Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-31/2022 24.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, S.İbrahimxəlilov küçəsi ev 1, mənzil 42-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,879 qram olan narkotik vasitə - heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 28 avqust 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saat 16:40-dan 17:00-dək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli dəri çantadan içərisində 0,874 qram narkotik vasitə - heroin olan bir ədəd büküm, içərisindəki 0,5 ml-lik məhlulda 0,005 qram heroin olan şpris, yəni 0,879 qram heroin və üzərində narkotik vasitə - heroin izləri olan bir ədəd boş şpris aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o öz tanışı ilə Xaçmaz rayonunda avtobaza tərəfdə olmuş, onun orada tanımadığı bir şəxslə mübahisəsi baş vermişdir. Tanışı qaçmış, o isə orada qalmış, polis əməkdaşı yaxınlaşaraq onu avtomobilə əyləşdirib Xaçmaz RPŞ-yə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində heç nə aşkar olunmamışdır. O, narkotik vasitə istifadə edir, lakin saxlanılan gün üç gün olmuşdur ki, narkotik vasitə istifadə etməmişdir. Polis şöbəsində işçilər gətirib narkotik vasitəni onun çantasına qoymuşlar və ona demişlər ki, “narahat olma, səni buraxacağıq, burada elə bir şey yoxdur”. Polis işçiləri ona demişlər ki, həmin narkotik vasitənin onun olduğunu etiraf etməsə, avtovağzalda yanında olmuş tanışını gedib tutacaqlar və tanışına deyəcəklər ki, guya sonuncunu o satmışdır. Ona görə də o, narkotik vasitənin ona aid olmasını boynuna almış, ona təqdim olunan sənədi imza etmiş və sonra onu buraxmışlar. Həmçinin bildirdi ki, o, Bakı şəhərində yaşayır, polis tərəfindən saxlanılan vaxt Xaçmaz rayonuna nənə-babasının yanına gəlmişdir. Onun üzərində narkotik vasitə olmamış, həmin narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Həmin narkotik vasitənin onun olmasını boynuna almasının səbəbi isə yanında olmuş tanışını qorumaq üçün olmuşdur. Belə ki, həmin tanışını polisin tutması üçün səbəb olmamış, sadəcə, tanışının polis şöbəsinə gətirilməsini, polisə həmin tanışını guya onun “satdığını” düşünməsini istəməmiş, buna görə də polis şöbəsində onun üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu boynuna almışdır. Yanında olmuş həmin şəxs dostu olmamış, tanışı olmuş, həmin tanışının familyasını, ata adını bilməmiş, adı İsmayıl olmuşdur. O, ibtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirməklə cinayət məsuliyyətinə cəlb ediləcəyini bilmişdir. Polis şöbəsində müdafiəçisi olmuş, müdafiəçi ona onun imza etdiyi sənədlərin nədən ibarət olduğunu izah etmişdir. Bundan başqa, o, on dörd il hərbçi işləmişdir. Üzərindən aşkar olunmuş şpris də onun olmamışdır. O, qorxduğundan ibtidai istintaq zamanı nə müdafiəçisinə, nə də başqa orqana üzərində narkotik vasitə olmaması barədə müraciət etməmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. İşin növbəti məhkəmə iclasında isə təqsirləndirilən şəxs bildirdi ki, onu polis şöbəsinə gətirib üzərində baxış keçirmişlər, lakin heç nə aşkar olunmamışdır. Mətləb adlı müstəntiq gəlmiş və ona demişlər ki, müdafiəçi gələcək, onlar nə desələr elə də deyər. Cahangir adlı polis gəlmiş, müstəntiq Mətləb Cahangirə onu göstərərək demişdir ki, bu adam bildirir ki, üzərindən heç nə çıxmayıb. Cahangir yaxınlaşıb ona şillə vurmuş, sinəsindən əli ilə vurub itələmiş, ona təzyiq göstərmişlər, o da onların dediklərini təsdiq etmişdir. Onu polis şöbəsinə gətirən polis əməkdaşları başqa şəxslər olmuş, onu PŞ-yə PPX gətirmişdir. Növbəti məhkəmə iclasında bildirmişdir ki, o, narkotik vasitə istifadə etməkdə səhv hərəkət etdiyini anlamış, himayəsində iki azyaşlı uşağının olmasını, səhhətinin pis olmasını, hazırda fəhlə kimi işləyərək ailəsinə qazanc apardığını bildirərək, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmiş və bu cəza növünün də onun üçün böyük məsuliyyət hissi yaratdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin təxminən avqust ayında Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Əliyev küçəsində olmasını müəyyən etmişlər, orada təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, təqsirləndirilən şəxsə niyə görə saxlanıldığını izah etdikdən sonra, sonuncunu Xaçmaz RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində təqsirləndirilən şəxsə müstəntiqin, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmiş və təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxsin üzərindən kağız bükümdə olan heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özü də heroin narkotik vasitəsindən istifadə etdiyini etiraf etmişdir. Bütün bunlar videoçəkilişlə qeydə alınmışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, yaxud psixoloji təzyiq edilməmişdir. Təqsirləndirilən şəxsin yalan dediyini, yəni sonuncunun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmadığını, həmin narkotik vasitənin onun öz üzərində olduğunu və aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən çantasından müdafiəçi gəldikdən sonra narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə təqsirləndirilənin də iştirakı ilə qablaşdırılaraq götürülmüş, təqsirləndirilən protokollara da imza emişdir. Təqsirləndirilənin kiminləsə dalaşması barədə məlumat daxil olmamış, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitə istifadə etməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında, polis şöbəsinə gətirilməsində və üzərində axtarış keçirilməsində Cahangir adlı polis əməkdaşı iştirak etməmiş, təqsirləndiriləni Şahid1 və o saxlayaraq polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması barədə 28 avqust 2021-ci il tarixdə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. O və Şahid2 Təqsirləndirilən şəxs Xaçmaz şəhəri ərazisində saxlayaraq Xaçmaz RPŞ-yə gətirmişlər. Polis şöbəsində müstəntiqin iştirakı ilə təqsirləndirilənin üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təqsirləndirilən üzərində olan çantasından narkotik vasitə olan heroinə bənzər kütləni, iki ədəd şprisi çıxararaq təqdim etmişdir. Şprislərdən biri istifadə edilmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən həmin narkotik vasitəni özünün istifadəsi üçün olduğunu, həmin narkotik vasitəni Xaçmaz şəhərində Xəzər parkından tapdığını bildirmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsə qarşı hər hansı döyülmə, digər zorakı hərəkətlər edilməmişdir. Təqsirləndirilənə üzərində axtarış keçiriləcəyini bildirildikdən sonra o, narkotik vasitəni özü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şprislərdən birini heroin qəbulu üçün özünün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilənin polis şöbəsinə o və Şahid2 tərəfindən deyil, PPX tərəfindən gətirilməsini deməsinin yalan olduğunu, təqsirləndirilənin polis şöbəsinə o və Şahid2 tərəfindən saxlanılaraq gətirildiyini bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın keçirilməsinin videoçəkilişi olan bir ədəd videofaylın qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, axtarış zamanı Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X5, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Xaçmaz RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X4, Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı iş üzrə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən təqsirləndirilən şəxsdən üzərində qanunsuz narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs boynundan asdığı çantanın içərisindən 01 ədəd çəhrayı rəngli kağız büküm çıxararaq içərisində narkotik vasitə olan heroin olduğunu, bundan başqa 02 ədəd şpris təqdim edərək həmin şprislərdən narkotik vasitə olan heroini bədəninə yeritmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin çantasından aşkar olunmuş iki ədəd şprisdən birinin içərisində qəhvəyi rəngli maye olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş çəhrayı rəngli kağız bükümün içərisinə baxılan zaman içərisində qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Xaçmaz şəhərində yerləşən Xəzər parkında oturan zaman oturacağın üzərindən siqaret qutusunun içərisindən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə - heroinə bənzər maddə və 02 ədəd şpris müstəntiq tərəfindən qablaşdırılmış və imzalanaraq möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2021-ci il tarixli, 6/3767 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: -üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,874 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd 2 ml həcmli şprisdə 0,5 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi 0,005 qramdır. Bir ədəd 2 ml həcmli boş şprisdə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək olmadı və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təmiz çəkisi 0,874 qram olan heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,824 qram; 0,5 ml həcmində heroin məhlulundan tədqiqata 0,25 ml sərf edildikdən sonra qalıq 0,25 ml təşkil etmişdir. İş materiallarında olan 05 sentyabr 2021-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 04 dekabr 2021-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,874 qram təşkil etmiş heroin narkotik vasitəsi, 0,5 ml həcmində olmuş heroin məhlulu, ekspertiza tədqiqatından sonra 0,824 qram təşkil etmiş heroin narkotik vasitəsi, 0,25 ml təşkil etmiş heroin məhlulu və 02 ədəd şpris maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin narkotik vasitəsinin haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin onun hər hansı şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 26 oktyabr 2021-ci il tarixli, 4140 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 04 dekabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun üzərində narkotik vasitə olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin polis tərəfindən onun üzərinə qoyulması barədə bildirməsinə dair ifadəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, təqsirləndirlən şəxs məhkəmə istintaqı zamanı onun üzərində narkotik vasitə olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin isə polis tərəfindən onun üzərinə qoyulmasını bildirmişdir. Cinayət işinin xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs ifadəsində bu cinayət əməlini, yəni polisin onun üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu, üzərində saxlamaqla daşımasını etiraf etməyəcəyi təqdirdə polis tərəfindən saxlanılan gün yanında olmuş, sonradan isə qaçmış tanışının tutularaq polis şöbəsinə gətirələcəyini dedikləri üçün boynuna götürdüyünü bildirmişdir. Həmin tanışını polisin tutması üçün səbəb olmamış, sadəcə, tanışının polis şöbəsinə gətirilməsini, polisə həmin tanışını guya onun “satdığını” düşünməsini istəməmiş, buna görə də polis şöbəsində onun üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu boynuna almışdır. Lakin həmin şəxsin onun dostu olmadığını, tanışı olduğunu, yalnız adının İsmayıl olduğunu, soyadını, ata adını isə bilmədiyini göstərmişdir. O, ibtidai istintaq zamanından məhkəmə istintaqındadək keçən müddət ərzində nə vəkilə, nə də digər bir quruma hazırkı cinayət əməlini törətməməsi barədə heç bir müraciət etməmiş, müraciət etməməsinin səbəbini qorxması ilə əlaqələndirmişdir. Həmin məhkəmə iclasında həmçinin polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, polis şöbəsində o, üzərindən narkotik vasitə aşkar olunmadığını bildirəndə polis əməkdaşı tərəfindən ona şillə vurulmuş, polis əməkdaşı onu sinəsindən əli ilə vuraraq itələmiş, yəni ona qarşı fiziki təzyiq edilmiş və cinayət əməlini necə törətməsi barədə xüsusatları, yəni ibtidai istintaqdakı ifadəsində bildirdiklərini boynuna almalı olmuşdur. Bundan başqa, onu hazırkı cinayət işində olan şahidlər, yəni əməliyyat müvəkkilləri deyil, PPX əməkdaşları saxlayaraq polis şöbəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon prokurorluğunun 25 mart 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalması xüsusatı araşdırılaraq öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz RPŞ-nin 29 may 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin inzibati binasında olan müşahidə kameralarının xx.xx.2021-ci il tarixində qeyd olunmuş videogörüntülərin saxlanma müddəti bitdiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında uyğunsuzluq olmaqla yanaşı, həmin ifadələrində bildirdiyi xüsusatlar hər hansı bir sübutla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın keçirilməsinin videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 0,879 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,879 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 28 avqust 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saat 16:40-dan 17:00-dək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli dəri çantadan içərisində 0,874 qram narkotik vasitə - heroin olan bir ədəd büküm, içərisindəki 0,5 ml-lik məhlulda 0,005 qram heroin olan şpris, yəni 0,879 qram heroin və üzərində narkotik vasitə - heroin izləri olan bir ədəd boş şpris aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən və Bakı şəhəri Sabunçu rayon İHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir iki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Bəşir Səfəroğlu küçəsində qeydiyyatsız yaşayır. Həmin ünvanda yaşadığı müddət ərzində Nümayəndəliyə barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, o cümlədən, əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan, şəxsin müvəqqəti saxlama yerindən azad olunmasına dair 30 avqust 2021-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş heroin narkotik vasitəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,824 qram, heroin məhlulundan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq həcmi 0,25 ml təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək maddi sübut kimi tanınaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,824 qram heroin narkotik vasitəsi, 0,25 ml həcmində heroin məhlulu və 02 ədəd 02 ml həcmli şprislər Xaçmaz RPŞnin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,824 qram heroin narkotik vasitəsi, 0,25 ml həcmində heroin məhlulu və 02 ədəd 02 ml həcmli şprislər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,824 qram heroin narkotik vasitəsi, 0,25 ml həcmində heroin məhlulu və 02 ədəd 02 ml həcmli şprislər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-31/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-31/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver