Məhkəmə qərarları › İş №1(067)-41/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-41/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-41/2025 12.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 10 oktyabr 2000-ci ildə Banqladeş Xalq Respublikasında anadan olmuş, Banqladeş Xalq Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Banqladeş Xalq Respublikasının Caşor şəhərində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs işləmək məqsədi ilə Rusiya Federasiyasına getmək üçün vizası olmaması səbəbindən həmin ölkəyə qanuni yolla gedə bilmədiyindən, 17 iyul 2024cü il tarixdə, saat 01:45-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunda yerləşən 1-ci sərhəd zastavasının 1-ci sahəsindən piyada hərəkət etməklə, qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, maneə çəpərindən 100 metr, dövlət sərhəd xəttindən 300 metr məsafədə, 137 nömrəli sərhəd nişanından 150 metr solda saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Rusiya Federasiyasında işləmək üçün viza ala bilmədiyinə görə qərara gəlmişdir ki, Azərbaycan Respublikasından keçsin. Birinci Azərbaycan Respublikasına gəlmiş, sonra isə Rusiya Federasiyasına qanunsuz getmək məqsədilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhədinə hərəkət etmiş, sərhəd ərazisinə yaxınlaşan zaman hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, xx.xx.2000-ci il tarixdə Banqladeş Xalq Respublikasının Caşor şəhərində anadan olmuş, Azərbaycan Respublikasına gələnədək Banqladeş Xalq Respublikasının Caşor şəhərində yaşamış, müxtəlif yerlərdə fəhlə kimi işləmiş, son aylarda Rusiya Federasiyasına gedib orada işləmək qərarına gəlmiş, lakin Banqladeş Xalq Respublikasında Rusiya Federasiyasına getmək üçün viza almaq çətin olduğundan 16 iyul 2024-cü il tarixdə Dubay-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərinə gəldikdən sonra saat 11 radələrində taksi ilə hava limanından birbaşa Quba şəhərinə getmiş, Quba şəhərində təxminən 2-3 saat gəzdikdən sonra mobil telefonumda olan “google map" tətbiqindən istifadə edərək təsadüfən saxladığı taksi ilə Xaçmaz rayonunun Nabran kəndinə getmiş, “Google map" tətbiqindən istifadə edərək piyada Nabran kəndindən Xaçmaz rayonunun Samurçay kəndinə getmiş, Samurçay kəndindən Rusiya Federasiyasına qanunsuz getmək məqsədilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhədinə hərəkət etmiş, sərhəd əraziyə yaxınlaşan zaman anidən hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş DSX-nin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının komendant vəzifələrini müvəqqəti icra edən Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təstiqləyərək bildirdi ki, 17 iyul 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında 1-ci sərhəd zastavasının 1-ci sahəsinin arxa hüdudunda əsgər X12 və əsgər Şahid2 ilə birlikdə “Nəzarət məntəqəsi" xidmətinə təyin olunmuş, 17 iyul 2024-cü il tarixdə saat 01 radələrində xidmətdə olarkən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətdə bir nəfər şəxsin hərəkət etdiyini müşahidə etmiş, həmin şəxsə “dayan" komandası verərək, saxlamışlar və saxlanılan şəxsin Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq işləmək məqsədilə Rusiya Federasiyasına getmək istədiyini onlara etiraf etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid DSX-nin N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əsgəri Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs üzərində 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd pasport, 02 ədəd xarici şəxsiyyət vəsiqəsi, 02 ədəd bel çantası, 10 ABŞ dolları, 155 dirhəm, 5 AZN pul və 1 ədəd Asus markalı notbuk aşkar edilmişdir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, baxış keçirilən hadisə yeri Xaçmaz rayonunun Samurçay kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 1-ci sərhəd zastavasının 1ci sahəsidir. Qeyd olunan yer 137 nömrəli sərhəd nişanından 150 metr solda, dövlət xəttindən 300 metr aralı, maneə çəpərindən 100 metr arxada yerləşir. Həmin nöqtədən sol tərəfə qonşu 2-ci sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur.Baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut və ya əşya götürülmədi. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.1-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 iyul 2024-cü il tarixli protokollardan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 4(009)-370/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətlərinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs məxsus pasportlarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər Banqladeş Xalq Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs əcnəbi vətəndaşlar olduğundan onun barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 17 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar