Məhkəmə qərarları › İş №1(067)-32/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-32/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-32/2021 11.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları, xx xxxx 1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 1(101)-695/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 126.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, Xaçmaz şəhəri, H.Aslanov küçəsi, ev 33, mənzil 8-də qeydiyyatda olmaqla fakitiki ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində yaşadıqları Xaçmaz şəhəri, Qələbə küçəsi, 5 nömrəli ünvanda yerləşən evdə spirtli içkilərə meyilli olması və maddi cəhətdən ailəyə baxmaması ilə bağlı qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında əvvəlcədən olan ailədaxili münaqişələrdən formalaşmış, həmçinin həmin günü evə sərxoş vəziyyətdə gəldiyi üçün Zərərçəkmiş şəxs tutduğu irada görə aralarında yaranmış mübahisə zamanı əvvəlcə giriş hissədəki otaqda əlinin iç tərəfi ilə zərbə endirərək sifətindən vurmuş, daha sonra onun əlinə düşməmək üçün yataq otağına keçən Zərərçəkmiş şəxs arxasınca gedərək həmin otaqda bir əli ilə saçından tutub başını aşağı əyməklə saxlamış və digər əli ilə termonun üstündə olan boş şüşə ətir qabını götürüb başına üç dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs “ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ said oynağının sıyrığı” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ünvan 3-də arvadı Sədaqət, 2006-cı il təvəllüdlü qızı Mehriban və 2008-ci il təvəllüdlü oğlu Mirzəli ilə birlikdə yaşayır. Sədaqətlə 2005-ci ildən nikahsız yaşadığı üçün Sədaqət öz ata soyadında qalmışdır. Uşaqların soyadı Sədaqətin soyadı ilə qeydiyyata alınmışdır. Maddi vəziyyətləri çətin olduğundan uşaqları 2019-cu ilin sentyabr ayından Quba şəhər Valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində təhsil alaraq orada yaşayırlar və hal-hazırda dövlətin himayəsindədirlər. Sədaqətlə əvvəllər münasibətləri yaxşı olsa da, son vaxtlar ailənin maddi çətinliyi ilə əlaqədar aralarında ailədaxili münaqişələr yaranmağa başlamışdır. Bu zəmində tez-tez aralarında dava-dalaş düşmüşdür. O, Sədaqəti 2016-cı ildə bıçaqla vuraraq ağır dərəcəli xəsarət yetirdiyi üçün həbs olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin verdiyi əfv fərmanı ilə 2019-cu ilin mart ayında həbsdən çıxdıqdan sonra Sədaqətlə barışaraq yenidən birlikdə yaşamağa başlamışdır. Lakin bir müddət sonra aralarında yenidən münaqişələr yaranmağa başlamışdır. Buna səbəb Sədaqətin onunla kobud rəftar etməsi olmuşdur. Sədaqət ona “ev mənimdir, evə gəlmə, tək yaşamaq istəyirəm” demişdir. Amma yaşadıqları evdə onun da payı olduğundan, həmçinin iki uşağı olduğundan, o, heç yerə getmək fikrində olmamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində evə sərxoş vəziyyətdə gəlmiş və evə daxil olan kimi Sədaqət ona demişdir ki, “nə üçün evə içkili vəziyyətdə gəlmisən?”. O, Sədaqətə baş qoşmayaraq heç bir cavab verməmişdir. Sədaqət ona demişdir ki, “içkilisən, çıx evdən get”. O, cavab vermişdir ki, “əcəb edib gəlmişəm, öz evimdi, heç yerə getməyəcəyəm”. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Sədaqət əl ataraq əynindəki maykasını dartıb cırmış, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Sədaqətin bu harəkətindən sonra əllərindən tutub içəri otağa itələyərək demişdir ki, “keç gir otağa, nə istəyirsən məndən, əsəbləşdirmə məni”. Bu an qızı Mehriban aralarına girib onu kənara çəkmiş, amma Sədaqət qışqıraraq onu söyməkdə davam etdirmişdir. O, münaqişənin böyüməməsi üçün evdən çıxıb getmişdir. Təxminən iki saat keçdikdən sonra evə gəlmiş, evdə nə Sədaqətlə, nə də ki, uşaqlarla danışmadan yatmışdır. Növbəti gün, səhər saatlarında oğlu Mirzəli ilə söhbət edərkən ona məlum olmuşdur ki, həmin gecə o, küçəyə çıxandan sonra Sədaqət təcili tibbi yardımla Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmiş, həmçinin onun barəsində polisə şikayət etmişdir. Sədaqətlə aralarında yaranmış mübahisə zamanı nə Sədaqəti, nə də ki, Mehribanı boş şüşə ətir qabı ilə və ya digər bir üsulla vurmamış, onları vuracağı ilə hədələmiş, bununla bağlı Sədaqətin dedikləri həqiqətə uyğun deyildir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3-də əri Təqsirləndirilən şəxs, 2006-cı il təvəllüdlü qızı Mehriban və 2008-ci il təvəllüdlü oğlu Mirzəli ilə birlikdə yaşayır. Ailələrinin maddi durumu aşağı olduğundan uşaqları 2019-cu ilin sentyabr ayından Quba şəhər Valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində təhsil alaraq orada yaşayırlar və hal-hazırda dövlətin himayəsindədirlər. Covid-19 virusunun yayılmamasına görə xx xxxx 2020-ci il tarixdə uşaqları məktəbdən evə buraxılmış və həmin vaxtdan uşaqları onlarla birlikdə, yəni ünvan 3-də qalmışlar. Vüqarla birgə yaşadıqları ilk bir neçə il ərzində münasibətləri yaxşı olsa da, sonrada Vüqar spirtli içkilərə qurşandığı üçün onunla evdə əsassız yerə mübahisələ etməyə başlamış, bu münaqişələr zəminində Vüqar onu 2016-cı ildə mətbəx bıçağı ilə vuraraq ağır dərəcəli xəsarət yetirdiyi üçün həbs olunmuşdur. Vüqar 2019-cu ilin mart ayında həbsdən çıxdıqdan sonra yenidən onunla münaqişələr yaratmağa başlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində uşaqları ilə birlikdə evdə olduğu zaman Vüqar sərxoş vəziyyətdə gəlmiş, ondan nə üçün evə sərxoş vəziyyətdə gəldiyini, evdən çıxıb getməsini dedikdə Vüqar heç bir cavab vermədən evə daxil olmuş, “əcəb edib gəlmişəm, heç yerə getməyəcəyəm” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və Vüqar əlinin iç tərəfi ilə zərbə endirərək sifətindən vurmuşdur. O, sərxoş vəziyyətdə olan Vüqarın əlinə düşməmək üçün yataq otağına keçmişdir. Vüqar da onun arxasınca həmin otağa gələrək bir əli ilə saçından tutub başını aşağı əyməklə onu saxlamış və digər əli ilə termonun üstündə olan boş şüşə ətir qabını götürərək üç dəfə başına zərbə endirmişdir. Zərbələrin təsirindən başından qan axmağa başlamış, Vüqarın əlindən çıxıb qaçmaq istədikdə, Vüqar onu yerə yıxmış və bu zaman sağ qolunun dirsək hissəsi divara dəyib qanamışdır. Qızı Mehriban girişdəki otaqdan atasının bu hərəkətlərini görərək sakit olmasını və onu vurmamasını bildirsə də, Vüqar Mehribanın dediklərinə məhəl qoymamışdır. Buna görə də Mehriban yaxınlaşıb Vüqarı ondan ayırmaq istədikdə Vüqar əlindəki şüşə ətir qabı ilə Mehribanın da başına bir dəfə zərbə endirib onu kənara itələmişdir. O, yerdən ayağa qalxıb Vüqara ondan polisə şikayət edəcəyini dedikdə o, şüşə ətir qabını özü ilə götürərək evdən çıxıb getmişdir. Bundan sonra o, DİN-nin “102” xidmətinə və təcili tibbi yardıma zəng etmiş, qızı Mehriban ilə birlikdə təcili tibbi yardım avtomobilinə əyləşərək Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmiş, həkimlər ona və qızına tibbi yardım göstərərək evə buraxmışlar. Təqsirləndirilən şəxs barəsində şikayətçidir və onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında Quba şəhər Valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbin müəlliminin iştirakı ilə şahid qismində dindirilən azyaşlı Şahid2 göstərdi ki, ünvan 3-də atası Vüqar, anası Sədaqət və qardaşı Mirzəli ilə birlikdə yaşamışdır. Ailələrinin maddi vəziyyətləri aşağı olduğu üçün 2019-cu ilin sentyabr ayından qardaşı Mirzəli ilə birlikdə Quba şəhər Valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün tam orta internat məktəbində təhsil almaqla yaşayır. Covid-19 virusunun yayılmasına görə xx xxxx 2020-ci il tarixdə onu və qardaşını məktəbdən evə buraxmışlar. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində atası Vüqar sərxoş vəziyyətdə evə gəlmiş, bu zaman anası atasından nə üçün evə sərxoş vəziyyətdə gəldiyini, evdən çıxıb getməsini dedikdə atası əcəb edib gəldiyini və heç yerə getməyəcəyini bildirib evə daxil olnuşdur. Bu səbəbdən valideynləri arasında mübahisə yaranmış, mübahisə zamanı atası əli ilə anasının sifətindən vurmuşdur. Anası onun əlinə düşməmək üçün yataq otağına keçdikdə atası da anasının arxasınca gedərək bir əli ilə anasının saçından tutub başını aşağı əymiş, digər əli ilə termonun üstündə olan boş şüşə ətir qabını götürüb anasının başına bir neçə dəfə zərbə endirmişdir. Həmin vaxt anasının başından qan axmağa başlamışdır. Anası atasının əlindən çıxıb qaçmaq istyədikə, atası imkan verməyərək anasını yerə yıxmış və bu zaman anasının dirsəyi divara dəyib qanamışdır. O, digər otaqdan atasının bu hərəkətlərini görərək atasına sakit olmasını və anasını vurmamasını bildirsə də, atası onu eşitməmiş, ona görə də yaxınlaşıb atasını tutaraq ayırmaq istədikdə atası əlindəki şüşə ətir qabı ilə onun da başına bir dəfə vurub kənara itələmişdir. Həmin vaxt anası nə üçün uşağı vurduğunu, ondan polisə şikayət edəcəyini dedikdə atası şüşə ətir qabını özü ilə götürərək evdən çıxıb getmişdir. Bundan sonra anası 102 xidmətinə və təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım avtomobili ilə anası ilə birlikdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmişlər. Həkimlər anasına və ona tibbi yardım göstərdikdən sonra onlar evə qayıtmışlar. Məhkəmə istintaqında Quba şəhər Valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbin müəlliminin iştirakı ilə şahid qismində dindirilən azyaşlı Şahid1 şahid qismində dindirilən bacısı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2020-ci il tarixli, 451 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası və sağ said oynağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəsəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- ənsə nahiyyəsinin şişkinliyi bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, hadisə barədə yerində ifadə vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, qeyd olunan tarixdə zərər çəkmiş şəxs Musayev Sədaqət ifadəsi yerində yoxlanılmış və o, hadisə barədə yerində ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 1(101)-695/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 1(101)-695/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 126.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş mteriallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 592 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 saylı ünvanda yaşayır. Ailə tərkibi arvadı Zərərçəkmiş şəxs, 2006-cı il təvəllüdlü qızı Şahid2 və 2008-ci il təvəllüdlü Şahid1 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində yaşadıqları Xaçmaz şəhəri, Qələbə küçəsi, 5 nömrəli ünvanda yerləşən evdə spirtli içkilərə meyilli olması və maddi cəhətdən ailəyə baxmaması ilə bağlı qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında əvvəlcədən olan ailədaxili münaqişələrdən formalaşmış, həmçinin həmin günü evə sərxoş vəziyyətdə gəldiyi üçün Zərərçəkmiş şəxs tutduğu irada görə aralarında yaranmış mübahisə zamanı əvvəlcə giriş hissədəki otaqda əlinin iç tərəfi ilə zərbə endirərək sifətindən vurmuş, daha sonra onun əlinə düşməmək üçün yataq otağına keçən Zərərçəkmiş şəxs arxasınca gedərək həmin otaqda bir əli ilə saçından tutub başını aşağı əyməklə saxlamış və digər əli ilə termonun üstündə olan boş şüşə ətir qabını götürüb başına üç dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs “ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ said oynağının sıyrığı” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bununla da o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün qismən təqsirli bilməsinin əsası kimi ibtidai istintaq və məhkəmə istintaqında hadisə zamanı nə zərərçəkmiş şəxs X1 boş şüşə ətir qabı ilə və ya digər bir üsulla vurmaması, bununla bağlı zərərçəkmiş şəxsin dediklərinin həqiqətə uyğun olmaması və bu kimi ifadəsində irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Ona görə də məhkəmə hessab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsinə baxmayaraq hazırda törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmır və həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini qismən etiraf etməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məсəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb iсraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərсləri yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(067)-155/2020 saylı qərarı əsasında keçirilmiş məhkəmə iclaslarında (hazırlıq və məhkəmə baxışı) işitirak etmiş, cinayət işi ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 6 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi 6 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbayсan Respublikasının Cinayət Məcəlləsinin 128-сi maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması сəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb iсraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi cəmi 6 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 36 (otuz altı) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN İmza var XİDİR QUİYEV Düzdür: HAKİM XİDİR QUİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar