Məhkəmə qərarları › İş №1(067)-35/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-35/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-35/2023 04.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 30 may 2022ci il tarixdə, saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Xaçmaz-Niyazoba yolunun Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisindən keçən hissəsində yerləşən "xxxx" süd və ət MMC-nin qarşısında Zərərçəkmiş şəxs1 onların ünvanına “WhatsApp” mobil tətbiqi vasitəsi ilə təhqiredici paylaşımlar etməsini bəhanə edib aralarında yaranmış mübahisə zamanı özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi dəmir parçası və yerdən götürdüyü daşla qəsdən vurmaqla, həmçinin Təqsirləndirilən şəxs1 da silah qismində istifadə etdiyi taxta parçası ilə Zərərçəkmiş şəxs1 qəsdən vurması nəticəsində sonuncuya «sol təpə nahiyəsinin hemotoması, ağız boşluğunun sol tərəf selikli qişasına qansızma, sol çiyin və sağ bazu nahiyəsinin qançırları, sağ said nahiyəsinin sıyrıq və səthi əzilmiş yaraları» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi dəmir parçası ilə qəsdən vurmaqla, həmçinin Təqsirləndirilən şəxs1 da silah qismində istifadə etdiyi yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs2 qəsdən vurması nəticəsində sonuncuya «ənsə nahiyəsinin hemotoması, sol tərəf alın nahiyəsinin səthi əzilmiş yarası, sağ gözün alt qapaq nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə, ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 30 may 2022-ci il tarixdə, saat 19 radələrində Xaçmaz-Niyazoba yolunun Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisindən keçən hissəsində yerləşən "xxxx" süd və ət MMC-nin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 onların ünvanına “WhatsApp” mobil tətbiqi vasitəsi ilə təhqiredici paylaşımlar etməsini bəhanə edib aralarında yaranmış mübahisə zamanı özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi taxta parçası ilə qəsdən vurmaqla, həmçinin Təqsirləndirilən şəxs2 da silah qismində istifadə etdiyi dəmir parçası və yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs1 qəsdən vurması nəticəsində sonuncuya «sol təpə nahiyəsinin hemotoması, ağız boşluğunun sol tərəf selikli qişasına qansızma, sol çiyin və sağ bazu-nahiyəsinin qançırları, sağ said nahiyəsinin sıyrıq və səthi əzilmiş yaraları» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi yerdən götürdüyü daşla qəsdən vurmaqla, həmçinin Təqsirləndirilən şəxs2 da silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs2 qəsdən vurması nəticəsində sonuncuya «ənsə nahiyəsinin hemotoması, sol tərəf alın nahiyəsinin səthi əzilmiş yarası, sağ gözün alt qapaq nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə, ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada harada iş düşsə işləyib ailəsini dolandırır. Barəsində şikayət ərizəsi verdiyi Zərərçəkmiş şəxs1 bir neçə ildir ki, Xaçmaz şəhər sakini kimi tanımış, aralarında münasibətləri yaxşı olmuş, heç bir ədavəti olmamışdır. Lakin son iki ayda Anar onun və bir neçə din qardaşlarının barəsində «Vatsap» səhifəsində xoşagəlməz fikir formalaşdıraraq sosial şəbəkələrdə şər və yalan paylaşımlar etmişdir. 30 may 2022-ci il tarixdə, saat 19 radələrində Anarın yenidən Vatsap qrupunda olan bütün qrup üzvlərinə, yəni onun, Şahid2, Şahid3, Şahid5, Təqsirləndirilən şəxs1, Şahid4 və Şahid6 barəsində xoşagəlməz ifadələr işlədərək təhqiredici paylaşımlar etmişdir. Bunu bilsə də, lakin şəxsən özü Anarla heç bir söhbət etməmişdir. Çünki əvvəllər də bir neçə dəfə yığılaraq Anara öz iradlarını bildirsələr də, Anara heç bir təsiri olmamışdır. Ona görə də Anarla danışmaq istəməmişdir. Lakin Anar onun ünvanına nalayiq və təhqiredici paylaşımlar etdiyinə görə məhkəməyə şikayət etmək fikirində olmuşlar. Amma Şahid2 barəsində vatsapp vasitəsi ilə edilmiş paylaşımla bağlı Anarla söhbət edəcəyini bildirmişdir. Hətta onların yanında Anarla telefonla əlaqə saxlamış və nə səbəbdən barələrində təhqiredici paylaşım etdiyini soruşmuşdur. Vüqarın dediyinə görə Anar ona telefonda demişdir ki, görüşəndə bunun səbəbini izah edər. Vüqar da onunla harada görüşə biləcəyini soruşmuşdur. Anar özü Vüqara yerini sonra deyəcəyini bildirmişdir. Belə ki, həmin vaxt o, Şahid2, Şahid3, Şahid5, Təqsirləndirilən şəxs1, Şahid4 və Şahid6 birlikdə Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısında «Bosfor» çayxanasında oturub çay içmişlər. Vüqar Anarla telefonla danışandan sonra onlara Anarla görüşmək üçün getdiyini bildirib çayxanadan çıxmışdır. Onlar Vüqardan harada görüşəcəklərini soruşanda Vüqar bildirmişdir ki, Anar ona görüşəcəkləri yeri deyəndən sonra biləcəyini və bu barədə, yəni görüşəcəyi yeri bilən kimi zəng edib onlara məlumat verəcəyini demişdir. Vüqarla birlikdə Təqsirləndirilən şəxs1la Şahid6 da çayxanadan çıxmışlar. Təxminən yarım saat keçməmiş Vüqar ona zəng edib Anarın onu Niyazoba yolundakı "xxxx" süd və ət MMC-nin qarşısına çağırdığını demişdir. Bundan sonra onlar da çayçıdan çıxıb Natiqin avtomolbili ilə həmin istiqamətdə gəlməyə başlamışlar. Onlar həmin yerə gəlib çatanda Vüqarın Anarın avtomobilində qabaqda, sürücü yerində əyləşib Anarla söhbət etdiyini görmüşlər. Onlar Natiqin avtomobilindən düşəndə Vüqarın avtomobilində əyləşən Zaidlə Əli də avtomobildən düşmüşdür. Bu zaman Anar əlində dəmir mismarçıxaran linglə oturduğu avtomobildən yerə düşüb onlara hücum etmişdir. Onlar Anara söhbət etmək istədiklərini desələr də, Anar onları eşitmək belə istəmədiyini deyib onlara hücum etmişdir. O, Anarın əlində dəmir lingin olduğunu görüb özünü müdafiə etmək üçün Natiqin avtomobilindən götürdüyü döşəmə silənin sınmış dəstəyinin bir hissəsi ilə Anara tərəf getmişdir. Lakin həmin vaxt Anar birinci olaraq onların ünvanlarına nalayiq söyüşlər söyərək Əli ilə Zaidin üstünə hücum etmişdir. O, araya keçəndə Anar əlindəki dəmir linglə ona zərbə endirmişdir. O, sağ əlini qabağa verib kənara çəkiləndə Anar ikinci həmlədə ona baş nahiyəsindən zərbə endirmişdir. Bu zaman gözləri qaralıb səndələmiş və başından qan axmağa başlamışdır. Özünü ələ alıb kənara çəkiləndə Əligil də yerdən götürdükləri daşla Anarı vurub kənarlaşdırmaq istəmişlər. Anar qaçıb kombinatın ət kəsimi yerinə girmişdir. Əli də kəsim yerinə qaçanda Nazim, Natiq, Vüqar, Zaid və Ceyhun da onların ardınca kombinatın kəsim yerinə getmişdir. O, özü də başına əski tutaraq onların ardınca gəlmişdir. Anar oradakı binanın pilləkənləri ilə qaçıb yuxarı qalxmışdır. Bu zaman Anarın qardaşı Tural onların qarşısını kəsib mane olmaq istəyəndə o, Turalı itələyib kənarlaşdırmışdır. Həmin vaxt Əli də əlində tutduğu daşı Turala tərəf atmışdır. Lakin o, daşın Turala dəyib-dəymədiyini görməmişdir. O, pilləkənlərlə Anarın ardınca yuxarı qalxanda artıq Anar oradakı otaqlardan birinə daxil olub qapını bağlamışdır. O, Anardan qapını açmasını tələb edəndə Anar içəridən hədələyici tərzdə nalayiq söyüşlər işlədəndə Nazimgil yanına gəlmiş və söhbətlərini sonra edərik deyə onu da düşürüb kombinatdan çıxarmışlar. O, bununla bağlı polis şöbəsinə gedib ərizə vermək lazım olduğunu deyib bildirmişdir ki, gedib qanlı paltarlarını dəyişib gəlsin və birlikdə Anardan şikayət etmək üçün Xaçmaz RPŞ-yə getsinlər. Orada olanlar da onunla razılaşmışlar. O, evinə gəlib qanlı paltarlarıını dəyişəndən sonra Xaçmaz RPŞ-yə getmişlər. Polis şöbəsində onlara məlum olmuşdur ki, Anar Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edib onlar tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan sonra o özü də Anar tərəfindən vurulması barədə şikayət ərizəsi vermişdir. Həmçinin bildirmişdir ki, onun xatırladığı qədərilə o, Turalı vurmamış, əli ilə itələmiş, lakin yerə yıxılmamışdır. O, hadisə vaxtı Əlinin nə etdiyini xatırlamır. O, Anara daş atmamışdır, həmin vaxt onun başından qan axdığı üçün çox şeyə fikir verməmişdir. Anar əlindəki dəmir parçası ilə ona iki dəfə zərbə atıb, birinci zərbəni əli ilə qaytarıb, ikinci zərbəni isə onun başına vurmuş, o, başından xəsarət almış, bununla bağlı həkimə müraciət etmiş və başına tikiş qoyulmuşdur. Onun əlində isə taxta olmuş, həmin taxta parçası onun hadisə yerinə gəldiyi Natiqin avtomobilində olmuş, həmin taxta döşəmə silənin (şvabra) hissəsi olmuş, o, həmin taxtanı avtomobil ilə hadisə yerinə gələrkən yolda iki hissəyə bölmüş, hadisə yerinə çatanda isə avtomobildən əlində həmin taxta parçası ilə düşmüşdür. Anar avtomobildən əlində dəmir linglə düşmüş, Əli ilə Zaidin üzərinə hücum etmiş, Əli ilə Zaidin əlində heç nə olmadığından o, Anara yaxınlaşmış, Anarı səhv xatırlamırsa, qol hissəsindən taxta parçası ilə bir dəfə zərbə ilə vurmuşdur. Bundan sonra Anar da onu iki dəfə dəmir linglə vurmuşdur. Onlar hadisə yerinə gedəndə aralarında dalaşma olacağını fikirləşməmişlər, bu kimi məqsədləri olmamış, onlar bundan da əvvəl bir neçə dəfə yığışaraq söhbət etmişlər, lakin dalaşma olmamışdır. O, törətdiyi cinayət əməlindən peşman olduğunu, bir daha bu kimi əməllərə yol verməyəcəyini bildirərək barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Qaqarin küçəsi, ev 14-də valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada harada iş düşsə işləyib ailəsinin dolanmasına köməklik edir. Barəsində şikayət ərizəsi vermiş Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 bir neçə ildir ki, Xaçmaz şəhər sakini kimi tanıyır. Aralarında münasibətləri yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. Lakin son iki ayda Anar onun və bir neçə din qardaşlarının barəsində vatsapda xoşagəlməz fikir formalaşdıraraq sosial şəbəkələrdə şər və yalan paylaşımlar etməyə başlamışdır. 30 may 2022-ci il tarixdə, saat 19 radələrində ona məlum olmuşdur ki, Anar yenidən Vatsap qrupunda olan bütün qrup üzvlərinə, yəni onun, Təqsirləndirilən şəxs2, Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid6 barəsində xoşagəlməz ifadələr işlədərək təhqiredici paylaşımlar etmişdir. Bunu bilsə də, şəxsən özü Anarla heç bir söhbət etməmişdir. Çünki əvvəllər də bir neçə dəfə yığılaraq Anara iradlarını bildirsələr də, Anara heç bir təsiri olmadığı üçün onunla danışmaq istəməmişdir. Razılaşmışlar ki, Anarın bu hərəkətlərinə son qoymaq üçün barəsində məhkəmə qaydasında şikayət etsinlər. Şahid2 isə barəsində vatsapp vasitəsi ilə edilmiş paylaşımla bağlı Anarla söhbət edəcəyini bildirmişdir. Hətta onların yanından Anarla telefonla əlaqəsi saxlamış və nə səbəbdən barəsində təhqiredici paylaşım etdiyini soruşmuşdur. Vüqarın dediyinə görə Anar ona görüşəndə bunun səbəbini izah edəcəyini demişdir. Vüqar da onunla harada görüşə biləcəyini soruşmuşdur. Vüqarın deməsinə görə Anar ona telefonla görüşəcəkləri yeri deyəcəyini bildirmişdir. Həmin vaxt o, Şahid2, Şahid3, Şahid5, Təqsirləndirilən şəxs2, Şahid4 və Şahid6la birlikdə Xaçmaz şəhəri Mərkəzi Poçt binasının qarşısında «Bosfor» çayxanasında oturub çay içmişlər. Vüqar telefonla Anarla danışandan sonra onlara Anarla görüşmək üçün getdiyini bildirmişdir. O, Vüqara onunla gedəcəyini bildirəndə Zaid də qalxıb onlarla gəlmişdir. Onlar Vüqarın avtomobilində arxa oturacaqda əyləşmişlər. Üçü birlikdə Vüqarın avtomobili ilə Anarın dediyi ünvana gələndə yolda Vüqar Böyükağa ilə telefonla danışanda Anarın onu Niyazoba yolundakı "xxxx" süd və ət MMC-nin qarşısına çağırdığını demişdir. Onlar kombinatın qarşısına çatanda Vüqar avtomobildən düşüb Anargilin avtomobilinə yaxınlaşıb qabaq sürücü yerində əyləşmişdir. Həmin vaxt Anarın qardaşı Zərərçəkmiş şəxs2 isə yerdə avtomobilin yanında dayanmışdır. Bu zaman Natiqin avtomobili ilə Böyükağagil də gəlib yolun əks tərəfində dayanmışlar. Natiqgil avtomobildən düşəndə o da Zaidlə birlikdə Vüqarın avtomobilindən yerə düşmüşdür. Bu zaman Anar oturduğu avtomobildən düşüb əlində olan dəmir linglə onların üstünə hücum çəkmişdir. Anar Böyükağaya bir neçə zərbə vurmuşdur. Böyükağanın başının qanadığını görəndə o şəxsən özü əyilib yerdən daş götürüb Anara atmışdır ki, Anar Böyükağanı vura bilməsin. Anar qaçıb kombinatın içərisinə girmişdir. Sonra onlar da Anarın dalınca qəssabxanaya daxil olanda Anarın oradakı pilləkənlərlə qaçıb yuxarı qalxdığını görmüşlər. Bu zaman Anarın qardaşı Tural onların qarşısını kəsib ünvanlarına hədələyici ifadələr işlədəndə Böyükağa Turalı itələyib kənarlaşdırmış, o da əlindəki daşla Turalı vurmuşdur. Həmin vaxt Natiqgil içəri daxil olub Böyükağa ilə onu sakitləşdirib çölə çıxarmışlar. Bundan sonra razılaşmışlar ki, Böyükağanı aparıb baş nahiyəsini yoxladıb sonra da Anar barəsində Xaçmaz RPŞ-yə şikayət ərizəsi versinlər. Böyükağa qanlı paltarlarını dəyişib gələndən sonra birlikdə Xaçmaz RPŞ-yə getmişlər. Polis şöbəsində onlara məlum olmuşdur ki, Anar onlardan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib onlar tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmçinin bildirmişdir ki, o, Böyükağanın əlində nə olduğunu görməmişdir, belə ki, onlar başqa avtomobildə olmuşlar. Anar Böyükağanı dəmirlə iki dəfə vurmuş, Böyükağa bir zərbəni əli ilə tutmuş, digər zərbəni isə Böyükağanın başından vurmuş, bu zaman o da özünü itirmiş və yerdən götürdüyü daşı Anara ataraq arxasınca qaçmış, lakin daş Anara dəyməmişdir, o, daşla Turalı vurmuşdur. Belə ki, Tural araya girərək onların qarşısını kəsib belə etməmələrini dedikdə, o da dostu Böyükağanın başının qanlı olduğunu görüb hirsli olduğundan zəif zərbə ilə Turalın başından daşla vurmuşdur. Hadisə yerində kombinatın bir-iki nəfər işçisi olduğunu görmüşdür. O, törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmişlərlə barışdıqlarını və bir daha bu kimi hərəkətlər etməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada harada iş düşsə işləyib ailəsini dolandırır. Hal-hazırda özü «Əhli sünnə vəlcəmaat» əqidəsində olan qruplaşmadadır. Barəsində şikayət ərizəsi verdiyi Şahid2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid3, Şahid5, Şahid4 və Şahid6 əvvəllər də Xaçmaz şəhər sakinləri kimi tanımış və onların da namaz qılanlar dəstəsindən olduqlarını bilmişdir. Belə ki, Xaçmaz rayonunun Qobuqıraq kənd məscidində birlikdə cümə namazlarında görüşmüşlər. Əvvəllər aralarında münasibətləri yaxşı olmuşdur. Sonradan Təqsirləndirilən şəxs2 barəsində xoşagəlməyən söhbətlər eşitdiyi üçün onu çağırıb söhbət etmək istəsə də, Böyükağa onun çağırışlarına gəlməmişdir. Şahid2 də təxminən 1 il olar ki, tanımışdır. Lakin sonradan Vüqarın Təqsirləndirilən şəxs2 tərəfindən başqalarına nisbətən daha çox dəstəkləndiyini görüb özündə maraq doğuran fikirlər yaranmışdır. Bunu biləndən sonra Vüqarın aralarında «Şpiyon» olmasını fikirləşmiş və Vatsapp quruplaşmasında bu barədə yazışmalar etmişdir. 30 may 2022-ci il tarixdə, təxminən saat 19 radələrində Vüqar ona zəng edib niyə onun barəsində belə yazılar yazmağının səbəbini soruşmuşdur. Hətta onunla görüşməyi də təklif etmişdir. O, əvvəlcə Vüqarla görüşmək istəməsə də, sonra Vüqara təklif etmişdir ki, yaşadığı ünvana gəlsin söhbət etsinlər. Lakin Vüqar onunla razılaşmamış və başqa yerdə görüşmək istədiyini demişdir. X6 Niyazoba yolundakı körpünün yanına gəlməsini demişdir. Sonra da qardaşı Turalın idarə etdiyi avtomobillə görüş təyin etdiyi yerə çatanda Vüqarın da öz avtomobili ilə Qaraqurtlu yolundan çıxdığını görüb ardınca gəlməsini işarə etmişdir. Hətta zəng edib ət almaq üçün gəldiyi Xaçmaz Niyazoba yolunun Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisindən keçən hissəsində yerləşən "xxxx" süd və ət MMC-nin qarşısına çağırmışdır. O, ət almaq üçün düşəndə kəsimin başa çatmadığını görmüşdür. Qayıdıb qardaşının avtomobilində qabaq sərnişin yerində əyləşmişdir. Həmin vaxt Vüqar da öz avtomobili ilə gəlib onların avtomobilinin arxasında dayanmışdır. O, qardaşı Turala düşüb Vüqarı çağırmasını demiş, lakin özü avtomobildən düşməmişdir. Vüqar gəlib qabaq sürücü oturacağına əyləşmişdir. Vüqar ondan Vatsap qruplaşmasında onunla bağlı yazdıqlarının nə məsələ olduğunu soruşmuşdur. O, Vüqara bununla bağlı izah vermək istəyərkən kənardan tanışları Şahid5 da avtomobilinin gəldiyini görmüşdür. Natiqin avtomobilindən Böyükağa, Ceyhun və Nazim düşəndə Vüqarın avtomobilində olan, əvvəlcədən görmədiyi Zaid və Əli adlı şəxslərin də düşüb onlara yaxınlaşanda qardaşı Tural dərhal qışqırıb ona Böyükağanın silahı olduğunu demişdir. O, avtomobilin güzgülərindən arxaya baxanda maşınlardan düşənlərin onlara tərəf gəldiklərini görüb avtomobilin qapısını açıb avtomobilin qapısının cibində olan mismar çıxaran dəmir lingi götürüb yerə düşmüşdür. Sonra da dəmiri sağa-sola fırladaraq onları qorxuzub uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt əlindəki dəmir lingin kiməsə dəydiyini hiss etmişdir. Bu zaman onlar əyilib yerdən daş götürüb ona atmağa başlamışlar. O, qaçıb süd-ət kombinatının həyətindəki kəsim yerinə daxil olmuşdur. Orada olan qəssablardan birindən telefonunu götürüb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Böyükağagilin onun arxasınca kombinatın kəsim yerinə daxil olduqlarını görüb kombinatın ikinci mərtəbəsinə qalxan pilləkənlərlə qaçıb əvvəlcə pilləkənin baş hissəsində dayanıb əlindəki dəmiri sağa-sola fırladaraq onlara mane olmaq istəmişdir. Lləmin vaxt Əli Təqsirləndirilən şəxs1ndə olan taxta parçası ilə qoluna bir zərbə vurmuş, o, qaçıb ikinci mərtəbədəki otaqlardan birinə girib qapını içəridən bağlamışdır. Böyükağagil qapını təpikləsələr də, aça bilməyib çıxıb getmişlər. O, aranın sakitləşdiyini görüb bir neçə dəqiqə sonra otaqdan çıxıb aşağı düşmüşdür. Həmin vaxt bir neçə nəfər qiyabi olaraq üzdən tanıdığı şəxslərin qardaşı Turalın yanında olduğunu görmüşdür. Yaxınlaşanda qardaşı Turalın baş nahiyəsinin qanadığını görmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon polis şöbəsinə gedib döyülmələri barədə şikayət ərizəsi vermişlər. Həmçinin bildirmişdir ki, o, Vüqarla Turalın avtomobildə olan vaxt qardaşı Tural yanlarında olmamışdır. Tural ilə o, qəssabxananın qabağına gəlmişlər, o, girərək ətlə maraqlanmış, lakin hələ hazır olmadığı bildirilmiş, o, oradan çıxıb gələrək Turalın avtomobilinə əyləşəndə görmüşdür ki, Vüqarın avtomobili Turalın avtomobilinin arxasında dayanmış, o, Turala demişdir ki, gedib Vüqara onların avtomobilinə gəlməsini desin, hətta o özü də Vüqara əli ilə işarə etmişdir ki, gəlib sükan tərəfdən, yəni Turalın yerində əyləşsin, Turala isə onların yanından getməsini demiş, nə danışdıqlarını eşitməsini istəməmişdir. Böyükağagilin avtomobili gələndə içərisindən onlar düşmüşlər, Böyükağanın əlində dəmir ling görmüş, sonra Böyükağa həmin dəmiri sağ əlindən sol əlinə keçirmiş, o hələ avtomobildə olmuş, Böyükağagil onun əyləşdiyi avtomobili mühasirəyə alacağını görmüş, o, avtomobildən düşüb Böyükağa ilə Əlinin üstünə qaçmışdır. O, döşəmə-tavan ustası olduğundan həmişə özü ilə mismar çıxardan dəmir ling olmuşdur. O, işləməyə gedərkən aparılası əşyaları çox olanda onu qardaşı Tural avtomobili ilə aparmış, hadisə vaxtı Turalın avtomobilində həmin dəmir lingdən başqa onun digər təmir əşyaları, direllər və s. olmuşdur. O, Böyükağagilin onun üzərinə gəldiyini görmüş, o da onları qorxuzmaq üçün avtomobildən düşərək üstərinə qaçmış, lakin Böyükağa onun üzərinə gəlmiş, o, qaçmış, Böyükağa da onun arxasınca qaçmışdır. O, qaçarkən arxadan daş atılıb, biri onun qoluna, biri isə kürəyinə dəymişdir. O, qəssabxanaya daxil olub otaqlardan birinə daxil olub qapını bağlamışdır, həmin vaxt görmüşdür ki, Əli qəssabxanada aşağıda əlindəki daşları ona tərəf atır. Qardaşı Tural onların qarşısını saxlamaq istəyəndə Nazim və Zaid Turalın qollarından tutub saxlamışlar. Böyükağagil getdikdən sonra o, girdiyi otaqdan çıxmış, Turalın da başından qan gəldiyini görmüşdür. O, hadisə vaxtı Böyükağanı vurduğunu xatırlamır, bəlkə də, sonuncu ilə gələnlərdən kiminsə atdığı daş Böyükağaya da dəymişdir. Ara qarışmış, o, əlindəki dəmir lingi fırladaraq Böyükağanın üzərinə getmiş, lakin sonuncuya dəydiyini xatırlamır, lakin ola bilər ki, dəymişdir. Onun iş üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə valideynlərinin yanında yaşayır. Hazırda rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada müqavilə əsasında Xaçmaz rayon QİS-də fəhlə işləyir. Barəsində şikayət ərizəsi verdiyi Şahid2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid3, Şahid5, Şahid4 və Şahid6 əvvəllər də Xaçmaz şəhər sakinləri kimi tanımış, onların da namaz qılanlar dəstəsindən olduqlarını bilmişdir. Belə ki, arada Xaçmaz rayonunun Qobuqıraq kənd məscidində birlikdə cümə namazlarında görüşmüşlər. Əvvəllər aralarında münasibətləri yaxşı olmuş, ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin aprel ayının ortalarında Şahid3lə Təqsirləndirilən şəxs1 yaşadıqları evin qraşısına gəlib qardaşı Anarı çağırmışlar. O, küçəyə çıxıb Nazimgildən Anarı neylədiklərini soruşanda Nazimgil ona Anarı çağırmağını, özləri Anarı başa salacaqlarını demişlər. O, yenə də Nazimdən Anara nəyi başa salacağını soruşanda Nazim qardaşı Anarın ünvanına xoşagəlməz ifadələr işlədərək Anarın özünü başa salacaqlarını demişdir. O, Nazimgilə çıxıb getmələrini demişdir. O, yenidən Nazimgilə təkidlə çıxıb getmələrini, yoxsa polisə məlumat verəcəyini demişdir. Bu sözündən sonra Nazimgil çıxıb getmişlər. Sonra da qardaşı Anardan Nazim və Əli ilə aralarında nə söhbət olmasını soruşmuşdur. Anar demişdir ki, bu məsələlər bir neçə müddət əvvəl Böyükağa ilə aralarında Qobuqıraq kənd məscidində baş verən mübahisə ilə bağlıdır. 30 may 2022-ci il tarixdə, saat 19 radələrində qardaşı Anar onu ət almaq üçün aparmasını xahiş etmiş, həm də Vüqarla söhbəti olduğunu bildirmişdir. Bundan sonra o, atası Yaşara məxsus avtomobillə qardaşı Anarla birlikdə Xaçmaz- Niyazoba yolunda yerləşən "xxxx" süd və ət MMC-nin qarşısına gəlmişlər. Əvvəlcə, Anar avtomobildən düşüb ət almaq üçün kombinata daxil olmuş, sonra da qayıdıb hələ də kəsimin qurtarmadığını demişdir. Bu zaman Vüqar öz avtomobili ilə gəlib onların avtomobilinin arxasında dayanmışdır. Anar ona düşüb Vüqarı çağırmasını demişdir. O, etiraz etməmiş, avtomobildən düşüb Vüqarı çağırıb Anarın maşında onu gözlədiyini demişdir. Vüqar onların avtomobilində əyləşmişdir. Bu zaman Şahid5 idarə etdiyi avtomobillə yanlarına gəlmişdir. Natiqin avtomobilindən Böyükağa, Nazim və Ceyhun düşəndə Böyükağanın avtomobildən silahla düşdüyünü fikirləşib qışqırıb qardaşı Anara demişdir ki, Böyükağa silahla gəlib, düşüb qaçsın. Bu sözündən sonra Böyükağa gəldiyi avtomobildən götürdüyü dəmir parçası ilə onlara yaxınlaşanda qardaşı Anar da avtomobildən düşmüşdür. Həmin vaxt qardaşı Anarın əlində dəmir ling olmuşdur. Anar həmin dəmiri sağa-sola fırladaraq onları yaxına buraxmaq istəməmişdir. Bu zaman Əli və Böyükağa yerdən daş götürüb Anarı vurmağa başlamışlar. Həmin vaxt o, qaçıb araya keçmək istəyəndə ayağı sürüşmüş və yıxılmışdır. Yerdən qalxanda Zaid, Natiq və Nazim onu əllərindən tutub saxlamışlar. Zaid ona söhbətə qarışmamasını demişdir. Həmin vaxt Anar qaçıb kombinatın həyətindəki kəsim yerinə getmişdir. Onlar da Anarın arxasınca kombinatın həyətinə daxil olanda o özü də kəsim yerinə qaçıb aranı sakitləşdirmək istəyəndə Əli ilə Böyükağa onu da hədələmiş, Böyükağa əlində olan dəmirlə vurub onun baş nahiyəsindən xəsarət yetirmiş və Əli də daşla vurub bədəninə xəsarət yetirmişdir. Həmin vaxt qardaşı Anar kombinatın inzibati binasının pilləkənləri ilə ikinci mərtəbəyə qalxmışdır. Onlar da daş, dəmir və taxta parçaları ilə Anarın arxasınca yuxarı qalxmışlar. O, polis çağıracağını deyəndə onlar qayıdıb kombinatdan çıxıb getmişlər. Bir neçə dəqiqə sonra qardaşı Anar da aşağı düşmüşdür. Bu zaman polis əməkdaşları gəlmiş, onlar da polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gedib döyülmələri ilə bağlı şikayət ərizəsi vermişlər. Həmçinin bildirmişdir ki, qarşı tərəf “2107” markalı və “Opel” markalı avtomobillərlə gəlmişlər, Böyükağa əlində dəmir parçası ilə avtomobildən düşəndə o, qışqıraraq Anara qaçmasını demişdir. Onu çöldə vurmamışlar, kombinatın içərisinə, arxalarınca ayırmaq üçün gedəndə vurmuşlar, onu yerə yıxmamışlar, onu Əli daş ilə vurmuş, taxta parçası ilə də vurulmuşdur. Onun iş üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, onlar barışmışlar, təqsirləndirilən şəxslərin həbs edilmələrini istəmir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq özünü dolandırır. Zərərçəkmiş şəxs1 təxminən 1 il olar ki, tanıyır. Belə ki, özü «Əhli sünnə vəlcəmaat» əqidəsindədir və namaz qılır. Anarla əvvəllər aralarında münasibətləri yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. 30 may 2022ci il tarixdə, təxminən saat 19 radələrində ona məlum olmuşdur ki, Anar Vatsap qrupunda olan bütün qrup üzvlərinə əsasən onun və Təqsirləndirilən şəxs2 barəsində xoşagəlməz ifadələr işlədərək təhqir etmişdir. Xaçmaz şəhərində “Bosfor” çayxanasında əyləşib Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid3, Şahid5, Şahid4 və Zahid Sultanovla birlikdə çay içərkən o gedib Anarla danışmaq və bunun səbəbini soruşmaq istədiyini demişdir. Ona görə də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Anarın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək barəsində təhqiredici paylaşım etməsinin səbəbini soruşmuşdur. Anar demişdir ki, yaxşı edib, kefi belə istəyib ona görə də belə paylaşım edib. X4 da barəsində eyni sözləri deyərək təhqir etdiyini bilmişdir. Anara onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Anar əvvəlcə onunla görüşmək istəmədiyini desə də, sonra ona zəng edib Niyazoba kənd yolunun üstündə yerləşən "xxxx" süd və ət MMC-nin qarşısına çağırmışdır. O, yanında oturanlara məlumat vermiş və Anarın onu süd-ət kombinatının qarşısına çağırdığını demiş və ordan çıxmışdır. Həmin vaxt yanındakı tanışları Əli və Zaid də onun Anarla bu məsələ ilə bağlı söhbət etmək üçün getdiyini bilmiş və onlar da onunla gəlmişlər. O, Əli ilə Zaiddən xahiş etmişdir ki, gəlsələr də onun söhbətinə qarışmasınlar. Onlar da razılaşmış və sadəcə gəlib söhbətdə iştirak etmək istədiklərini demişlər. O özünə məxsus avtomobillə Anarın çağırdığı yerə gəlmişdir. Kombinatın qarşısına gələndə artıq Anar da qardaşı Turalla orada olmuşdur. O, avtomobilini Turalın avtomobilinin arxasında saxlayıb düşmüşdür. Həmin vaxt Tural da öz avtomobilindən düşüb ona demişdir ki, qardaşı Anar maşında onu gözləyir. Əli isə Zaidlə birlikdə onun avtomobilində arxa oturacaqda oturmuşlar. O, keçib Anargilin avtomobilində qabaq oturacaqda, sürücü yerində əyləşmişdir. Anarla görüşəndən sonra niyə onun ünvanıma təhqiredici paylaşım etməsinin səbəbini soruşmuşdur. Anar ona yaxşı etdiyini, paylaşım etdiklərinin də sübuta yetirildiyini demişdir. O, nəyin sübuta yetirilməsini soruşanda Anarın sağ əlində nə isə tutduğunu hiss etmişdir. Bu məqamda Natiqin də avtomobili gəlmiş və yolun əks tərəfində dayanmışdır. Natiqin avtomobilinin gəldiyini görən kimi Anar avtomobildən düşüb əlində olan dəmir linglə onlara hücum etmişdir. O, Anardan sakit olmasını xahiş etsə də, Anar ümumilikdə onların ünvanına nalayiq söyüşlər işlədərək həmin vaxt onun avtomobilindən düşən Əli ilə Zaidə tərəf cummuşdur. Bu zaman Böyükağa, Nazim, Ceyhun və Natiq də ona sakit olmasını demiş, lakin Anar onlara qulaq asmayaraq nalayiq söyüşlər söyərək üstlərinə hücum etmişdir. Həmin vaxt Böyükağa da haradansa götürdüyü taxta parçası ilə ona tərəf getmişdir. Anar əlindəki dəmir parçası ilə Böyükağanın baş nahiyəsinə iki zərbə vurmuş və Böyükağa səndələyərək aşağı əyilmişdir. Həmin vaxt onlar yerdən daş götürüb Anara tərəf atmağa başlamışlar ki, Böyükağaya yenidən zərbə vura bilməsin. Anar qaçıb ət kəsimi kombinatına girmişdir. Bu zaman Əli də yerdən daş götürüb onun ardınca kombinata qaçmışdır. Onlar da kəsim yerinə daxil olmuşlar. Həmin vaxt məqsədləri aranı sakitləşdirib ordan uzaqlaşmaq olmuşdur. Hətta kombinatın içərisində Anarın qardaşı Tural da üstlərinə gələrək ünvanlarına hədələyici ifadələr işlətdiyi üçün Böyükağa əlindəki taxta parçası ilə onu kənara itələyəndə Əli də əlində olan daşla Turalı bir dəfə vurmuşdur. Anar isə qaçıb ikinci mərtəyə çıxmışdır. Böyükağa ilə Əli yuxarı qalxanda onlar aranı sakitləşdirib Böyükağagili ordan çıxarmışlar. Bir neçə saat sonra onlara məlum olmuşdur ki, Anar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verib ki, guya Böyükağa adlı şəxs onun üstünə silahla gəlmişdir. Onlar polis şöbəsinə dəvət olunmuşlar. Həmçinin bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 təxminən 10 il olar ki, tanıyır. Belə ki, özü «Əhli sünnə vəlcəmaat» əqidəsindəndir və namaz qılır. Anarla əvvəllər aralarında münasibətləri yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. 30 may 2022-ci il tarixdə, saat 19 radələrində bilmişdir ki, Anar Vatsap qrupunda olan bütün qrup üzvlərinə, əsasən də Şahid2lə Təqsirləndirilən şəxs2 barəsində xoşagəlməz ifadələr işlədərək təhqir edib. Xaçmaz şəhərində «Bosfor» çayxanasında əyləşib Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid2, Şahid3, Şahid4 və Şahid6la birlikdə çay içərkən Vüqar onlara demişdir ki, Anarın onların ünvanına yazdığı yazılarla bağlı Anarla görüşüb söhbət etmək istəyir. Ona görə də Anarla telefon əlaqəsi saxlamış və sonra da çayxanadan çıxmış və Anarla görüşməyə getdiyini bildirmişdir. Həmin vaxt Zaidlə Əli də onunla çıxmışlar. Onlar Vüqara demişlər ki, dava salmaq lazım deyil, lazım olsa Anarla bir də söhbət edərlər. Vüqargil çıxandan sonra onlar da çayxanadan çıxmış və razılaşmışlar ki, onun avtomobili ilə Vüqargilin ardınca gedib söhbətə nəzarət etsinlər ki, dava-dalaş düşməsin. Ona məxsus avtomobilə əyləşib Böyükağa, Nazim və Ceyhunla birlikdə Vüqarın ardınca gəlmişlər. Vüqarla əlaqə saxlayanda Vüqar demişdir ki, Anar onu Niyazoba kənd yolunun üstündə yerləşən "xxxx" süd və ət MMC-nin qarşısına çağırmışdır. O öz avtomobili ilə həmin yerə çatanda Vüqarın Anargilin avtomobilində əyləşdiyini görmüşlər. O, avtomobilini bir qədər irəlidə saxlamışdır ki, Vüqar gələnə kimi düşüb yerdə söhbət etsinlər. Onun avtomobilinin dayandığını görəndə Vüqarın avtomobilində əyləşən Zaidlə Əli də avtomobildən düşmüşlər. Onları görən kimi Anar oturduğu avtomobildən düşüb əlində olan dəmir linglə onlara hücum etmişdir. Onlar geri çəkiləndə Böyükağa da əlində olan taxta parçası ilə Anarı sakitləşdirmək üçün araya keçəndə Anar çevrilib əlindəki dəmir linglə Böyükağanın başına bir zərbə endirmişdir. Böyükağa əlini qaldırıb birinci zərbədən yayınsa da, Anar onu ikinci dəfə baş nahiyəsindən vurmuşdur. Böyükağa yerə yıxılanda Əli ilə Zaid yerdən götürdükləri daşları Anara tərəf atıb sonuncunu uzaqlaşdırmışlar. Anar qaçıb ət kəsimi olan binaya girmişdir. Əli də onun arxasınca qaçanda Böyükağa başını tutub onlara demişdir ki, Əlini qaytarsınlar. Sonra hamısı kəsim gedən yerə gəlmişlər. Həmin vaxt Anarın qardaşı Tural da Böyükağagilin qarşısını kəsib ünvanlarına hədələyici ifadələr işlədəndə Əli ilə Böyükağa onu küncə itələyib yoldan kənarlaşdırmış və bu məsələyə qarışmamasını demişlər. O, arxada oİduğu üçün onların Turalı vurub-varmamasını dəqiq olaraq görməmişdir. Anar binanın ikinci mərtəbəsinə qaçıb çıxmış və Böyükağa ilə Əli də Anarın ardınca pilləkənlərə qalxanda onlar yuxarı çıxıb Böyükağagili sakitləşdirib aşağı düşürtmüş və demişlər ki, burada belə söhbət etmək lazım deyil və oradan çıxıb qayıtmışlar. Polis şöbəsinə dəvət olunanda bilmişdir ki, Anarla qardaşı Tural onlardan şikayət ərizəsi vermişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Şahid6, Şahid4 və Şahid3 ifadələrindən müəyyən edilir ki, onlar Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 7-də ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin aprel ayından Xaçmaz rayonunun Niyazabad kənd yolunun üstündə yerləşən "xxxx" süd-ət MMC-nin direktoru işləyir. 30 may 2022-ci il tarixdə, təxminən saat 19 radələrində MMC-nin mühafizəçisi Şahid7 ona zəng edib müəssisənin həyətində bir neçə nəfər şəxsin dava saldığını bildirmişdir. O, dərhal işə qayıtmış və əvvəllər də qiyabi olaraq tanıdığı Anar adlı şəxsin orada olduğunu görmüşdür. Sonradan Anarın yanında olan şəxsin də qardaşı Tural olduğunu bilmişdir. Anar adlı şəxsin elə də ciddi xəsarəti olmasa da, qardaşı Turalın baş nahiyəsindən xəsarət aldığını görmüşdür. Həmin vaxt Anar ona hücum edən şəxslərin ünvanlarına xoşagəlməz ifadələr işlədərək hədələyici tərzdə danışmışdır. O, dərhal istifadəsində olan ***-***-**-** nömrəli telefondan DİN-nin 102 xidmətini yığıb hadisə baş verməsi ilə bağlı məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onun razılığı ilə həmin əraziyə baxış keçirmişlər. Sonradan o özü MMC-nin kamera görüntülərinə baxanda görmüşdür ki, Anar hadisə zamanı avtomobildən düşərək dəmir linglə orada olan şəxslərə hücum etmiş, hətta birinin başına zərbə də endirmişdir. Kamera görüntüsünə düşmüş şəxslərdən yalnız Anarı qiyabi olaraq qəssab kimi tanımış, digər şəxslərin heç birini tanımamışdır. Hadisənin nə səbəbdən baş verməsini bilməmişdir. Həmçinin bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailəsi ilə birdikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus «Qazel» yük markalı, **-BT-*** qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq iri və xırda buynuzlu heyvanların daşınması ilə məşğul olur. Əsasən mal bazarından qəssablar üçün heyvanları daşıyır, həmçinin, heyvanları "xxxx" süd-ət MMC-nin kəsim yerinə daşıyır. 30 may 2022-ci il tarixdə, təxminən saat 19 radələrində "xxxx" süd-ət MMCnin arxasında heyvanların boşaldıldığı yerdə gətirdiyi heyvanları boşaldarkən müəssisənin kəsim yerindən səs-küy və söyüş səslərinin gəldiyini eşitmişdir. Lakin heyvanları boşaldıb qurtarmadığı üçün dərhal oraya keçə bilməmişdir. Heyvanları boşaldıb qurtarandan sonra kəsim yerinə keçəndə bilmişdir ki, əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncuları tanıyan, lakin onun tanımadığı şəxslərlə dava salmışlar. O şəxsən orada baş vermiş hadisəni görməmiş, nə də ki, orada başqa kimlərin olmasını bilmir. Amma sonradan həyətdə kəsim yerinin bir neçə nəfər işçisinin yığılışıb baş verənləri danışdıqlarını, bununla bağlı narahat olduqlarını və hətta müəssisənin direktoru Nadir müəllimə zəng edib məlumat verdiklərini bilmişdir. Orada danışılanlardan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 öz tanışları ilə aralarında baş vermiş mübahisə zamanı dava salmışdır. Həmçinin bildirmişdir ki, məhkəmə iclasında elan edilmiş ibtidai istintaqdakı ifadəsində söyüş eşitməsi barədə olan xüsusat istisna olmaqla, həmin ifadəsini qalan hissədə təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Hacıyev Sey ran Adil oğlunun ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Qaraçı kəndində ailəsi ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada "xxxx" süd-ət MMC-də qəssab işləyir. 30 may 2022-ci il tarixdə, təxminən saat 19 radələrində işdə olduğu zaman kəsilmiş heyvanları müştərinin avtomobilinə yükləmiş, həmin vaxt əvvəllər də qiyabi olaraq Xaçmaz sakini kimi tanıdığı Zərərçəkmiş şəxs1 kəsim yerinə daxil olmuşdur. Sonuncunun ardınca da bir neçə nəfər tanımadığı şəxslər içəri qaçmışlar. O, soyuducu olan hissədə olduğu üçün dəqiq olaraq kəsim yerində nə baş verməsini görməmişdir. Lakin bir anlıq narahatlıq keçirib içəri baxanda oradakı şəxslərin mübahisə etdiklərini görmüş və soyuducunun qapısı açıq qalmasın deyə qayıdıb əti gələn avtomobilə yükləyib təhvil vermək üçün oradan çıxmışdır. Sonradan orada nə baş verməsini görməmişdir. Lakin qayıdıb gələndən sonra bilmişdir ki, orada dava-dalaş olub və hadisə ilə bağlı gələn polis əməkdaşları Anarı ordan Xaçmaz rayon polis şöbəsinə aparmışlar. Daha sonra Anargilin dava saldıqları şəxslərlə bir-birlərindən qarşılıqlı şikayət etdiklərini eşitmişdir. Hadisə zamanı kəsim yerində nə baş verməsini görməmiş və hadisənin hansı səbəbdən başlanmasını da bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsindən müəyyən edilir ki, o, ünvan 7 ünvanında yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada "xxxx" süd və ət MMC-nin kəsim yerində ət kəsimi ilə məşğul olur. 2022-ci ilin may ayının 30-da işdə olarkən təxminən saat 19 radələrində sifariş verilmiş iri buynuzlu heyvanın kəsimi ilə məşğul olarkən əvvəllər də qiyabi olaraq Xaçmaz sakini kimi tanıdığı Zərərçəkmiş şəxs1 kiminsə ünvanına ucadan nalayiq söyüşlər söyə-söyə içəri daxil olmuş, ondan mobil telefonunu istəmişdir. O, istifadəsində olan 050 *** ** ** nömrəli telefonu Anara vermişdir. Anar telefonu alıb haranısa yığa-yığa kəsim yerinin ikinci mərtəbəsinə qalxmağa başlamışdır. Bu zaman Anarın ardınca bir neçə nəfərin də içəri daxil olduqlarını və Anarın ünvanına söyüşlər söyərək aşağı düşməsini tələb etdiklərini görmüşdür. O, narahat olduğu üçün əlindləki işi dayandırıb aranın sakitləşməsini gözləmiş, mübahisəyə müdaxilə etməmişdir. Həmin vaxt sonradan əvvəllər də qiyabi olaraq tanıdığı və Anarın qardaşı olduğunu bildiyi Zərərçəkmiş şəxs2 içəri daxil olanların qarşısını kəsib nə isə danışmaq istəyərkən iki nəfər onu itələyib kənarlaşdırandan sonra binanın ikinci mərtəbəsinə qalxmağa başlamışlar. Sonra da həmin şəxslərin ardınca gələnlər yuxarı qalxıb qarşıda yuxarı qalxan iki nəfəri sakitləşdirərək qabaqlarında düşürüb aparmışlar. Bu hadisə təxminən 3-5 dəqiqə çəkmişdir. Bundan sonra Anar aşağı düşüb onun telefonunu qaytarıb çıxıb getmişdir. O, əlindəki işini qurtarıb çıxıb evinə getmişdir. Sonradan bilmişdir ki, iş yerinə polis əməkdaşları gəlib müayinə aparmışlar. Lakin hadisənin hansı səbəbdən və nə üstündə baş verməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi ev 66-da ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada "xxxx" süd və ət MMC-nin mühafizəçisi işləyir. 2022-ci ilin may ayının 30 da işdə olarkən təxminən saat 19 radələrində əvvəllər də qiyabi olaraq Xaçmaz sakini kimi tanıdığı Zərərçəkmiş şəxs1 kiminsə ünvanına ucadan nalayiq söyüşlər söyə-söyə həyətə daxil olub kəsim yerinə qaçmışdır. Bu zaman onun ardınca bir neçə nəfərin də içəri qaçdıqlarını görüb dava-dalaş olacağını bilmiş və narahat olduğu üçün istifadəsində olan ***-***-**-** nömrəli telefonla müəssisənin direktoru Şahid1 zəng edib məlumat vermişdir. Sonradan, heç 5 dəqiqə keçməmiş Anarın dalınca qaçan iki nəfəri onların ardınca içəri daxil olan şəxslər qaytarıb müəssisənin həyətindən çıxarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1la qardaşı Zərərçəkmiş şəxs2 da gəlmiş, mühafizə otağının qarşısında söhbət etməyə başlamışlar. Anar telefonla kimlərləsə əlaqə saxlayaraq döyüldükləri barədə məlumat vermişdir. Bir qədər sonra müəssisənin direktoru Şahid1 də gəlmişdir. Şahid1 ardınca Xaçmaz RPŞ-nin əməkdaşları da gəlmiş, hadisə yerini müayinə edəndən sonra Zərərçəkmiş şəxs1 da polis əməkdaşları ilə birlikdə getmişdir. O şəxsən hadisənin hansı səbəbdən baş verməsini və kimin-kimi vurmasını görməmişdir. Çünki həmin şəxslər içəri daxil olandan sonra telefonla Şahid1lə əlaqə saxlayıb məlumat verəndən sonra kəsim yerinə keçmək istəyəndə artıq onlar da oradan çölə çıxmışlar. İçəridə nə baş verməsini görməmişdir. İş materiallarında olan 30 may 2022-ci il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək, 30 may 2022-ci il tarixdə, saat 19 radələrində Xaçmaz rayonunun Qaraqurtlu kəndi hissəsində, heyvan kəsimi məntəqəsi ərazisində Böyükağa, Əli, Zaid, Natiq, Nazim, Ceyhun tərəfindən dəmir və taxta parçası ilə özünün və qardaşı Zərərçəkmiş şəxs2 döyülərək müxtəlif xəsarətlər almaları barədə məlumat verərək bildirmiş və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. İş materiallarında olan 30 may 2022-ci il tarixli raportdan müəyyən edilir ki, "xxxx" süd və ət MMC-nin direktoru Şahid1 saat 19:47 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək ünvan 9 ünvanında döyülmə hadisəsi olması barədə məlumat vermişdir. İş materiallarında olan 30 may 2022-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, 30 may 2022-ci il tarixdə, saat təxminən 20 radələrində Xaçmaz rayonunun Qaraqurtlu kəndi hissəsində, "xxxx" süd və ət MMC-nin qarşısında Böyükağa və sonuncu ilə gəlmiş, qiyabi olaraq tanıdığı bir neçə şəxs tərəfindən özünün və qardaşı Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə söyülərək döyüldükləri və xəsarət aldıqları barədə bildirərək həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 03:20 radələrində Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞyə zəng edərək Zərərçəkmiş şəxs2 “Sol tərəfdən alın nahiyəsinin sıyrılmış-əzilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması və xəstənin tanıdığı şəxs tərəfindən döyülərək xəsarət almasını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 03:25 radələrində Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞyə zəng edərək Zərərçəkmiş şəxs1 “Sol tərəfdən təpə nahiyəsinin əzilməsi, sağ bazunun və saidin sıyrılmış-əzilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması və xəstənin tanıdığı şəxs tərəfindən döyülərək xəsarət almasını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 03:30 radələrində Xaçmaz RMX-nın tibb bacısı Məmmədova Xaçmaz RPŞyə zəng edərək Təqsirləndirilən şəxs2 “Təpə nahiyəsinin əzilmiş yaralanması” diaqnozu ilə xəstəxanaya daxil olması və xəstənin tanıdığı şəxs tərəfindən başına mismarçəkən linglə vurularaq xəsarət yetirilməsini bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd DVD diskdən müəyyən edilir ki, baxış zamanı Xaçmaz Niyazoba yolunun Qaraqurtlu kəndi ərazisindən keçən hissəsində yerləşən "xxxx" süd və ət MMC-nin qarşısında iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında mübahisə baş verməsinin müəyyən olunmuşdur. Birinci olaraq, həmin MMC-nin qarşısında, yolun kənarında mübahisənin başlanması, daha sonra mübahisənin MMC-nin həyətindəki kəsim yeri üçün nəzərdə tutulan binanın içərisində davam etməsi və Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 həmin hadisə zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurub xəsarət yetirməsi, onlarla olan digər şəxslərin də onları oradan çıxarmaları müşahidə olunmuşdur. Görüntüdə hadisə zamanı kəsim prsosesinin getməsi, orada digər şəxslərin olması və hadisə nəticəsində müvəqqəti olaraq işin dayanması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 01 iyun 2022-ci il tarixli, 307 nömrəli rəyindən müəyyən edilir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və rentgenoloji müayinələri zamanı aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin hematoması, sol tərəf alın nahiyəsinin səthi əzilmiş yarası, sağ gözün alt qapaq nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 30 may 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 01 iyun 2022-ci il tarixli, 308 nömrəli rəyindən müəyyən edilir ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinələri zamanı aşkar edilmiş xəsarətlər – sol təpə nahiyəsinin hematoması, ağız boşluğunun sol tərəf selikli qişasına qansızma, sol çiyin və sağ bazu nahiyələrinin qançırları, sağ said nahiyəsinin sıyrıq və səthi əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 30 may 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki,Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid6 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, disk daşıyıcıları, həmçinin ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi: İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; xuliqanlıq cinayəti gedişində şəxslərə zor tətbiq edilməsi dedikdə, zərərçəkən şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Xuliqanlıq bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə həmin Məcəllənin müvafiq olaraq 221.2.1 və 221.2.2-ci maddələrinin tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 6-cı bəndinə görə, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür; ictimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyatakeçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanınqorunması halları başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsinin tərkibini yaradır. Bu maddənin məzmunundan görünür ki, şəxsin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərərçəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərərçəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən, Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş 01 il müddətə islah işləri cəzasından azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin notarial qaydada təsdiqlənmiş ərizələrindən və məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 ilə qarşılıqlı olaraq barışmışlar və onların Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və iş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində iki azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin notarial qaydada təsdiqlənmiş ərizələrindən və məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə qarşılıqlı olaraq barışmışlar və onların Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslarınvə bu əsaslarla uzlaşan hər bir təqsirkara şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza və Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 iyun 2022-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 03 iyun 2022-ci il tarixli 4(067)-80/2022 nömrəli qərarından, 01 sentyabr 2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 03 (üç) ay müddətdə həbsdə saxlanılmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 iyun 2022-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 03 iyun 2022-ci il tarixli 4(067)-79/2022 nömrəli qərarından, 01 sentyabr 2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 03 (üç) ay müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 03 (üç) ay müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 03 (üç) ay müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə şərti məhkumetmə barədə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM maddə 41.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsində şərti məhkumetmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərlə barışıb, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ailəli olmaqla himayəsində iki azyaşlı uşağı var; Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törədib, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərlə barışıb, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərin barələrində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Birlikdə götürülməklə şərti məhkumetmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkumetmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sınaq müddəti müəyyən edilməli və üzərlərinə onların davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkumetmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2010cu il tarixli Qərarında göstərilir ki, şərti məhkumetmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkumetmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkumetmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkumetmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkumetmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkumetmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hazırkı cinayət hadisəsinin videomüşahidə kamerası vasitəsilə qeydə alındığı videogörüntülərin (02 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk, həmçinin iş üzrə Zərərçəkmiş şəxs1 “WhatsApp” tətbiqi vasitəsilə paylaşdığı səsli mesajların köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 iyun 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 iyun 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, hazırkı cinayət hadisəsinin videomüşahidə kamerası vasitəsilə qeydə alındığı videogörüntülərin (02 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk, həmçinin iş üzrə Zərərçəkmiş şəxs1 “WhatsApp” tətbiqi vasitəsilə paylaşdığı səsli mesajların köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yerləri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar