Məhkəmə qərarları › İş №1(067)-41/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-41/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-41/2022 02.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 26 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonunun Qaraqaşlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 08.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq 2 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.10.2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvvəl şərti azad edilərək məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda əməllərində cinayətin residivi yaranmaqla istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 130,0 qram olan narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 13 oktyabr 2021 -ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saat 18:30-dan 18:45-dək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan sellofan torbanın içərisindəki üzərində “Milla” yazılmış plastik qabdan təmiz çəkisi 130,0 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuananı tapmışdır, həmin narkotik vasitəni atmağa gedərkən polis əməkdaşları onu saxlamış və ondan nə daşıdığını soruşanda sonunculara narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və orada izahat vermişdir. Həmçinin bildirdi ki, həmin narkotik vasitəni mağazadan gələrkən yolun kənarında yerdə olan paketin içərisindən tapmış, dovşanlar üçün ot yığmağa gedəndə həmin paket diqqətini cəlb etmiş, açıb içərisinə baxanda narkotik vasitə olduğunu görmüş, həmin narkotik vasitəni tapandan sonra təxminən üç-dörd gün olmuşdur ki, özündə saxlamış, o həmin narkotik vasitəni heç kimdən almamış və heç kimə satmamış, hərdənbir çəkdiyi üçün özündə saxlamışdır. Polis şöbəsində üzərində axtarış videoçəkiliş ilə keçirilmiş, həmin vaxt müdafiəçi də iştirak etmiş, üzərindən aşkar edilmiş narkotik vasitə polis şöbəsində qablaşdırılarkən iştirak etmiş və protokola imza etmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQnun əməliyyat müvəkkilidir. Xaçmaz RPŞ-yə daxil olmuş məlumat əsasında Xaçmaz rayonunun Qaraqaşlı kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Onlar də əməliyyat qrupu yaradaraq həmin kəndin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman əlindəki sellofan torbanın içərisində plastik qab olması müəyyən edilmiş, həmin plastik qabın qapağı açıldıqda isə içərisində narkotik vasitə olan marixuanayabənzər kütlə aşkar edilmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş həmin narkotik vasitə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüş, təqsirləndirilən şəxsin üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman təqsirləndirilən müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndiriləni saxlayarkən narkotik vasitəni haradan əldə etməsini soruşduq, o isə tapdığını dedi. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün çox çalışılmış, lakin nəticə əldə olunmamış, həmçinin narkotik vasitə satması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən də təqsirləndirilənə heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CABnin əməliyyat müvəkkilidir. 13 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonunun Qaraqaşlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal Xaçmaz RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupu yaradılmış, həmin qrupda iştirak etmiş şəxslərdən biri də o olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qaraqaşlı kəndi yaxınlığında tərəflərindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbanın içərisində olan plastik qabı özü könüllü təqdim etmiş, həmin plastik qabın içərisinə baxıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmin kütləni tapdığını və aradabir istifadə etdiyini bildirmişdir. Həmin qab qanuni şəkildə götürülərək ekspertiza idarəsinə göndərilmişdir. Həmçinin bildirdi ki, hazırkı işlə bağlı əməliyyat tapşırığı mənim icraatımda olmuş, təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi mənbəni, əkibbecərməsi və satması barədə əməliyyat-axtarış tədbirləri keçirsələr də, qeyd olunan halları təsdiq edən nəticə əldə olunmamışdır. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli “Şəxsi axtarış keçirilçməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı, sol cibindən bir ədəd alışqan, sağ cibindən isə bir ədəd “arqo” markalı siqaret çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu açılıb baxılan zaman içərisində qanunla qadağan edilən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə sellofan torba açılaraq içərisində bir ədəd, üzərində “Milla” yazısı olan plastik qab aşkar olunmuşdur. Həmin plastik qab açılan zaman içərisində kəskin spesifik iyli, narkotik vasitə olan marixuanayabənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxsdən qutudakı kütlənin nə olması soruşulan zaman sonuncu bildirmişdir ki, içərisindəki “nəşə”, yəni narkotik vasitə olan marixuanadır. Təqsirləndirilən şəxsdən həmin narkotik vasitəyə bənzər kütləni haradan əldə etməsi soruşulan zaman on beş gün əvvəl yaşadığı kəndin ərazisindəki meşədən tapmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2021-ci il tarixli, 7/1051 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirilən zaman götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamadakı bir ədəd tünd qəhvəyi rəngli plastik qabda təmiz çəkisi 130,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına qurudulmuş marixuandan 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 129,95 qram təşkil etmişdir. İş materiallarında olan 17 oktyabr 2021-ci il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan və 19 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 130,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və həmin narkotik vasitənin 0,05 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 129.95 qram qurudulmuş marixuana Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 11 dekabr 2021-ci il tarixli, 5045 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin, onun narkotik vasitələr satmaqla məşğul olub-olmamasının və digər halların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 19 yanvar 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 130 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan qərarın surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xaçmaz rayon məhkəməsinin 08.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3; 66.2; 66.5-ci madələri ilə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 7(003)-1121/2019 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 09 ay 29 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 19.01.2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Qaraqaşlı kəndində yaşayır, ailəsinə məxsus fərdi təsərrüfatla məşğul olur, kəndin və ərazinin ictimai-siyasi həyatında iştirak edir, kənd sakinləri və qonşular arasında hörmət qazanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 08.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3; 66.2; 66.5-ci madələri ilə cəzaları qismən qoplanılmaqla ona qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 7(003)-1121/2019 saylı qərarına əsasən, cəzasının çəkilməmiş qalan 09 ay 29 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 15 oktyabr 2019-cu il tarixdə məhkəmənin qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 13 oktyabr 2021-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən, yəni məhkumluğunun ödənilməsinə 2 (iki) gün qalmış hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, aşkar olunmuş narkotik vasitənin (qurudulmuş marixuana) 130 qram olmasını, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 15 oktyabr 2021-ci il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(067)-41/2022 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 29 aprel 2022-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 05.04.2022-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 29 aprel 2022-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,95 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,95 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 66 (altmış altı) manat 46 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,95 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 66 (altmış altı) manat 46 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar