Məhkəmə qərarları › İş №1(067)-36/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-36/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-36/2024 15.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Xızı rayonu, Giləzi qəsəbəsi ərazi dairəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı istintaq təcridxanasında saxlanılan–Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində 28 avqust 2023-cü il tarixdə saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 28 avqust 2023-cü tarixdə, saat 21:30-21:40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı «Argo» markalı siqaret qutusunun içərisində 4 ədəd bükümdə 0,435 qram, 0,028 qram, 0,033 qram, 0,032 qram çəkilərdə olmaqla ümumilikdə 0,528 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mütəmadi olaraq narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə qəbul etməklə yanaşı narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Özünün istifadəsinə pul çatdıra bilmədiyinə görə narkotik vasitə satmaqda məqsədi pul əldə edərək özü üçün narkotik vasitə almaq olmuşdur. 27 avqust 2023-cü il tarixdə Bakı şəhərində “Kubinka” adlanan ərazidə karta 20 manat pul göndərməklə narkotik vasitə heroin almışdır. Bundan sonra isə Xaçmaz şəhərinə gedərək aldığı heroini hər hansı bir şəxsə satmaq məqsədilə ayrı-ayrı kağız və sellofan bükümlərə ayıraraq bükmüşdür. O, bükümlərin hərəsinin üzərindən təxminən müəyyən qədər öz istifadəsi üçün ayırmış və hər bükümü 5 manata satmışdır. Hazırkı cinayət işi üzrə ayırdığı dörd ədəd bükümdən 0,435 qram olan bükümü özü üçün digərlərini isə satış məqsədilə ayırmışdır. O, narkotik vasitəni bəzən hər gün, bəzən isə üç gündən bir müddətdə satmışdır. Lakin həmin bükümləri kimə satacağını dəqiqləşdirməmişdir. Narkotik vasitə aldığı 20 manat pulu isə əvvəlki satdığı narkotik vasitədən əldə etmişdir. Gündəlik həyat fəaliyyəti və yatmağı rahatlaşması üçün hər səhər yuxudan durarkən və axşam yatarkən narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəyə olan təlabatını ödəyə bilmədikdə isə dost-tanışının köməkliyi ilə ehtiyacını ödəmişdir. O, 2009-cu ildə narkotikə görə həbs edilmiş, 2010-cu ildən 2016-cı ilədək isə özü onu müalicə almadan tərgitmiş, sonradan yenidən istifadə etsə də, hazırda istifadə etmir. O, qarşısına məqsəd qoymuşdur ki, 40 yaşından sonra istifadə etməsin. Azadlıqda olarkən iki dəfə müalicə almışdır, hazırda isə Maştağada yerləşən xəstəxanaya müalicə olunması üçün aparılmış bir-iki gün qaldıqdan sonra gətirilmişdir. O, narkotik vasitə əldə etməsi üçün hər-hansı cinayət törətməmişdir. Narkotik vasitəni tərgitmək istədiyini, dördüncü aydır ki, tutulduğunu və bunun tərgitməkdə xeyiri olduğunu bildirmişdir. O, narkomaniya xəstəliyinin xüsusi bir xəstəlik olduğunu, uzaq bir yerdə narkotik istifadəçilərinin bir-birilərini tanıya bildiklərini və dördüncü ay ilə yeddinci ayın arasında narkomanların peşmanlıq dövrü olduğunu düşünür. O, məhkəmənin gedişindən narazı olmadığını, özünü təqsirli bilərək peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Xaçmaz RPŞ-yə daxil olmuş məlumat əsasında Abbas adlı şəxs Xaçmaz rayonu, İzmayılovka adlı ərazidə, Ruslan İmamverdiyev küçəsində tərəflərindən saxlanılaraq RPŞ-yə gətirilmişdır. Şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan çəkisini xatırlamadığı “Aqro" siqaret paçkasının içərisindən 1 büküm və həmin bükümün içərisində 4 ayrı bükümdə heroin aşkarlanmış və müstəntiq tərəfindən qablaşdırılıb ekspertizaya təqdim edilmişdir. Həmçinin, təqsirləndirilən şəxs narkotik vasitədən istifadəsi üçün və satışı ilə məşğul olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 və Şahid3da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 1, vərəq 25-27) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X5, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X5 özünü təqdim edir və satış məqsədilə narkotik vasitələrin qanunsuz olaraq əldə etməsində, saxlamasında və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Təqsirləndirilən şəxs əyinində göy rəngli qısaqol köynək, boz rəngli şalvar və ayağında isə qəhvəyi rəngli yay ayaqqabısı vardır. Şəxsi axtarış zamanı Xaçmaz RPŞ-nin müstəntiqi X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya və ya narkotik vasitə varsa təqdim olunmasını bildirdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əyinində olan şalvarın sol yan cibindən 1 qutu «Argo» markalı siqaret qutusu, 1 ədəd kibrit qutusu, arxa cibindən 1 ədəd salfet, şalvarın bel hissəsindən isə bir ədəd GPS avadanlığını çıxarıb təqdim etdi. Həmin siqaret qutusunun içərisinə baxdıqda içərisində siqaret dənələri və 1 ədəd qızılı kağız bükülünün içərisində ümumilikdə 4 ədəd büküm aşkar edildi. Həmin bükümlərdən 3 ədədi qırmızı rəngli kağız büküm, 1 ədədi isə qırmızı rəngli sellofan bükümdür. Bükümlərdə nə olduğunu, kimə məxsus olduğunu və hansı məqsədlə üzərində saxladığını Təqsirləndirilən şəxs soruşduqda, o həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, özünə məxsus olmasını, bir hissəni öz istifadəsi üçün digər hissəsini isə sataraq pul əldə etmək məqsədilə üzərində saxladığını bildirdi. Aşkar edilmiş ümumilikdə 4 ədəd büküm açılıb içərisinə baxıldıqda onların içərisində narkotik vasitə heroinə bənzər kütlə olması məlum oldu. Aşkar olunmuş içərisində heroinə bənzər kütlə olan ümumilikdə 4 ədəd büküm elektron tərəzidə çəkilərkən onların ümumi çəkilərinin 0,87 qram olması müəyyən olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd həmin büküm ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılaraq mühürlənib Xaçmaz RPŞ-nin müstəntiqi X5 tərəfindən götürüldü. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar edilmədi. 1 qutu siqaret, 1 ədəd kibrit qutusu, 1 ədəd salfet və GPS avadanlığı isə onun özünə qaytarıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan (cild 1, vərəq 23), və 30 avqust 2023-cü il tarixli, 4(067)-118/2023 saylı qərardan (cild 1, vərəq 61) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hesablanmaqla barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2023-cü il tarixli, 3-16-16/2- 6/4595 (cild 1, vərəq 39) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi və “…Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə; beş-imza, Mütəntiq R.Babayevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 04 (dörd) ədəd bükümlərdəki təmiz çəkiləri- 0,435 qram, -0,028 qram, -0,033 qram, -0,032 qram, ümumi təmiz çəkisi – 0,528 qram olan qəhvəyi rənqli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroindən təqdqiqata 0,08 qram sərf edildikdən sonra qalıq – 0,448 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda (cild 1, vərəq 42) və 30 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda (cild 01, vərəq 51) göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməklə yanaşı pul əldə etmək niyyətilə narkotik vasitə satmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan (cil 1, vərəq 44) və 18 oktyabr 2023-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 113) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız poketə qablaşdırılmış qaydada 4 (dörd) ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,528 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,448 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, vərəq 46) müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş olan Xaçmaz rayon məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 5(067)-185/2023 saylı qərarından (cild 1, vərəq 78) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 28 avqust 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə əməliyyat məlumat daxil olduğundan vətəndaşların sorğusu və soraqlaşma, həmçinin baxış keçirilmə növündə əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əməliyyat tapşırığı”ndan (cild 1, vərəq 80) və raportdan (cild 1, vərəq 86) müəyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar məlumatlar ayrı-ayrı vaxtlarda əməliyyat aparatına daxil olduğundan 28 avqust 2023-cü il tarixdə onun ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində o, saxlanılaraq RPŞ-yə gətirilmiş və keçirilmiş şəxsi axtarış zamanı üzərindən 4 ədəd bükümlərdə ümumi çəkisi 0,528 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(067)-27/2022 saylı hökmündən (cild 1, vərəq 88) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 sentyabr 2021-ci ildən 09 sentyabr 2021-ci ilədək həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin15 sentyabr 2023-cü il tarixli, 5933 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 1, vərəq 103) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2023-cü il tarixli ********* nömrəli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitə heroinin mənbəyi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılması, həmçinin ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi və ********* nömrəli cinayət işinə siyahıda (əlavə olunur) göstərilən sənədlərin əsli və təsdiq olunmuş kserosurətləri əlavə edilməsi barədə qərar qəbul olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 1, vərəq 79) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), psixotrop maddə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı 2 qramdan artıq miqdarda olması, xüsusilə külli miqdarı isə 800 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,528 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur.Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən (cild 1, vərəq 69-70), həmçinin Xaçmaz RİHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan (cild 1, vərəq 82) müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və xx.xx.2016-cı il təvəllüdlü X6 adında azyaşlı qız övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, vərəq 83) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ümumi orta təhsillidir. O, yaşadığı ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İçtimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixli məktubdan (cild 1, vərəq 84) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 06 sentyabr 2023-cü il tarixli məktubundan (cild 1, vərəq 85) görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)- 27/2022 saylı hökmünə əsasən 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüş və ona xx.xx.2022-ci il tarixdə “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cəzasının başlanması xx.xx.2022-ci il tarix, qurtarması xx.xx.2024-cü il tarixdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Mhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib- edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,448 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)- 27/2022 nömrəli hökmü ilə 02 (iki) il 03 (üç) ay müddətinə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu iki gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ayı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 3 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrəərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ekspertiza təhqiqatından sonra qalıq qalmış çəkisi 0,448 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar