Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-40/2023 08.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 44,502 qram miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Nabran kəndində saxlanılıb Xaçmaz rayon polis şöbəsinin X8 gətirilərək 05 avqust 2022-ci il tarixdə Xaçmaz rayonu, Yalama kəndində yerləşən Xaçmaz rayon polis şöbəsinin X7 inzibati binasında saat 16:40-16:55 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın arxa sağ cibində olan üzərinə ”Keno Club” yazılmış siqaret qutusunun içərisindən təmiz çəkisi 44,502 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin yay aylarında, təxminən avqust ayında Bakı şəhərindən gələrək Xaçmaz şəhərindəki yeni avtovağzalda düşmüşdür. Avtovağzalın binasının yanından keçib getmək istəyəndə yerdə siqaret qutusu olduğunu görmüş və hiss etmişdir ki, həmin qutu doludur, ona görə də qutunu yerdən götürüb baxanda içərisində tiryək narkotik vasitəsi olduğunu görmüş və həmin siqaret qutusunu tiryəklə birlikdə cibinə qoyub getmişdir. Səhəri gün Xaçmaz rayonunun Nabran kəndinə işləmək üçün getmiş, orada polis əməkdaşları onu saxlayıb X8 aparmışlar və orada üzərində saxladığı tiryək üzərindən aşkar edilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirdi ki, o, tiryək narkotik vasitəsindən əvvəllər bir-iki dəfə istifadə etmişdir. Tapdığı həmin tiryəki isə özünün istifadəsi üçün üzərində saxlamış, polis tərəfindən saxlanılanadək həmin narkotik vasitədən istifadə etməmişdir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, himayəsində xəstə anasının və iki azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşayır. O, bir ildən çoxdur ki, əlinə düşəndə narkotik vasitə olan qurudulmuş marixuana və tiryək istifadə etmişdir. Əvvəllər məhkumluğu olmamışdır. Evlidir və iki övladı vardır. Övladlarının biri 1 yaşında, digəri isə 3 yaşındadır. 04 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhərində yerləşən yeni avtovağzalda olarkən yerdə bir ədəd üzərinə “Keno Club” yazılmış siqaret qutusu görmüşdür. Həmin siqaret qutusunun qapağı açıq olmuş və içərisində nə isə olması bilinmişdir. Həmin siqaret qutusu onun diqqətini cəlb etdiyindən əyilib yerdən qutunu götürüb içərisinə baxanda içərisində narkotik vasitə olan tiryək olmasını görmüşdür. Ona görə də həmin siqaret qutusunu əynində olan şalvarın arxa sağ cibinə qoyub oradan uzaqlaşmışdır. O, həmin tiryəki istifadə etmək üçün özü ilə birlikdə götürmüş və yaşadığı evə getmişdir. Həmin günün səhəri gün, yəni 05 avqust 2022-ci il tarixdə dincəlmək üçün Xaçmaz rayonu, Nabran kəndinə getmişdir. 05 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Nabran kəndində olan zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitəni qanunsuz əldə etməsi və üzərində daşıması barədə Yalama PB-yə məlumat daxil olduğunu bildirmişlər. Polis əməkdaşları ətrafda çoxlu avtomobil keçdiyini və azyaşlı uşaqların olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nin Yalama PB-yə dəvət etmişlər. O, həmin vaxt polis əməkdaşları yanında olduğundan cibində olan narkotik vasitəni ata bilməmişdir. O, Xaçmaz RPŞ-nin Yalama PB-yə gəldikdən sonra ona müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Yalama PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, cibində olan siqaret qutularını və pul əskinaslarını təqdim etmişdir. Həmin vaxt onun üzərində iki ədəd siqaret qutusu olmuşdur. Həmin qutulardan üzərinə “Keno Club” yazılan qutunun içərisində narkotik vasitə olan tiryək, digərinin içərisində isə siqaretlər olmuşdur. Şəxsi axtarış zamanı o, etiraf edərək üzərindən aşkar edilmiş və üzərinə “Keno Club” yazılmış siqaret qutusunun içərisində narkotik vasitə olan tiryək olduğunu və onu tapdığını bildirmişdir. Həmin narkotik vasitə olan tiryək təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarış prosesi əvvəldən axıradək videoçəkiliş vasitəsilə qeydə alınmışdır. O, üzərindən aşkar edilən narkotik vasitə tiryəki 04 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Xaçmaz şəhərində yerləşən Xaçmaz rayon avtovağzalının ərazisindən tapmışdır. O, hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. O, narkotik vasitə istifadəçisi olduğuna görə üzərindən aşkar edilmiş tiryəki özünün istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları onu saxlayan zaman ona hər hansı bir təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayında təqsirləndirilən şəxsin narkotik vasitə saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. X7 polis əməkdaşı Şahid2la o birlikdə təqsirləndirilənin yerini müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim edib polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən onlarla polis bölməsinə gəlmiş və orada təqsirləndirilənin üzərinə vəkilin iştirakı ilə, videoçəkiliş vasitəsilə axtarış keçirilmiş və üzərindən siqaret qutusunun içərisində olan tiryək narkotik vasitəsi aşkar edilmiş, sənədləşdirilərək iş istintaqa təqdim edilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirmişdir ki, polis bölməsində təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərmədən əməlini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxsin barəsində onlar tərəfindən əməliyyat tədbirləri davam etdirilmiş, lakin onun barəsində əlavə hansısa məlumat əldə edilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis kapitanı rütbəsindədir. 05 avqust 2022-ci il tarixdə Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin Yalama PB-nin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və işlədiyi bölmənin manqa komandiri Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 05 avqust 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nabran kəndi ərazisində olduğunu müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin Yalama PB-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nin Yalama PB-yə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, sonra müstəntiq tərəfindən videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd üzərinə “Kent” yazılmış siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın sağ cibindən beş ədəd bir manatlıq pul əskinasları, həmin şalvarın arxa sol cibindən iki ədəd 20 qəpik, 01 ədəd 10 qəpik pullar, şalvarın arxa sağ cibindən bir ədəd üzərinə “Keno Club” yazılmış siqaret qutusu aşkar edilmişdir. X4 üzərinə “Kent” yazılmış siqaret qutusunu açıb içərisinə baxanda içərisində siqaretlərin olduğunu, üzərinə “Keno Club” yazılmış siqaret qutusunun içərisinə baxanda isə içərisində narkotik vasitə olan tiryəkə bənzər maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs “Keno Club” yazılmış siqaret qutusunun içərisində olan tünd qəhvəyi rəngli maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Xaçmaz şəhərində yerləşən yeni avtovağzal ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərinə “Keno Club” yazılmış siqaret qutusunda olan kütlə, siqaret qutusu ilə birlikdə X4 tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, 05 ədəd bir manatlıq pul əskinasları, 02 ədəd 20 qəpiklik, 01 ədəd 10 qəpik pullar, üzərinə “Kent” yazılmış siqaret qutusu içərisində olan siqaretlərlə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. İştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması barədə məlumat yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, X8 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, həmin bölmənin baş əməliyyat müvəkkili Şahid1 ona bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayaraq polis bölməsinə gətirmək lazımdır. Buna görə də o və Şahid1 təqsirləndirilənə Nabran kəndi ərazisində yaxınlaşmış və təqsirləndiriləni polis bölməsinə dəvət etmiş, sonuncu onlarla polis bölməsinə gəlmiş, bölmədə üzərinə vəkilin iştirakı ilə, videoçəkiliş vasitəsilə axtarış keçirilmiş və üzərindən siqaret qutusunun içərisində qara rəngli kütlə aşkar olunmuş, həmin kütlə ekspertizaya göndərilmiş və müəyyən edilmişdir ki, həmin kütlə tiryək narkotik vasitəsidir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsdən polis bölməsində həmin narkotik vasitəni haradan tapdığı barədə soruşulmuş, təqsirləndirilən Xaçmaz şəhərində yerdən tapdığını bildirmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X6, Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid1, Yalama PB-nin manqa komandiri Şahid2, Yalama PB-nin növbətçi köməkçisi X3, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin Yalama PB-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, daşıması barədə Xaçmaz RPŞ-nin Yalama PByə məlumat daxil olduğu bildirilərək hüquq və vəzifələri izah oldunmuş, daha sonra isə iştirakçılar və hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi ona təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının sol yan cibindən bir ədəd üzərinə “Kent” yazılmış siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın sağ cibindən beş ədəd bir manatlıq pul əskinasları, həmin şalvarın arxa sol cibindən iki ədəd 20 qəpik, 01 ədəd 10 qəpik pullar, şalvarın arxa sağ cibindən bir ədəd üzərinə “Keno Club” yazılmış siqaret qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərinə “Kent” yazılmış siqaret qutusunun içərisinə baxılan zaman içərisində siqaretlərin olması müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərinə “Keno Club” yazılmış siqaret qutusunun içərisinə baxılan zaman içərisində narkotik vasitə olan tiryəkə bənzər, tünd qəhvəyi rəngli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, siqaret qutusunun içərisində olan həmin kütlə narkotik vasitə olan tiryəkdir və həmin tiryək özünə məxsusdur, onu bir neçə gün əvvəl Xaçmaz şəhəri ərazisində yerləşən təzə avtovağzal ərazisindən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərinə “Keno Club” yazılmış siqaret qutusunda olan kütlə siqaret qutusu ilə birlikdə özünün və digər iştirakçıların iştirakı ilə təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüş, 05 ədəd bir manatlıq pul əskinasları, 02 ədəd 20 qəpiklik, 01 ədəd 10 qəpik pullar, üzərinə “Kent” yazılmış siqaret qutusu içərisində olan siqaretlərlə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin Yalama PB-nin növbətçi köməkçisi, polis baş serjantı X3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2022-ci il tarixli, 6/4208 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №156”-li dairəvi möhür əksi , “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, üzərində: “Keno Club” yazısı olan siqaret qutusunda təmiz çəkisi 44,502 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Tiryək narkotik vasitəsindən təqdqiqata 0,3 qram sərf edildikdən sonra qalıq – 44,202 qram təşkil etmişdir. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 03 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 44,502 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 44,202 qram təşkil edən tiryək narkotik vasitəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 15 oktyabr 2022-ci il tarixli, 6066 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmilş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəki haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 03 noyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,5 qramdan artıq olması, külli miqdarı isə 50 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkin təmiz çəkisi 44,502 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəlidir, iki övladı var və heç bir yerdə işləmir, tüfeyli həyat yaşayır, kənd sakinlərinin və qonşuların narazılığına səbəb olur. Nümayəndəlik tərəfindən onunla dəfələrlə tənbehedici söhbətlər aparılmasına baxmayaraq, hərəkətlərində dönüş yaratmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin üzərində saxlayaraq daşıdığı narkotik vasitəsinin miqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 05 avqust 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 07 avqust 2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(067)-176/2022 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 17 yanvar 2023-cü il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 17 yanvar 2023-cü il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 44,502 qram olan narkotik vasitə tiryəkdən təqdqiqata 0,3 qram sərf edildikdən sonra qalıq 44,202 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 44,502 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 44,202 qram təşkil edən tiryək narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 44,202 qram təşkil edən tiryək narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 44,202 qram təşkil edən tiryək narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-40/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-40/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver