Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-42/2021 07.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1990-cı ildə Xaçmaz rayonunun Şollar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Şollar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və tiryəki qanunsuz olaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində o, Xaçmaz rayonu, Xudat şəhəri Yeni Qəsəbə ərazisində saxlanılıb Xudat polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,305 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, habelə həmin əməliyyat tədbirlərinin davamı olaraq onun faktiki yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri Yeni Qəsəbədə yerləşən evinə baxış keçirilən zaman evin yataq otağındakı kiçik ölçülü stolun altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 29,801 qram olan tünd qəhvəyi rəngli, qatrana bənzər maddə, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir, hazırkı işlə əlaqədar saxlanılana qədər bir neçə ay olmuşdur ki, narkotik vasitə olan heroindən və tiryəkdən istifadə etmişdir. O, həmin narkotik vasitələrin hansını əldə edə bilirdisə ondan istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 12-13 radələrində yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri Yeni Qəsəbədə dəmir yolunun yaxınlığında imiş. Həmin vaxt yolun kənarında bir ədəd sellofan torbanın olduğunu görmüşdür. Həmin torbanı yerdən götürərək içərisinə baxdığı zaman içərisində iki ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə narkotik vasitə olan tiryək var imiş. O, narkotik vasitələrədən istifadə etdiyindən onları şəxsi istifadəsi üçün özündə saxlamaq qərarına gəlmişdir. İçərisində narkotik vasitə - heroin olan bir ədəd kiçik sellofan bükümü üzərində saxlamış, digər bükümü isə yaşadığı evə aparmışdır. O, heroini tiryəkdən öncə istifadə etmək istədiyindən üzərində gəzdirirmiş. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin yaxınlığında olduğu vaxt polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onun qanunusuz olaraq narkotik vasitəni əldə etməkdə, üzərində və yaşadığı evdə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmiş, ona birlikdə Xaçmaz RPŞ-nin Xudat PB-nə getməyini təklif etmişlər. O da razılaşıb polis bölməsinə getmişdir. Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin inzibati binasında Müdafiəçi1 və iki nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, tapdığı bir ədəd içərisində narkotik vasitə - heroin olan sellofan bükümünü təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarşla bağlı tərtib edilmiş protokol özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun razılığı ilə müdafiəçinin və iki nəfər polis əməkdaşının iştirakları ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı o, evin yataq otağındakı stolun altına qoyduğu, içərisində narkotik vasitə - tiryək olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxışla bağlı tərtib edilmiş protokol özü və iştirakçılar tərəfindən imzalanmışdır. Özünün razılığı ilə şəxsi axtarış və baxış proseslərində videoçəkilişdən istifadə edilmişdir. O, həmin narkotik vasitə olan heroini və tiryəki tapdığı vaxt özünün istehlakı məqsədilə götürmüş və bu məqsədlə də onları üzərində və yaşadığı ünvanda saxlamışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Şollar kəndində qeydiyyatda olmaqla Xudat şəhərində yaşayan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumatı əldə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə həmin gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, 5-10 dəqiqə sonra ona yaxınlaşaraq özlərini təqdim edib Xudat PB-yə dəvət etmişlər. Xudat PB-də Xaçmaz RPŞ-nin müstəntiqi, polis baş leytenantı Nemət Xasayev onların və vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükülü çıxarıb təqdim etmiş, bükülünün içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin bükülü açılıb baxılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə - heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra həmin bükülü bir ədəd zərfdə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Həmin tədbirlərin davamı olaraq vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında stolun altından bir ədəd sellofan bükülü təqdim edərək içərisində narkotik vasitə - tiryək olmasını bildirmişdir. Həmin bükülüyə baxan zaman içərisində qara rəngli narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü də bir ədəd zərfdə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Baxış zamanı evdən hər-hansı başqa qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ciil tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və CD diskə məhkəmə iclasında kompyuter vasitəsi il baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, arxa ciblərindən bir ədəd beş manatlıq və dörd ədəd bir manatlıq pul əsginaslarını və bir ədəd cib dəsmalını təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üstünə şəxsi axtarış keçirilmiş və şalvarının ön sol cibindən bir ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs masaya qoyduğu bir ədəd sellofan bükümə baxdıqda içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos”, yəni heroin olduğunu, həmin heroini tapdığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “yaşayış yerinə baxış keçirilməsi haqqında” protokoldan və CD diskə məhkəmə iclasında kompyuter vasitəsi il baxış keçirilərək müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri Yeni Qəsəbədə yerləşən evinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsə evində narkotik vasitə, yaxud qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra təqsirləndirilən şəxs evin yataq otağında olan stolun altından bir ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər qəhvəyi rəngli maddəni təqdim etmişdir. Başqa hər hansı qanunsuz əşya, yaxud narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2529 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,305 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra heroinin təmiz qalıq çəkisi 1,255 qram təşkil etmişdir; tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 29,801 qram tünd qəhvəyi rəngli, qatranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra tiryəkin təmiz qalıq çəkisi 29,701 qram təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan və xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 1,305 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 1,255 qram təşkil edən heroin narkotik vasitəsi və təqsirləndirilən şəxsin yaşadığı evindən aşkar edilmiş təmiz çəkisi 29,801 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 29,701 qram təşkil edən tiryək narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyənedilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi, onun kimlərəsə narkotik vasitə satması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunan hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 3427 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi; narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,5 qramdan artıq olması, külli miqdarı isə 50 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə - heroinin təmiz çəkisi 1,305 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda; yaşadığı evdən aşkar edilmiş narkotik vasitə - tiryəkin təmiz çəkisi 29,801 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və tiryəki qanunsuz olaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində o, Xaçmaz rayonu, Xudat şəhəri Yeni Qəsəbə ərazisində saxlanılıb Xudat polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,305 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə həmin əməliyyat tədbirlərinin davamı olaraq onun faktiki yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri Yeni Qəsəbədə yerləşən evinə baxış keçirilən zaman evin yataq otağındakı kiçik ölçülü stolun altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 29,801 qram olan tünd qəhvəyi rəngli, qatrana bənzər maddə, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra isə xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər tətbiq edilməsi ilə əlaqədar cəzası azaldılaraq ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə 02 ay 27 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzaçəkmə müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD-nin nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra Şollar kəndinə, anasının yanına gəlmiş, ara-sıra narahat gəncliyə meylliliyi səbəbindən onunla və valideyni ilə mütəmadi olaraq tərbiyələndirici və maarifləndirici söhbətlər aparılmış, yaşayış tərzi ilə cəmiyyətə yararlı bir insan kimi formalaşmağı üçün nümayəndəlik öz tövsiyyələrini vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət zamanı törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini hərbi vəziyyət zamanı törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də təqsirləndirilən şəxsin müxtəlif növdə narkotik vasitələri əldə edərək saxlamasını, yəni 1,305 qram çəkidə heroin, 29,801 qram çəkidə tiryək saxlamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(067)-184/2020 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 1,305 qram heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 1,255 qram; 29,801 qram tiryəkdən tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 29,701 qram təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 1,305 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 1,255 qram təşkil edən heroin narkotik vasitəsi və təqsirləndirilən şəxsin yaşadığı evindən aşkar edilmiş təmiz çəkisi 29,801 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 29,701 qram təşkil edən tiryək narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,255 qram təşkil edən heroin narkotik vasitəsi və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 29,701 qram təşkil edən tiryək narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,255 qram təşkil edən heroin narkotik vasitəsi və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 29,701 qram təşkil edən tiryək narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-42/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-42/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver