Məhkəmə qərarları › İş №1(067)-31/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-31/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-31/2021 03.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyul 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı Xaçmaz rayonu, Çarxı kəndindəki evində arvadı Zərərçəkmiş şəxs axşam saatlarında küçəyə çıxmasını və anası Şahid2 ilə mübahisə etməsini bəhanə gətirərək sillə ilə sifətinə vurub döyməklə və qollarından tutub evin divarına çırpmaqla ona sağ kürək və hər iki bazu nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra isə mətbəxdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs üstünə gedib öldürəcəyini deməklə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, arvadı Zərərçəkmiş şəxs qarşı hər hansı bir cinayət törətməyib. Arvadı Zərərçəkmiş şəxs ilə 03 oktyabr 2010-cu il tarixdə ailə həyatı qurmuşdur və sonuncu ilə rəsmi nikahından 2011-ci il təvəllüdlü Sadiq, 2016-cı il təvəllüdlü Məhəmməd adlı oğlu və 2018-ci il təvəllüdlü Əsmənur adlı qızı var. 10 iyul 2020-ci il tarixdə təxminən saat 08 radələrində o, evdən çıxıb yaşadığı kənd ərazisində olan özlərinə məxsus bağ sahəsinə getmiş və evə gəlməyib axşamadək bağda olmuşdur. Təxminən saat 22 radələrində evə gələndə görmüşdür ki, Bahar və anası evdə yoxdurlar. Təxminən 5-10 dəqiqə keçdikdən sonra qabaqda Bahar, onun arxasınca isə anası içəri daxil olmuşlar və danışıqlarından anası ilə Bahar arasında narazılıq olduğunu hiss edib nə baş verdiyini soruşduqda anası ona bildirmişdir ki, həyat yoldaşı Bahar küçədə qonşu gəlinlə söhbət etdiyi üçün, o, Bahara demişdir ki, «sən ailəli, uşaqlı qadınsan, saatlarla küçədə dayanıb qonşu gəlinlə söhbət edirsən, bizə yaraşmaz, əgər sözün varsa, ya onların evinə get ya da bizim evə gələrək davam edin». Həyat yoldaşı Bahar anasının bu sözündən sonra anasını çox kobudcasına cavab vermişdir. Buna görə də o, Bahara «səsini kəs anamla kobud danışma» demişdir. Bu zaman Bahar üzünə başına şillələr vuraraq özü özünü döyməyə başlamışdır. O, dəfələrlə Baharı sakitləşdirməyə calışsa da, Bahar sakitləşmirdi. O, Baharın qolundan tutaraq otaqlarına salıb sakitləşdirməyə çalışsa da, Bahar özünü sağa sola qapıya çırparaq çıxmağa çalışmışdır. O, Baharı otaqda qoyub özü ptağı tərk etmişdi ki, Bahar otaqda tək qalsın. Bundan sonra ara sakitləşdi və bir neçə dəqiqə sonra otağa baxdıqda, Baharın otaqda olmadığını, pəncərənin açıq olduğunu, Baharın mobil telefonunun isə çarpayının üstündə qaldığını gördü. Bundan sonra o, Baharın arxasınca çıxaraq küçədə onu axtarmağa başlamışdı, lakin Baharı tapa bilməmişdir. Geri döndüqdə Baharın telefonunun evdə qaldığını və mübahisə zamanı öz otaqlarında olarkən qohumları Gülçöhrəyə «mən gəlmək istəyirəm» yazdığını görmüşdür. Gülçöhrənin isə ona «bu günlük döz sabah gələrik uşaqlarla birlikdə gedərik, əgər bu gün gəlsən uşaqları sənə verməyəcəklər» yazısını gördükdən sonra artıq işin planlı olduğunu və Baharın anasının evinə getdiyini bilmişdir. Bu mübahisə zamanı o, ümumiyyətlə əlinə biçaq almamış və Baharı öldürməklə hədələməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə verərək göstərmişdir ki, o, Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Arvadı Zərərçəkmiş şəxs ilə 03 oktyabr 2010-cu il tarixdə ailə həyatı qurmuşdur və sonuncu ilə nigahından 2011-ci il təvəllüdlü Sadiq, 2016-cı il təvəllüdlü Məhəmməd adlı oğlu və 2018ci il təvəllüdlü Əsmənur adlı qızı var. Evləndikləri ilk günlərdə Baharla münasibəti yaxşı olmuş, aralarında heç bir narazıçılıq olmamışdır. Oğlu Sadiq anadan olduqdan sonra Bahar dəyişməyə başlamışdır. Bahar ailəyə əvvəlki qədər diqqət göstərməmiş və müxtəlif işləri bəhanə gətirib tez-tez onunla mübahisə etmişdir. Uşağı olduğu üçün o, ailəsinin dağılmasını istəməmiş və çalışmışdır ki, onu yola versin. Digər uşaqları olduqdan sonra Bahar səbəbsiz yerə ansı ilə də mübahisə etmiş və uşaqlarına lazımı qaydada qayğı göstərməmişdir. Bu da onların arasında ailədaxili mübahisələr yaratmışdır. Yenədə onlar uşaqların xatirinə Baharı yola verməyə çalışmışlar. 10 iyul 2020-ci il tarixdə təxminən saat 08 radələrində o, evdən çıxıb yaşadığı kənd ərazisində olan özlərinə məxsus bağ sahəsinə getmiş və evə gəlməyib axşamadək bağda olmuşdur. Təxminən saat 22 radələrində evə gələndə görmüşdür ki, Bahar və anası evdə yoxdurlar. Təxminən 5-10 dəqiqə keçdikdən sonra qabaqda Bahar, onun arxasınca isə anası içəri daxil olmuşlar və danışıqlarından anası ilə Bahar arasında narazılıq olduğunu hiss edib nə baş verdiyini soruşduqda anası Bahara demişdir ki, «sən ailəli, uşaqlı qadınsan, saatlarla küçədə dayanıb qonşu gəlinlə söhbət edirsən, bizə yaraşmaz». Yaşadığı evin həyətinə iki yerdən, yəni evin ön tərəfində olan həyət qapısından və evin arxa tərəfində olan bağ sahəsindən daxıl olmaq olur. Həmin vaxt o, bağ sahəsində olan qapıdan keçərək həyətə daxil olub evə gəlmiş, ona görə də anası ilə Baharın küçədə olmalarını görməmişdir. Bahar anasına qəsdən onların arasında narazılıq yaratdığını bildirdikdə o, Bahara demişdir ki, anasına cavab qaytarmasın, rədd olub öz otağına keçsin. Sonra o, onlara demişdir ki, «bütün günü bağda işləmişəm, evə gəlirəm ki, bir qədər dincəlib rahat olum, ona da siz imkan vermirsiniz». Sözlərindən sonra Bahar öz otağına keçmiş və bir neçə dəfə otağın qapısını açıb anasına cavab qaytarmış, hər dəfə də o, onu otağa salıb qapını örtmüşdür. Baharla anasının mübahisə etmələri onu əsəbləşdirmiş və o, əsəbi olduğu üçün Baharın qolundan tutub bir neçə dəfə onu otağın divarına çırpmışdır. Bahar yenədə sakit dayanmamış və o, qorxutmaq üçün Bahara demişdir ki, «səni döyməyin onsuz da heç bir xeyri yoxdur, səni birdəfəlik öldürəcəm». Sonra o, mətbəxə gedib şkafı açaraq qaşıqların arasından sarı rəngli dəstəyi olan meyvə bıçağını əlinə götrüb otağa qayıtmışdır ki, Baharı qorxutsun, o, anası ilə mübahisə etməyib sakit dayansın. Şkafdan götürdüyü bıçaq dəstəy və tiyə ilə birlikdə təxminən 15 sm uzunluqda olardı və onlar həmin bıçağı meyvə doğrayarkən, yağ və pendir kəsərkən istifadə etmişlər. O, qapını açıb otağa daxil olmaq istəyəndə anası onun əlində bıçaq olduğunu görmüş və oturduğu yerdən duraraq arxadan qapını örtüb onun otağa daxil olmasına mane olmağa çalışmışdır. O, qapını itələyib otağa daxil olmuş və baxanda görmüşdür ki, Bahar qorxduğu üçün pəncərədən tullanaraq qaçıb gedib. O, etdiyi hərəkətdən peşiman olmuş və həyətə çıxıb mətbəxdən götürdüyü bıçağı küçəyə atmışdır. Bıçağı atarkən hava tamamilə qaranlıq olmuş və o, bıçağın hara düşdüyünü görə bilməmişdir. sonra o, Baharı axtarmışdır ki, küçədə qalmasın, onu evə gətirsin. Baharı tapa bilməmiş və qayıdıb qonaq otağına gələndə görmüşdür ki, Baharın «Samsung J5 prime» markalı mobil telefonu otaqda divanın üstündə qalıb. Baharın kimlərlə əlaqə saxlamasını bilmək üçün onun mobil telefonunu götürüb baxanda görmüşdür ki, bir müddət əvvəl Bahar qohumu Gülcöhrəyə səsli mesaj göndərib, sonra isə göndərdiyi mesajı mobil telefonun yaddaşından silib. Gülcöhrə isə Baharın mobil telefonuna göndərdiyi səsli mesajda demişdir ki, «Bahar, sən öz başına çıxıb gəlsən uşaqlarını sənə verməyəcəklər, gözlə sabah ananla birlikdə gəlib uşaqlarla birlikdə geri qayıdarıq». Gülcöhrənin göndərdiyi səsli mesajı dinlədikdən sonra o, yenidən küçəyə çıxıb Baharı axtarmış, ancaq Baharı tapa bilməmiş və qayıdıb evə gəlmişdir. 11 iyul 2020-ci il tarixdə təxminən saat 08 radələrində o, evdən çıxıb kənd ərazisində olan öz bağ sahələrinə getmişdir. Günorta saatlarında Bahar özü ona zəng vurub demişdir ki, onların evinə gəlmişdir ki, uşaqları aparsın, atası ilə anası uşaqları ona verməyərək demişlər ki, uşaqların atası odur, o, evdə olmadığı üçün ona uşaq verə bilməzlər, o, geyim əşyalarını götürüb anasının evinə gedir. O, da Bahara demişdir ki, hara gedirsən, qayıt öz evində, uşaqlarının yanında otur. Bahar «başqa yerdə görüşərik» deyərək telefonu söndürmüşdür. Axşam evə gələndə görmüşdür ki, Bahar özünə aid bütün geyim əşyalarını və qızıl-zinyət əşyalarını götürərək gedib. 14 iyul 2020-ci il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunanda bilmişdir ki, Bahar onun barəsində şikayət ərizəsi yazıb, ərizəsində də onun onu döyməsini göstərib. Polis şöbəsindən çıxandan sonra Bahara zəng vurub nəyə görə belə etdiyini soruşduqda demişdir ki, o, uşaqlarını istəyir. O, Bahara izah etməyə çalışmışdır ki, işləmirsən, maddi imkanınız yaxşı deyildir, ananın yaşadığı ev pis vəziyyətdədir, uşaqları həmin evdə saxlaya bilməyəcəksən, qayıt öz evinə gəl. Bahar anasının yanında qalacağını deyərək onunla razılaşmamışdır. Sonradan onlar gətirib uşaqları Baharın özünə vermişlər və hal-hazırda Bahar uşaqlarla birlikdə anası Avşanın evində qalır. Mətbəxdən bıçaq götürərkən onun Baharı vurmaq və ya öldürmək niyyəti olmamışdır. O, mətbəxdən bıçağı götürmüşdür ki, Baharı qorxutsun, o, anası ilə mübahisə etməyib sakit dayansın. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünümüdafiə xarakterli ifadə verməklə, cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, anası Avşan və azyaşlı uşaqları ilə birlikdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 24-də yaşayır. O, əri Təqsirləndirilən şəxs ilə 03 oktyabr 2010-cu il tarixdə ailə həyatı qurmuşdur. Ramanla olan nikahından onların 2011-ci ildə Sadiq, 2016-cı ildə Məhəmməd adlı oğlu, 2018-ci ildə isə Əsmənur adlı qızı anadan olmuşdur. Evləndikləri ilk illərdə Ramanla münasibəti yaxşı olmuşdur. Ancaq sonradan Ramanın ona olan münasibəti dəyişmişdir. Çünki evdə anası, atası və qardaşlar nə demişlərsə Raman onlara qulaq asmış, tez-tez onunla kobud rəftar edərək çalışmışdır ki, valideynlərinin, qohumlarının yanında onu alçaltsın. Amma o, anasına və uşaqlarına görə Ramanın ona qarşı olan kobud rəftarına dözmüşdür. Hətta bir neçə dəfə bu barədə öz anasınada demişdir. O, Ramana əhəmiyyət verməməyə çalışmış, sonuncu isə düz yola qayıtmayaraq tez-tez onunla mübahisə etmiş, axşamlar isə evə gec gəlib yad qadınlarla yaxın münasibətlərdə olmuşdur. Azyaşlı uşaqları olduğu üçün məcbur olub Ramanın hərəkətlərinə dözmüşdür. 10 iyul 2020-ci il tarixdə təxminən saat 08 radələrində Raman evdən çıxıb yaşadığı Çarxı kənd ərazisində olan özlərinə məxsus bağ sahəsinə getmiş, təxminən saat 20 radələrində isə qayıdıb evə gəlmişdir. O, Ramana yemək vermiş, sonuncu yeməyini yedikdən sonra stulda oturub öz mobil telefonunda oyun oynamış, o, özü isə evdən küçəyə çıxmışdır ki, küçədə oynayan uşaqlarına baxsın. Küçəyə çıxanda uşaqlarının qonşuluqda yaşayan Röyanın qızı ilə oynadıqlarını, Röyanında dayanıb uşaqlara baxdığını görmüş və yaxınlaşıb sonuncu ilə söhbət etmişdir. Həmin vaxt qayınanası Rübabədə yaşadıqları evin həyət qapısının yaxınlığında oturub başqa qadınlarla söhbət etmişdir. O, oğlu Sadiqə evə gəlməsini demiş, Sadiq bir azda oynamaq istədiyini bildirdikdə qayınanası ona demişdir ki, «Bahar evə gəl». O, uşaqlarını götürüb evə getmiş və içəri daxil olanda Raman uşaqlarla bağlı ondan nə isə soruşmuş, o, ona cavab verdikdən sonra mətbəxə getmişdir ki, yuyunub namaz qılsın. Bu vaxt Raman qışqıraraq onu çağırmış və o, qonaq otağına gələndə Raman ondan küçədə olduğunu soruşmuş, o, ona küçədə olduğunu, küçədən evə gəlməsini onunda gördüyünü demiş, Raman nəyə görə küçədə dayandığını soruşduqda isə ona küçədə dayanıb uşaqlara nəzarət etdiyini, anasınında küçədə olduğunu bildirmişdir. Raman bir daha küçəyə çıxmamasını bildirdikdə ona «bəs onda uşaqlara kim nəzarət etsin» demiş və gedib qonaq otağında olan divanın üstündə oturmuşdur. Qayınanası Rübabə onların arasında olan söhbətə müdaxilə etmiş və Raman ayağa durub sillə ilə onun sifətinə vurmuşdur. Ramandan nəyə görə onu vurduğunu soruşmuş, sonuncuda onu vurmadığını demiş və o, ayağa durub uşaqların yataq otağına gedərək öz mobil telefnunun «Whatsapp» bölməsinə daxil olub anasının bibisi gəlini Gülcöhrəyə səsli mesaj göndərib demişdir ki, «anama xəbər elə gəlib məni aparsın, məni Raman döyür». Həmin vaxt Raman yenidən onu yanına çağırmış və o, Ramanın yanına gələndə sonuncu ondan üç-dörd gün əvvəl Röyagildə olub-olmadığını soruşmuş, o, da ona «bəli olmuşam, o ki, bizimlə ailəvi yaxındır, qadın kimi onunla söhbət etmişəm» deməklə cavab vermişdir. Sözlərindən sonra Raman qolundan tutaraq onu evin divarına çırpmış, sonra isə sillə ilə sifətinə vurmuş və onun dodağından qan gəlmişdir. X2 döydüyünü görsədə oğluna mane olmamış və çay içəiçə Ramanın onu döyməsinə baxmışdır. Ramandan bir daha nəyə görə onu döydüyünü soruşmuş, sonuncu isə onu döymədiyini bildirərək demişdir ki, «səni bu qədər döyməyin onsuz da heç bir xeyri yoxdur, səni birdəfəlik öldürəcəyəm». Sonra Raman mətbəxə gedib şkafı açmış və şkafda olan qaşıqların qarışdırılması səsini eşidib başa düşmüşdür ki, Raman şkafdan bıçaq götürür. Raman qayıdıb otağa gəlmək istəyəndə qayınanası Rübabə ayağa durub arxadan qapını örtərək Ramanın qonaq otağına gəlməsinə mane olmağa çalışmış, Raman qapını itələyib açmağa çalışanda o, onun əlində tutduğu bıçağın tiyəsini görmüşdür. Raman onun üstünə gəlmək üçün qapını itələyib qonaq otağına daxil olumaq istəmiş, qayınanası Rübabə isə arxadan qapını tutub Ramanın otağa daxil olmasına mane olmağa çalışmışdır. Çünki X4 əlində bıçaq olmasını görüb ehtiyyat etmişdir ki, Raman əlində olan bıçaqla onu vura bilər. Raman var gücü ilə qapını itələyib açmağa çalışmış, qayınanası Rübabə isə Ramanın otağa daxil olmasına mane olmaq üçün qapını tutub saxlamaqda çətinlik çəkmişdir. O, görmüşdür ki, qayınanası Ramanı tutub saxlaya bilməyəcək. Ramanın qonaq otağına daxil olub mətbəxdən götürdüyü bıçaqla onu vura biləcəyindən qorxmuş və qonaq otağının pəncərəsində olan toru itələyərək yerindən çıxarıb həyətə tullanmış, sonra isə qonşuluqda yaşayan Rüfətin evinə getmişdir. Həmin vaxt Rüfət və arvadı Tünzalə evdə olmamış, Rüfətin qızı Şəhla onu qarşılayıb nə baş verdiyini soruşduqda ona demişdir ki, Raman onu döymüş və öldürəcəyini deyərək bıçaqla üstünə gəlmiş, ona görə də qorxub evdən qaçmışdır, o, ona köməklik göstərsin. Bir neçə dəqiqə keçdikdən sonra Rüfətlə arvadı Tünzalə evə gəlmişlər və o, baş verənləri onlarada danışmışdır. Şəhla ona mobil telefon vermiş, o, da onun verdiyi mobil telefonla anasına zəng vurub Ramanın onu döyməsini və öldürməklə hədələməsini, canını qurtarmaq üçün qonşuya gəldiyini demişdir. Anasıda ona demişdir ki, gözlə gəlib səni aparacam, sən səsini çıxarma. Anası ilə danışdıqdan sonra Rüfətin qızı onu yaşadıqları evin ikinci mərtəbəsində olan otağa aparmış və o, orada oturub anasının gəlməsini gözləmişdir. Bir qədər keçdikdən sonra anası taksi ilə Rüfətin evinə gəlmiş və onu öz yaşadığı evə gətirmişdir. Səhəri gün anası ilə birlikdə Ramanın yaşadığı evə getmişdir ki, uşaqlarını götürsün. Həmin vaxt Raman evdə olmamışdır. Ramanın anası və atası ilə söhbət edib uşaqları istəsədə onlar uşaqlarını ona verməmişlər və onları nalayiq söyüşlərlə söyərək evdən qovmuşlar. Onlar məcbur olub geri qayıtmışlar və o, Xaçmaz RPŞ-nə gəlib əri Raman tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Sonradan uşaqları ona verilmiş və hal-hazırda o, uşaqları ilə birlikdə anasının evində qalır. Həmin hadisə zamanı yaşadıqları evdə o, Raman və qayınanası Rübabə olmuşlar. Raman mətbəxdən bıçağı götürüb qonaq otağına daxil olmaq istəyəndə qayınanası Rübabə arxadan qapını örtüb Ramanın otağa daxil olmasına mane olmağa çalışmış, sonuncu qapını itələyib açmağa çalışanda o, bıçağın tiyəsini görmüşdür. Raman bıçağın dəstəyini əlində tutmuş və qapını itələyib açmağa çalışarkən tərpənmiş, ona görə də o, bıçağın dəstəyini görə bilməmişdir. Həmin vaxt Ramanın əlində tutduğu bıçağın tiyəsi təxminən 10 sm olardı. Çarxı kəndində yaşayarkən onlar mətbəxdə üç ədəd bıçaq istifadə etmişlər. Mətbəxdə istifadə etdikləri bıçaqlar isə ölçülərinə görə bir-birlərinə yaxın olmuşlar. Ramanın əlində tutduğu bıçağın dəstəyini görə bilmədiyi üçün sonuncunun mətbəxdən hansı bıçağı götürdüyünü dəqiq bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir, ona görə ki, ifadəsini oxumamış imza etmişdir. Oğlu Ramanla keçmiş gəlini Bahar arasında mübahisə tamam başqa cür olmuşdur. Belə ki, 10 iyul 2020-ci il tarixdə təxminən saat 08 radələrində Raman təsərrüfatla məşğul olmaq məqsədilə evdən çıxıb özlərinə məxsus bağ sahəsinə getmişdir. Təxminən saat 21 radələrində Bahar heç bir söz demədən evdən küçəyə çıxmışdır. O isə, bir qədər keçdikdən sonra həyətində saxladığı ördəyi axtarmaq məqsədilə küçəyə çıxanda Baharın küçədə dayanıb qonşuluqda yaşayan Röya ilə söhbət etdiyini görmüş və özüdə gedib üzbəüz qonşuluqda yaşayan Kübra ilə söhbət etmişdir. Kübradan ayrılıb evə qayıdarkən Bahara qaranlıq olduğunu, evə gəlməsini demişdir. Bahara qaranlıq vaxtı bayırda durması ilə bağlı iradını bildirmək istəyərkən Bahar iti addımlarla onun gəlib qarşısından keçərək evə getmiş və o, imkan tapıb Bahara sözünü deyə bilməmişdir. Evə daxil olduqda, Ramanın artıq evdə olduğunu görmüşdür. O, Bahara «ay bala bu vaxt gəlin küçədə dayanmaz, ya Röya gəlsin bizdə söhət edin, ya da ki, gedib onların evində oturub söhbət edin» deyərkək, Bahar ona kobud cavab qaytarmışdır. Buna görə də oğlu Raman Bahara «səsini kəs anamla kobud danışma» demişdir. Bu zaman Bahar özü-özünü döyərək üzünə başına şillələr vuraraq öz otağına girmişdir. Raman dəfələrlə Baharı sakitləşdirməyə calışsa da, Bahar sakitləşmirdi və mübahisə edirdi. Raman Baharın qolundan tutaraq otaqlarına salıb sakitləşdirməyə çalışsa da, Bahar özünü sağa sola qapıya çırparaq çıxmağa çalışmışdır. Bundan sonra Raman otağı tərk edərək qapını örtdü, Bahar isə otaqda qaldı. Bir neçə dəqiqə sonra otaqda sakitçilik olduğundan, Baharın otaqda olmadığını fikirləşmişdirlər. Raman otağa baxdıqda Baharın orada olmasını görmüş, pəncərənin açıq vəziyyətdə, Baharın telefonunun isə çarpayıda qaldığını görmüşdür. Raman küçəyə çıxaraq Baharı axtarmağa başlamışdı. Baharı tapa bilmədiyindən geri dönmüş və Baharın telefonuna baxdıqda, Baharın qohumları Gülçöhrəyə «mən gəlmək istəyirəm» məzmunlu mesaj yazdığını görmüşdür. Gülçöhrənin isə ona «bu günlük döz sabah gələrik uşaqlarla birlikdə gedərik, əgər bu gün gəlsən uşaqları sənə verməyəcəklər» yazısını gördükdən sonra artıq işin planlı olduğunu və Baharın anasının evinə getdiyini bilmişdir. Raman ümumiyyətlə mətbəxdən bıçağı götürməmiş və Baharı bıcaqla vurmamış və öldürməklə hədələməmişdir. Halbuki, Şahid2 ibtidai istintaq zamanı şahid qismində ifadə verərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Raman 03 oktyabr 2010-cu il tarixdə Baharla evlənmişdir. Ramanın Baharla olan nigahından 2011-ci il təvəllüdlü Sadiq, 2016-cı il təvəllüdlü Məhəmməd adlı oğlu və 2018-ci il təvəllüdlü Əsmənur adlı qızı var. Baharın anası Avşanda tez-tez gəlib onların yanında qalmışdır. Baharla həmişə münasibəti yaxşı olmuş və aralarında heç bir narazıçılıq olmamışdır. Ancaq aradabir Ramanla Bahar arasında söz mübahisəsi olmuş, o, da onları sakitləşdirmişdir. 10 iyul 2020-ci il tarixdə təxminən saat 08 radələrində Raman evdən çıxıb yaşadıqları kənd ərazisində olan özlərinə məxsus bağ sahəsinə getmiş və evə gəlməyib axşamadək bağda olmuşdur. Təxminən saat 21 radələrində Bahar heç bir söz demədən evdən küçəyə çıxmış, bir qədər keçdikdən sonra o, həyətində saxladığı ördəyi axtarmaq məqsədilə küçəyə çıxanda Baharın küçədə dayanıb qonşuluqda yaşayan Röya ilə söhbət etdiyini görmüş və özüdə gedib üzbəüz qonşuluqda yaşayan Kübra ilə söhbət etmişdir. Kübradan ayrılıb evə gələrkən Bahara demişdir ki, qaranlıqdır, gəl evə. Bahar iti addımlarla gəlib qarşısından keçərək evə getmiş, o, imkan tapıb Bahara sözünü deyə bilməmiş və Baharın arxasınca içəri gələndə görmüşdür ki, Raman bağdan gəlib evdədir. O, Bahara «ay bala bu vaxt gəlin küçədə dayanmaz, ya Röya gəlsin bizdə söhət edin, ya da ki, gedib onların evində oturub söhbət edin» demiş, sözləri Baharın xoşuna gəlmədiyi üçün demişdir ki, o, ev yıxanlıq edir. Baharın ona cavab qaytardığını eşidən Raman yaxınlaşıb Baharı itələyərək yataq otağına aparmış və qapını örtüb geri qonaq otağına gələrək onu sakitləşdirmişdir ki, mübahisə etməsinlər. Bahar isə yenidən qayıdıb onunla mübahisə etmiş və Raman əsəbləşib Baharın qolundan tutaraq bir neçə dəfə onu otağın divarına çırpmışdır. Bahar yenədə sakit dayanmamış və Raman Bahara demişdir ki, «səni döyməyin onsuz da heç bir xeyri yoxdur, səni birdəfəlik öldürəcəm». Sonra Raman mətbəxə getmiş və qayıdıb otağa gələndə o, Ramanın əlində bıçaq olduğunu görmüş və tez yerindən durub arxadan qapını örtərək Ramanı qonaq otağına gəlməyə qoymamışdır. Raman qapını itələyib açmağa çalışmış, o, isə arxadan qapını tutaraq onun otağa gəlməsinə mane olmuş və Bahar Ramanın əlində bıçaq olduğunu görüb qorxaraq otağın pəncərəsindən tullanıb qaçmışdır. Bundan sonra o, qapını buraxmış, Raman qonaq otağına gəlib Baharın pəncərədən tullanaraq qaçdığını bilmiş və ona demişdir ki, Bahar qorxmuşdur, küçədə qalmasın, gedib onu tapıb evə gətirsin. Raman evdən çıxıb getmiş və bir müddət keçdikdən sonra evə gəlib ona demişdir ki, evin ətrafını axtarsada Baharı tapa bilməmişdir. Sonradan o, bilmişdir ki, Bahar evdən getməmişdən əvvəl öz mobil telefonu ilə qohumu Gülcöhrəyə səsli mesaj göndərmişdir. 11 iyul 2020-ci il tarixdə təxminən saat 08 radələrində Raman evdən çıxıb kənd ərazisində olan öz bağ sahələrinə getmiş, evdə isə onunla əri Fəxrətdin və ayzaşlı nəvələri qalmışlar. Günorta saatlarında Bahar və anası Avşan onların evinə gəlmişlər. Bahar əvvəlcə geyim əşyalarını aparmaq üçün gəldiyini bildirsədə sonradan uşaqları aparmaq istədiyini bildirmiş, onlar isə onun uşaqları aparmasına razılıq verməmişlər. Baharın anası çox şəraitsiz evdə yaşadığı üçün fikirləşmişlər ki, Baharın anasının evində uşaqlara baxması çox çətin olar. O, mane olmamış və Bahar özünə aid geyim əşyalarını aparıb getmişdir. 14 iyul 2020-ci il tarixdə oğlu Raman Xaçmaz RPŞ-nə dəvət olunanda bilmişdir ki, Bahar Raman barəsində şikayət ərizəsi yazıb, ərizəsində də Ramanın onu döyməsini göstərib. O, bu barədə bilsədə Baharla görüşməmiş və onunla əlaqə saxlamamışdır. 10 iyul 2020-ci il tarixdə yaşadıqları evdə olan mübahisə zamanı oğlu Raman Baharın qolundan tutaraq bir neçə dəfə onu otağın divarına çırpmışdır. Həmin vaxt evdə o, Raman və Bahar olmuşlar. Məhkəmə Şahid2 ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şahid2 doğma oğlu olduğundan Şahid2 oğlu Ramanın cinayət məsuliyyətinə cəlb olunmaması məqsədilə sonuncuya qarşı müdafiə xarakterli ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, o, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 24-də yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Bahar 03 oktyabr 2010-cu il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə evlənmişdir. Baharın Ramanla olan nigahından 2011-ci il təvəllüdlü Sadiq, 2016-cı il təvəllüdlü Məhəmməd adlı oğlu və 2018-ci il təvəllüdlü Əsmənur adlı qızı var. X5 mehriban yola getmişlər. Təxmirən iki il əvvəl Ramanın atası Fəxrətdin Rusiya Federasiyasından qayıdıb gəlmiş və həmin vaxtdan başlayaraq Ramanla Bahar arasında tez-tez mübahisə olmuşdur. Qızı Bahar bu barədə ona bildirəndə onu sakitləşdirib səbirli olmasını demişdir. 09 iyul 2020-ci il tarixdə səhər saatlarında o, sahədən pamidor yığmaq üçün Xaçmaz rayonu, Qədimalıqışlaq kəndinə getmiş və həmin gün axşamı Qədimalıqışlaq kəndində qalmışdır. 10 iyul 2020-ci il tarixdə təxminən saat 22 radələrində Xaçmaz rayonu, Qədimalıqışlaq kəndində olduğu zaman Bahar ona zəng vurub demişdir ki, evdə Raman onu döymüş, sonra isə öldürəcəyini deyərək mətbəxdən bıçaq götürüb üstünə gəldiyinə görə qorxmuş və pəncərədən çıxıb qaçaraq qonşuluqda yaşayan Rüfətin evinə gəlmişdir, gəlib onu aparsın. Bahara demişdir ki, səbirli ol, gəlib səni apararam. Baharla danışdıqdan sonra taksi ilə Çarxı kəndinə Rüfətin evinə gedib Baharı öz evinə gətirmişdir. Evdə olarkən Bahar ona demişdir ki, küçədə qonşunun gəlini ilə söhbət etdiyinə görə Raman əvvəlcə onu döymüş, sonra isə öldürəcəyini dyərək mətbəxdən bıçaq götürüb onun üstünə gələrkən anası arxadan mətbəxin qapısını bağlayıb onun gəlməsinə mane olmağa çalışmış və Ramanın bıçaqla üstünə gəlib onu vura biləcəyindən qorxduğuna görə pəncərədən çıxaraq Rüfətin evinə qaçmışdır. Səhəri gün Baharla birlikdə Ramanın yaşadığı evə getmişlər ki, uşaqları götürsünlər. Həmin vaxt Raman evdə olmamış, Rübabə və Fəxrətdinlə söhbət edib uşaqları istəsələrdə Rübabə ilə Fəxrətdin uşaqları onlara verməmişlər və onları nalayiq söyüşlərlə söyərək evdən qovmuşlar. Onlar məcbur olub geri qayıtmışlar və həmin gün Bahar Xaçmaz RPŞ-nə gəlib əri Raman tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Sonradan uşaqlar Bahara verilmiş və hal-hazırda Bahar uşaqları ilə birlikdə onun evində qalır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. O, X3 tanıyır. Bahar atasının bibisi nəvəsi Ramanın arvadıdır və sonuncu Çarxı kəndində onlarla qonşuluqda yaşayır. O, həmişə Ramanla Baharın münasibətinin yaxşı olmasını görmüş və onların arasında nə vaxtsa ziddiyyət olmasını görməmişdir. 10 iyul 2020-ci il tarixdə axşam saatlarında əvvəlcə atası evdən çıxıb getmiş, ondan sonra isə anası ilə bacısı Şəlalə evdən çıxıb Çarxı kəndində yaşayan nənəsi Səadətin evinə getmişlər. Təxminən saat 22 radələrində evdə olduğu zaman Bahar onların evinə gəlmiş və o, Baharın ağladığını görüb nə baş verdiyini soruşduqda demişdir ki, evdə əri Raman onu döymüş, sonra isə Raman mətbəxdən bıçaq götürüb üstünə gələndə qorxmuş və pəncərədən çıxıb qaçaraq onların evinə gəlmişdir. O, gətirib Bahara su verərək onu sakitləşdirmişdir. Sonra Bahar anasına zəng vurmaq üçün ondan telefon istəmiş, o, öz mobil telefonunu Bahara vermiş və sonuncu onun mobil telefonu ilə zəng vurub anası ilə danışmışdır. Bahar qorxduğu üçün o, onu ikinci mərtəbədə olan otağa aparmışdır. Sonra atası ilə anası evə gəlmişlər və Bahar onlarada evdə dalaşıb gəldiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Avşan onların evinə gəlmiş və Baharı özü ilə aparıb getmişdir. Evdə olarkən Bahar ona demişdir ki, küçədə dayanıb qonşunun gəlini ilə söhbət etdiyinə görə əri Raman onu döymüşdür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 iyul 2020-ci il tarixli 444 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ kürək və hər iki bazu nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 10.07.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Xaçmaz rayonu, Çarxı kənd İƏD-i tərəfindən alınmış xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz rayonu, Çarxı kənd İƏD-də tərəfindən alınmış arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağı var. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alıb, hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid edilmədən də mümkündür. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 134-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək, yəni 01 (bir) ay həbsdə və ev dustaqlığında qaldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar