Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-33/2021 04.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Nəbiyev Ramiz Rəcəb oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsi, ev 18-də yaşayan, 23 fevral 2021-ci il tarixdən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və 09 mart 2021-ci il tarixdən tutularaq həbsdə olan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 03 iyul 2020-ci il tarixdə saat 24 radələrində Xaçmaz rayonu, Xudat şəhər, M.Ə.Rəsulzadə küçəsində Zərərçəkmiş şəxs ilə rastlaşmış və sonuncunun Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsində yaşayan X1 arxasınca gəlməsini bəhanə gətirərək kənar şəxslərin gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirmək üçün cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sağ qulaq seyvanının qançırı, alt dodağın selikli qişasının səthi cırılmış yarası, alt çənənin sınığı, sol tərəf sifət nahiyəsinin şişkinliyi, üst çənədə sağ mərkəzi kəsici dişin, yan kəsici dişin, sol tərəfdə mərkəzi kəsici dişin, yan kəsici dişin, alt çənədə sağ tərəfdə yan kəsici dişin, sol tərəfdə mərkəzi kəsici dişin, yan kəsici və köpək dişin travmatik zədələnməsi ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anası Rəfiqə ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsi, ev 18-də yaşayır. Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, Eldarı təxminən beş ay əvvəl yaşadığı küçədə görüb tanımışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin fevral və ya mart ayı olarmış, saat 10-11 radələrində yaşadığı Babək küçəsinə paralel olan küçəyə gedəndə görmüşdür ki, Telmanın arvadı Məkkə, ondan bir metr arxada isə tanımadığı bir oğlan, yəni sonradan adını bildiyi Eldar gəlirlər. Məkkə onu görəndə sağa dönüb getmiş, Eldar isə sola tərəf dönərək gedəndə o, arxasınca gedib Eldarı çağıraraq saxlamış, salam verdikdən sonra ondan qarşısında gedən qadını tanıyıb-tanımadığını soruşmuş, sonuncu da ona həmin qadını tanımadığını demişdir. Eldardan tanımadığı qadına yaxın məsafədə olmasının səbəbini soruşduqda isə sonuncu demişdir ki, o tez-tez gəlib qadını keçmək istəmiş, ona görə də qadına yaxın məsafədə olmuş və həmin anda da onu görmüşdür. O, Eldardan harada yaşadığını və hara getdiyini soruşmuş, sonuncu da ona demişdir ki, Xaçmaz şəhərində yaşayır, dostunu görmək üçün Xudat şəhərinə gəlmişdir. O, Sərdardan dostunun onların küçəsində yaşayıb-yaşamadığını soruşmuş, sonuncu dostunun aşağı məhəllədə yaşadığını bildirəndə başa düşmüşdür ki, o, yalan danışır. Çünki aşağı məhəllə kimi tanınan yer onların küçəsindən təxminən 4-5 km uzaqlıqda yerləşir. Eldar onu inandırmaq üçün söyüş söymüş, ancaq o, yenə də inanmayıb ona demişdir ki, bir də dostunu görmək istəsə bura gəlməsin, mərkəzi yolla çıxıb getsin. Eldar ondan ayrılıb getmiş, o, bu barədə heç kimə bildirməmiş və təxminən bir aya yaxın vaxt keçdikdən sonra evdən küçəyə çıxanda görmüşdür ki, Eldar Məkkənin yaşadığı evə tərəf baxa-baxa gedir. O, əvvəlcə Eldarın arxasınca fit çalmış, sonuncu baxmayanda qışqırıb onu çağırmış və sonuncu geri dönüb baxanda ona demişdir ki, gözlə səninlə işim var, gəlirəm. Eldar dayanıb gözləmiş və o, yaxınlaşıb salam verdikdən sonra ondan Məkkənin yaşadığı evi tanıyıb-tanımadığını soruşmuş, Eldar həmin evi tanımadığını dedikdə ona yaxşı baxmasını, arxasınca gəldiyi gəlinin həmin evdə yaşadığını demişdir. O, Eldarla söhbət edə-edə Xaçmaz-Qusar avtomobil yolu istiqamətində getmiş və ondan düz danışmasını xahiş etmişdir. Eldar ona etiraf etmişdir ki, Məkkənin arxasınca gəlmiş, hədiyyəsi var, onu Məkkəyə verib gedəcəkdir və bu barədə heç kimə bildirməsin. O, da Eldara demişdir ki, bu barədə heç kimə bildlirməyəcək, ancaq onu bir daha yaşadığı küçədə görməsin. Eldar onların küçəsinə gəlməyəcəyinə söz vermiş, o, da qarşılığında ona söz vermişdir ki, bildiklərini heç kimə deməyəcəkdir. Həmin vaxt Eldar onu çörək yeməyə dəvət etmiş, o, isə getməmiş və bir daha ondan xahiş etmişdir ki, onun yaşadığı küçəyə gəlməsin. Eldar ondan ayrılıb getmiş, o, isə qayıdıb evə gəlmişdir. Sonrakı günlərdə o, Eldarı görməmişdir. 03 iyul 2020-ci il tarixdə, saat 24 radələrində evdən çıxıb siqaret almaq üçün Xudat-Qusar avtomobil yolunun kənarında yerləşən mağazaya gedərkən bir nəfərin Məkkənin yaşadığı evin hasarına yaxın yerdə daşın üstündə oturduğunu görmüş və yaxınlaşıb ondan kim olduğunu soruşduqda həmin şəxs demişdir ki, Sərdar mənəm, Eldaram. Daşın üstündə oturanın Eladar olduğunu bilib ona demişdir ki, «bizim aramızda söhbət olmuşdu, sənə deməmişəm bura gəlmə». Eldara bildiklərini Məkkənin ərinə deyəcəyini bildirdikdə sonuncu ondan xahiş etmişdir ki, bu barədə Məkkənin ərinə heç bir söz deməsin. O, əsəbləşib yumruqla Eldarın sifətinə vurmuş, sonra isə onu qaldırıb Xaçmaz-Xudat avtomobil yolu istiqamətində aparmışdır. Eldar əvvəlcə ondan bildiklərini Məkkənin ərinə deməməsini xahiş etsə də, sonradan heç nə olmamış kimi onu günahkar çıxarmağa çalışmışdır ki, guya onu şərləyir. Onlar birlikdə Xudat-Qusar avtomobil yolunun kənarına gəlib «Bərəkət» marketlə üzbəüz yolun kənarında dayanmışlar. Həmin yerdə Eldarla aralarında mübahisə yaranmış və o, Eldara demişdir ki, düz etmirsən, bu hərəkətinlə başqasının ailəsini dağıdırsan. Eldar ona hesabat verməli olmadığını bildirəndə o, əsəbləşib yenidən yumruqla Eldarın sifətinə vurmuşdur. Eldar dizləri üstə yerə oturmuş və tez də ayağa durub getmişdir. Bundan sonra o, Xudat-Qusar avtomobil yolunun kənarında olan çayxanaya gedib orada oturmuş, bir neçə dəqiqə keçdikdən sonra üzdən tanıdığı, lakin adını bilmədiyi oğlan yanına gəlib ona demişdir ki, Eldar deyir ki, onu nahaq yerə vurmuş, o, öz başına onların küçəsinə gəlməmiş, onu Məkkə çağırmış, ona görə də o, Məkkənin arxasınca onların küçəsinə gəlmişdir. O, da həmin şəxsə demişdir ki, Eldarı çağır. Oğlan getmiş və iki-üç dəqiqə keçdikdən sonra Eldar çayxanaya gəlib onunla bir stol arxasında oturmuşdur. O, Eldara demişdir ki, düz etmirsən, tanımadığın bir insana tanıdığın, ailəli qadının adını deyirsən. Eldar ona cavab verməmiş və Məkkənin onu çağırmasını nə ilə sübut edəcəyini soruşduqda Eldar mobil telefonunu ona vermiş, o, Eldarın mobil teleofnuna baxanda kodda olduğunu görüb koddan çıxarmasını demiş, Eldar mobil telefonunu açıb mesajı silmək istəyəndə yanlarında olanlardan kimsə telefonu çəkib Eldarın əlindən almışdır. Telefonu Eldarın əlindən alanın kim olduğunu isə o, bilməmişdir. Bundan sonra o, çayxanadan çıxıb getmişdir. O, birinci dəfə Eldarın sifət nahiyəsinə yumruqla yaşadığı Babək küçəsində, sonra isə Xudat-Qusar avtomobil yolunun kənarında vurmuşdur. Yaşadığı küçədə yumruqla Eldarın sifət nahiyəsinə vurmasını başqa görən olmamış, Xudat-Qusar avtomobil yolunun kənarında isə Eldarın sifət nahiyəsinə yumruqla vurarkən yanlarında başqa adamlar olmuşlar. Ancaq o, həmin şəxslərin kim olduqlarını xatırlamamışdır. Aralarında olan mübahisə zamanı Eldar onu vurmamışdır. Ondan başqa heç kim Eldarı vurmamış, Eldarı o, özü tək döymüşdür. Əməlindən peşmandır. Barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Y.Müşküri küçəsi, ev 13-də yaşayır. 2020-ci ilin aprel ayında öz mobil telefonunun «Whatsapp» səhifəsində şəkillərə baxarkən bir qadının şəkili xoşuna gəlmiş və o, «Whatsapp» vasitəsi ilə ona mesajlar yazmışdır. Sonra həmin qadın da özü haqqında ona mesaj yazmış və o, bilmişdir ki, Xudat şəhərində yaşayır, adı da Məkkədir. O, Məkkə ilə tanış olmuş və mütəmadi olaraq onlar bir-birinə «Whatsapp» vasitəsi ilə mesajlar yazmışlar. Bir müddət keçdikdən sonra o, Xaçmaz rayonu, Xudat şəhərinə getmişdir. Xudat şəhərində olarkən Məkkəyə mesaj yazıb Xudat şəhərində olduğunu bildirmiş, Məkkədə cavabında ona yazmışdır ki, Xudat şəhərində Babək küçəsində yaşayır, küçədə olacaqdır, gəlib onun yaşadığı küçədən keçsə, onu görə biləcəkdir. Bundan sonra o, Babək küçəsinə getmiş və görmüşdür ki, Məkkə küçədə yaşadığı evin qarşısında dayanmışdır. O, Məkkənin sifətinə baxmış və ona heç nə demədən keçib getmişdir. Həmin vaxt arxasınca gələn oğlan, yəni sonradan adını bildiyi Sərdar onu çağırmış və o, dayanmışdır. Sərdar yaxınlaşıb ondan kim olduğunu və həmin küçədə nə gəzdiyini soruşmuş, o, əvvəlcə dostunun yanına gəldiyini demiş, Sərdar ona inanmamış və o, etiraf edərək ona demişdir ki, Məkkəni görmək üçün gəlmişdir. Sərdar da ona narazılığını bildirərək demişdir ki, bir daha həmin küçəyə gəlməsin, həmin küçədə onun da anası-bacısı yaşayır, bu barədə heç kimə deməyəcək, Məkkə ilə görüşmək istəyirsə gedib başqa yerdə görüşsün. O, Sərdara bir daha həmin küçəyə gəlməyəcəyini demiş və ondan ayrılıb getmişdir. Sonrakı günlərdə o, Xudat şəhərinə getməmiş, ancaq Məkkə ilə bir-birlərinə «Whatsapp» vasitəsi ilə mesajlar yazmışlar. 03 iyul 2020-ci il tarixdə Məkkəyə mesaj yazmış, Məkkədə cavabında ona yazmışdır ki, Xudat şəhərinə gəlsə küçəyə çıxıb onu görə bilər. Bu səbəbdən də həmin gün saat 21:20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində dayanmış taksi avtomobillərindən birinə əyləşib Xudat şəhərinə getmişdir ki, Məkkə küçəyə çıxa bilsə uzaqdan da olsa onu görsün. O, Xudat şəhərinə çatanda avtovağzalın yaxınlığında avtomobildən düşüb piyada əvvəlcə Xudat şəhəri, M.F.Axundov küçəsi ilə getmiş, sonra isə sola dönüb həmin küçə ilə gedərək orada olan hərbi hissəni keçdikdən sonra Xudat-Qusar avtomobil yolunun Qusar rayonu istiqamətində sağ kənarında dayanıb gözləmişdir. Xudat-Qusar avtomobil yolunun kənarında dayandığı zaman üzbəüz olan kafedən Sərdarın tanımadığı iki nəfər oğlanla çıxdıqlarını görmüşdür. Sərdar onun yolun kənarında dayandığını görmüş və yanında olan oğlanlarla birlikdə yolu keçib onun yanına gələrək ondan nə gözlədiyini soruşmuş, o, da Sərdara Qusar rayonuna getmək üçün avtomobil gözlədiyini demişdir. Sərdar ona inanmamış və təkrar-təkrar ondan düz danışmasını tələb etmiş, o, da hər dəfə ona düz danışdığını bildirmişdir. Sərdar qəflətən yumruqla onun sifətinin sol tərəfinə vurmuş və o, alt çənəsində bərk ağrı hiss edib əlləri ilə sifətini tutaraq dizləri üstə yerə oturmuşdur. Sərdar sakitləşməyib bir neçə dəfə yumruqla onun sifətinə vurduqdan sonra arxadan boynunu qolunun arasına salıb sıxmış, o, nəfəs almaqda çətinlik çəkmiş və ayağa duranda orada olanlardan kimsə dizi ilə onun sinəsinə vurmuşdur. Ancaq o, sinəsinə vuranın kim olduğunu bilməmişdir. Sonra olduqları yerə tanımadığı adamlar gəlmişlər və onu Sərdarın əlindən almışlar. Sərdar onu buraxdıqdan sonra o, yolun digər tərəfinə keçib orada olan kafenin həyətindəki krantda su ilə üzünü yumuş, sonra çıxıb getmək istəyəndə Sərdar qaçaraq yaxınlaşıb onun qarın nahiyəsinə təpik atmış, o, kənara çəkildiyi üçün atdığı təpik ona dəyməmişdir. Sonra Sərdar onun mobil telefonuna baxmaq istəmiş, o, isə telefonunda özünə aid başqa görüntülər olduğunu deyərək ona göstərməmiş və adının Elvin olduğunu bildiyi oğlanla birlikdə Xudat şəhər avtovağzalına gedib yol maşınlarından birinə əyləşərək Xaçmaz şəhərinə yaşadığı evə gəlmişdir. Həmin gecəni evdə qalmış, səhəri gün isə Xaçmaz RMXna getmişdir. Xaçmaz RMX-da rentgen müayinəsindən keçdikdən sonra bilmişdir ki, alt çənəsi sınıb. Bu səbəbdən də 05 iyul 2020-ci il tarixdə Xaçmaz RPŞ-nə gəlib şikayət ərizəsi ilə müraciət etmişdir. 30 iyul 2020-ci il tarixdə isə Bakı şəhərində olan xəstəxanada alt çənəsində cərrahi əməliyyat aparılmışdır. Sərdar onu Xudat şəhərində Xudat-Qusar avtomobil yolunun kənarında döymüşdür. Sərdarın onu döyməsini isə orada olan adamlar görmüşlər. Ancaq o, tanımadığına görə onların kim olduqlarını bilməmişdir. Mübahisə zamanı o, Sərdarı vurmamış və 03 iyul 2020-ci il tarixdə o, Məkkənin yaşadığı küçəyə getməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 114-də yaşayır. Xudat şəhər sakini Təqsirləndirilən şəxs təxminən 10-15 il olar ki, tanımış, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 2020-ci ilin iyul ayında o, Xudat şəhərində yerləşən «Elit» restoranında qulluqçu işləmişdir. «Elit» restoranında işləyərkən, saat 09 radələrində evdən çıxıb işə getmiş, saat 00:01 radələrində isə işdən çıxıb evə gəlmişdir. 03 iyul 2020-ci il tarixdə saat 24 radələrində «Elit» restoranından çıxıb yaşadığı ev istiqamətində gedərkən, Xudat şəhəri, Babək küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə çatanda Sərdarın tanımadığı bir oğlanla Babək küçəsi istiqamətindən gəldiklərini görmüşdür. Sərdarın həmin oğlana «iki-üç dəfə sənə xəbərdarlıq etmişəm, nəyə görə gəlmisən» deməsini eşitmiş və yaxınlaşıb Sərdardan nə baş verdiyini soruşduqda sonuncu demişdir ki, həmin oğlan Telmanın arvadının arxasınca onların küçəsinə gəlir. Həmin oğlan Sərdara Telmanın arvadı Məkkənin arxasınca gəlmədiyini, qonaq gəldiyini bildirdikdə Sərdar əsəbləşib yumruqla həmin oğlanın, yəni sonradan adını bildiyi Eldarın sifət nahiyəsinə vuraraq döymüşdür. O, araya keçib onları ayırmışdır. Bu vaxt onların yanına tanıdığı Ağaxan adlı oğlan gəlmiş və Eldarın sifət nahiyəsindən qan gəldiyini görüb qolundan tutaraq onu qəbirstanlığın yaxınlığında olan su krantının yanına aparmışdır. Eldar krantdan gələn su ilə üzünü yuduqdan sonra onların yanına gəlib demişdir ki, Xudat şəhərinə Məkkənin arxasınca gəlmişdir. Bundan sonra o, orada dayanmayıb yaşadığı evə getmişdir. X5 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Bərəkət» marketin yaxınlığında döymüşdür. Həmin vaxt orada qardaşı Yusif, Ağaxan və başqa tanımadığı adamlar olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 114-də yaşayır. Xudat şəhər sakini Təqsirləndirilən şəxs təxminən 15 il olarkı tanımış, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 03 iyul 2020-ci il tarixdə təxminən saat 24 radələrində Xudat şəhəri, Çingiz Mustafayev küçəsində yaşayan bacısının evindən çıxıb yaşadığı ev istiqamətində gedərkən Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Bərəkət» marketin yaxınlığında mübahisə səsləri eşidib həmin yerə yaxınlaşmış və baxanda görmüşdür ki, Sərdar tanımadığı bir oğlanı, yəni sonradan adını bildiyi Eldarı döyür. O, orada olan qardaşı Vasif, Ağaxan və başqa tanımadığı adamlar araya keçib Eldarı Sərdarın əlindən almışlar. Sərdardan Eldarı döyməsinin səbəbini soruşduqda sonuncu demişdir ki, Eldar onun yaşadığı küçədə yaşayan qadının arxasınca gəlir, bir neçə dəfə Eldara onların küçəsinə gəlməməsini desə də sonuncu yenə də həmin qadının arxasınca onların küçəsinə gəlmişdir. Sərdarın sözlərindən sonra o, həmin yerdə dayanmayıb yaşadığı evə getmişdir. O, X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Bərəkət» marketin yaxınlığında döyməsini görmüşdür. Həmin vaxt orada qardaşı Vasif, Ağaxan və başqa tanımadığı adamlar olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi, ev 59-da yaşayır. Xudat şəhər sakini Təqsirləndirilən şəxs təxminən 10 il olarkı tanımış, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 03 iyul 2020-ci il tarixdə saat 24 radələrində Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çayxanada olduğu zaman çayxananın yaxınlığında dalaşma səsləri eşidib yolun kənarına gələndə görmüşdür ki, Sərdar tanımadığı bir oğlanı, yəni sonradan adını bildiyi Eldarı döyür. O, orada olan Vasif, Yusif, Ağaxan və başqa tanımadığı adamlar araya keçib Eldarı Sərdarın əlindən almışlar. Sərdarı kənara aparıb Eldarı döyməsinin səbəbini soruşduqda demişdir ki, Eldar onun yaşadığı küçədə yaşayan qadının arxasınca gəlir, bir neçə dəfə Eldara onların küçəsinə gəlməməsini desə də Eldar yenə də həmin qadının arxasınca onların küçəsinə gəlmişdir. Həmin vaxt tanımadığı bir oğlan gəlib Sərdara demişdir ki, Eldar özü Məkkənin arxasınca gəldiyini bildirmişdir. Sonra Eldar gəlmiş və özü mobil telefonunu onlara göstərib demişdir ki, Məkkə onu görüşmək üçün çağırmışdır, o, Xudat şəhərinə Məkkənin arxasınca gəlmişdir. Onlar Eldarın mobil telefonunu özünə qaytarmış və sonuncu onlardan üzr istəyərək çıxıb getmişdir. O, X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Bərəkət» marketin yaxınlığında döyməsini görmüşdür. Həmin vaxt orada Yusif, Vasif, Ağaxan və başqa tanımadığı adamlar olmuşlar. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi, ev 53-də yaşayır. Xudat şəhər sakini Təqsirləndirilən şəxs təxminən 10-15 il olarkı tanımış, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 03 iyul 2020-ci il tarixdə, saat 24 radələrində evdən çıxıb Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gələndə görmüşdür ki, Sərdar tanımadığı bir oğlanla, yəni sonradan adını bildiyi Eldarla mübahisə edir. Həmin vaxt Sərdar yaşadığı küçəyə gəlməsi ilə bağlı Eldara narazılığını bildirmiş, sonra Sərdar yumruqla Eldarın sifətinə vurmuş və sonuncu yerə oturub əlləri ilə sifətini tutmuşdur. Sərdar yenədə yumruqla Eldarın sifətinə vuranda o, sonradan oraya gəlmiş Yusif, Bayram, Vasif və başqa tanımadığı adamlar araya keçib Eldarı Sərdarın əlindən almışlar. Sərdardan Eldarı döyməsinin səbəbini soruşduqda demişdir ki, Eldar onun yaşadığı küçədə yaşayan qadının arxasınca gəlir, bir neçə dəfə Eldara onların küçəsinə gəlməməsini desə də sonuncu yenədə həmin qadının arxasınca onların küçəsinə gəlmişdir. Sərdarın sözlərindən sonra o, Eldarın yanına gəlib onun özündən nəyə görə Səradarın yaşadığı küçəyə gəldiyini soruşduqda Eldar mobil telefonunu çıxarıb göstərərək demişdir ki, Sərdarın qonşuluğunda yaşayan Məkkə adlı qadın mesaj yazaraq onu çağırmışdır, ona görə də o, Xudat şəhərinə Məkkəni görmək üçün gəlmişdir. Bayram və orada olan digər şəxslər Eldarın mobil telefonunun yaddaşında olan səs yazısını dinləmiş, sonra isə telefonu qaytarıb Eldarın özünə vermişlər. Bundan sonra o, Eldarı oradan uzaqlaşdırıb evinə yola salmış, özü isə qayıdıb yaşadığı evə getmişdir. X5 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Bərəkət» marketlə üzbəüz yolun sağ kənarında döymüşdür. Həmin vaxt orada Vasif, Yusif, Bayram və başqa tanımadığı adamlar olmuşlar. İşdə olan Xaçmaz rayon MTE və PA Şöbəsi tərəfindən verilmiş 06 iyul 2020-ci il tarixli 419 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ qulaq seyvanının qançırı, alt dodağın selikli qişasının səthi cırılmış yarası, alt çənənin sınığı, sol tərəf sifət nahiyəsinin şişkinliyi, üst çənədə sağ mərkəzi kəsici dişin, yan kəsici dişin, sol tərəfdə mərkəzi kəsici dişin, yan kəsici dişin, alt çənədə sağ tərəfdə yan kəsici dişin, sol tərəfdə mərkəzi kəsici dişin, yan kəsici və köpək dişin travmatik zədələnməsi bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 03.07.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13 noyabr 2020-ci il tarixli 2255 nömrəli rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs, həmçinin, ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 73.2-ci maddəsinə əsasən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş material üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin dispozisiyasına əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma həmin cinayətin tərkib əlamətlərini yaradır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 03 iyul 2020-ci il tarixdə saat 24 radələrində Xaçmaz rayonu, Xudat şəhər, M.Ə.Rəsulzadə küçəsində Zərərçəkmiş şəxs ilə rastlaşmış və sonuncunun Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsində yaşayan X1 arxasınca gəlməsini bəhanə gətirərək kənar şəxslərin gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirmək üçün cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sağ qulaq seyvanının qançırı, alt dodağın selikli qişasının səthi cırılmış yarası, alt çənənin sınığı, sol tərəf sifət nahiyəsinin şişkinliyi, üst çənədə sağ mərkəzi kəsici dişin, yan kəsici dişin, sol tərəfdə mərkəzi kəsici dişin, yan kəsici dişin, alt çənədə sağ tərəfdə yan kəsici dişin, sol tərəfdə mərkəzi kəsici dişin, yan kəsici və köpək dişin travmatik zədələnməsi ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1., 59.1.8, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, könüllü olaraq təqsirini boynuna almasını və səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını ona təyin edilən cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanın Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilməmişdir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, könüllü olaraq təqsirini boynuna almasını və səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göstərilən halların məcmusunu, yəni törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, könüllü olaraq təqsirini boynuna almasını və səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 127.2.3 və 221.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-33/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-33/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver