilin sürücüsünün həmin şəxs olduğunu və Xaçmaz rayonunun İstisu qəsəbəsi sakini Təqsirləndirilən şəxs olduğunu, ölən şəxsin isə sonuncunun qohumu Çingiz adlı şəxs olduğunu öyrənmişdir. 5 dəqiqə sonra hadisə yerinə Xaçmaz RPŞ-nin DYPB-nin dövlət avtomobil müfəttişi Şahid2 da gəlmiş, hadisə barədə sonuncuya da məlumat vermiş, bundan təxminən 5 dəqiqə sonra TTY avtomobili də hadisə yerinə gəlmiş, xəsarət almış şəxsi və ölmüş şəxsin meyitini Xaçmaz MRX-nə aparmışlar.O, Şahid2la birlikdə hadisə yerində dayanıb müstəntiqin hadisə yerinə gəlməsini gözləmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 şahid Elsevər Əkbərovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 02:00 radələrində Xaçmaz RMX-nin tibb bacısı Ramazanova Xudat PB-nin növbətçi hissəsinə zəng edərək X2 “meyit” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 01:00 radələrində Xudat şəhər xəstəxanasının tibb bacısı Atakişiyeva Xudat PB-nin növbətçi hissəsinə zəng edərək Təqsirləndirilən şəxs “sağ bud sümüyünün qapalı sınığı, döş qəfəsinin sıxılması” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən müəyyən edilir ki: Hadisə xx.xx.2020-ci il tarixdə, saat 23.00 radələrində Xaçmaz rayonu İstisu qəsəbəsində baş vermişdir. Hadisə yerində yol qarşı-qarşıya hərəkət üçün nəzərdə tutulmaqla tam quru, hamar asfalt səthə malik olmuş, hadisə yerinə baxış Xaçmaz rayonu istiqamətindən Xudat şəhəri istiqamətində aparılmışdır. Hadisə yerində yol qarşı-qarşıya hərəkət zolağından ibarət olmaqla yolun hərəkət hissəsinin ümumi eni 7 metr, hər bir hərəkət hissəsinin eni isə 3,5 metr olmaqla əks hərəkət zolağları ağ qırıq-qırıq xəttlə bölünmüşdür. Hər iki zolağın hər iki tərəfi daşlı yol çiynidir. Sağda olan yol çiynindən sonra kollar, sol çiynində dərə yerləşir. Müayinə zamanı hadisə yerində asfalt üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək tormoz izləri və başqa izlər müşahidə olunmamışdır. Hadisə gecə və qaranlıq hava şəraitində baş vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan və onlara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 8/1447№-li ekspert rəyindən müəyyən edilir ki, ibtidai istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən,“Mitsubishi 1200” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 xx xxxxxx 2020-ci il tarixli, 41 №-li ekspert rəyindən müəyyən edilir ki, 1989-cu il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağdakı nəticəyə gəlinmişdir: Ç.A.Balakişiyevin meyitinin bədənində həyati xəsarətlər - baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş ənsə sümüyünün iri qəlpəli açıq sınığı, burun sümüyünün sınığı, alın, boyun nahiyələrinin sıyrıqları, sol gözün işəri bucağı, ənsə və sağ baldır nahiyələrinin əzilmiş yaraları vardır. Baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş ənsə sümüyünün iri qəlpəli açıq sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, burun sümüyünün sınığı sol gözün içəri bucağı, ənsə və sağ baldır nahiyələrinin əzilmiş yaraları dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya,alın və boyun nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid aid olub, bərk küt əşya (əşyalar) təsirindən törənməklə, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Ç.A.Balakişiyevin ölümünə səbəb başın küt travması nəticəsində başbeyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlmişdir. İş materiallarında olan verilmə tarixi xx.xx.2012-ci il, etibarlılıq müddəti xx.xx.2022-ci ilədək olan “BC” kateqoriyalı, AB 770303 nömrəli sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman sürücülük hüququ olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən heç bir sərxoşluq halında olmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, hazırkı cinayət işi üzrə cinayət hadisəsinin törədildiyi nəqliyyat vasitəsi mühərrik həcmi 2500 kub santimetr olan “Mitsubishi L200” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobildir, qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi olmuş, həmin avtomobilin sahibi iş üzrə Təqsirləndirilən şəxsdur. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan və həmin tarixli qəbzdən müəyyən edilir ki, hazırkı iş üzrə avtonəqliyyat hadisəsinin törədildiyi “Mitsubishi L200” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və həmin nəqliyyat vasitəsi sahibində saxlanılır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 №-li Qərarında diqqətə çatdırılır ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrinhamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasıehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini əmələ gətirir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində AB-770303 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L200” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50/60 km\saat sürətlə Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisindən keçən hissəsində Xudat şəhəri istiqamətində hərəkət edən zaman “Dörd Fəsil” restoranının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, diqqəti yoldan yayındığından idarə etməni itirmiş və avtomobil yoldan çıxaraq hərərkət istiqamətinin sol hissəsində olan çökəklik yerə düşərək aşmış, nəticədə avtomobildə olan sərnişin X2 ehtiyatsızlıqdan ölümünə səbəb olmuş baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş ənsə sümüyünün iri qəlpəli açıq sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, habelə burun sümüyünün sınığı sol gözün içəri bucağı, ənsə və sağ baldır nahiyələrinin əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə onun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində heç vaxt mənfi rəy gəlməmiş, qəsəbədə əhali arasında hamı onu yaxşı, sakit bir vətəndaş olaraq tanımaqla o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli və iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli zərərçəkən şəxsin hüquqi varisinin notarial qaydada tərtib edilmiş ərizələrindən, həmçinin işin xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsindən müəyyən edilir ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacağını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsə cəza təyin edilməsini tələb etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş İstisu qəsəbə İƏD-də nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs doğma dayısı oğlu olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etməni təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Birlikdə götürülməklə şərti məhkum etmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilənbütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların və bu əsaslarla uzlaşan hər bir təqsirkara şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkən şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbinin olmamasını, barışdıqlarını və zərərçəkən şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş etməsini, əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə görə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi; 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü madəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan olmaqla az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, dayısı oğlu olmuş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbinin olmaması, təqsirləndirilən şəxsə cəza təyin edilməsini tələb etmədiyini bildirməsini, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, həmçinin cinayətin törədilməsi halını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayəthüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkum etmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkum etmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş əsas cəza, yəni 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-30/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-30/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver