Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-46/2023 25.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakı ilə xx xxxx 1975-ci ildə Xaçmaz rayonunun Hacıəhmədoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonunun Hacıəhmədoba kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “Access Bank”ın Xaçmaz filialının qarşısından keçərkən həmin bankın qarşısında dayanmış Zərərçəkmiş şəxs əlində tutduğu pulları sayıb pul kisəsinin içərisinə qoyduğunu görüb onun arxasınca gedərək güdmüş, Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, Nərimanov prospekti 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına çatanda Zərərçəkmiş şəxs yaxınlaşıb həmin ərazidə kirayə ev axtarmasını deməklə sonuncunun diqqətini yayındırmış və ətrafda onları görə biləcək şəxslərin olmadığına əmin olduqdan sonra tamah niyyəti ilə Zərərçəkmiş şəxs əynində olan paltarın sol yan cibindən pul kisəsini qanunsuz götürüb qaçmağa başlamış, qaçarkən də pul kisəsini açıb içərisindən 248 manat pulu götürüb, pul kisəsini isə atıb getməklə soyğunçuluq etmiş, yəni özgənin əmlakını açıq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı iş üzrə cinayət əməlini törədən zaman spirtli içki qəbul etmiş, sərxoş olmuş, hadisəni hazırda tam olaraq xatırlamır. O, zərərçəkmişin pul kisəsini sonuncunun əynində olan xalatın cibindən götürərək qaçmış və qaçaraq həmin pul kisəsinin içərisindən pulları götürmüş, pul kisəsini isə zərərçəkmişə tərəf ataraq qaçıb getmişdir. Həmçinin bildirmişdir ki, o, zərəçəkmişin cibində pul kisəsinin olduğunu görmüş, ona görə də arxasınca gedib heç kimin olmadığı yolda zərərçəkmişə yaxınlaşmış və sonuncudan buralarda kirayə ev olub-olmadığını soruşmuş, zərərçəkmiş “yoxdur” cavabı verərkən o, pul kisəsini zərərçəkmişin cibindən götürüb qaçmışdır. O, pul kisəsini əvvəlcə zərərçəkmişin əlində görmüş, sonra isə zərərçəkmiş pul kisəsini cibinə qoymuşdur. Həmin pulun məbləği xatırladığı qədərilə təxminən iki yüz altmış manat olmuş. Təxminən yüz manatı xərcləmiş, sonradan polis tərəfindən tutulduğuna görə xərcləyə bilmədiyi qalan pul zərərçəkmişə qaytarılmışdır. O, həmin puldan xərclədiyi təxminən yüz manatı yeməyə və spirtli içkilərə xərcləmişdir. O, zərərçəkmişin cibindən pul kisəsini götürüb qaçanda sonuncuya qarşı heç bir müqavimət göstərməmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 16 yaşından spirtli içkilərin aludəçisidir, heç bir yerdə işləmir, günəmuzd işlərdə işləməklə pul qazanır. 7 il bundan əvvəl avtomobil qəzasında sağ ayağından xəsarət almış və buna görə də fiziki cəhətdən ağır işlərdə çalışa bilmirmiş, təxminən 10 gündür ki, o, ümumiyyətlə pul qazana bilməmiş və buna görə də normal qidalana bilməmişdir. 15 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə yuxudan ayıldıqdan sonra yenə evdə yemək olmadığı üçün qərar vermişdir ki, Xaçmaz şəhərinə gedib orada yemək üçün hər hansı bir ərzaq tapsın. Yaşadığı Hacıəhmədoba kəndindən Xaçmaz şəhərinə tanımadığı bir avtomobillə gəlmiş, həmin avtomobilin sürücüsünə də pul verməmiş, o, kənddən gəlib Xaçmaz şəhər avtovağzalında düşmüş, həmin vaxt üzərində olan 3 manat pula bir ədəd 300 qramlıq, markasını xatırlamadığı spritli içki – araq - almış, həmin arağı da acqarına içmiş, daha sonra Xaçmaz şəhərində bir neçə saat gəzmiş, saat 13:30 radələrində o, Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “Access Bank” filialının qarşısından keçən zaman orada orta yaşlı bir qadının öz pul kisəsində olan pullarını saydığını görmüş, həmin vaxt o, ac olmuş, pula ehtiyacı olmuşdur. Qadının əlində olan pulları gördükdə qərar vermişdir ki, həmin pulları qadından alıb qaçsın. Lakin həmin vaxt ətrafda çox sayda kənar şəxslər olduğundan pulu alıb qaçacağı halda ətrafda olan şəxslərin onu görəcəyini və tutub saxlayacaqlarını başa düşmüş, buna görə də qərar vermişdir ki, qadının arxasınca getsin və kənar şəxslərin olmadığı bir yerdə qadının cibindən içərisində pul olan pul kisəsini alıb qaçsın. Buna görə də o, həmin qadının arxasınca getməyə başlamış, həmin qadın “Access Bank”-ın Xaçmaz filialının binasının yanından keçib dar yolla getməyə başlamış, o da qadının arxasınca getmiş, təxminən bir nəçə saniyə yol getdikdən sonra qadın hər iki tərəfi kollarla əhatə olunmuş bir cığıra gəlib çıxmış, həmin vaxt o, qadının orada tək olduğunu və ətrafda heç kəsin olmadığını görmüş və qadının cibində olan pul kisəsini götürmək üçün ona yaxınlaşmış, həmin qadının yanına çatan zaman qadınla aralarında bir metr məsafə qalmış, qadın ona tərəf çevrilmiş, həmin vaxt qadın ona sual verib “nə istəyirsən?” demiş, o da qadına cavab verib demişdir ki, buralarda kirayə ev axtarır. Həmin vaxt qadın ona həmin yerdə kirayə ev olmadığını demiş, bundan sonra o, həmin qadının əynində olan paltarının sol cibindəki, içərisində pul olan pul kisəsini qadının cibindən götürmüş və arxasını qadına çevirib qaçmağa başlamış, həmin vaxt qadın “pulum getdi, pulum getdi” deyərək qışqırmağa başlamış, bu zaman isə o, oradan qaçaraq uzaqlaşmış, o, oradan uzaqlaşan zaman pul kisəsini açmış və içərisində olan pulları götürüb, pul kisəsini isə qadının dayandığı istiqamətə atmışdır ki, pul kisəsini götürsün. Bundan sonra isə o, oradan uzaqlaşmış və Xaçmaz şəhəri, Nərimanov prospektinə çıxmış, qadının pul kisəsindən götürdüyü pulları saydıqda 02 ədəd 100 AZN, 02 ədəd 20 AZN, 01 ədəd 5 AZN, 03 ədəd l AZN pul əskinaslarının olmasını, götürdüyü pulun ümumilikdə 248 AZN pul olduğunu görmüş, bundan sonra o, Xaçmaz şəhərində dəqiq xatırlamadığı ərzaq dükanlarının birindən kolbasa, çörək, spirtli içki olan araq, siqaret aldıqdan sonra həmin qida məhsullarını yemiş, arağı da içmidir. Daha sonra isə Xaçmaz şəhərində olan kafelərdə yenə yemək yemişdir. O, bir neçə gün ac qalmış və buna görə də qadından alıb qaçdığı pulla bir neçə dəfə yemək yemişdir. Götürüb qaçdığı 248 manat puldan 102 manat pulu yemək yeməyə, spirtli içki, yəni araq almağa və siqaret almağa xərcləmiş, qalan pulu isə cibinə qoymuşdur. Həmin gün axşam saatlarında o, Xaçmaz şəhərində olan kafelərdən birində əyləşib çay içmiş, həmin vaxt onun olduğu kafeyə polis əməkdaşları gəlmiş və ona yaxınlaşıb adını soruşduqda o özünü təqdim edib, törətdiyi əməlini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu Xaçmaz RPŞyə dəvət etmiş və o da polis əməkdaşları ilə birlikdə getmiş, verilən suallara cavab olaraq pulunu götürüb qaçdığı qadını tanımadığını, pulunu götürüb qaçan gün həmin qadını birinci dəfədir ki, gördüyünü, həmin qadının cibində olan pul kisəsini alıb qaçdığını, həmin vaxt o, çox cəld hərəkət edib bir anda pul kisəsini qadının cibindən çıxardığı üçün qadın heç onu tutmağa və ya öz pul kisəsini almağa cəhd belə edə bilməmiş, o da dərhal pul kisəsini götürüb qaçmış, qeyd olunan cinayət əməlini tək törətdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, Nərimanov prospektində dayısı Vladimirlə birlikdə yaşayır, dayısı Vladimirin 74 yaşı var və sonuncu qocalığa görə 248 manat təqaüd alır. 15 sentyabr 2022ci il tarixdə günorta saatlarında dayısı öz təqaüd kartını ona verib demişdir ki, həmin təqaüd kartında olan pulu çıxarıb öz şəxsi ehtiyacları üçün xərcləsin. O, yaşadığı evdən çıxıb Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Nabran” adlı dükanın yanında olan “Kapital bank” bankomatından 248 manat pulu nağdlaşdırdıqdan sonra həmin pulu üzərində olan pul kisəsinin içərisinə qoymuş, daha sonra isə öz yaşadığı evə qayıtmaq üçün Xaçmaz şəhəri, Nərimanov prospektinə tərəf getmiş, həmin vaxt o, pul kisəsini açıb pulları saymış və 248 manat pul olmasını müəyyən etmiş, sonra yenə pul kisəsini cibinə qoymuşdur. Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “Access Bank”-ın Xaçmaz şəhər filialının inzibati binasının qarşısına çatıb həmin binanın yanında keçib öz yaşadığı evin istiqamətində getməyə başlamışdır. O öz yaşadığı evin istiqamətində getməyə başlamış, həmin dar cığırın hər iki tərəfi kollarla və ağaclarla əhatələnmişdir. O, dar cığıra gedən zaman görmüşdür ki, bir nəfər tanımadığı orta yaşlı bir kişi, yəni təqsirləndirilən şəxs də onun arxasınca gəlir. O, təqsirləndirilən şəxsə fikir verməyib bir neçə metr gedib öz yaşadığı evin qarşısına çatmış, yol boyu təqsirləndirilən şəxs də ona yaxınlaşmışdır. Evinin qarşısına çatan zaman arxaya çevrildikdə arxasınca gələn təqsirləndirilən şəxslə qarşı-qarşıya gəlmiş, o, təqsirləndiriləni əvəllər görməmiş və tanımamışdır, təqsirləndirilən şəxsdən nə istədiyini soruşduqda sonuncu ona bildirmişdir ki, kirayə ev axtarır. O da təqsirləndirilən şəxsə bildirmişdir ki, buralarda kirayə ev yoxdur. Bu zaman təqsirləndirilən şəxs ani olaraq onun əynində olan paltarının cibinə qoyduğu, içərisində 248 manat pul olan pul kisəsini götürüb qaçmağa başlamış, o, həmin vaxt “pulum getdi” deyərək qışqırmağa başlasa da, heç kəs gəlməmiş, həmin vaxt saat 13:30 radələri olmuş, təqsirləndirilən şəxs onun pul kisəsini açıb pulu götürdükdən sonra pul kisəsini ona tərəf atmış və çıxıb getmişdir. Bundan sonra o, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları dərhal hadisə yerinə gəlmişlər. Həmçinin bildirmişdir ki, həmin pul kisəsini əynində olan xalatının cibinə qoymuş, pul kisəsi nisbətən böyük olduğundan bir hissəsi cibindən çıxmış vəziyyətdə, görünən vəziyyətdə olmuş, həmin pul kisəsinəndə 248 manat pul olmuş, müstəntiq tərəfindən həmin pulun 146 manatı ona qaytarılmış, təqsirləndirilən şəxs, yaxud onun yaxınlarından kimsə ona qalan pulun qaytarılacağı barədə heç nə deməmişdir. Hadisə zamanı təqsirləndirilən şəxs ona zor tətbiq etməmiş və ona xəsarət yetirməmiş, o özü də təqsirləndirilənin əməlinə qarşı hər hansı müqavimət göstərməmişdir, hadisə nəticəsində ona 248 manat maddi ziyan dəymiş, təqsirləndirilən şəxs ona qarşı soyğunçuluq edən zaman hadisəni ətrafdan kimsə görməmiş, hadisə zamanı hadisə yerinə kimsə gəlməmişdir. O, təqsirləndirilən şəxsi bağışladığını, sonuncuya qarşı şikayətinin olmadığını, təqsirləndirilən şəxsin həbs edilməsini istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, o, qocalığa görə 248 manat təqaüd almış, 15 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında o öz bacısı qızı Zenfiraya təqaüd kartını vermişdir ki, həmin kartdan 248 manat pulu çıxarıb öz şəxsi ehtiyacları üçün xərcləsin. Zenfira da həmin kartı götürüb çıxıb getmiş və ona bildirmişdir ki, kartdan pulu çıxarıb mağazaya gedəcəkdir. Həmin gün saat 13:30 radələrində Zenfira evə gəlmiş. O, Zenfiranın həyəcandan və qorxudan çətinliklə danışdığını görmüş, Zenfira ona bildirmişdir ki, yaşadığı evin yaxınlığında tanımadığı bir şəxs cibindən 248 manat pulu götürüb qaçmışdır. Həmin vaxt o, Zenfiradan cibindən pulu götürüb qaçan şəxsin Zenfiraya xəsarət yetirib-yetirmədiyini soruşduqda Zenfira bildirmişdir ki, həmin şəxs Zenfiraya toxunmamış, hansısa xəsarət yetirməmişdir. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli raportdan, həmin tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində yaşadığı evin qarşısında tanımadığı bir şəxsin onun əynində olan paltarının cibindən içərisində 248 manat pul olan pul kisəsini götürüb qaçaraq içərisindəki həmin pulu götürüb, pul kisəsini isə ona tərəf ataraq qaçıb getdiyi barədə müraciət etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, hadisə yeri Xaçmaz şəhəri, Nərimanov prospekti 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı hər iki tərəfi ağaclarla və kollarla əhatə olunmuş yerdir. Hadisə yerini baxışda iştirak edən Zərərçəkmiş şəxs göstərmişdir. Hadisə yerinə Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “Access Bank” filialının inzibati binasının yanında həmin inzibati binanın arxasına keçməklə hər iki tərəfi ağaclarla və kollarla əhatə olunmuş dar torpaq cığırla gedilmiş, Zərərçəkmiş şəxs həmin yolla 50 metr getdikdən sonra dayanıb hadisə yerini göstərərək bildirmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində həmin yerdə tanımadığı şəxs ona yaxınlaşıb kirayə ev axtardığını demiş və həmin vaxt anidən əynindəki paltarın sol cibindəki, içərisində ona məxsus 248 AZN pul olan pul kisəsini götürüb qaçmışdır. Hadisə yerində və ətraf ərazilərdə maddi sübut əhəmiyyətinə malik olan, hadisənin izlərini özündə saxlayan hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin inzibati binasında, müstəntiqin xidməti otağında təqdim olunmuş pul əskinasları - 01 ədəd 100 AZN, 01 ədəd 20 AZN, 01 ədəd 10 AZN, 03 ədəd 5 AZN, 01 ədəd 01 AZN pul əskinasları olmuşdur. 01 ədəd 100 AZN pul əskinasının üzərində C45635484, 01 ədəd 20 AZN pul əskinasının üzərində A08288882, 01 ədəd 10 AZN pul əskinasının üzərində A45836868, 03 ədəd 05 AZN pul əskinslarından birinin üzərində A75832068, ikincisinin üzərində A00299438, üçüncüsünün üzərində isə A58760164, 01 ədəd 01 AZN pul əskinasının üzərində isə B29633578 rəqəmləri və hərfləri yazılmışdır. Təqdim edilən pul əskinaslarının cəmi məbləği 146 AZN olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan pul əskinaslarını təqdim edib bildirmişdir ki, həmin pulları 15 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “Access Bank”-ın Xaçmaz filialının arxasında yerləşən hər iki tərəfi ağaclar və kollarla əhatə olunmuş yerdə tanımadığı bir qadına yaxınlaşdıqdan sonra həmin qadının əynindəki paltarının cibindən çıxardığı pul kisəsinin içərisindən götürməklə əldə etmişdir. İş materiallarında olan “Şəxsin tanınmasının aparılması haqqında” 16 sentyabr 2022ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs da daxil olmaqla eyni vaxtda dörd nəfər şəxs tanınma üçün təqdim edilmiş, zərərçəkmiş şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Xaçmaz şəhəri, Nərimanov prospektində onun cibindən pulları götürüb qaçmış şəxsi, yəni Təqsirləndirilən şəxs tanıyaraq göstərmişdir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Nərimanov prospekti 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs pulunu talaması faktını hər hansı bir şəxs görməmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama həmin Məcəllənin 180.1-ci madəsnin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah edilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 3-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 6-cı bəndində izah edilir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin Qərarın 7-ci bəndində izah edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 23-cü bəndində izah edilir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək(əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli qəbzdən və cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs taladığı pul vəsaitindən qalan 146 manat pul əskinasları zərərçəkmişə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, zərərçəkmişə vurduğu zərərin bir qisminin ödənilməsini (qaytarılmasını), zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 4(067)160/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli qəbzdən və cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs taladığı pul vəsaitindən qalan 146 manat pul əskinasları müstəntiq tərəfindən zərərçəkmiş şəxsə qaytarılmışdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkən şəxsə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-46/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-46/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver