Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-32/2022 16.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 12-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs karantin rejimi dövründə baş menecer vəzifəsində işlədiyi Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində fəaliyyət göstərən “X7 və Əyləncə Mərkəzi”nə tamah niyyəti ilə daha çox turist və qonaq cəlb edib gəlir və sair üstünlük əldə etmək məqsədi ilə təşkili və fəaliyyətinə nəzarəti ona həvalə olunmuş “X7 və Əyləncə Mərkəzi”ndə olan disko klubu 2021-ci ilin iyul ayının ortalarından əyləncə mərkəzi kimi təşkil etməklə çoxsaylı müştərilərin dəvət edilmiş “DJ” tərəfindən verilən yüksək musiqinin təsiri altında sosial məsafə gözləmədən və tibbi maskalardan istifadə etmədən rəqs etmələrinə şərait yaratmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə əlaqədar əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1.1.8-ci bəndində qeyd edilmiş “istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması” kimi və digər tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19)» infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə ifadəsində göstərdi ki, onlar “X7 və Əyləncə Mərkəzi”ndə olan disko klubda restoran kimi fəaliyyət göstərmiş və şou proqramlar təşkil olunmuşdur. Həmin disko klubda şəxslər arasındakı məsafə gözlənilmiş, həmçinin orada dezinfeksiya tuneli olmuş, hamı həmin tuneldən keçəndən sonra restoranın ərazisinə daxil olmuşdur. Həmin diskotekaya gəlmiş insanlar aralarındakı məsafənin saxlanılmasına riayət etməsələr də, dezinfeksiya tunelindən keçirilmişlər. Dezinfeksiya tuneli öz təşəbbüsləri ilə şirkət tərəfindən əvvəldən quraşdırılmışdır. Masalar arasında məsafələri 2-3 metr etmişlər. Lakin həftənin altıncı günləri müştəri sayı çox olmuşdur. Amma mediada şişirdilərək elə məlumat verilmişdir ki, guya orada “pena parti” və s. olmuş, sanki 200-250 nəfər olmuş, media həmin istirahət və əyləncə mərkəzinin internet səhifəsindən 2015-ci ilə aid fotonu götürüb paylaşmışdır. O, karantin qaydasını pozmuş, lakin o qədər də qabarıq pozmamışdır. Belə ki, restoranda 150 nəfərin olmasına icazə verildiyi halda, həftənin altıncı günü 250 nəfər olmuş, yəni bir az nəzarətdən yayınma olmuşdur. Həmçinin bildirmişdir ki, istirahət mərkəzinin əsas girişində elektron termometrlər qoyulmuş və iki yerdə dezinfeksiya tunelləri quraşdırılmış, gələn müştərilərin hərarəti ölçülərək buraxılmışlar. 150 nəfərin qəbul edilməsi və restoranların da məsafə saxlamaqla artıq fəaliyyət göstərə bilməsini mediadakı xəbərdən öyrənmişdir. İttiham aktında göstərilənlərlə razıdır, sadəcə, mediada qeyd olunduğu kimi karantin qaydalarını qabarıq formada pozmamış, həmin istirahət və əyləncə mərkəzində bütün qərarları o vermiş, rəhbərliyin məlumatı olmamış, “X7 və Əyləncə Mərkəzi”nin rəhbəri əmisi Şahid1 səhhəti ilə bağlı restorana gəlib nəzarət edə bilməmiş, Şahid1 ona diskotekanı təyinatı üzrə deyil, restoran kimi işlətməyə icazə vermiş, restoranda isə musiqi səsləndirilməsi barədə Şahid1la hər hansı danışığı olmamışdır. Əvvəllər cinayət törətmədiyini, hazırkı cinayət işi üzrə isə karantin qaydalarını pozduğuna görə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 20 ildir, yəni 2000-ci ildən “X7 və Əyləncə Mərkəzi”nin əsasını qoymuşlar. O, həmin istirahət və əyləncə mərkəzinin direktoru, təqsirləndirilən şəxs isə baş menecer vəzifəsində işləmişdir. Son illərdəki pandemiya vəziyyəti ilə əlaqədar 2020-ci ildə işləməmişlər. 2021-ci ilin avqust ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həmin istirahət mərkəzinə gəlib əməliyyat keçirmişlər. Həmin vaxt, yəni 09.08.2021-ci il tarixdə o, Bakı şəhərində olmuşdur. Çünki həmin vaxtlar onda şəkər xəstəliyinin olması ilə əlaqədar tez-tez Bakı şəhərinə getmişdir. Daha sonra ibtidai istintaq orqanına dəvət edilmişdir. “X7 və Əyləncə Mərkəzi” ölkənin turizminin inkişafına böyük dəstək olmuş, iyirmi il fəaliyyəti dövründə iyirmi yeddi dəfə dövlət və müəyyən şirkətlərin mükafatlarına layiq görülmüşdür. 2017-ci ildə həmin istirahət və əyləncə mərkəzinin rəhbəri olaraq ona “Tərəqqi” medalı verilmişdir. Onlar öz fəaliyyəti ilə turizmin inkişafına töhfə vermiş, tanınmış və göz qabağında olmuşlar. Nöqsanları olaraq hazırkı əmələ yol verilmiş, əməlin cinayət olmasına, cəza verilməsinə etirazı yoxdur, lakin bunun ictimailəşdirilməsi ölkənin turizminə zərər vurur. Bu müddət ərzində birinci nöqsanlarıdır. İndiyədək olan fəaliyyətlərinin nəzərə alınıb humanist mövqedən yanaşılmasını xahiş edir. Həmin istirahət və əyləncə mərkəzində üç yüz nəfər işçi işləmiş, 2021-ci ilin avqust ayından məcbur olub işçiləri işdən azad etmiş və müştərilər gəlməməyə başlamışlar. Həmçinin bildirmişdir ki, həmin istirahət mərkəzinin 2021-ci ilin iyul ayından fəaliyyət göstərməsindən xəbəri olmuşdur, çünki ora tez-tez gəlib-getmiş, oranın işini o təşkil etmişdir. Onlar karantin vaxtı restoran kimi fəaliyyət göstərmiş, saat 00:00-dək ara məsafələri gözlənilməklə restoranların işlədilməsinə icazə verilmişdir. Onlar orada rəqs edilən yerlərə də aralarında 1.5-2 metr məsafə ilə 24 masa yerləşdirmiş, obyektin dörd tərəfi də açıq havada olmuş, orada rəqs etmək üçün şərait olmamışdır. Restorana buraxılmalı müştərilərin sayındakı məhdudiyyətlə bağlı məlumatları olmuş, lakin nöqsana yol vermişlər, belə ki, həftənin beş günü müştərilərin sayı icazə veriləndən də az, cümə və şənbə günləri isə çox olmuşdur. Masaların üzərində dezinfeksiya məqsədi ilə spirtlər olmuş, Xaçmaz rayonunun turizm idarəsi, qida təhlükəsizliyi agentliyi hər ay 2-3 dəfə gəlib nəzarət etmişlər. Həmin gün isə səhhəti ilə bağlı Bakı şəhərində olduğundan istirahət mərkəzinə nəzarət edə bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə qohumluq, yaxud düşmənçilik münasibəti yoxdur. O, Bərdə şəhərində yaşayır, Xaçmaz rayonunda yerləşən “X7 və Əyləncə Mərkəzi”ndə iş olduğunu eşitmiş və ona görə müraciət edib orada işləməyə başlamışdır. O, tarixini dəqiq xatırlamır, həmin istirahət mərkəzindəki diskotekada ofisiant işləmişdir. Həmin istirahət mərkəzində o qədər də çox insan olmamış, masaları aralarında iki metr məsafə saxlamaqla düzmüşlər. Hadisə günü polis əməkdaşları həmin istirahət mərkəzinə gələndə o da orada olmuş, polis əməkdaşları onlardan izahat almışlar. Həmçinin bildirdi ki, həmin istirahət mərkəzində təxminən iki ay işləmişdir. Onlar icazə verməsələr də, rəqs üçün olan yerə də masalar düzsələr də, müştərilər qalxıb rəqs etmişlər. Ona görə də Videogörüntülərdə masaların görünməməsinin səbəbi də müştərilərin ayağa qalxaraq rəqs etmələri olmuşdur. Onlar müştərilərə yerlərində oturmalarını, rəqs etməmələrini desələr də, müştərilər buna əməl etməmişlər. Şahid2 istirahət mərkəzinə “DJ” olaraq kimin dəvət etdiyini bilmir. Həmin istirahət mərkəzinin direktoru Tahir müəllimi istirahət mərkəzində görməmiş, onlara işləyəndə tapşırıqları Təqsirləndirilən şəxs vermiş, diskotekaya nəzarəti Təqsirləndirilən şəxs etmişdir. Həmin istirahət mərkəzində işlədiyi müddətdə işçilərdən, yaxud müştərilərdən kiminsə “COVİD-19” virusuna yoluxması barədə heç nə eşitməmişdir. Hadisə günü istirahət mərkəzində 400-450 nəfər şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə qohumluq, yaxud düşmənçilik münasibəti yoxdur. “X7 və Əyləncə Mərkəzi”ndəki diskotekada ofisiant işləmişdir. Həmin istirahət mərkəzində 2018-ci ildən işləyir. Hadisə günü həmin istirahət mərkəzində təxminən 350 nəfər müştəri olmuş, polis əməkdaşları gəlmiş və onlarla gedərək izahat vermişdir. Həmçinin bildirmişdir ki, hadisə gününədək həmin istirahət mərkəzində diskotekada bir ay yarım olardı ki, işləmiş, diskoteka da təxminən bir ay yarım olardı ki, fəaliyyət göstərmişdir. Diskotekaya nəzarəti Təqsirləndirilən şəxs etmiş, həmin istirahət mərkəzinin rəhbəri Tahir müəllim istirahət mərkəzinə hərdən gəlib nəzarət etmişdir. Hadisə günü diskotekada təxminən 200-300 nəfər olmuş, rəqs edən müştərilər masaların yanında rəqs etmiş, masalar arasında təxminən iki metr məsafə olmuş, ona görə də müştərilər qalxdıqları yerdə oynayıb yenidən əyləşmişlər. Gələn müştərilərin “COVİD-19” virusuna yoluxubyoluxmamalarının yoxlanılması barədə məlumatı olmamış, o, ofisiant kimi səhərlər işə başlayanda iş yerində hərarəti termometrlə ölçülmüş, istirahət mərkəzinin tibb məntəqəsi vardır, özünü kimsə yaxşı hiss etməyəndə həmin tibb məntəqəsinə getmişdir. Həmin istirahət mərkəzində işlədiyi müddətdə kiminsə “COVİD-19” virusuna yoluxduğunu eşitməmiş, o, bu vaxta kimi həmin virusa yoluxmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. O, “X7 və Əyləncə Mərkəzi”ndə diskotekada ofisiant işləmişdir. Həmin istirahət və əyləncə mərkəzində 350-400 nəfər müştəri olmuş, orada olan rəqs meydançasına masalar düzülmüşdür ki, müştərilər rəqs etməsinlər, buna baxmayaraq, müştərilər masalardan qalxaraq rəqs etmişlər. Həmçinin bildirmişdir ki, hadisə gününədək həmin istirahət mərkəzində işləməsi təxminən bir ay yarım-iki ay olmuş, o, təxminən bir ay işlədikdən sonra diskoteka fəaliyyətə başlamışdır, diskoteka axşam saat 21:00-dan 23:30-dək fəaliyyət göstərmiş və diskotekanın fəaliyyətinə Təqsirləndirilən şəxs nəzarət etmiş, sonuncudan başqa heç kim nəzarət etməmişdir. Müştərilər diskotekaya daxil olanda maska ilə buraxılmış, “COVİD-19” pasportları olub-olmadığı yoxlanılmış, lakin virusa yoluxubyoluxmadıqlarının yoxlanılması barədə məlumatı olmamışdır. Diskotekada rəqs etmək üçün şərait yaradılmamış, orta boşluq hissəyə masalar düzülmüş, rəqs edilməsinə icazə verməmişlər, lakin rəqs edənlər olmuş, onlar müştərilərə yaxınlaşıb rəqsə icazə verilmədiyini bildirmişlər. Termometrlə istirahət mərkəzinin girişində gələn müştərilərin hərarəti ölçülmüş, hər gün işə gələndə isə hərarətləri yoxlanılmış, o həmin istirahət mərkəzində işlədiyi müddətdə kimsənin “COVİD-19” virusuna yoluxduğunu eşitməmişdir. Hadisə günü polis əməkdaşları gələndə o da həmin istirahət mərkəzində olmuş, polis əməkdaşları onu da apararaq izahatını almış, o həmin hadisə ilə bağlı cərimə olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə qohumluq münasibəti, ədavəti və düşmənçiliyi yoxdur, dostluq münasibətləri vardır. O, “X7 və Əyləncə Mərkəzi”ndəki diskotekada “DJ” kimi fəaliyyət göstərmişdir. Diskoteka saat 21:00-da açılıb, saat 00:00-da bağlanmışdır. Diskotekada təxminən 300-400 nəfər olmuşdur. Həftənin birinci günü, təxminən nahar vaxtı, həmin istirahət mərkəzində otaqda yatdığı zaman polis əməkdaşları gəlib onları aparmışlar. Həmçinin bildirdi ki, hadisə gününədək həmin istirahət mərkəzində işləməyə təxminən 1-2 ay olarmış ki, gəlmiş, ümumilikdə isə o, səkkiz ildir ki, həmin istirahət mərkəzində “DJ” işləyir. 2021-ci ilin iyul ayında da diskotekada “DJ” kimi fəaliyyət göstərməsi üçün onu Təqsirləndirilən şəxs dəvət etmişdir. İstirahət mərkəzinin rəhbəri Tahir müəllim diskotekanın fəaliyyətinə qarışmamışdır. Karantin olduğundan rəqs edilmək üçün olan yerdə müştərilərin rəqs edə bilməməsi, əyləşmələri üçün ara məsafəsi saxlanılmaqla masalar qoyulmuş, müştərilər musiqi səslənəndə əyləşdikləri yerdən qalxaraq elə yerlərində ayaq üstə rəqs etmiş, buna görə masalar görünməz olmuşdur. Qalxaraq yerlərində masaların yanında rəqs edənlərə maneçilik edən olmamış, sərbəst olaraq rəqs etmişlər. Diskotekaya işləmək üçün daxil olanda girişdə spirtlə və termometrlə dayanan iki nəfər onun hərarətini yoxlamış, gələn müştəriləri də eyni qayda ilə - spirtlə əllərini dezinfeksiya edib, termometrlə hərarətlərini ölçmüşlər, müştərilər tibbi maska ilə daxil olmuş, masalara əyləşəndən sonra maskaları çıxarmışlar. O, diskotekada işlədiyi həmin iki ay müddətində “COVİD-19” virusu ilə bağlı testdən keçirilməmişdir. Onun həmin istirahət mərkəzində işlədiyi müddətdə kiminsə “COVİD-19” virusuna yoluxması halı barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, o, “X7 və Əyləncə Mərkəzi”ndə 2021-ci ilin iyun ayından avqust ayının sonunadək resepşn bölməsində işləmiş, gələn müştərilərin qarşılanmasında, onlara otaq verilməsində iştirak etmiş, onların qeydiyyatını aparmışdır. Həmçinin bildirdi ki, o, qeydiyyat şöbəsinin işçisi olduğundan həmin istirahət mərkəzindəki diskotekaya daxil olmamışdır. Gələn müştərilərin “COVİD-19” virusu ilə bağlı hərarətlərinin yoxlanılması üçün termometrlər mövcud olmuş, dezinfeksiya üçün spirtdən və tuneldən istifadə edilmişdir. Müştərilər girişdə tuneldən keçmişlər və iki yerə ayrılırdılar - əraziyə daxil olanlar və resepşn bölməsinə gələnlər. Resepşnə gələnləri onlar yoxlamışlar, bunun üçün termometrdən istifadə etmişlər, hərarəti olana təsadüf etməmişdir. Lakin onlara tapşırılmışdır ki, hərarəti olan olarsa, geri qaytarılsın, otaq verilməsin. Həmin istirahət mərkəzində işlədiyi müddətdə orada kimsənin “COVİD-19”a yoluxması barədə eşitməmişdir. Hadisə günü ərəfəsində olan həftənin 5 və 6-cı günləri istirahət mərkəzinin rəhbəri Tahir müəllimin istirahət mərkəzinə gəldiyini xatırlamır, elə olurdu ki, Tahir müəllim hansısa həftədə gəlməmiş, sonuncunun diskotekanın fəaliyyətindən məlumatının olubolmamsını bilməmiş, çox vaxt Bakı şəhərində olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, “X7 və Əyləncə Mərkəzi”ndəki diskotekada kassada işləmişdir. Həmin istirahət mərkəzinə gələn müştərilərin sayı hava şəraitinə görə dəyişmişdir. Havalar isti olanda daha çox müştəri gəlmişdir. Pandemiya ilə əlaqədar isə müştərilərin sayı azalmış, təxminən 300-350 nəfər müştəri olmuşdur. Keçən yay mövsümündə diskotekada pandemiya ilə əlaqədar diskotekada rəqs meydançasına təxminən 20-24 masa düzülmüş, masalar arasında da təxminən 2,5 metr məsafə qoyulmuş, hər masada 4 nəfər əyləşmiş, onlara yalnız masalarının arxasında rəqs etməyə icazə verilmişdir. Lakin digər masalarda əyləşənlər arasından tanışları olduqda yaxınlaşıb birlikdə rəqs etmişlər. Onlar müştərilərin birbirinə yaxınlaşmalarının qarşısını almağa çalışmış, lakin çox da müdaxilə edə bilməmişlər, müştərilər istirahət mərkəzinə pul ödəmişlər, müdaxilə edəndə hüquqlarını tələb etmişlər, ödəniş etdiklərini xatırlatmışlar. Həmçinin bildirdi ki, həmin diskotekada müştərilər yüksək musiqi altında əylənmişlər. Masaların arxasında qalxaraq rəqs edəndə arada qoyulmuş 2-2,5 metr məsafə pozulmuşdur. Gələn müştərilərin “COVİD- 19”la bağlı qapıda girişdə hərarətləri yoxlanılmışdır. İşçilər hamı tibbi maska taxmışlar. Gələn müştərilər də tibbi maskalardan istifadə etmişlər, lakin rəqs edəndə tibbi maskaları çıxarmışlar. Onlar bunu tənzimləyə bilməmişlər. O, istirahət mərkəzində işlədiyi müddətdə “COVİD-19” virusu ilə bağlı test edilməmiş, orada işləyəndən əvvəl edilmişdir. İşçilər müayinə edilmişlər, istirahət mərkəzində tibb məntəqəsi mövcuddur, özünü narahat hiss edən ora müraciət etmişdir. O həmin istirahət mərkəzində işlədiyi müddətdə orada kiminsə “COVİD-19” virusuna yoluxduğunu eşitməmişdir. Hadisə günü polis əməkdaşları onları aparanda o və digər yeddi işçi də iki yüz manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və çeklərdən müəyyən edilir ki, hal şahidləri və əməliyyat qrupunun üzvləri ilə birlikdə 09 avqust 2021-ci il tarixdə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində fəaliyyət göstərən “X7 və Əyləncə Mərkəzi”nin qarşısına gedilmiş, həmin gün saat 14:50 radələrində həmin istirahət mərkəzinə daxil olmuşlar. Mərkəzə daxil olduqdan sonra girişdən sol tərəfdə yerləşən qeydiyyat (resepşn) otağına daxil olmuşlar. Orda qeydiyyatçı işləyən Şahid7 özlərini təqdim edərək daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermişlər. Sorğu zamanı həmin şəxs istirahət mərkəzinin Şahid1 məxsus olduğunu, həqiqətən də istirahət mərkəzinin ərazisində yerləşən disko klubun karantin qaydalarına məhəl qoymadan fəaliyyət göstərdiyini, disko klubda işin təşkilini istirahət mərkəzinin baş meneceri Təqsirləndirilən şəxs təşkil etdiyini, sonuncunun hazırda Bakı şəhərində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sonra disko klubda ikinci şəxs Şahid3 olduğunu, onun inzibatçı (adminstrator) işlədiyini bildirmiş və onu qeydiyyat otağına dəvət etmişdir. Şahid3 qeydiyyat otağına gəldikdən sonra ona da özlərini təqdim edib daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermişlər. Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. O, bildirmişdir ki, istirahət mərkəzinin ərazisində yerləşən disko klub fəaliyyət göstərir. Asəf Əhmədov disko klubda Şahid2 DJ kimi fəaliyyət göstərdiyini, ondan başqa diskotekada 6 nəfər işçinin ofisiant və barmen kimi işlədiyini bildirmişdir. Asəf Əhmədov disko klubun ərazisinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Asəf Əhmədov və Şahid7 iştirakı ilə girişdən sağ tərəfdə yerləşən disko kluba daxil olmuşlar. Klubun girişi ilə üzbəüz qarşı tərəfdə DJ masası və üzərində musiqi avadanlıqları, hər iki tərəfində səs gücləndiricilər, DJ-in masasının qarşısında rəqs etmək üçün geniş sahə, həmin sahənin üzərində rəngli işıq effekti verən avadanlıqlar aşkar edilmişdir. Bundan başqa, klubun sol tərəfində bar müəyyən edilmişdir. Həmin barın ətrafına baxış zamanı disko klubun fəaliyyət göstərməsini təsdiq edən müştəri çekləri və qeydiyyat kitabçaları müəyyən edilmişdir. Baxış zamanı DJ-in masasının qarşısında rəqs etmək üçün geniş sahəyə bir-iki masa yerləşdirdikləri müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş müştəri çekləri və qeydiyyat kitabçaları əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki, Şahid2 istifadəsində olan bir ədəd “Samsung Galaxy A5” markalı mobil telefon aparatında iş üzrə əhəmiyyət kəsb edən dəlillər olduğundan həmin telefon aparatı Şahid2 götürülmüş və BMCMİ-nin inzibati binasında xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatı qara rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Telefon aparatında foto və video materiallar olan bölməyə daxil olan zaman orada “X7 və Əyləncə Mərkəzi”ndə yerləşən diskotekada çəkilmiş videogörüntülər aşkar edilmişdir. Həmin videogörüntülərin 2021-ci ilin iyul-avqust aylarında istirahət mərkəzində çəkilməsi, çəkiliş zamanı orada insanların bir-biri ilə sosial məsafə gözləmədən və tibbi maskalardan istifadə etmədən “DJ” tərəfindən verilmiş musiqinin təsiri altında rəqs etmələri, obyektin əyləncə mərkəzi kimi fəaliyyət göstərməsi müəyyən edilmişdir. Mobil telefonda olan 07 ədəd videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmiş, mobil telefon aparatı Şahid2 istifadəyə yararlı vəziyyətdə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən verilmiş 29.11.2021 -ci il tarixli məktubdan və portaldan çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 01.05.2014-cü il tarixdən etibarən "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, sonuncu dəfə 01.04.2020-ci il tarixdə MMC-yə Baş Menecer vəzifəsinə işə qəbul edilmiş, 10.08.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin 30 noyabr 2021-ci il tarxli, 966/KEŞ nömrəli rəyindən müəyyən edilir ki: 1. Təqsirləndirilən şəxs adına hər hansı bir tibbi sənəd olmadığından onun yeni növ virus infeksiyasına (Covid-19) yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmadı. 2. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin “X7 və Əyləncə Mərkəz”ində işləyən və şahid qismində dindirilmiş şəxslər barəsində olan 30 noyabr 2021-ci il tarxli, 966.1/KEŞ, 966.2/KEŞ, 966.3/KEŞ, 966.4/KEŞ, 966.5/KEŞ, 966.6/KEŞ, 966.7/KEŞ, 966.8/KEŞ, 966.9/KEŞ və 966.10/KEŞ nömrəli rəylərində də 30.11.2021-ci il tarixli, 966/KEŞ №-li rəydə qeyd edilmiş xüsusatlar təsdiq edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin Məcəllənin 139-1.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə əlaqədar əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1.1.8-ci bəndi ilə istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs karantin rejimi dövründə baş menecer vəzifəsində işlədiyi Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində fəaliyyət göstərən “X7 və Əyləncə Mərkəzi”nə tamah niyyəti ilə daha çox turist və qonaq cəlb edib gəlir və sair üstünlük əldə etmək məqsədi ilə təşkili və fəaliyyətinə nəzarəti ona həvalə olunmuş “X7 və Əyləncə Mərkəzi”ndə olan disko klubu 2021-ci ilin iyul ayının ortalarından əyləncə mərkəzi kimi təşkil etməklə çoxsaylı müştərilərin dəvət edilmiş “DJ” tərəfindən verilən yüksək musiqinin təsiri altında sosial məsafə gözləmədən və tibbi maskalardan istifadə etmədən rəqs etmələrinə şərait yaratmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə əlaqədar əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarının 1.1.8-ci bəndində qeyd edilmiş “istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması” kimi və digər tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19)» infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs kommunal xidmət haqlarını vaxtlı-vaxtında ödəyir, qonşularla münasibəti yaxşıdır. X11 hal-hazırda hərbi xidmətdədir. X10 rəssamlıq akademiyasında tələbədir. Təqsirləndirilən şəxs özü və ailəsi barəsində heç bir narazılıq olmayıb. İş materiallarında olan “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həqiqətən 2003-cü ildən etibarən hər il yay mövsümü müddətində Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş menecer vəzifəsində işləyib. İşlədiyi müddətdə turistlərin qarşılanması, yerləşdiriİməsi, xidmətlərin göstərilməsi və s. vəzifəsinə uyğun işləri yüksək səviyyədə yerinə yetirmişdir. Yuxarıda göstərilən müddətdən bu günə kimi Azərbaycanda daxili və xarici turistlərin cəlb olunmasında, reklam işlərinin yüksək səviyyədə aparılmasında xidmət göstərmişdir. Bu müddət ərzində daxili və xarici turizm sərgilərində fəal iştirak etmiş və bütövlükdə Azərbaycanda turizmin inkişafında böyük dəstək vermişdir. İş müddətində baş menecer kimi “Atlant" ailəvi istirahət və əyləncə mərkəzinin idarə edilməsində hər zaman fəal olmuş, ona tapşırılan işlərin öhdəsindən yüksək səviyyədə gəlmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətlərindən, xasiyyətnamədən, iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan və vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair elektron arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla iki övladı var, oğlu hazırda müddətli həqiqi hərbi xidmətdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş məktubdan və vəsiqələrin surətlərindən müəyyən edilir ki, təqsirləndirilən şəxsin atası X4 təqaüddə olan polis zabiti olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və o, “Müharibə veteranı”dır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətin tamah məqsədi ilə törədilməsi halını müəyyən etdi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmaqla övladının hərbi xidmətdə olmasını, atasının müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halı və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli 4(005)-793/2021 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən faktiki olaraq 09 avqust 2021-ci il tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuş, barəsində həbsetmənin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən, saat 22:40-dan hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk və 05 ədəd çek cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən saat 22:40-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökmlə ona təyin edilmiş cəza (cəzaçəkmə) müddətinin sonunadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk və 05 ədəd çek cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-32/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-32/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver