Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-31/2025 07.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Ləcət kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs 24 avqust 2023cü il tarixdə saat 09 radələrində Xaçmaz rayonu Pərdiqıran kəndində Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bıçaqla qəsdən bir dəfə zərbə endirib Zərərçəkmiş şəxs sol əlinin 5-ci barmağının ovuc səthini kəsərək sonuncunun sağlamlığına dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu Ləcət kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, Şahid7 Almas qızı ilə 2014-cü il tarixdə ailə həyatı quraraq iki övladı dünyaya gəlmiş, arvadı ilə münasibəti yaxşıdır, aralarında olan söz-söhbət ilə bağlı arvadının qardaşı Zərərçəkmiş şəxs 24 avqust 2023-cü il tarixindən 1 ay qabaq gələrək uşaqları və arvadını yaşadığı ünvana aparmış, 24 avqust 2023-cü il tarixdə yaşadığı ünvanda olan açılıb-bağlanan bıçağı götürüb Xaçmaz rayonu Pərdiqıran kəndində olan torpaq sahəsinə ot preslərini bağlamaqdan ötrü getmiş, İcra Nümayəndəliyinin qarşısında keçən zaman qızının bağçada olduğunu görüb onu götürmək üçün saat 09 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu Pərdiqıran kəndində olan evinə getmiş, həyətdə olan zaman arvadını çağıraraq uşaqları götürüb yaşadığı ünvana getmələrini demiş, arvadı Nairə İsmixanova onunla getmək istəyən zaman onu Zərərçəkmiş şəxs saxlayaraq qohumu Şahid1 oraya çağırmış və o gələndən sonra Ramik onun üstünə hücum edərək qəsdlə bir neçə dəfə təpiklə və yumruqla sağ bazu, sol bazu və sağ böyrünə vuraraq xəsarət yetirdiyi üçün şalvarının arxa cibində olan bıçağı çıxardaraq onlara tərəf gedən zaman bıçaq Zərərçəkmiş şəxs sol əlini kəsmişdir. Sonradan Zərərçəkmiş şəxs qəsdən yumruqla bir dəfə sağ gözündən vurmuş, həmin vaxt Şahid1 qəsdən yumruqla bir neçə dəfə sol gözümdən vuraraq almacıq sümüyünü sındırmış, Ramikin onu vurması ilə bağlı əli sınmış, hadisə zamanı orada olan Şahid6 onları ayıraraq sakitləşdirmiş, özü ilə gətirdiyi bıçağı kimin götürməsini xatırlamır, sonradan polislər gələrək onu Polis Bölməsinə apararaq bıçağı göstərən zaman həmin bıçağın üstündə cins şalvarının arxa cibində ot preslərini kəsmək üçün gəzdirdiyi bıçaq olduğunu demiş, bu hadisədən bir ay qabaq VAZ 2106 markalı avtomobili dəhrə aləti ilə zədələmədiyini, əgər zədələsəydi həmin avtomobilin sürücüsünün onun barəsində şikayət edərdi, hadisə zamanı orada Ruslanın qaynanası Dilşad və arvadı olaraq dava-dalaş 5-10 dəqiqə davam edərək səs-küyə heç kim gəlməmişdir və ekspertiza rəyində olan şəkildəki bıçağın ona məxsus olduğunu bildirmişdir. Bundan əlavə o, təkrar təqsirləndirilən şəxs qismində ifadə verərək 24 avqust 2023-cü il tarixdə saat 09 radələrində Xaçmaz rayonu Pərdiqıran kəndində olan zaman bıçaqla onların üzərinə getməyərək üstündə olan bıçağın yerə düşdüyünü, həmin hadisə zamanı bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, Şahid1 tərəfindən yumruqla vurularaq az ağır xəsarət aldığını, Zərərçəkmiş şəxs az ağır xəsarət almasından, yəni əlinin sınmasından xəbəri olmamış, arvadı və uşaqlarının hazırda onunla birlikdə yaşayaraq onlara aid sənədləri təqdim edərək cinayət işinin materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xaçmaz rayonu Pərdiqran kəndində valideynləri, bibisi və qardaşı ilə birlikdə yaşayır, heç bir yerdə işləməyərək fərdi əməklə məşğul olur, X6 onun doğma bacısıdır, Şahid7 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan onların iki övladı dünyaya gəlmiş, Təqsirləndirilən şəxs bacısı ilə yaşadığı müddət ərzində onunla arasında münaqişə olmuş, çox vaxt bacısını söyərək ona qarşı kobudluq etmiş, dəfələrlə valideynləri Malik ilə danışaraq ona demişiklər ki, arvadını incitməsin və içkidən əl çəksin, lakin Malik içki içəndən sonra arvadı ilə normal davranışmayaraq onu incidərək pis rəftar etmiş və bu səbəbdən onların arasında münaqişə olduğundan 24 avqust 2023-cü il tarixindən 1 ay qabaq bacısı uşaqlarını götürərək valideynlərinin yaşadığı ünvana gəlmişdir. 24 avqust 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana arxa qapıdan daxil olaraq həyətdə olan çardağın altında dayanmış, həmin vaxt o, evin arxasında bibisi pomidor bişirdiyi üçün onun yanında oturmuş, bibisi Şahid3 ilə birlikdə Malikin yanına getmiş, bacısı isə həyətdə olan bağda olmuş, Malik bacısına ondan xəbərsiz nəyə görə usağı baxçaya qoymusan və yığış gedək demiş, qardaşı Namikdə orada olmuş,qardaşı Namik ona sakitləşərək oturub söhbət etməyini bildirdirən zaman öldürməklə hədələyərək uşaqları və arvadını aparacağını bildirmiş,bu vaxt Təqsirləndirilən şəxs şalvarının sağ cibində saxlayaraq daşıdığı bıçağı çıxardaraq açıb qarnına zərbə vurmaq istəyərkən bıçağı sol əli ilə tutduğundan əli kəsilmiş və bıçağı buraxmayaraq sağ əli ilə yumruqla bir neçə dəfə Malikin sifətindən vurmuşdur. Sifətindən vuran zaman bıçağı qardaşı Namik onun əlindən almış,bıçaq Malikin əlində olmayan zaman üstünə hücum etdiyi üçün yenidən təpiklə onun ayaqlarından bir neçə dəfə vuraraq xəsarət yetirmiş, onunla yerdədə dava edərək Malikin sifətindən yumruqla zərbə ilə vurduğu üçün sağ əli sınmış,hadisə qurtarana yaxın Şahid1 yaşadığı ünvana gəlmiş, Ruslanı Malik həyətə daxil olan zaman mobil telefonla zəng edərək çağırmış,lakin Ruslan axırda gələrək Maliki sakitləşdirmək üçün 2 dəfə sillə ilə onun sifətindən vumuş,hadisə qurtarana zaman digər bibisi Şahid5 gəlmiş, Maliki sakitləşdirmək mümkün olmadığından 102 xidmətinə zəng etdiyi üçün Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları gələrək Malikvə onun üzərində gəzdirərək xəsarət yetirdiyi bıçağı götürərək aparmış, lakin bıçağı kimə təhvil verdikləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs şikayət edərək onun barəsində qanuni tədbir görülməsini xahiş etmiş, həmçinin hal-hazırda bacısıilə əri Malik barışdığı üçün onunla boşanmamış və hazırda birlikdə yaşayırlar.Təqsirləndirilən şəxs bıçaqla onu vuraraq xəsarət yetirmək istəmiş, belə ki, bıçağı qarnına vurmaq istəyən zaman bıcağı tutduğundan əlini kəsərək xəsarət almış, əlində olan sınıq isə Maliki yumruqla vurduğu üçün sınıq xəsarəti almış, 24 avqust 2023-cü il tarixdə saat 09 radələrində Malikin sifət və bədən nahiyəsinə çoxlu sayda zərbələr endirərək xəsarət yetirmiş,qardaşı Şahid6 Maliki vurmamış və Ruslan iki dəfə asta Maliki sakitləşdirmək üçün sillə ilə sifətindən vurmuş, Maliki vuraraq xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunduğundan onun barəsində olan cinayət işinin məhkəməyə göndərilməsini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Xaçmaz rayonu Bostançı kəndində yaşayır, 2020-ci ilin dekabr ayından Xaçmaz Rayon Polis X15 Bölməsinin polis serjantı polis nəfəri işləyir, Xaçmaz Rayon Polis X15 Bölməsinin polis baş leytenantı əməliyyat müvəkkili Şahid4 ilə bir yerdə 24 avqust 2023-cü il tarixdə saat təxminən 10:30-da şöbəyə gəlmiş zənglə bağlı Xaçmaz rayonu Pərdiqıran kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı həyətdə qaynı Təqsirləndirilən şəxs dalaşması ilə əlaqədar olaraq həmin ünvana getmiş, orada Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında dava olduğunu, Malik bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmiş, həmin bıçaq orada olan tanımadığı şəxs tərəfindən götürülmüş, Ramikdə hadisə zamanı Maliki vuraraq xəsarət yetirmiş, həmin bıçağı onlara Zərərçəkmiş şəxs qardaşı Şahid6 təqdim etmiş, həmin bıçaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmiş və həmin bıçaq götürülərək təhqiqatçıya təqdim etdiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sərdarova X2 göstərdi ki, Xaçmaz rayonu pərdiqıran kəndində yaşayır, Ramik və Şahid6lar onun doğma qardaşı övladlarıdır, Təqsirləndirilən şəxs isə onun qardaşı qızı Şahid7 əridir, onlarla münasibəti yaxşı olmaqla düşmənçiliyi və ədavəti olmamış, Zərərçəkmiş şəxsla eyni ünvanda yaşayır, 24 avqust 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Pərdiqıran kəndindəki ünvana gələrək arvadı Şahid7 onunla getməsini bildirmiş, Zərərçəkmiş şəxs bacısının onunla birlikdə getməyəcəyini dediyindən aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs şalvarının sağ cibindən bıçaq çıxardaraq Zərərçəkmiş şəxs əlindən vuraraq xəsarət yetirmiş, bıçağı Ramik onun əlindən alaraq yumruq və təpiklə onu vuraraq xəsarət yetirmiş, hadisənin sonuna yaxın Şahid1 gələrək iki dəfə sillə ilə vurmuş və Malikdən götürülmüş bıçağı oraya gələn polis əməkdaşlarına təqdim edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsuizadə qəsəbəsi H.Ağamalıyev küçəsi ev 9 mənzil 10-da ailəsi ilə birlikdə yaşayaraq fərdi əməklə məşğul olur, Zərərçəkmiş şəxs arvadının dayısı oğludur, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı əridir, onlarla münasibəti yaxşı olaraq heç bir zaman düşmənçiliyi və ədavəti olmamış, yay ayı ilə bağlı Xaçmaz rayonu Pərdiqıran kəndində olan evlərinə istirahət etmək üçün getmiş, Təqsirləndirilən şəxs Naira ilə ailə həyatı qurmuş və münasibətləri pisləşdiyindən Naira valideynlərinin yaşadığı ünvana gəlmişdir. 24 avqust 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək səs-küy saldığından Ramik ona zəng edərək çağırdığından dərhal Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmiş, Ramiklə Malik yerdə olan zaman Ramik onu təpiklə və yumruqla vuraraq xəsarət yetirmiş, Ramiki onun üstündən Ramikin qardaşı Namikin köməkliyi ilə qaldıraraq kənara çəkmiş, həmin vaxt Namik Malikdə olan bıçağı götürdüyünü bildirmiş, Ramikin sol əlinin kəsildiyini, qan axdığını gördüyündən Malik tərəfindən bıçaqla vurularaq xəsarət aldığını görmüş, Təqsirləndirilən şəxs sakitləşmədiyi üçün onun sifətindən iki dəfə sillə vurmuş və Maliki sakitləşmədiyini gördüklərindən 102 zəng xidmətinə zəng edərək məlumat vermiş və hadisə zamanı Şahid6 heç kimi vurmayaraq xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 Almas qızı məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini Şahid1 üzünə qarşı bir daha təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdən Şahid1 tərəfindən yumruqla vurularaq almacıq sümüyünün sındığını bildirmiş, lakin Şahid1 ona iki sillə vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini Zərərçəkmiş şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdən Şahid1 və onun tərəfindən yumruqla və təpiklə vurularaq almacıq sümüyünün Şahid1 və digər xəsarətlər Zərərçəkmiş şəxs tərəfindən yetirilmiş, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bütün aldığı xəsarətləri özünün yetirdiyini, Şahid1 ona iki sillə vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini Şahid3 üzünə qarşı bir daha təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdən Şahid1 tərəfindən yumruqla vurularaq almacıq sümüyünün sındığını bildirmiş, lakin Şahid3 Şahid1 tərəfindən ona iki sillə vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini Şahid6 üzünə qarşı bir daha təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdən Şahid1 tərəfindən yumruqla vurularaq almacıq sümüyünün sındığını bildirmiş, lakin Şahid6 Şahid1 tərəfindən ona iki sillə vurduğunu, almış olduğu bütün xəsarətləri qardaşı Zərərçəkmiş şəxs tərəfindən yetirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz Rayon Polis X4 təhqiqatçısı polis kapitanı Elvin Həsənov tərəfindən tərtib edilmiş 25 avqust 2023cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş 1 ədəd cib bıçağının açıq vəziyyətdə ümumi uzunluğu 33 sm, tiyəsinin uzunluğu 18 sm, kəsici hissəsinin isə uzunluğu 15 sm, qatlanan hissəsi dəmirdən, tiyəsinin hər iki tərəfi isə taxtadan, kəsici hissəsi ilə tiyəsinin birləşdiyi yerdə metal üzərində «Stainless Steel U.S.A» yazısı yazılmış, kəsici hissəsinin eni 2 sm ilə 3 sm arasında dəyişir və kəsici hissəsi üzərində 3 ədəd ardıcıl dəlik olaraq bıçaq qablaşdırılaraq foto şəkli çəkilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 560 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol əlin 5-ci barmağının ovuc səthinin kəsilmiş yarası iti kənarlı və ya iti uclu kəsici alətin, sağ əlin 5-ci əl-daraq sümüyünün sınığı isə bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan əlavə kompleks məhkəmə-tibbi və trasoloji ekspertizasının 19 yanvar 2024-cü il tarixli 629-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol əlin 5-ci barmağının ovuc səthində aşkar edilmiş kəsilmiş xarakterli xəsarət hər hansı bir iti kənarı olan əşyanın (alətin) təsirindən törənmişdir və bu xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsini inkar etmək olmaz. Zərərçəkmiş şəxs sol əlin 5-ci barmağının ovuc səthinin kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa Yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs sağ əlin 5-ci əl-daraq sümüyünün sınığı xəsarəti bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Bu xəsarətin müxtəlif şəraitlərdə, o cümlədən, Zərərçəkmiş şəxs sağ əli ilə hər hansı bir bərk küt əşyaya yumruq zərbəsi ilə vurması nəticəsində törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs sağ əlin 5-ci əl- daraq sümüyünün sınıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol göz almasına qansızma və sol gözətrafı nahiyənin qançırı ilə müşayət olunan üz skelet sümüklərinin yerindəyişmiş qapalı sınığı (Sol tərəfli Le-For İİ tipli sınıq) uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Sağ gözün alt qapaq nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Sağ bazunun yuxarı 1/3-nin iç səthinin, sol bazunun orta 1/3-nin iç səthinin və sağ böyrü nahiyəsinin qançırları həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Ekspertizaya təqdim olunmuş-bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan cinayət işinəəlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba- Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbin 03 aprel 2024-cü il tarixli 583 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbində Azərbaycan bölməsində 1995-2006-cı illərdə təhsil almış və Xİ sinifi bitirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi «Azərovçu»dan daxil olmuş 15 aprel 2024-cü il tarixli 16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə-bioloji ekspertizasının 18 aprel 2024-cü il tarixli 227/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Oalfa,beta/l/. Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. 01 ədəd bıçaq üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «H» antigeni alındı. Bu qan ləkələri Oalfa,beta(l) qruplu şəxsə, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 ifadələri hadisə yerində yoxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan AZ-İ seriyalı 993675 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2014-cü il tarixdə X8 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 01 oktyabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı 610973 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə rəsmi nikahlarından 06 sentyabr 2015-ci il təvəllüdlü X9 adında bir oğlan övladları var. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 14 avqust 2018ci il tarixli, AZ-İV seriyalı 172780 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə rəsmi nikahlarından 11 iyul 2018-ci il təvəllüdlü X5 adında bir qız övladları var. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində zərərçəkmiş şəxsi vurmamasına və sonuncuya xəsarət yetirməməsinə dair bildirdiyi xüsusata tənqidi yanaşaraq hesab edir ki, həmin xüsusat təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyır və iş materiallarında olan sənədlərlə, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsini, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan RespublikasıCinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş və özünü müdafiə xarakteri daşıyır. Bununla da, cinayət işinin Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə düzgün tövsif edilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən, preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyini və əsaslılığını təmin etməlidir. Məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini tamamilə istisna edir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəmnində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə informasiya sistemi üzərindən aparılmış yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladları 06 sentyabr 2015-ci il təvəllüdlü X9 və 11 iyul 2018-ci il təvəllüdlü X5 vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 228.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd soyuq silah hesab edilən biçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirənin və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd soyuq silah hesab edilən biçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddianın, məhkəmə xərcin və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətinə başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-31/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-31/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver