Məhkəmə qərarları › İş №1(067)-37/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-37/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-37/2022 05.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Fəzrəddin oğlunun iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Siyəzən rayonunun Dağquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Siyəzən rayonunun Dağquşçu kəndində qeydiyyatda olub faktiki olaraq Şabran rayonunun Udulu kəndində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində Xaçmaz-Bakı yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində, yolun sol tərəfində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ictimai yer hesab edilən “«Dostluq»” kafesinə gələrək əsaslı səbəb olmadan özünü cəmiyyətin fövqünə qoyub üstünlüyünü nümayiş etdirərək ucadan nalayiq ifadələr işlətməklə və kafenin normal iş fəaliyyətinə mane olmaqla ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək kafenin mətbəxinin içərisində Zərərçəkmiş şəxs əli ilə sol qol nahiyəsindən vuraraq ona sol bazu nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş, daha sonra kafenin yanından götürdüyü bir ədəd beldən silah qismində istifadə edib ümumilikdə 1000 manat dəyəri olan kafenin pəncərələrinin səkkiz ədəd şüşələrini sındırıb məhv etməklə ağırlaşdırıcı halda xuliqanlıq, yəni, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, heyvan alıb-satmaqla məşğul olmuşdur. Bu işlə Xaçmaz rayonu ərazisində məşğul olarkən müxtəlif şəxslərdən Bakı-Xaçmaz yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində yerləşən “«Dostluq»” adlı kafedə işləyən xanımların əxlaqsızlıqla məşğul olduğunu eşitmiş, lakin həmin kafedə qadınların əxlaqsızlıq etməsinin şəxsən şahidi olmamışdır. 25 oktyabr 2021ci il tarixdə həmin kafeyə gedib kafenin fəaliyyətini dayandırmaq fikrinə düşmüşdür. Ona görə də o, 25 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində, tanımadığı taksilərin biri ilə, Şabran rayonunun Ağalıq kəndindən Xaçmaz rayonunun Çarxı kəndində yerləşən «Dostluq» kafesinə gedərək içəriyə daxil olmuşdur. Həmin vaxt kafedə 2-3 nəfər müştəri olmuşdur. O, insanlardan eşitmişdir ki, “«Dostluq»” kafesini Melisa ləqəbli Aynur adlı xanım işlədir. Kafeyə daxil olan kimi, kafedə işləyən digər adını bilmədiyi xanımdan Aynurun harada olduğunu soruşmuşdur. Həmin xanım ona Aynurun mətbəxdə olduğunu demişdir. O da, mətbəxə getmək niyyəti ilə, kafenin digər qapısından çölə çıxaraq kafedən ayrı yerdə yerləşən mətbəxə daxil olmuş, Aynurun mətbəxin içərisində oturduğunu, mətbəxdə ondan başqa, 1 nəfər oğlan və 2-3 nəfər qız olduğunu görmüşdür. Aynura demişdir ki, “burda əxlaqsızlıq yuvası fəaliyyət göstərməsin, buranı bağlayın”. Aynur da ona “burda elə şey yoxdur, sən kimsən ki, mən sənin sözünlə kafeni bağlayım” demişdir. Bundan sonra o, Aynurun sol qolundan bir sillə zərbəsi vurmuşdur. Həmin vaxt Aynur mətbəxdə olan oturacaqda oturmuş, zərbənin təsirindən oturacaqdan yıxılmışdır. Bu zaman, Aynur qarşısında olan masanın üzərindən bıçaq götürüb onun üzərinə gəlmişdir. Həmin vaxt tanımadığı bir nəfər oğlan belindən tutaraq onu mətbəxdən bayıra çıxarmışdır. O da, cəld mətbəxin qapısının yanında olan beli əlinə götürmüş, mətbəxin içərisində olanlar, mətbəxin qapısının içəridən bağlamışlar ki, o, mətbəxin içərisinə girə bilməsin. Onun həmin beli götürməkdə məqsədi ondan ibarət olmuşdur ki, həmin bel ilə, mətbəxə daxil olub Melisanı döysün. Ancaq, mətbəxin qapısı bağlı olduğundan, o, mətbəxə daxil ola bilməmiş, mətbəxin pəncərəsinin yanına gedib pəncərənin şüşələrini sındırmağa başlamışdır. Mətbəxin pəncərəsinin şüşələrini sındırmaqda məqsədi mətbəxə daxil olmaq olmuşdur. Ancaq, şüşələri sındırdıqdan sonra, pəncərənin üzərində qalan şüşələrin uclarının iti olduğunu, oradan keçərsə onu kəsəcəyindən ehtiyyat edib pəncərədən mətbəxə girməmişdir. Bundan sonra o, kafenin ikinci mərtəbəsinə qalxaraq pəncərələrin şüşələrini sındırmış, daha sonra kafenin müştərilər oturan zalına daxil olaraq, orada olan əşyaları dağıtmağa başlamışdır. Masa və oturacaqları dağıtdıqdan sonra, əlindəki bel ilə, kafenin pəncərəsinin şüşələrinin sındırmağa başlamış, daha sonra isə həmin yerə polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarını görüb bir qədər sakitləşmiş və polis əməkdaşlarına həmin kafeni dağıltdığını səmimi şəkildə etiraf etmişdir. Bundan sonra, o, polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmişdir. Hazırda öz əməlindən peşman olmaqla ona güzəşt edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Bakı-Xaçmaz yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində yerləşən “«Dostluq»” kafesini icarə əsasında işlədir. 25 oktyabr 2021-ci il tarixdə kafenin mətbəxində oturmuş, onunla bərabər kafenin işçiləri Aygün, Nasir və Nişanə də mətbəxdə olmuşlar. Saat 18 radələrində Təqsirləndirilən şəxs kafenin mətbəxinə daxil olaraq onu soruşmuş, o, özünü təqdim etdikdən sonra Heybətulla ona “bu kafe bağlanmalıdır” demişdir. O da Heybəttullaya demişdir ki, “sən kimsən ki, sənin sözünlə buranı bağlayım”. Bu zəmində aralarında mübahisə düşmüş, mübahisə zamanı Heybəttulla bir əli onun boğazından tutub, digər əli ilə də, onun sol qolundan vurmağa başlamışdır. O, Heybəttullanın zərbələrindən yayınmaq üçün çırpınmış, ancaq Heybəttulla bir əli ilə onun boğzaından tutduğu üçün yayına bilməmişdir. O, bir təhər sonuncunun əlindən çıxsa da, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman, Nişanə və Aygün mətbəxdə qışqırmış, Nasir isə qorxusundan yaxın gəlməmişdir. Heybəttulla onu döyərkən mətbəxə əvvəlcədən tanıdığı taksi sürücüsü Ceyhun gəlmiş, mətbəxə daxil olub Heybəttullanın belindən tutaraq onu mətbəxdən çölə çıxarmışdır. Həmin vaxt bir neçə saniyə ərzində Heybəttulla sakitləşmiş, o da, Heybəttullanın çöldə olmasından istifadə edib tez mətbəxin qapısını içəridən bağlamışdır. Bundan sonra Heybəttulla, əlinə nə isə götürərək mətbəxin qapısına bir neçə dəfə zərbə endirməyə başlamışdır. Mətbəxin qapısının açılmadığını görüb, mətbəxin pəncərəsi tərəfə yaxınlaşıb, pəncərənin şüşələrinə zərbələr endirmişdir. Həmin vaxt Heybəttullanın əlində onun mətbəxin qapısının yanına qoyduğu belin olduğunu görmüşdür. Heybətulla əlindəki bel ilə mətbəxin pəncərəsinin şüşələrini sındırmış, mətbəxin pəncərəsindən içəriyə girməyə cəhd etsə də, sonradan fikrindən daşınmışdır. Bundan sonra o, kafenin ikinci mərtəbəsinə çıxaraq ikinci mərtəbədə olan pəncərələrin şüşələrini sındırmış, sonra birinci mərtəbəyə enərək, birinci mərtəbədəki pəncərələrin də şüşələrini sındırmış, kafenin zalında olan masa və oturacaqları dağıtmışdır. Daha sonra, hadisə yerinə polis əməkdaşları gəlmiş və Heybəttulla polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə aparılmışdır. Heybəttullanın bu qərəzli hərəkətləri 15-20 dəqiqə davam etmiş, dava-dalaş zamanı səs-küyə kafenin ətrafına çoxlu sayda insanlar toplaşmışlar. Zərərçəkmiş şəxs olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onu azyaşlı uşağını nəzərə alıb bağışlayır, təqsirləndirilən şəxsdən ziyan da tələb etmir. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı Aynur Bakı-Xaçmaz yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən “«Dostluq»” kafesini icarə əsasında işlədir. O da, həmin kafeni işlətməkdə bacısına köməklik edir. 25 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində o, kafenin ümumi zalında olarkən kafedə üç-dörd nəfər tanımadığı müştərilər də olmuşdur. Həmin vaxt, kafeyə Təqsirləndirilən şəxs daxil olaraq kafenin sahibinin harada olmasını soruşmuş, o da Heybəttullaya bacısı Aynurun mətbəxdə olduğunu demiş və mətbəxin yolunu göstərmişdir. Bundan sonra Heybəttulla birbaşa mətbəxə yollanmış, o da, onun arxasınca mətbəxə getmişdir. Həmin vaxt mətbəxin içərisində bacısı Aynurdan başqa kafenin işçiləri Nişanə və Nasir də olmuşdur. Heybəttulla mətbəxə daxil olan kafenin sahibinin kim olduğunu soruşmuş, bacısı Aynur özünü təqdim etdikdən sonra Heybəttulla Aynura yaxınlaşaraq uca səslə qışqırıb demişdir ki, “bu gündən bu kafeni bağlayacaqsan, buranın fəaliyyəti dayanmalıdır”. Aynur da Heybəttullaya “sən kimsən ki, sənin sözünlə kafeni bağlayım, kafeni sənin sözünlə işlətmirəm ki, sənin sözünlə də bağlayım” demişdir. Bu zaman Heybəttulla uca səslə qışqırıb nalayiq söyşlər söyərək bir əli ilə Aynurun boğazından tutub, digər əli ilə də Aynurun sol qolundan vurmağa başlamışdır. Aynur Heybəttullanın əlindən çıxmaq üçün çırpınmış, sonra mətbəxdə olan masanın üzərindən bıçaq götürmək istədikdə Aynur onu itələmiş, buna görə də Heybəttulla bıçağı götürə bilməmişdir. Bundan sonra o, əlini Aynurun boğazından buraxıb Aynurun sinə və qarın nahiyəsindən də vurmuş, zərbənin təsirindən Aynur yerə yıxılmışdır. Həmin vaxt o və Nişanə qışqırmışlar. Nasir isə Heybəttullanın hərəkətlərindən qorxduğu üçün yaxınlaşa bilməmişdir. Bu zaman, səsə taksi sürücüsü mətbəxə daxil olmuş və Heybəttullanın Aynuru vurduğunu görüb sonuncunu belindən tutub, mətbəxdən çölə çıxarıb demişdir ki, “siz qapını arxadan bağlayın və polisə məlumat verin”. Ceyhun Heybəttullanı mətbəxdən bayıra çıxardıqdan sonra, Heybəttulla bir neçə saniyəlik sakitləşmiş, Aynur cəld mətbəxin qapısını arxadan bağlamışdır. Heybəttulla qışqıraraq əlinə nə isə götürüb mətbəxin plastik qapısına vurmağa başlamışdır. Heybəttulla mətbəxin qapısının açılmadığını gördükdən sonra, mətbəxin pəncərəsinə yaxınlaşaraq pəncərənin şüşələrini sındırmağa başlamışdır. Həmin vaxt o, Heybəttullanın əlində bel olduğunu görmüşdür. Sonuncu əlindəki bel ilə, mətbəxin pəncərəsinin şüşələrini sındırmış, daha sonra içəriyə girməyə cəhd etsə də, sonradan bu fikrindən daşınmışdır. Bundan sonra Heybəttulla kafenin ikinci mərtəbəsinə qalxaraq əlindəki bel ilə, ikinci mərtəbədə olan pəncərələrin şüşələrini sındırmış, daha sonra kafenin birinci mərtəbəsinə gələrək, birinci mərtəbədə olan pəncərələrin də şüşələrini sındırmışdır. Heybəttulla pəncərənin şüşələrini sındırdıqdan sonra, əlindəki bel ilə, kafenin zalında olan masa və oturacaqları dağıtmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək Heybəttullanı Xaçmaz rayon Polis Şöbəsinə aparmışlar. Dava-dalaş təxminən 15-20 dəqiqə davam etmiş, səs-küyə kənar şəxslər toplaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, özünə məxsus VAZ 2107 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 25 oktyabr 2021-ci il tarixdə Bakı-Xaçmaz yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində yerləşən “«Dostluq»” kafesinin qarşısında müstəri gözləmək üçün dayanmışdır. Avtomobildə oturduğu zaman, kafenin arxa tərəfindən, yəni mətbəx tərəfdən qışqırıq səslərinin gəldiyini eşidib cəld avtomobildən enərək kafenin arxasına doğru qaçmağa başlamış, mətbəxə yaxınlaşdıqda görmüşdür ki, səs-küy kafenin mətbəxinin içərisindən gəlir. O, cəld yaxınlaşıb mətbəxin qapını açaraq içəriyə baxdığı zaman əvvəlcədən tanıdığı X1 əli ilə mətbəxin içərisində kafeni işlədən Zərərçəkmiş şəxs sol qol nahiyəsinə zərbələr vurduğunu və bir əli ilə də, Aynurun boğazında tutaraq boğduğunu görmüşdür. Həmin vaxt kafenin içərisində Aynurdan başqa, kafedə ofisiant işləyən Aygün və Nasir, həmçinin Aynurun rəfiqəsi Nişanə də orada olmuşdur. O, tez içəri daxil olaraq Heybəttullanın belindən tutub onu kafenin mətbəxindən çölə çıxarmış və mətbəxin içərisində olanlara mətbəxin qapısını içəridən bağlamalarını demişdir. Bu zaman, Heybəttulla uca səslə qışqıraraq, əlinə bel götürüb, əvvəlcə kafenin mətbəxinin pəncərəsinin yanına gedərək pəncərənin şüşələrini sındırmış, daha sonra pilləkən ilə kafenin ikinci mərtəbəsinə qalxaraq ikinci mərtəbədə olan pəncərələrin şüşələrini sındırmışdır. Həmin vaxt Heybəttullanın ona da xəsarət yetirəcəyindən ehtiyat edərək tez avtomobilinə gedərək əyləşmiş və DİN-in 102 xidmətinə məlumat verməyə çalışmışdır. Heybəttulla, kafenin ikinci mərtəbəsindən yerə endikdən sonra, kafenin zalına daxil olub, orada olan masa və oturacaqları dağıtmış, daha sonra əlindəki bel ilə həmin zalın pəncərəsinin şüşələrini sındırmağa başlamışdır. Heybəttulla həmin hərəkətləri edərkən uca səslə qışqırmış, nalayiq söyüşlər söymüşdür. Bir qədər sonra kafeyə polis əməkdaşları gəlmiş, əməkdaşlar gəldikdən sonra Heybəttulla sakitləşmişdir. Daha sonra, Heybəttulla, polis əməkdaşları tərəfindən həmin yerdən aparılmışdır. Baş vermiş davadalaş təxminən 15-20 dəqiqə ərzində davam etmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 682 nömrəli ekspert rəyindın görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazu nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti 25 oktyabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 2956 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psxi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd olunur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində emosional oyanıqlıq yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri (konfliktə meylllilik, inadkarlıq, öz üstünlüyünü nümayiş etdirmək, subyektivizim, xırda nüansları dramatikləşdirməyə, şişirtməyə meyllilik, emosional qeyri-sabitlik) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarında olan “Gülnarə Həbibova” özəl ticarət mərkəzinin sorğuya cavab məktubundan görünür ki, 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi kafedə sındırılmış şüşələrin ümumi qiyməti 306 (üç yüz altı) manat təşkil edir. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və əşyanın maddi sübut hesab edilməsi haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 25 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayon X8 Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd bel maddi sübut kimi tanınaraq götürülmüş və saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs hadisə günü xuliqanlıq hərəkətləri törətdiyi zaman istifadə etdiyi 1 ədəd bel zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli, 515 saylı arayışdan AZE seriyalı, 11676744 nömrəli şəxsiyyət vəsiqəsinin və 29 dekabr 2021-ci il tarixli, AZ-İV seriyalı, 597156 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Əliyev X3 rayonunun Udulu kəndində yaşayır, 12 yanvar 2018 və 05 dekabr 2021-ci il tarixlərdə anadan olmuş 2 nəfər azyaşlı uşaqları vardır. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 223 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü qardaşı X7 Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasının “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 01.10.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 01.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. X2 istiqamətində 26.10.2020-ci il tarixdən 10.11.2021-ci il tarixədək N nömrəli hərbi hissədə heyət nəfəri- atıcı vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.12.2020-ci il tarixli, 274 nömrəli əmrinə əsasən 27.12.2020-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində Xaçmaz-Bakı yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində, Bakı şəhəri istiqamətində, yolun sol tərəfində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ictimai yer hesab edilən “«Dostluq»” kafesinə gələrək əsaslı səbəb olmadan özünü cəmiyyətin fövqünə qoyub üstünlüyünü nümayiş etdirərək ucadan nalayiq ifadələr işlətməklə və kafenin normal iş fəaliyyətinə mane olmaqla ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək kafenin mətbəxinin içərisində Zərərçəkmiş şəxs əli ilə sol qol nahiyəsindən vuraraq ona sol bazu nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş, daha sonra kafenin mətbəxinin yanından götürdüyü bir ədəd beldən silah qismində istifadə edib ümumilikdə 1000 manat dəyəri olan kafenin pəncərələrinin səkkiz ədəd şüşələrini sındırıb məhv etməklə ağırlaşdırıcı halda xuliqanlıq, yəni, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsində 2 nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, lakin barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona ittiham olunduğu maddənin sanksiyası həddində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini və üzərində sınaq müddəti müəyyən edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 1 ədəd belin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 04 (dörd) ay 13 (on üç) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş 1 ədəd belin Zərərçəkmiş şəxs qaytarılması, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar