Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-48/2022 21.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanındakı yaşadığı evdə ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq qəsdən sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunmuş təpə nahiyyəsinin şişkinliyi, sol göz ətrafı, sağ əlin 4-cü barmağı, sol bilək oynağı, sol said və sağ baldır nahiyyələrinin qançırları kimi sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 01 fevral 2022-ci il tarixdə işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Bakı şəhərində olarkən 02 fevral 2022-ci il tarixində səhər saatlarında arvadı Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefona zəng vurub, kobud şəkildə onunla danışaraq təcili evə gəlməsini demişdir. O, Fərqanədən səbəbini soruşduqda, Fərqanə telefonu söndürmüş, o da nəsə ciddi bir hadisənin baş verməsindən ehtiyyat edib, təcili olaraq Bakı şəhərindən yaşadığı evə gəlmiş, Fərqanədən onu təcili olaraq çağırmasının səbəbini soruşduqda, sonuncu ona anası Tahirə ilə aralarında mübahisənin olduğunu bildirmişdir. Fərqanədən nə üçün onunla kobud danışdığını soruşduqda, Fərqanə əsəbi olduğnu demişdir. Bunu görən anası Fərqanəyə yaxınlaşaraq sakitləşdirmək istəyərkən Fərqanə anasını arxaya itələmiş və nəticədə anası müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. O da bundan əsəsbləşərək Fərqanəyə yaxınlaşmış və sifət nahiyyəsindən sillə ilə vurmuş, daha sonra Fərqanənin əlindəki “Samsung” markalı telefonu alıb yerə atmışdır. Fərqanə ona cavab qaytardığından o, daha da əsəbləşərək yumruqla Fərqanənin sol gözünə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Fərqanə yerə yıxılmış, Fərqanə yerdə olan zaman o, Fərqanənin bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vurmuşdur. Törətmiş olduğu əmələ görə özünü təqsirli bilir və əməlindən peşmançılıq hissi keçirir. Hadisədən sonra arvadı Zərərçəkmiş şəxs ilə barışmaqla hal-hazırda münasibətləri normaldır. Ona görə də barışmaları nəzərə alınmaqla barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, bu nigahdan onların 3 övladı dünyaya gəlmişdir. Qaynanası Şahid onların qonşuluğunda yaşayır və ara-sıra gəlib onlara baş çəkir. Əri Şahin işi ilə əlaqədar Bakı şəhərinə getdiyindən onun evdə tək qalmaması üçün 01 fevral 2022-ci il tarixdə axşam saatlarında qayınanası Tahirə onlara gəlmişdir. 02 fevral 2022-ci il tarixdə səhər saatlarında yaşadıqları evdə qaynanası Tahirə ilə aralarında narazılıq baş vermiş, buna səbəb isə guya onun uşaqlarına düzgün tərbiyə verə bilməməsi olmuşdur. Mübahisə zaman qayınanası ondan evdən çıxmasını tələb etmiş, o da bu səbəbdən Bakı şəhərində olan əri Təqsirləndirilən şəxs zəng vurub olanlar barədə məlumat vermiş və ərindən təcili olaraq evə gəlməyini istəmişdir. Həmin gün saat 12 radələrində əri Şahin evə gəlmiş, evə gəldikdən sonra Şahin ondan təcili olaraq çağırmasının səbəbini soruşduqda, o, ərinə qayınanası Tahirə ilə aralarında mübahisə olduğunu bildirmişdir. Sonra əri ondan nə üçün telefonda kobud danışdığını soruşduqda, o, Şahinə əsəbi olduğu üçün kobud danışdığını demişdir. Bu zaman qayınanası Tahirə kənardan müdaxilə edib üstünə gəlmiş, o da qaynanasının ona xəsarət yetirməsindən qorxub onu arxaya itələmiş, sonuncu müvazinətini saxlaya bilmədiyindən yerə yıxılmış və nəticədə baş nahiyyəsi döşəməyə dəymişdir. Bunu görən kimi əri Şahin əsəbləşmiş və ona yaxınlaşaraq sifət nahiyyəsindən sillə ilə vurmuş, daha sonra əlində olan “Samsung” markalı mobil telefonu yerə atıb sındırmışdır. O, Şahinə cavab qaytardığından Şahin daha da əsəbləşərək yumruqla onun sol gözünə bir zərbə vurmuş, zərbənin təsirindən yerə yıxıldıqdan sonra isə onun başına yumruq zərbəsi vurmuş, bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq xəsarətlər yetirmişdir. Bu səbəbdən o, Polis Şöbəsinə şikayət etmişdir. Hadisədən sonra əri- Təqsirləndirilən şəxsla barışmaqla hazırda münasibətləri normaldır. Odur ki, barışmaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə verən Şahid göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. 01 fevral 2022-ci il tarixdə oğlu Şahin işi ilə əlaqədar Bakı şəhərinə getdiyindən gəlininin və nəvələrinin evdə tək qalmamaları üçün o, oğlu Şahinin evinə gəlmişdir. O, həmin gecəni oğlunun evində qalmışdır. Səhəri günü, yəni 02 fevral 2022-ci il tarixdə səhər saatlarında gəlini Fərqanənin uşaqlarına lazımi diqqət ayırmaması üstündə aralarında narazılıq olmuşdur. Həmin gün təxminən saat 12 radələrində oğlu Şahin Bakı şəhərindən gəlmişdir. Təxminən bir qədər sonra Şahin Fərqanədən onu təcili olaraq evə çağırmasının səbəbini soruşmuş, Fərqanə isə Şahinə anası ilə aralarında mübahisənin olduğunu və güya onun Fərqanəni evdən qovduğunu bildirmişdir. Bu zaman o, gəlinini sakitləşdirmək üçün ona yaxınlaşdıqda gəlini Fərqanə onu arxaya itələmiş, o, müvazinətini saxlaya bilməyib yerə yıxılaraq baş və sağ qol nahiyyəsi əzilmişdir. Bunu görən kimi oğlu Şahin əsəbləşərək Fərqanəyə yaxınlaşıb sonuncunu sillə ilə vurmuş, daha sonra Fərqanənin əlində olan mobil telefonu yerə atıb sındırmış, Fərqanə Şahinə cavab qaytardığından Şahin Fərqanənin sol gözündən yumruq zərbəsi vurmuş, Fərqanə yerə yıxıldıqdan sonra Fərqanənin bədəninə bir neçə təpik zərbəsi vurmuşdur. Daha sonra isə Şahin başqa otağa keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair 03.02.2022-ci il tarixli, 79 saylı canlı şəxsin ekspertiza rəyindən aydın olur ki, onda-baş beyin silkələnməsi ilə müşayiət olunmuş təpə nahiyyəsinin şişkinliyi, sol göz ətrafı, sağ əlin 4-cü barmağı, sol bilək oynağı, sol said və sağ baldır nahiyyələrinin qançırları bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti 02 fevral 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs oğlu ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata xitam verilməsini və onun bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının 03.02.2022-ci il tarixli, 79 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-48/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-48/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver