Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-49/2024 13.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi Xaçmaz rayon məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlamışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 məhkəməyə müraciət edərək ona elan olunmuş ittihamla razı olmadığını, xx.xx.2023-cü il tarixdə onun evində aşkar edilmiş 0,193 qram çəkidə kustar üsülla hazırlanmış psixotrop maddə olan metamfetaminin ona aid olmadığını, həmin psixotrop maddənin Təqsirləndirilən şəxs1 aid olduğunu və yalnız sonuncu tərəfindən istifadə edilməsi üçün gətirildiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.2ci maddəsinin tələblərinə əsasən cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, qeyd edilən cinayət işinin baxılması Xaçmaz rayon məhkəməsinə aid olsa da, işin məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar mövcuddur o, cümlədən ibtidai araşdırma zamanı mümkün qədər aradan qaldırılması mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, cinayət işi üzrə ittiham aktı tərtib edilən zaman Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməyərək, yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasının yazılması ilə kifayətlənmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nədə ittiham olunduqları öz əksini tapmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı Maddənin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). 6-cı maddənin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 54; Dallos Macarıstana qarşı, § 47). 6-cı Maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). 6-cı Maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məlumatın "ətraflılıq" dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Bununla əlaqədar olaraq məlumatın adekvatlığı müdafiəyə hazırlıq üçün adekvat vaxt və vasitə hüququnu təmin edən 6-cı Maddənin 3 (b) yarımbəndinə uyğun olaraq və 6-cı Maddənin 1-ci bəndində nəzərdə tutulan ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir (Mottaçia İtaliyaya qarşı, § 60; Bekstrom və Andersson İsveçə qarşı (qər.)). Göründüyü kimi, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmayan qaydada tərtib edilməklə, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri tam göstərilməmişdir. Bundan başqa, istintaq zamanı elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə, yəni təkrarən əldə edib saxlaması göstərilsə də, cinayət işi üzrə ittiham aktı tərtib edilən zaman Azərbaycan Respublikası CPM-nin 289.3.6-cı maddəsinin tələbləri kobud surətdə pozularaq, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi bu öz əksini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli Qərarının 13-cü bəndinə görə, “Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-nin 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.” Göründüyü kimi, cinayət işi üzrə ittiham aktı Məcəllənin 289 və 290-ci maddələrinin tələblərinə uyğun olmayan qaydada tərtib edilmişdir. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 tutulan zaman Azərbaycan Respublikası CPM-nin 90 və 92-ci maddələrinin tələbləri kobud surətdə pozularaq, Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci maddəsində göstərilən hüquq, yəni müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü-özünü müdafiə etmək təmin edilməmiş, Təqsirləndirilən şəxs2 mövcud ərazidə fəaliyyət göstərən vəkillər Xaçmaz rayon vəkillər bürosundan alınmış və təsdiq edilmiş siyahi üzrə təqdim edilməmiş, bununla əlaqədar müvafiq protokol tərtib edilməmiş, yalnız formal ərizəsi alınmaqla kifayətlənmiş və bununla da Təqsirləndirilən şəxs2 müdafiəçi seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası CPMnin 92.12 və 92.14-cü maddələrində göstərilən hüququları pozularaq təmin edilməmişdir. Göründüyü kimi, qeyd edilənlər Təqsirləndirilən şəxs2 müdafiə hüququnun (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) pozulduğunu dəlalət edir. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istintaqdan qaçıb gizləndiyindən xx.xx.2023-cü il tarixli qərarla onun barəsində axtarış elan edilmiş, həmin qərarla iş üzrə digər Təqsirləndirilən şəxs2 olmasına baxmayaraq əsassız olaraq Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən icraat dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 50.1-ci maddəsinə əsasən, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. Azərbaycan Respublikası CPM-nin 146.3.2-ci maddəsinə əsasən, sübutların məcmusunun toplanması ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) gətirib çıxarmamalıdır. Lakin, istintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibi üzrə icraatın ayrılmasına imkan verilməsinə baxmayaraq, istintaq tərəfindən bu edilməmiş və Təqsirləndirilən şəxs2 əsassız olaraq Azərbaycan Respublikası CPM-nin 218-ci maddəsinin tələblərinə riayət edilməməklə uzun müddət (6 ay 12 gün) cinayət təqibi altında saxlanılaraq, onunla heç bir istintaq hərəkəti aparılmamış, cinayət işi üzrə isə icraat dayandırılmışdır. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət işlərində 6-cı maddənin hər kəsin işinin ağlabatan müddətdə araşdırılması hüququna malik olduğunu nəzərdə tutan 1-ci bəndinin məqsədi təqsirləndirilən şəxsin həddən artıq uzun müddət şübhəli qismində qalmamasının və ittihamın müəyyən olunmasının təmin edilməsidir (Vemhoff Almaniyaya qarşı, § 18, Kart Türkiyyəyə qarşı [BP], §68). Göründüyü kimi, qeyd edilənlər Təqsirləndirilən şəxs2 müdafiə hüququnun (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) pozulduğunu dəlalət edir. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilərək xx.xx.2023-cü il tarixdə Xaşmaz rayon prokuroru tərəfindən təsdiq edilsə də, cinayət işi heç bir qanuni əsas olmadan icraatda saxlanılaraq yalnız xx.xx.2023-cü il tarixdə (1 ay 17 gün sonra) Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 292.1-ci maddəsinə görə, ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ittiham aktını “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir. Azərbaycan Respublikası CPM-nin 219.1-ci maddəsinə əsasən, ibtidai araşdırma ittiham aktının tərtib edilməsi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işinin məhkəməyə göndərilməsi haqqında və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla qurtarır. Lakin cinayət işi üzrə ittiham aktının xx.xx.2023-cü il tarixdə təsdiq edilməsinə, eləcə də ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə (cinayət işinin xx.xx.2023-cü il tarixdə başlanılması, iş üzrə icraatin xx.xx.2023cü il tarixdə dayandırılması və xx.xx.2023-cü il tarixdə təzələnməsi nəzərə alınmaqla) baxmayaraq, cinayət işi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində göstərilən müddətdə məhkəməyə göndərilməyərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əsassız və qanunsuz olaraq cinayət təqibi altında saxlanılmışlar və onları hüquqları pozulmuşdur. Göründüyü kimi, qeyd edilənlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) pozulduğunu dəlalət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci və 300.1.5ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-ci maddəsinin tələblərinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcllənin 289, 290.3.2 və 290.3.6-cı maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinin tələblərinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərini pozilması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntularına yol verildiyindən, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Xaçmaz stansiyası X6 İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru X3 və sabiq baş müstəntiq, polis mayoru X2 barələrində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. İş materiallarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində məhkəməyədək icraat zamanı başqa yera getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmin məsələ ilə bağlı belə qərara gəlir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində məhkəməyədək icraat zamanı seçilmiş başqa yera getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı :
1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yera getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Xaçmaz stansiyası X6 İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru X3 və sabiq baş müstəntiq, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
5. Qərar qətidir, apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Sədrlik edən: Nərmin Abiyeva