Məhkəmə qərarları › İş №1(067)-36/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-36/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-36/2023 01.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz şəhəri, Atatürk küçəsi ev 112-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 0,361 qram miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, 28 avqust 2022-ci il tarixdə o, ünvan 1 ünvanından ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 22:00-22:10 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol diz nahiyəsində olan cibdən aşkar edilmiş “Rothmans” markalı siqaret qutusunda saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,361 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin təxminən avqust ayında Xaçmaz şəhərində olan “Şəxsiyyətlər parkı”nda gəzərkən orada olan oturacaqlardan birinin üzərində siqaret qutusu olduğunu görmüş, həmin qutunu götürüb baxanda içərisində siqaretlərin olduğunu görərək cibinə qoymuşdur. Həmin gün yaşadığı evdə ailəsi ilə mübahisəsi yarandığından anasıgil onu sakitləşdirmək üçün DİN-nin 102 xidmətinə zəng etmişlər. Polis əməkdaşları evinə gələrək onu polis şöbəsinə aparmış və RPŞ-də üzərinə axtarış zamanı üzərindən həmin siqaret qutusunda olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Həmçinin bildirmişdir ki, əvvəllər marixuana narkotik vasitəsindən istifadə etmiş, metamfetamin psixotrop maddəsindən isə hərdənbir istifadə etmişdir. O, əvvəllər narkotik əkib-becərdiyinə görə, bir dəfə də üzərində narkotik vasitə saxladığına görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, narkotik vasitədən istifadə etmək istəyəndə həmin vasitəni ona dosttanışı verirmişdir. O, ailəlidir, lakin uşağı yoxdur. Bundan başqa, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Atatürk küçəsi ev 112 ünvanında yaşayır. O, təxminən 3 ildir ki, narkotik vasitə olan marixuanadan və bəzi zamanlarda isə psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, Şahid2 ilə evlənmişdir, ancaq Şahid2 ilə rəsmi nikah müqaviləsi bağlamamışdır. O, Xaçmaz rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ancaq barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə və məhkumluğunun olmasına baxmayaraq o, yenə də narkotik vasitələrdən və psixtorop maddələrdən istifadə etmişdir. 27 avqust 2022-ci il tarixdə, saat təxminən 17 radələrində Xaçmaz şəhərində yerləşən “Şəxsiyyətlər parkı” ərazisində olan zaman parkdakı oturacaqlardan birinin üzərində bir ədəd "Rothmans" markalı siqaret qutusunun olması diqqətini çəkmişdir. O, həmin siqaret qutusunu götürmüş və içərisinin dolu olmasını görüb siqaret qutusunu cibinə qoymuş və üzərində saxlamışdır. Bir qədər irəli gedib həmin yerdən uzqİaşdıqdan sonra siqaret qutusunun içərisinə baxanda içərisində bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin olmasını görmüş və istifadə etmək məqsədi ilə içərisində metamfetamin olan bükümü siqaret qutusunun içərisində qoyub əynində olan şalvarın cibinə qoymuşdur. 28 avqust 2022-ci il tarixdə, saat 19 radələrində tapdığı metamfetamindən bir qədərini stifadə etmişdir. Həmin gün saat 20 radələrində yaşadığı evdə olan zaman arvadı Şahid2 ilə ailədaxili münaqişəsi olduğundan mübahisə etmişdir. Həmin evdə o və arvadından başqa atası X5, anası X7 və qardaşı X6 yaşamışdır. Onun arvadı ilə mübahisə etməsi səbəbindən qardaşı Sayadxan DİN-nin 102 xidmətinə zəng edərək onun narkotik vasitənin təsiri altında arvadı ilə münaqişə etməsi və üzərində narkotik vasitə saxlaması barədə məlumat vermişdir. Bundan bir qədər sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. O, həmin vaxt evin həyətində olmuşdur. O, düşünmüşdür ki, ailə üzvlərinin razılığı ilə yaşadığı evin həyətinə daxil olan polis işçiləri mübahisəni sakitləşdirib gedəcəklər. Lakin polis əməkdaşları onunla söhbət edən zaman onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Həmin vaxt bir gün əvvəldən parkdan tapdığı, içərisində bir büküm metamfetamin olan siqaret qutusu da əynindəki şalvarın sol diz nahiyəsində olan cibində olmuşdur. Xaçmaz RPŞ-də ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olması səbəbindən üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. O da etiraz etməmiş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 06 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinasları, bundan başqa, şalvarının sağ diz nahiyəsində olan cibindən 01 ədəd “Rothmans” markalı, həmçinin sol diz nahiyəsində olan cibindən də 01 ədəd “Rothmans” markalı siqaret qutusu aşkar edilmişdir. Daha doğrusu siqaret qutularını o özü çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Əynində olan şalvarının sol diz nahiyəsində olan cibindən aşkar edilən “Rothmans” markalı siqaret qutusunun içərisinə baxılan zaman oradan bir ədəd içərisində psixotrop maddə metamfetamin olan büküm aşkar edilmişdir. Həmin büküm müstəntiq tərəfindən götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş pul vəsaitləri və siqaretlər onun özünə geri qaytarılmışdır. Onun üzərindən aşkar edilən metamfetamin adlandırdığı maddə Xaçmaz şəhəri ərazisində yerləşən “Şəxsiyyətlər parkından” tapdığı siqaret qutusunun içərisindən çıxmışdır. O özü bəzi zamanlarda metamfetamin istifadə etdiyindən həmin maddənin psixotrop maddə metamfetamin olmasını bilmişdir. O, hər hansı bir şəxsə psixotrop maddə və ya narkotik vasitə satmamış və ya hər hansı bir şəxsdən almamışdır. X8 üzərində narkotik vasitə və yaxud psixotrop maddə olmasını görməmiş, ancaq mütəmadi olaraq onun üzərində narkotik vasitə olduğundan qardaşı bu dəfə də onun üzərində narkotik vasitə olmasını ehtimal edib DİN-nin 102 xidmətinə mlumat vermişdir. O, yaşadığı evin həyətindən Xaçmaz RPŞ-yə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləməklə, polis baş leytenantı rütbəsindədir. 28 avqust 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin istintaq-əməliyyat qrupunda xidmətdə olmuşdur. Həmin gün saat 20:12-də Xaçmaz şəhəri, Atatürk küçəsi ev 112 ünvanında yaşayan X6 Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında ailə üzvləri ilə yaşadıqları evdə münaqişə etməsi və hazırda qardaşının üzərində narkotik vasitə olmasını bildirməsinə görə onlar, yəni o, onunla eyni vaxtda xidmətdə olan Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Ehtibar Mehtiyev xidməti avtomobil ilə ünvan 4 ünvana çatanda Sayadxan Babayev onları evin yanında, yəni küçədə qarşılamış və onlara qardaşının narkotik vasitənin təsiri altında arvadı ilə mübahisə etməsini, bu halın tez-tez baş verdiyini və hazırda qardaşının üzərində narkotik vasitə olmasını bildirmiş və onları evin həyətinə dəvət etmişdir. Onlar həyətə daxil olduqda, Təqsirləndirilən şəxs evin həyətində olmuşdur. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb onu Xaçmaz RPŞ-yə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Daha sonra müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun da iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Rothmans” markalı siqaret qutusunun içərisindən narkotik vasitəyə bənzər maddənin aşkar edilməsini görmüşdür. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olması barədə məlumatı onlara təqsirləndirilənin qardaşı bildirmiş, onlar 102 xidmətinə edilmiş zənglə bağlı təqsirləndirilənin yaşadığı ünvana getdikdə sonuncunun həqiqətən də ailəsində mübahisə etdiyini müəyyən etmişlər, həmin vaxt təqsirləndirilənin özünü hansısa narkotik maddənin təsiri altında olan biri kimi aparmasını görmüşlər. Bundan başqa, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləməklə, polis baş leytenantı rütbəsindədir. 28 avqust 2022ci il tarixdə Xaçmaz RPŞ-nin istintaq-əməliyyat qrupunda xidmətdə olmuşdur. Həmin gün saat 20:12-də Xaçmaz şəhəri, Atatürk küçəsi ev 112 ünvanında yaşayan X6 Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında ailə üzvləri ilə yaşadıqları evdə münaqişə etməsi və hazırda qardaşının üzərində narkotik vasitə olmasını bildirməsinə görə onlar, yəni o, onunla eyni vaxtda xidmətdə olan Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Ehtibar Mehtiyev xidməti avtomobil ilə Xaçmaz şəhəri, Atatürk küçəsi 112 ünvanında yerləşən evə getmişlər. Həmin ev rayon polis şöbəsinin inzibati binasından 2-3 dəqiqəlik məsafədə yerləşmişdir. Onlar həmin ünvana çatanda Sayadxan Babayev onları evin yanında, yəni küçədə qarşılamış və onlara qardaşının narkotik vasitənin təsiri altında arvadı ilə mübahisə etməsini, bu halın tez-tez baş verdiyini və hazırda qardaşının üzərində narkotik vasitə olmasını bildirmiş və onları evin həyətinə dəvət etmişdir. Onlar həyətə daxil olduqda, Təqsirləndirilən şəxs evin həyətində olmuşdur. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb onu Xaçmaz RPŞ-yə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-yə gəldikdən sonra təhqiqatçı X16 Babayevi rayon polis şöbəsinə gətirmələri barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasına əsaslı şübhələr olduğundan üzərinə şəxsi axtarışın keçirilməsi həmin gün istintaq-əməliyyat qrupunda xidmətdə olan Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nemət Xasayevə həvalə olunmuşdur. Onlar Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə gətirəndə Sayadxan Babayev də onların ardınca Xaçmaz RPŞ-yə gəlmiş və 102 xidmətinə etdiyi müraciətdəki məzmunda ərizə ilə Xaçmaz RPŞ-yə bir daha müraciət etmişdir. Daha sonra müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra onların iştirakı ilə müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol diz nahiyəsində olan cibdə saxladığı “Rothmans” markalı siqaret qutusunun içərisindən 14 ədəd siqaret və bir ədəd içərisində ağ rəngli maddə olan sellofan büküm aşkar olunmuşdur. Həmin maddə xarici görünüşünə görə psixotrop maddə olan metamfetaminə bənzəmişdir. Təqsirləndirilən şəxs içərisində sellofan büküm olan siqaret qutusunu tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O bilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur və şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində elektron nəzarət cihazı olmuşdur. Çünki həmin vaxt Təqsirləndirilən şəxs məhkumluğu olmuş və Xaçmaz rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lakin həmin vaxt, yəni şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü qəribə aparmış və yalan danışmışdır. Çünki Təqsirləndirilən şəxs üzərində elektron nəzarət cihazı olmasına baxmayaraq, əvvəllər məhkumluğunun olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetaminə bənzər maddə olan büküm müstəntiq Nemət Xasayev tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul əskinasları və siqaretlər onun özünə geri qaytarılmış və şəxsi axtarış həmin yerdə başa çatmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı İbrahim sərxoş vəziyyətdə yaşadıqları evə gələrək öz arvadı ilə mübahisə etmiş, o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, polis əməkdaşları yaşadıqları evə gələrək İbrahimi polis şöbəsinə aparmışlar. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Atatürk küçəsi ev 112 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs hərdən narkotik vasitə istifadə etmiş və narkotik vasitənin təsiri altında evdə ailə üzvləri ilə mübahisə etmişdir. Təqsirləndirilən şəxs yeddi ildir ki, Şahid2 ilə evlidir, ancaq onların övladları yoxdur. 28 avqust 2022-ci il tarixdə, saat 20 radələrində də qardaşı Təqsirləndirilən şəxs yaşadıqları Xaçmaz şəhəri, Atatürk küçəsi ev 112 ünvanında yerləşən evə gələrək arvadı ilə mübahisə etməyə başlamışdır. Təqsirləndirilən şəxs hər dəfə arvadı ilə mübahisə etməsi artıq onları bezdirmişdir. O, yəqin etmişdir ki, İbrahim yenə də narkotik vasitənin təsiri altındadır və həmin vaxt İbrahimin üzərində narkotik vasitə vardır. Buna görə də o, anasının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edib qardaşı Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında ailə üzvləri ilə mübahisə etdiyini və üzərində narkotik vasitə olması barədə bildirmişdir. O, 102 xidmətinə zəng etdikdən təxminən 4-5 dəqiqə sonra yaşadıqları evin həyətinə polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarını yaşadığı evin həyət qapısının qarşısında qarşılamış və polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmişdir. Həmin vaxt İbrahim də evin həyətində olmuşdur. O, qardaşı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitənin təsiri altında evdə ailə üzvləri ilə mübahisə etməsini bildirmişdir. Bundan sonra polis əməkdaşları qardaşı İbrahimi Xaçmaz RPŞ-yə dəvət etmişlər və İbrahim polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Bundan sonra o da Xaçmaz RPŞ-yə gəlmiş və RPŞ-də DİN-nin 102 xidmətinə etdiyi müraciət ilə eyni məzmunlu ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq o, həmin şəxsi axtarışda iştirak etməkdən imtina etmişdir. Daha sonra öyrənmişdir ki, İbrahimin üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə ailə üzvləri ilə mübahisə edən zaman heç kimi vurmamışdır, sadəcə arvadı ilə söz mübahisəsi etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq İbrahim narkotik vasitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evdə arvadı ilə mübahisə edən zaman səs-küyə kənar şəxslər gəlməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. İbrahim həmin gün evə içkili vəziyyətdə gəlmiş və onunla mübahisə etmişdir. Bu səbəbdən də İbrahimin qardaşı Sayadxan polisə zəng edərək məlumat vermiş, polis əməkdaşları gələrək İbrahimi polis şöbəsinə aparmışlar. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsi təsdiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, şahid X2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən edilir ki, X6 DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində qardaşı Təqsirləndirilən şəxs birlikdə yaşadıqları evdə narkotik vasitənin təsiri altında arvadı ilə mübahisə etdiyini və qardaşı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxladığını hesab etdiyini, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsini və üzərində narkotik vasitə aşkar edilərsə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X17, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X10, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi Şahid4, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X18, Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 06 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinaslarını, bundan başqa, həmin şalvarın sağ diz nahiyəsində olan cibindən 01 ədəd “Rothmans” markalı, həmçinin həmin şalvarın sol diz nahiyəsində olan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunu çıxararaq otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol diz nahiyəsindəki cibindən aşkar edilən “Rothmans” markalı siqaret qutusunun içərisinə baxılan zaman orada siqaretlərin və bir ədəd sellofan bükümün olması, şalvarın sağ diz nahiyəsindəki cibdən aşkar edilən “Rothmans” markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisində siqaretlərin olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd sellofan bükümün içərisinə baxılan zaman orada ağ rəngli, xarici görünüşünə görə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, içərisində bir ədəd büküm olan siqaret qutusunu aşkar olunan formada tapdığını bildirmişdir. Aşkar edilmiş bir ədəd sellofan büküm müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları və siqaret qutuları içərisində olan siqaretlərlə birlikdə onun özünə geri qaytarılır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 6/4605 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №58” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, dörd-imza; müstəntiq: Nemət Xasayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,361 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin psixotrop maddəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,311 qram təşkil etmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 05 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,361 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,311 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 5022 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmilş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 05 noyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,361 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(067)-29/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin bundan əvvəl də tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsinə, həmçinin narkotik vasitə əldə edərək saxlamasına görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq yenidən cinayət törədərək metamfetamin psixotrop maddəsi əldə edib üzərində saxlamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(067)-29/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 aqvust 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 30 avqust 2022-ci il tarixli 4(067)-149/2022 saylı qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu 28 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində olan Xaçmaz rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(067)-29/2022 saylı hökmü üzrə 28 avqust 2022-ci il tarixədək 02 (iki) il 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(067)-29/2022 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (bərabər tutulmaqla) hazırkı hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 aqvust 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 30 avqust 2022-ci il tarixli 4(067)- 149/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə tutulmuş və məhkəmənin həmin qərarı ilə barəsində həbsetmənin əvvəli 28 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,361 qram psixotrop maddə olan metamfetamindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,311 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,361 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,311 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,311 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(067)- 29/2022 saylı hökmü ilə təyin edilmiş (üzərində qəti olaraq saxlanılmış) 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) gün müddəti, 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə (bərabər tutulmaqla), Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə (toplanılmaqla) ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,311 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar