Məhkəmə qərarları › İş №1(067)-49/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-49/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-49/2022 31.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi ev 30, mənzil 4-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 6,538 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 10 dekabr 2021-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində saxlanılıb ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında, saat 21:00-21:15 müddətində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Viceroy” yazılmış siqaret qutusunun içərisində bir ədəd bükülüdə, təmiz çəkisi 6,538 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı mənzil ikimərtəbəli binada yerləşir. Həmin mənzildən tanışı ilə görüşmək üçün küçəyə çıxan zaman binanın pilləkəninin yanında, yerdə siqaret qutusunun olduğunu görmüş və həmin qutunu götürüb baxanda içərisindən narkotik vasitə olan marixuananı aşkar etmiş, həmin marixuananı cibinə qoyaraq tanışı ilə görüşmək üçün Xaçmaz şəhərində mərkəzi bazarın yaxınlığına getmişdir. Orada olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə, müdafiəçinin də iştirakı ilə üzərində axtarış aparılmışdır. Ona üzərindəki əşyaları təqdim etməsi təklif olunandan sonra içərisində həmin narkotik vasitənin olduğu siqaret qutusunu o özü cibindən çıxararaq təqdim etmiş və polis əməkdaşları həmin qutunun içərisindən marixuananı aşkar etmişlər. Həmin narkotik vasitənin qablaşdırılmasında iştirak etmiş, tərtib edilmiş protokolu imzalamışdır. Həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlamış, satmaq məqsədi olmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilidir. Xaçmaz RPŞ-nin NMQ-na Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında o və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsin Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində olmasını müəyyən etmiş və orada təqsirləndirilənə yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər, təqsirləndirilən şəxs etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində müstəntiq tərəfindən videoçəkiliş vasitəsilə və müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxsin üzərində axtarış keçirilmişdir. Müstəntiq təqsirləndirilənə əvvəlcə üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra təqsirləndirilən üzərində olan əşyaları çıxararaq təqdim etmiş, həmin əşyalar arasında kağız bükümdə olan narkotik vasitə - marixuanayabənzər kütlə aşkar edilərək götürülmüş, təqsirləndirilən özü də həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, üzərində özünün istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı hər hansı təzyiq göstərməmiş, həmçinin polis əmədaşları tərəfindən də təqsirləndirilənə qarşı təzyiq edilməmişdir. Daxil olmuş əməliyyat məlumatı təqsirləndirilənin narkotik vasitə istifadəçəsi olması ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış aparılması haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan və şəxsi axtarışın videoçəkilişinin olduğu 01 ədəd DVD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X5, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında sonuncunun üzərinə müstəntiq N.Xasayevin xidməti iş otağında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl şəxsi axtarış prosesində iştirak etmiş şəxslər özlərini təqdim edir. Bundan sonra müstəntiq Nemət Xasayev tərəfindən təqsirləndirilən şəxsdən şəxsi axtarışın göstərilən şəxslərin iştirakı ilə keçirilməsinə etirazının olub-olmaması soruşulur və Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Daha sonra müstəntiq X8 Mustafayevə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu və bu səbəbdən üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə və ya psixatrop maddə varsa təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd üzərinə “Viceroy” yazılmış siqaret qutusunu çıxarıb otaqda olan masanın üzərinə qoyur. Müstəntiq həmin siqaret qutusunun içərisinə baxan zaman qutunun içərisindən iki ədəd siqaret və bir ədəd kağız büküm aşkar olunur. Kağız bükümün içərisinə baxılan zaman yaşıl rəngli bitki kütləsinin olması görünür. Müstəntiq Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs qurudulmuş marixuana olduğunu və tapdığını bildirir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını soruşduqda, sonuncu narkotik vasitələrin satışı ilə məşğul olmadığını, istifadəçisi olduğunu bildirir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd siqareti və bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kağız bükümü aşkar olunduğu kimi siqaret qutusunun içərisinə qoyaraq bir ədəd ağ rəngli zərfdə qablaşdıraraq möhürləmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2021-ci il tarixli, 7/1275 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış kağız paketdə siqaret qutusunun içərisində bir ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 6,538 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuana narkotik vasitəsindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 6,488 qram təşkil etmişdir; Tədqiqata təqdim olunmuş iki ədəd siqaretin içərisində marixuananın hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” və 22 fevral 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 6,538 qram narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra həmin narkotik vasitənin qalıq qalmış 6,488 qramı Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 08 yanvar 2022-ci il tarixli, 65 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticisində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və əməliyyat tapşırığına cavabdan müəyyən edilir ki, əməliyyat tapşırığına əsasən əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 10.12.2021-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 6,538 qram çəkidə olan narkotik vasitə - qurudulmuş marixuananı əldə etdiyi mənbəni, onun narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 22 fevral 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,538 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 6,538 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 10 dekabr 2021-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsində saxlanılıb ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında, saat 21:00-21:15 müddətində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Viceroy” yazılmış siqaret qutusunun içərisində bir ədəd bükülüdə, təmiz çəkisi 6,538 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİH-nin Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda olduğu müddətdə həmin İdarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın 6,538 qram olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında 12 dekabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət, təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 yanvar 2022-ci il tarixli, 65 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticisində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 6,538 qram təşkil etmiş narkotik vasitə - qurudulmuş marixuandan tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 6,488 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 6,538 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 6,488 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,488 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,488 təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar