Məhkəmə qərarları › İş №1(067)-47/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-47/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-47/2024 25.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və onun vəkili Müdafiəçi2 (mülki iddiaçının vəkili), Zərərçəkmiş şəxs2 və onun vəkili Müdafiəçi3 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə X2 məxsus Xaçmaz rayonu Hacıəlibəy kəndi ərazisində yerləşən torpaq sahəsində elektrik transformatorunun quraşdırılması və bunun üçün müvafiq sənədləşmə işlərinin həll edəcəyinə dair yalan vəd verib cinayətdən xəbərsiz olan qohumu Şahid4 və Şahid2 vasitəsi ilə Malik Vəliyevi aldadaraq 04 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Malik Vəliyevin yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndindəki evinin qarşısında cinayətdən xəbərsiz olan Şahid4 və Şahid2 vasitəsi ilə Malik Vəliyevdən 2000 manat məbləğində nağd pul vəsaitini, daha sonra, yəni 11 dekabr 2021-ci il tarixdə səhər saatlarında eyni məqsədlə Şahid2 yaşadığı Xaçmaz rayonu, Ağyazı-buduq kəndindəki evinin yaxınlığında cinayətdən xəbərsiz olan Şahid4 və Şahid2 vasitəsi ilə Malik Vəliyevdən 4000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 6000 (altı min) manat məbləğində maddi ziyan vurub dələduzluq etmiş, yəni, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu Hacıəlibəy kəndi ərazisində yerləşən torpaq sahəsində elektrik transformatorunun quraşdırılması və bunun üçün müvafiq sənədləşmə işlərinin həll edəcəyinə dair yalan vəd verib cinayətdən xəbərsiz olan qohumu Şahid4 və Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 aldadaraq 04 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu, Hacıəlibəy kəndində X2 məxsus evin qarşısında cinayətdən xəbərsiz olan Malik Vəliyev, Şahid4 və Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 1500 manat məbləğində nağd pul vəsaitini, daha sonra isə, yəni 11 dekabr 2021-ci il tarixdə, səhər saatlarında eyni məqsədlə Şahid2 yaşadığı Xaçmaz rayonu, Ağyazı-buduq kəndində yerləşən evinin yaxınlığında cinayətdən xəbərsiz olan Malik Vəliyev, Şahid4 və Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 4150 manat nağd pul vəsaitini alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə təkrar, ümumilikdə xeyli miqdar təşkil edən 5650 (beş min altı yüz əlli) manat məbləğində ziyan vurub dələduzluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində yerləşən torpaq sahəsində elektrik transformatorunun quraşdırılması və bunun üçün müvafiq sənədləşmə işlərinin həll edəcəyinə dair yalan vəd verib cinayətdən xəbərsiz olan qohumu Şahid4 və Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 aldadaraq 04 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu, Hacıəlibəy kəndində X2 məxsus evin qarşısında cinayətdən xəbərsiz olan Malik Vəliyev, Şahid4 və Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 1500 manat məbləğində nağd pul vəsaitini, daha sonra isə, yəni 11 dekabr 2021-ci il tarixdə səhər saatlarında eyni məqsədlə Şahid2 yaşadığı Xaçmaz rayonu, Ağyazı-buduq kəndində yerləşən evinin yaxınlığında cinayətdən xəbərsiz olan Malik Vəliyev, Şahid4 və Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 4150 manat nağd pul vəsaitini alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə təkrar, ümumilikdə xeyli miqdar təşkil edən 5650 (beş min altı yüz əlli) manat məbləğində ziyan vurub dələduzluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, 27 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə Xaçmaz RPŞ-nin baş müstəntiqi X9 tərəfindən cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 64) müəyyən edilir ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan (cild 01, vərəq 76) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdən 780442 nömrəli axtarış işi üzrə axtarış elan olunmuş Şahid4 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2023-cü il tarixdə Xaçmaz rayonu ərazisində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli ərizədən (cild 01, vərəq 81) müəyyən edilir ki, Şahid4 Xaçmaz RPŞ-nin baş müstəntiqi X7 ərizə ünvanlayaraq X5 Şəbəkəsi MMC-də Böyük usta vəzifəsində işlədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 90) müəyyən edilir ki, Şahid4 24 iyul 2023-cü iı tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şahidin dindirilməsi protokolundan (cild 01, vərəq 219) görünür ki, Şahid4 07 oktyabr 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin baş müstəntiqi X9 tərəfindən şahid qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 62) müəyyən edilir ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan (cild 01, vərəq 78) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdən 780441 nömrəli axtarış işi üzrə axtarış elan olunmuş Şahid2 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2023-cü il tarixdə Xaçmaz rayonu ərazisində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli ərizədən (cild 01, vərəq 96) müəyyən edilir ki, Əliyev X4 RPŞ-nin baş müstəntiqi X7 ərizə ünvanlayaraq X5 Şəbəkəsi MMC-də Böyük usta vəzifəsində işlədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 01, vərəq 70) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid4 və Şahid2 yeri müəyyən olunmadığından həmin şəxslərin tutularaq istintaqın sərəncamına verilənə kimi cinayət təqibi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan (cild 01, vərəq 79) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmış və iş üzrə istintaq davam etdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 105) müəyyən edilir ki, Şahid2 24 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 01, vərəq 120) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1. 178.2.3-cü və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3-cü və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı həmin maddələrlə davam edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilməsi məsələsi həll edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 143) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid2 və Şahid4 əməllərində cinayət tərkibi olmaması əsasına görə barələrində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi barədə 20 avqust 2023-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında qərar (cild 01, vərəq 165) qəbul olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 01, vərəq 169) müəyyən edilir ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlər dindirilmişlər. Cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəməyə vəsatətlə müraciət edərək qeyd olunan cinayət işi üzrə Şahid2 və Şahid4 cinayət qanunu ilə nəzərdə tutulmuş ittihamın elan olunması üçün işin Xaçmaz rayon prokurorluğuna qaytarılmasını xahiş etmişlər. Məhkəmə baxışında Dövlət ittihamçısı vəsatətə münasibətdə öz mövqeyini göstərərək bildirmişdir ki, zərərçəkmiş şəxslərin verdikləri vəsatət təmin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs, eləcə də, adları çəkilən şəxslər Şahid4 və Şahid2 ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı, eləcə də, videoçəkilişlər zamanı və dindirmələr zamanı verdikləri ifadələrində cinayətin yalnız təqsirləndirilən şəxsin törətdiyi görünmüşdür. Elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs həmin pulu təkbaşına ələ keçirmiş, yalnız zəhmət haqqı olaraq hər iki şahidə 500 manat məbləğində pul vermişdir. Belə ki, vəsatətin əsassız olmasını nəzərə alaraq, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, X1 vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs2 vəkili Müdafiəçi3 həmçinin, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 hər biri ayrıayrılıqda verilmiş vəsatətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin vəsatəti əsasında əlavə şahid qismində cəlb edilmiş “Azərenerji”nin 3 nəfər əməkdaşı, Baş mühəndis Şamil Fərzəliyev, mühəndis Zaur Ələskərov və usta Vahid İsayev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər, buna görə də məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi və vəsatətin müzakirəsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışına xitam verilməli, Təqsirləndirilən şəxs qarşı daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə Müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərar çıxarılır. Məhkəmə qeyd edir ki, qeyd olunan cinayət işi üzrə hazırda şahid kimi tanınan Şahid2 və Şahid4 xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində cinayət işi üzrə cəlb edilmiş, lakin xx.xx.2023-cü il tarixdə həmin şəxslərin cinayət faktında hər hansı formada iştiraklarının sübuta yetirilməməsi səbəbilə cinayət təqibinə hissəvi xitam verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs dindirilməsinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid4 sonuncunun müdafiəçisinin iştirakı olmadan keçirilmiş xx.xx.2023-cü il tarixli üzləşdiriməsinin audio-video disklərinə baxış keçirilən zaman hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs dindirmə zamanı işlətdiyi bütün ifadələrin dindirmə protokoluna yazılmadığı həmçinin, ifadələrin bəzilərinin təhrif edilərək protokola qeyd olunduğu müəyyən edilmişdir. Eyni zamanda, keçirilmiş məhkəmə proseslərində zərəçəkmiş şəxslər əsas şikayətlərinin şahid qismində cəlb edilmiş Şahid2 və Şahid4 olduğunu, törədilmiş cinayət əməlində onların da iştirak etdiyini bildirmişlər. Bundan əlavə, şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 və Şahid4 ifadələrində ziddiyyətlərin olduğu müəyyən edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət əməlində əlavə halların, yəni cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin - daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılmalı olduğundan Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına xitam verilməli, həmçinin 1(067)-47/2024 saylı cinayət işi Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 318 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışına xitam verilsin və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar