Məhkəmə qərarları › İş №1(067)-38/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-38/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-38/2021 04.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndiriən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1990-cı ildə Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, bir uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Xaçmaz rayonu Maqsudkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1994-cü ildə Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Xaçmaz rayonu Maqsudkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 xx xxxx 2004-cü ildə Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, müvəqqəti işləməyən, Xaçmaz rayonu Maqsudkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.01.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Sumqayıt Apelyasiya məhkəməsinin 15.09.2017-ci il tarixli qərarına əsasən cəzası 02 il müddətinə yendirilməsinə və Qaradağ rayon məhkəməsinin 09.03.2018-ci il tarixli qərarı ilə 05 ay vaxtından əvvəl şərti azad olunmuş, 09.08.2018-ci il tarixdə cəzasının sonu ilə vaxtından əvvəl qeydiyyatdan çıxarılmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmiryolu xətlərinə münasibətdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 fevral 2020-ci il tarixdə saat 20 radələrində Azərbaycan Dəmiryoluları Qapalı Səhmdar Cəmiyyətinin Xudat-Ləcət mənzilinin 2472-ci kilometrinin 5-ci piketinə gəlib, tək və cüt yolların arasında cari təmir işlərində istifadə olunması məqsədilə qoyulmuş, həmin dəmiryolu xətlərinə aid, ümumilikdə 194 manat 88 qəpik dəyərində olan 6 metr 25 santimetr uzunluqda R-65 markalı relsi oğurlamağa cəhd edərkən, cüt yolla hərəkət edərək yaxınlaşmaqda olan ÇM-7025 nömrəli teplovozun maşinisti Şahid1 yüksək səsli xəbərdarlıq siqnalı verməsi ilə əlaqədar ifşa olunmasından qorxaraq, relsi dəmiryolu xətlərinin üstünə atıb hadisə yerindən qaçmaqla, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, bir qrup şəxs halında, dəmiryolu xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o Xaçmaz rayon məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, smaq müddətində, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmiryolu xətlərinə münasibətdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 fevral 2020ci il tarixdə saat 20 radələrində Azərbaycan Dəmiryoluları Qapalı Səhmdar Cəmiyyətinin Xudat-Ləcət mənzilinin 2472-ci kilometrinin 5-ci piketinə gəlib, tək və cüt yolların arasında cari təmir işlərində istifadə olunması məqsədilə qoyulmuş, həmin dəmiryolu xətlərinə aid, ümumilikdə 194 manat 88 qəpik dəyərində olan 6 metr 25 santimetr uzunluqda R-65 markalı relsi oğurlamağa cəhd edərkən, cüt yolla hərəkət edərək yaxınlaşmaqda olan ÇM- 7025 nömrəli teplovozun maşinisti Şahid1 yüksək səsli xəbərdarlıq siqnalı verməsi ilə əlaqədar ifşa olunmasından qorxaraq, relsi dəmiryoluu xətlərinin üstünə atıb hadisə yerindən qaçmaqla, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, bir qrup şəxs halında, dəmiryolu xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmiryolu xətlərinə münasibətdə oğlürluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 fevral 2020-ci il tarixdə saat 20 radələrində Azərbaycan Dəmiryoluları Qapalı Səhmdar Cəmiyyətinin Xudat-Ləcət mənzilinin 2472-ci kilometrinin 5ci piketinə gəlib, tək və cüt yolların arasında cari təmir işlərində istifadə olunması məqsədilə qoyulmuş, həmin dəmiryolu xətlərinə aid, ümumilikdə 194 manat 88 qəpik dəyərində olan 6 metr 25 santimetr uzunluqda R-65 markalı relsi oğurlamağa cəhd edərkən, cüt yolla hərəkət edərək yaxınlaşmaqda olan CM- 7025 nömrəli teplovozun maşinisti Şahid1 yüksək səsli xəbərdarlıq siqnalı verməsi ilə əlaqədar ifşa olunmasından qorxaraq, relsi dəmiryolu xətlərinin üstünə atıb hadisə yerindən qaçmaqla, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, bir qrup şəxs halında, dəmiryolu xətlərinə münasibətdə oğurluğu, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Maqsudkənd kəndində yaşayır. Daimi iş yeri olmasa da fərdi əməklə məşğul olur, kənddə təsərrüfat işlərində işləyir. Həmkəndliləri Novruzbəy və Rəfaeli tanıyır. Onlarla münasibəti yaxşıdır. Aralarında ədavət və düşmənçilik yoxdur. 19 fevral 2020-ci il tarixdə günorta saatlarında yaşadığı Maqsudkənd kəndindəki mağazanın yanında həmkəndliləri Novruzbəy və Rəfaellə birlikdə olarkən söhbət vaxtı Novruzbəy həmkəndliləri Rasimin pay torpağında atılmış «ZAZ» markalı avtomobil kuzası olduğunu, Rasim həmin kuzanı sahədən çıxarmaq istədiyindən, kimə olsa təhvil verdiyini bildirmiş, onlar, həmin «Zaz» markalı yük avtomobilin kuzasını sahədən gətirib doğrayaq metal qəbulu məntəqəsinə təhvil vermək barədə razılaşmışlar. Bu məqsədlə Rasimin yanına gedib ondan icazə aldıqdan sonra Hafizə məxsus at arabasını götürüb Rasimin bağına gedərək, «Zaz» markalı avtomobilin kuzasını araba ilə Novruzbəyin həyətinə gətirmiş və orada doğrayıb at arabasına yükləyərək Xudat şəhərinə metal qəbulu məntəqəsinə aparıb təhvil vermişlər. Həmin kuzanın əvəzində aldıqları pulu üçlükdə bölmüşlər. Onlar həmin vaxt, yəni 19 fevral 2020-ci il tarixdə saat 20 radələrində at arabası ilə Xudat şəhərindən çıxaraq dəmiryolu xətti boyu olan yolla Maqsudkənd kəndinə yollanmış, yolda olarkən at arabası ilə qorunmayan dəmiryolu keçidini keçərkən Novruzbəy həmin hissədə dəmiryolu xətlərinin arasında rels qoyulduğunu demiş, onlar relsi götürüb aparıb metal qəbulu məntəqəsinə təhvil verib qazanc əldə etmək qərarına gəlmişlər. At arabasını dəmiryolu xətlərinin yanında saxlayıb, ətrafda heç kimin olmadığından əmin olaraq, hər üçü relsdən tutub onu arabaya tərəf aparmağa başlamışlar. Relsi arabaya tərəf apardıqları anda Yalama istiqamətindən Bakı istiqamətində hərəkətdə olan qatar onlara tərəf yaxınlaşmağa başlamış, qatarın işıqları dəmiryolu xəttinin üzərini və onları işıqlandırmışdır. Qatarın sürücüsü yüksək səsli siqnal vermiş, ifşa olunacaqlarını və qatar sürücüsünün onları tanıyacağını başa düşüb relsi elə dəmiryolu xətlərinin üstünə atararq arabaya tərəf qaçmış və dərhal arabanı sürərək oradan uzaqlaşmışlar. Onların oğurluq etməsinə qatarın gəlməsi mane olmuşdur. Onlar hadisə yerindən aralananda qatarın tormozlama edərək dayanması səslərini eşitmiş, kəndə tərəf istiqamət aldıqları üçün daha sonra nə baş verdiyini bilməmişlər. Sonrakı günlərdə polis əməkdaşları kəndə gəlib onları tapmışlar. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu Maqsudkənd kəndində yaşayır. Daimi iş yeri olmasa da fərdi əməklə məşğul olur, kənddə təsərrüfat işlərində işləyir. Həmkəndliləri Hafiz və Rəfaeli tanıyır. Onlarla ədavət və düşmənçiliyi yoxdur. 19 fevral 2020-ci il tarixdə günorta saatlarında Hafiz və Rəfaellə birlikdə Maqsudkənd kəndindəki mağazanın yanında olarkən o, həmkəndliləri Rasimin bağında atılmış «ZAZ» markalı avtomobil kuzası olduğunu, Rasimin həmin kuzanı sahədən çıxarmaq istədiyini və ona görə də kimə olsa təhvil verəcəyini bildirmişdir. Onlar birlikdə həmin «Zaz» markalı avtomobilin kuzasını sahədən gətirib doğrayaq metal qəbulu məntəqəsinə təhvil vermək barədə razılığa gəlib, Rasimin yanına getmiş və ondan icazə almışlar. Rasim bağındakı kuzanı təmənnasız olaraq onlara verdiyindən Hafizin həyətinə gedib ona məxsus at arabasını götürərək Rasimin bağına getmiş və «Zaz» markalı avtomobilin kuzasını araba ilə ona məxsus həyətə gətirmiş və orada kuzanı doğrayıb ata arabaya yükləyərək Xudat şəhərinə metal qəbulu məntəqəsinə aparıb təhvil verərək yadında qalmayan məbləqdə pul almış və üç yerə bölmüşlər. Daha sonra at araba ilə Xudat şəhərindən çıxaraq dəmiryolu xətti boyu olan yolla Maqsudkənd kəndinə yollanmışlar. Yolda ikən ata araba ilə dəmiryolu xətlərindəki qorunmayan dəmiryolu keçidini keçərkən o, həmin hissədə dəmiryolu xətlərinin arasında təxminən 5-6 metr uzunluqda rels qoyulduğunu gürüb, Hafiz və Rəfaelə bildirmiş, onlar relsi aparıb metal qəbulu məntəqəsinə təhvil verərək qazanc əldə etmək barədə razılaşmışlar. Həmin vaxtı 19 fevral 2020-ci il saat 20 radələri olmuşdur. At arabanı dəmiryolu xətlərinin yanında saxlayıb relsin olduğu yerə gəlmiş, ətrafa göz gəzdirib, heç kimin olmadığını biləndən sonra hər üçü relsdən tutub onu arabaya tərəf aparmağa başlamışlar. Həmin anda Yalama istiqamətindən Bakı istiqamətində hərəkətdə olan qatar onlara tərəf yaxınlaşmağa başlamış, qatarın işıqları dəmiryolu xəttinin üzərini və onları işıqlandırmışdır. Qatarın sürücüsü yüksək səsli siqnal vermiş, onlar ifşa olunacaqlarını və qatar sürücüsünün onları görəcəyini başa düşüb relsi elə dəmiryolu xətlərinin üstünə ataraq, arabaya tərəf qaçmış və dərhal arabanı sürərək oradan uzaqlaşmışlar. Oğurluq etmələrinə qatarın gəlməsi mane olmuş, hadisə yerindən aralananda qatarın tormozlama edərək dayanması səslərini eşitmişlər. Sonrakı günlərdə polis əməkdaşları kəndə gəlib onları tapmışlar.Törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2ci maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu Maqsudkənd kəndində yaşayır. Maqsudkənd kənd tam orta məktəbinin 9-cu sinfini bu il bitirmişdir. Həmkəndliləri Hafiz və Novruzbəyi tanıyır. Onlarla münasibəti yaxşıdır. Aralarında ədavət və düşmənçilik yoxdur. 19 fevral 2020-ci il tarixdə günorta saatlarında yaşadığı Maqsudkənd kəndindəki mağazanın yanında həmkəndliləri Hafiz və Novruzbəy ilə birlikdə olarkən söhbət vaxtı Novruzbəy həmkəndliləri Rasimin bağında atılmış «ZAZ» markalı avtomobil kuzası olduğunu və Rasimin həmin kuzanı sahədən çıxarmaq üçün kimə olsa təhvil verəcəyini bildirmiş, onlar «Zaz» markalı avtomobilin kuzasını sahədən gətirib doğrayaq metal qəbulu məntəqəsinə təhvil vermək barədə razılaşmışlar. Rasimin yanına gedib icazə aldıqdan sonra Hafizin at arabası ilə Rasimin bağına gedərək, «Zaz» markalı avtomobilin kuzasını araba ilə Novruzbəyə məxsus həyətə aparıb orada kuzanı doğrayaraq at arabasın yükləmiş və Xudat şəhərinə apararaq metal qəbulu məntəqəsinə təhvil vermişlər. Təhvil verdikləri avtomobil kuzasının müqabilində aldıqları pulu üç yerə bölüb at arabası ilə Xudat şəhərindən çıxaraq Maqsudkənd kəndinə yollanmışlar. Yolda olarkən at arabası ilə dəmiryolu xətlərindəki qorunmayan dəmiryolu keçidini keçərkən Novruzbəy həmin hissədə dəmiryolu xətlərinin arasında təxminən 5-6 metr uzunluqda rels olduğunu demiş, onlar relsi apararaq daha sonra metal qəbulu məntəqəsinə təhvil verib qazanc əldə etmək barədə razılaşmışlar. Həmin vaxtı 19 fevral 2020-ci il tarix, saat 20 radələri olmuş, at arabasını dəmiryolu xətlərinin yanında saxlayıb, ətrafda heç kimin olmadığından əmin olandan sonra relsdən tutub onu arabaya tərəf aparmağa başlamışlar. Həmin anda Yalamadan Bakı istiqamətində hərəkətdə olan qatar onlara tərəf yaxınlaşmağa başlamış, qatarın işıqları dəmiryolu xəttinin üzərini və onları işıqlandırmışdır. Qatarın sürücüsü yüksək səsli siqnal vermiş, onlar ifşa olunacaqlarını və qatar sürücüsünün onları görəcəyini başa düşüb relsi dəmiryolu xətlərinin üstünə ataraq arabaya tərəf qaçmış və dərhal arabanı sürərək oradan uzaqlaşmışlar. Onların oğurluq etməsinə qatarın gəlməsi mane olmuşdur. Onlar hadisə yerindən aralananda qatarın tormozlama edərək dayanması səslərini eşitmişlər. Sonrakı günlərdə polis əməkdaşları kəndə gəlib onları tapmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, Azərbaycan Dəmiryolları QSC-nin 1 nömrəli X4 rəis müavini vəzifəsində işləyir. Azərbaycan Dəmiryolları QSC-nin 1 nömrəli X4 verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərərçəkmiş şəxsın nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 19 fevral 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 və qeyriləri Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin Xudat-Ləcət mənzilinin 2472-ci kilometrinin 5-ci piketində tək və cüt yolların arasında qoyulmuş 194 manat 88 qəpik dəyərində, 6 metr 25 santimetr uzunluqda R-65 markalı relsi oğurlamağa cəhd etmiş, bu zaman cüt yoldan gələn teplovozun yaxınlaşdığını görüb relsi ataraq qaçmışlar. Həmin rels hissəsi təlimata uyğun olaraq qeyd olunan ərazidə yarana biləcək təxirəsalınmaz təmir tikinti işlərində istifadə olunması məqsədilə həmin hissəyə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs1 və qeyriləri isə yarana biləcək təmir işlərində istifadə üçün ehtiyat kimi qoyulmuş R-65 markalı rels hissəsini oğurlamağa çalışmışlar. O, Azərbaycan Dəmiryoluları Qapalı Səhmdar Cəmiyyətinə vurulmağa cəhd edilən maddi ziyanın 194 manat 88 qəpik dəyərində hesablanması ilə tam razıdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, hal hazırda Azərbaycan Dəmiryolları QSC-nin Biləcəri Lokomotiv deposunda maşinist işləyir. İş qrafikinə uyğun olaraq Deponun tapşırığına əsasən idarə etdiyi teplovozun yedəyinə yük olan qatar heyyəti götürərək Azərbaycan ərazisində nəzərdə tutulan ünvana çatdırır. Onunla birlikdə maşinist köməkçisi kimi Şahid2 işləyir. 19 fevral 2020-ci il tarixdə saat 19 radələrində o, və maşinist köməkçisi Şahid2 təsdiq olunmuş marşrut üzrə idarə etdiyi ÇM-7025 nömrəli teplovozla ADY QSC-nin Yalama stansiyasından Bakı istiqamətində hərəkətə başlamış, teplovozun yedəyində qatar olmamışdır. Saat 19-20 radələri arasında Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin Xudat-Ləcət mənzilinin 2472-ci kilometrinin 5-ci piketinə yaxınlaşmaqda olarkən təxminən 150-200 metr qarşıda 3 nəfər şəxsin tək və cüt yolların arasında təmir məqsədləri üçün qoyulmuş relsi qaldırıb dəmiryolu xətlərindən yol istiqamətində aparmaqda olduqlarını müşahidə etmiş, həmin şəxslərin əynində dəmiryolçulara aid tanınma nişanlı geyim olmadığından onların vətəndaş olduğunu və relsi aparmaq istədiklərini başa düşmüşdür. Həmin vaxtı qaranlıq çökməkdə olduğundan teplovozun qabaq işıqları yanmış vəziyyətdə olmuş və o, dəmiryolu xətti boyu yolu aydın görmüşdür. O, yaxınlaşdıqlarını bildirmək üçün siqnal səsindən istifadə etmiş, siqnalı verən kimi həmin 3 nəfər tanımadığı şəxs aparmaq istədikləri relsi onun hərəkəti boyu olan dəmiryolu xətlərinin üstünə atıb qaçmışlar. Rels hissəsi onun hərəkətinə mane olduğu üçün o, teplovozu dayandırmalı, maneəni yoldan götürməli olduğundan, daxili xətlə dispetçerlə əlaqə yaratmış və dəmiryolu xəttinin üstündə rels hissəsi olduğunu bildirərək dayanma izni almışdır. Teplovozu atılmış relsin qarşısında saxlayıb maşinist köməkçisi Aydınla birgə relsi hərəkət hissəsindən çıxarmış və onlar hərəkətə davam etmişlər. Ara məsafəsi çox olduğundan o, relsi aparan 3 nəfər şəxsin sifətlərini və onların hansı istiqamətə qaçdıqlarını müşahidə edə bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid1 ifadəsi lə analoji ifadə vermişdir. İş materiallarında olan 03 mart 2020-ci il tarixdə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 mart 2020-ci il tarixli 9/373 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 6,25 metr uzunluqda R-65 tipli, yarım yararlı relsin 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 194,88 manat müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq olunmuş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayət Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 ilə yendirilmiş, Qaradağ rayon məhkəməsinin 10 mart 2018-ci il tarixli qərarı ilə 05 ay vaxtından əvvəl şərti azad olunmuşdur. 09 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Az.Res. CM-in 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Susayqışlaq İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz RİHB-nın Susayqışlaq İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbayan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində göstərilən residivin olmasını cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri, həbs növündə qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsində göstərilmişdir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Xaçmaz rayon məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ilə cəza şərti tətbiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəmə hökmü ilə ona təyin edilmiş 02 il sınaq müddətində az ağır cinayət törətdiyindən ona təyin olunmuş şərti məhkumetmə ləğv olunmalı və CM-in 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri, həbs növündə qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır Məhkəmə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmamasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan dəmiryolu reisi ADY QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli yol sahəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3- 2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3- 2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ilə cəza şərti tətbiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəmə hökmü ilə ona təyin edilmiş 02 il sınaq müddətində az ağır cinayət törətdiyindən ona təyin olunmuş şərti məhkumetmə Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən ləğv olunsun. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi yeni cəzaya qismən toplamaq yolu ilə birləşdirilməklə o, qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3- 2-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan dəmiryolu reisi ADY QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli yol sahəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, elan olunduqdan 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar