Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-5/2022 27.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Xaçmaz rayonu, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhisilli, evli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu, Çiləgir kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 18 iyul 2020-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Çiləgir kəndində olan küçədə qardaşı Yavər Hüseynovun evində apardığı təmir işləri ilə bağlı qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin arxa tərəfinə tökdürdüyü çınqıl daşlarını yığışdırmaması və Zərərçəkmiş şəxs bununla əlaqədar ictimai borcunu yerinə yetirib polis sahə rəisinə şikayət etməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunun arvadı Şahid2 qızınının gözü qarşısında bir dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı ilə nəticələnən xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş zərər çəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü barəsində xüsusi amansızlıqla törədilməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çiləgir kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla anasının dayısı oğludur. Elnur böyük qardaşı Yavərlə qonşuluqda yaşayır. Onun evi isə Elnurun evindən təxminən 500-600 metr aralı məsafədə yerləşir. Onun Elnurla münasibəti yaxşı olmuş və aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2020-ci ilin əvvəllərindən başlayaraq böyük qardaşı Yavər yaşadığı evdə təmir işləri gördürməyə başlamış və evində apardığı təmir işləri ilə bağlı alıb gətirdiyi çınqıl daşlarını Elnurun evinin arxa tərfinə hasara yaxın yerə tökdürmüşdür. Sonrakı müddətdə qardaşı Yavərin alıb gətirdiyi çınqıl daşlarının bir hissəsi evdə aparılan təmir işlərinə istifadə olunmuş, qalan hissəsi isə Elnurun evinin arxa tərəfində hasara yaxın yerdə qalmışdır. Sonrakı günlərdə həmin çınqıl daşları uşaqlar oynayarkən və kənd sakinlərinə məxsus hevanlar həmin yerdən keçərkən tədricən Elnurun evinin arxa tərəfindən keçən arxın içərisinə dağılmışdır. Qardaşı Yavərin evində aparılan təmir işlərinə o, nəzarət etdiyi üçün Elnur bir neçə dəfə ona demişdir ki, çınqıl daşlarını onun evinin arxa tərəfindən yığışdırsınlar. Yavərin evində təmir işləri qutarmadığına görə onlar çınqıl daşlarını yığışdırmamışlar. 18 iyul 2020-ci il tarixdə sahə rəisi zəng vurub onları çağıranda bilmişdir ki, çınqıl daşlarını yığmadıqları üçün Elnur sahə rəisi Rəfail Şükürova şikayət edib. Həmin gün sahə rəisi Rəfail Şükürov gəlib çınqıl daşlarının töküldüyü yerə baxış keçirdikdən sonra onlara tapşırmışdır ki, çınqıl daşlarını tökdükləri yerdən yığışdırsınlar. O, da sahə rəisi Rəfail müəllimə söz vermişdir ki, axşamadək bütün çınqıl daşlarını yığacaqlar. Təxminən saat 16 radələrində qardaşı Yasəflə birlikdə çınqıl daşlarını yığarkən Elnurun idarə etdiyi Vaz-2106 markalı avtomobil yanlarında dayanmış və Elnur avtomobildən düşüb onlara salam vermişdir. Onlar Elnura fikir verməyib öz işləri ilə məşğul olmuşlar. X4 demişdir ki, «nəyə görə məsələni böyüdüb bu səviyəyə çatdırmısan, nahaq polisə məlumat vermisən, biz qonşuyuq, həm də qohumluğumuz çatır». Elnur qışqıraraq Yasəfə cavab vermişdir ki, «tökdüyünüz zibilləri yığışdırın». O, Elnura yaxınlaşıb demişdir ki, «danışığına fikir ver, keç get evinə». Onun bu sözlərindən sonra Elnur əli ilə onun yaxasından tutmuş və yumruğunu onun sifətinə yaxınlaşdırıb demişdir ki, «ciyərinizi çıxardaram, tapdalaram sizi, qoduqlar». Sonra Elnur dartıb onun əynində olan ağ rəngli qısaqol köynəyi çırmışdır. O, əsəbləşib yumruqla Elnurun sifət nahiyəsinə vurmuş və sonuncu özünü saxlaya bilməyib yerə yıxılmışdır. Sonra baxanda Elnurun burnundan qan axdığını görmüş və Yasəf onu sakitləşdirərək qardaşı Yavərin həyətinə aparmışdır. Səhəri gün isə o, bilmişdir ki, Elnur onun barəsində Xaçmaz RPŞ-nə şikayət edib. Elnurla aralarında mübahisə sonuncunun yaşadığı evin arxa tərəfində olmuşdur. Yumruqla Elnurun sifət nahiyəsinə vurduğunu qardaşı Yasəf görmüş, sonra isə onların yanına Elnurun arvadı Zalina gəlmişdir. Zalina onun Elnuru vurmasını görməmişdir. Elnurla aralarında olan mübahisəni başqa kənar şəxs görməmişdir. Mübahisə zamanı Elnur onu vurmamış və ona heç bir bədən xəsarəti yetirməmişdir. Elnur əli ilə dartaraq onun əynində olan köynəyi çırmışdır. Elnurla mübahisə edərkən əynində mağazadan 8 manata aldığı ağ rəngli qısa qol köynək olmuşdur. Əynində olan köynəyi Elnur dartıb cırdığına görə sonradan həmin köynəyi evdə yandırmışlar. Ona görə də həmin köynəyi istintaqa təqdim edə bilməmişdir. Özünü elan olunmuş ittihamla təqsirli bilmir, ona görə ki, ona törətdiyi əməldən daha ağır ittiham elan olunub. O, Elnura yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çiləgir kəndində yaşayır. «X2» QSC-də matros işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla bibisi nəvəsidir. İskəndərin böyük qardaşı Yavər onunla qonşuluqda yaşayır, İskəndərin yaşadığı ev isə onun evindən təxminən 500-600 metr aralı məsafədə yerləşir. İskəndər və qardaşı Yavərlə münasibəti yaxşı olmuş və aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2020-ci ilin əvvəllərindən başlayaraq Yavər yaşadığı evdə təmir işləri gördürməyə başlamış və evində apardığı təmir işləri ilə bağlı alıb gətirdiyi çınqıl daşlarını onun evinin arxa tərfinə hasara yaxın yerə tökdürmüşdür. Sonrakı müddətdə Yavərin alıb gətirdiyi çınqıl daşlarının bir hissəsi evdə aparılan təmir işlərinə istifadə olunmuş, qalan hissəsi isə onun evinin arxa tərəfində hasara yaxın yerdə qalmışdır. Sonrakı günlərdə həmin çınqıl daşları uşaqlar oynayarkən və kənd sakinlərinə məxsus hevanlar həmin yerdən keçərkən tədricən evinin arxa tərəfindən keçən arxın içərisinə dağılmış və arxla axan su qarşısı kəsildiyi üçün onun həyətinə axmışdır. Həyətinə axan suyun evinə zərər verə biləcəyini fikirləşdiyi üçün bir neçə dəfə bu barədə İskəndərə, qardaşı Yavərə və ataları Həzrətə bildirərək onlardan xahiş etmişdir ki, gəlib tökdükləri çınqıl daşlarını yığsınlar və arxın içərisini təmizləsinlər. Lakin Yavər, İskəndər və Həzrət ona əhəmiyyət verməmişlər və Yavərin gətirdiyi çınqıl daşları dağıdılmış vəziyyətdə evinin arxa tərəfində qalmışdır. Bu səbəbdən də o, məcbur olub şikayət ərizəsi ilə yaşadığı kəndin polis sahə rəisi Rəfail Şükürova müraciət etmişdir. Şikayət ərizəsi əsasında sahə rəisi Rəfail Şükürov gəlib çınqıl daşlarının töküldüyü yerə baxış keçirərək Həzrətə tapşırmışdır ki, çınqıl daşlarını tökdükləri yerdən yığışdırsınlar. Həmin gün təxminən saat 15:30 radələrində o, evdən çıxıb idarə etdiyi Vaz-2106 markalı avtomobilə əyləşib yaşadığı kəndin mərkəzində olan mağazaya gedərək çörək almış və qayıdıb evə gələndə görmüşdür ki, İskəndərlə kiçik qardaşı Yasəf onun evinin arxa tərəfinə hasara yaxın yerə tökülmüş çınqıl daşlarını yığırlar. O, avtomobili saxlayıb yerə düşərək İskəndərlə Yasəfə salam vermiş, lakin onlar onun salamını almamışlar və əsəbi halda onun sifətinə baxmışlar. Sonra Yasəf ondan nəyə görə polisə şikayət etdiyini soruşmuş, o, da ona demişdir ki, «dəfələrlə sizdən xahiş etmişəm ki, tökdüyünüz çınqıl daşlarını yığasız, ancaq siz mənə əhəmiyyət vermədiniz, mən də bir neçə ay gözlədim, siz tökdüyünüz çınqıl daşlarını yığmadınız, mən də məcbur olub şikayət ərizəsi ilə polisə məlumat verdim». Sözlərindən sonra İskəndər ona qarşı söyüş ifadələri işlədərək demişdir ki, «keç get evinə». İskəndərə danışığına fikir verməsini bildirmiş və həmin anda arvadı Zalinə onların mübahisə səslərini eşidib həyətdən küçəyə çıxaraq ona demişdir ki, «onlara baş qoşma gəl evə». Ancaq yenədə İskəndər sakitləşməmiş və söyüş ifadələri işlədərək onun üstünə gəlmişdir. O, əli ilə İskəndərin sinəsindən itələyib özündən uzaqlaşdırmaq istəyəndə İskəndər yumruqla onun sifətinə vurmuşdur. İskəndərin yumruq zərbəsi onun burun nahiyəsinə dəydiyi üçün burnundan qan axmışdır. O, əlində olan çörəyi yerə buraxmış və iki əli ilə sifətini tutmuşdur. Zalinə gəlib çörkləri yerdən götürmüş və onlar birlikdə evə getmişlər. Evdə olarkən arvadı Zalina su gətirmiş və o, su ilə sifətini yumuşdur. Həmin gün o, heç bir yerə müraciət etməmiş, səhəri gün isə Xaçmaz RPŞ-nə gəlib bu barədə şikayət ərizəsi yazmış, sonra isə tibbi müayinədən keməsi üçün Xaçmaz RMX-na getmişdir. Xəstəxanada həkimlər onu rentgen müayinəsindən keçirdikdən sonra burun sümüyünün sındığını bildirmişlər. İskəndərlə aralarında mübahisə yaşadığı evin arxa tərəfində olmuşdur. İskəndərin yumruqla onun sifətinə vurmasını qardaşı Yasəf və arvadı Zalina görmüşlər. İskəndərin yumruqla onun sifətinə vurmasını Yasəf və Zalinadan başqa görən olmamış, mübahisə isə təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı Yasəf onu vurmamış və söyməmişdir. Mübahisə zamanı o, özudə İskəndəri və Yasəfi vurmamışdır. İskəndər üstünə gələndə o, da əli ilə onun sinəsindən itələyib özündən uzaqlaşdırmağa çalışmışdır. Arxla gələn suyun həyətinə axması nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çiləgir kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla anasının dayısı oğludur. Elnur böyük qardaşı Yavərlə qonşuluqda yaşayır. Onun yaşadığı ev isə Elnurun evindən təxminən 500-600 metr aralı məsafədə yerləşir. Onun Elnurla münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2020-ci ilin əvvəllərindən başlayaraq böyük qardaşı Yavər yaşadığı evdə təmir işləri gördürməyə başlamış və evində apardığı təmir işləri ilə bağlı alıb gətirdiyi çınqıl daşlarını Elnurun evinin arxa tərfinə hasara yaxın yerə tökdürmüşdür. Sonrakı müddətdə qardaşı Yavərin alıb gətirdiyi çınqıl daşlarının bir hissəsi evdə aparılan təmir işlərinə istifadə olunmuş, qalan hissəsi isə Elnurun evinin arxa tərəfində hasara yaxın yerdə qalmışdır. Sonrakı günlərdə həmin çınqıl daşları uşaqlar oynayarkən və kənd sakinlərinə məxsus hevanlar həmin yerdən keçərkən tədricən Elnurun evinin arxa tərəfindən keçən arxın içərisinə dağılmışdır. Qardaşı Yavərin evində aparılan təmir işlərinə onunla qardaşı İskəndər nəzarət etdikləri üçün Elnur bir neçə dəfə ona da demişdir ki, çınqıl daşlarını onun evinin arxa tərəfindən yığışdırsınlar. Yavərin evində təmir işləri qutarmadığına görə onlar çınqıl daşlarını yığışdırmamışlar. 18 iyul 2020-ci il tarixdə sahə rəisi zəng vurub onları çağıranda bilmişdir ki, çınqıl daşlarını yığmadıqları üçün Elnur sahə rəisi Rəfail Şükürova şikayət edib. Həmin gün sahə rəisi Rəfail Şükürov gəlib çınqıl daşlarının töküldüyü yerə baxış keçirmiş və onlara tapşırmışdır ki, çınqıl daşlarını tökdükləri yerdən yığsınlar. İskəndərdə sahə rəisi Rəfail müəllimə söz vermişdir ki, axşamadək bütün çınqıl daşlarını yığacaqlar. Təxminən saat 16 radələrində qardaşı İskəndərlə birlikdə çınqıl daşlarını yığarkən Elnurun idarə etdiyi Vaz-2106 markalı avtomobil yanlarında dayanmış və Elnur avtomobildən düşüb onlara salam vermişdir. Onlar Elnura fikir verməyib öz işləri ilə məşğul olmuşlar. O, Elnura demişdir ki, «nəyə görə məsələni böyüdüb bu səviyəyə çatdırmısan, nahaq polisə məlumat vermisən, biz qonşuyuq, həm də qohumluğumuz çatır». Elnur qışqıraraq ona cavab vermişdir ki, «tökdüyünüz zibilləri yığışdırın». İskəndər Elnura yaxınlaşıb demişdir ki, «danışığına fikir ver, keç get evinə». İskəndərin bu sözlərindən sonra Elnur əli ilə İskəndərin yaxasından tutmuş və yumruğunu sonuncunun sifətinə yaxınlaşdırıb demişdir ki, «ciyərinizi çıxardaram, tapdalaram sizi, qoduqlar». Sonra Elnur dartıb İskəndərin əynində olan ağ rəngli qısaqol köynəyi çırmış, İskəndərdə əsəbləşib yumruqla Elnurun sifət nahiyəsinə vurmuş və sonuncu özünü saxlaya bilməyib yerə yıxılmışdır. O, baxanda Elnurun burnundan qan axdığını görmüş və İskəndəri sakitləşdirib qardaşı Yavərin həyətinə aparmışdır. Səhəri gün isə bilmişdir ki, Elnur İskəndərin barəsində Xaçmaz RPŞnə şikayət edib. Elnurla İskəndər arasında mübahisə Elnurun yaşadığı evin arxa tərəfində olmuşdur. İskəndərin yumruqla Elnurun sifət nahiyəsinə vurduğunu o, görmüş, sonra isə onların yanına Elnurun arvadı Zalina gəlmişdir. Elnurla İskəndər arasında olan mübahisəni başqa kənar şəxs görməmişdir. Mübahisə zamanı Elnur onu vurmamış və ona heç bir bədən xəsarəti yetirməmişdir. Zalina isə İskəndərin Elnuru vurmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 qızı məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 20 iyul 2020-ci il tarixli 469 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2020ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 04 noyabr 2021-ci il tarixli, T 266/2021 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1”nin X5 ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ göz almasına qamsızma, burun belində əzilmiş yara və burun sümüyündə yerdəyişmiş sınıq müəyyən edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın (əşyaların) təqsirindən törənimiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uytğun gəlir və dərəcəsinə görə hal-hazırda qüvvədə olan “sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” haqqında xx.xx.2001-ci il tarixli 07 saylı təlimatın 20.2-ci bəndinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 27 may 2022-ci il tarixli, BŞŞ-365 saylı Azərbaycan Respubılikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi “ X5 rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir. 1.2. Zərərçəkmiş şəxs 25 aprel 2022-ci il tarixdə mütəxəssis müayinəsi zamanı burun tənəffüsü və xarici burunun formasının normal olması müəyyən edilmişdir. Xəstənin burun nahiyyəsində hr hansı bir əməliyyata ehtiyac yoxdur. Lakin xx.xx.2021-ci il tarixli, məhkəmə-tibbi müayinəsinə əsasən, onda sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2020-ci ilə uyğun gəlir və hal-hazırda qüvvədə olan “sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertiza qaydaları” haqqında xx.xx.2001-ci il tarixli, 07 saylı təlimatın 20.2-ci bəndinə əsasən dərəcəsinə görə sağlamlığın qısa müddətə poxzulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində iki azyaşlı uşağlarının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, ibtidai istintaq orqanı tərəfindən və məhkəmə istintaqı zamanı toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin tövsifedici əlamətlərlə sağlamlığına az ağır xəsarət yetirməsi barədə yanlış qənaətə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, “MTE və PA X3 şəxsi” Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2020-ci il tarixli 469 nömrəli rəyinə əsasən cinayət nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına az ağır dərəcəli xəsarətin yetirilməsi müəyyən edilsə də, iş üzrə təyin olunmuş təkrar məhkəmə-tibbi və komisyon məhkəmə tibbi ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Məhkəmə hesab edir ki, bir sıra cinayət təqiblərinin araşdırılması zamanı törədilmiş ictimai təhlükəli əmələ düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi bilik tələb edən ekspertlərin rəyinin alınması zəruri şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin XVİİİ Fəslində qeyd olunan cinayətlər də bu məhz qəbildən olan cinayətlərdir. Məcəllənin sözügedən fəsli Həyat və Sağlamlıq əleyhinə olan cinayətləri əhatə etdiyindən bu cinayət işləri üzrə aparılan istintaq zamanı xüsusi biliyə zəruri ehtiyac olduğu üçün iş üzrə mütləq qaydada məhkəmə-tibb ekspertin rəyi alınmalı və cinayət əməli müvafiq ekspert rəyə uyğun tövsif edilməlidir. İbtidai istintaq orqanı da buna əməl edərək, Zərərçəkmiş şəxs cinayət nəticəsində sağlamlığına vurulmuş xəsarətin dərəcəsini müəyyən etmək üçün və alınmış xəsarətin dərəcəsinə uyğun olaraq təqsirləndirilən şəxsə ittiham elan etmək məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmiş və məhkəmə-tibbi ekspertizasının rəyi alındıqdan sonra növbəti prosessual hərəkətləri yerinə yetirmişdir. Lakin, məhkəmə istintaqı zamanı ilk olaraq təqsirləndiriən şəxsin müdafiəçi, daha sonra isə dövlət ittihamçısı tərəfindən verilmiş və məhkəmə tərəfindən təmin edilmiş vəsatətlərlər üzrə keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının və komisyon məhkəmətibbi ekspertizasının rəylərinə əsasən müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı keçirilmiş ilk məhkəmə-tibbi ekspertizasının gəldiyi nəticə düzgün olmamış, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yox, yüngül dərəcəli bədən xəsarəti yetirilməsi təsdiqini tapmışdır. Təbii ki, belə olan halda, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş xəsarətin ağırlıq dərəcəsinə uyğun tövsif edilməlidir. Həm təkrar məhkəmə-tibb ekspertizasının, həm də komisyon məhkəmə-tibbi ekspertizasının rəyləri Zərərçəkmiş şəxs cinayət nəticəsində sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirilməsini təsdiq etdiyindən, Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Həmçinin məhkəmə aşağıdakı məsələyə dair da fikir bildirməyi zəruri hesab edir: Belə ki, məhkəmə istintaqı zamanı dövlət ittihamını müdafiə edən prokuror məhkəməyə şifahi vəsatətlə müraciət edərək, iş üzrə yenidən əlavə komisyon ekspertizanın keçirilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, komisyon məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 365 saylı rəyin təsviri-əsaslandırıcı hissəsində “burun sümüyündə sınıq aşkar edildiyi təqdirdə bir burun dəliyindən tənəffüsün kəskin, hər iki burun dəliyindən isə mülayim pozulması aşkar edilərsə bu sağlamlığa az ağır zərərvurmaya aid edilir” kimi ifadə qeyd olunub. Buna görə də, zərərçəkmiş şəxsin burun dəliyində tənəffüsün hansı dərəcədə pozulmasını müəyyən etmək və bunun əsasında əlavə komisyon ekspertizanın keçirilməsinin zəruri olmasını hesab etmişdir. Müdafiə tərəfi vəsatətə münasibət bildirərək, əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə vəsatətin əsassız olması qənaətə gələrək, vəsatəti rədd etmişdir. Məhkəmə bu qənaətə ona görə gəlmişdir ki, Zərərçəkmiş şəxs hadisədən sonra Qusar rayonunda yerləşən “OKİ” klinikasında burun əməliyyat keçirmiş və məhkəmə tərəfindən həmin klinikadan alınmış məktubdan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığının əməliyyat öncəsi vəziyyəti bu cür qiymətləndirilmişdir: “Diaqnoz: Burun çəpərinin travmatik sınığı. Burun tənəffüsünün pozulması”. Zərərçəkmiş şəxsin əməliyyat olunduğu “OKİ” hospitalın məktubundan göründüyü kimi, Zərərçəkmiş şəxs əməliyyat öncəsi diaqnozu burun tənəffüsünün pozulması olsa da, bu pozulmaların hansı dərəcədə olması, yəni ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində göstərildiyi kimi bir burun dəliyindən tənəffüsün kəskin, yoxsa hər iki burun dəliyindən mülayim pozulması kimi müəyyən edilməmişdir. “OKİ” klinikasının həkimləri diaqnozda sadəcə olaraq burun tənəffüsünün pozulmasını qeyd etdiklərindən, bu məlumatlar əlavə komisyon ekspertizanın keçirilməsi üçün kifayət qədər əsaslı hesab edilə bilməz, ona görə ki, komisyon məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 365 saylı rəyin təsviri-əsaslandırıcı hissəsində “burun sümüyündə sınıq aşkar edildiyi təqdirdə bir burun dəliyindən tənəffüsün kəskin, hər iki burun dəliyindən isə mülayim pozulması aşkar edilərsə bu sağlamlığa az ağır zərərvurmaya aid edilir” cümləsi ona dəlalət edir ki, ekspert üçün burun dəliyində tənəffüsün hansı dərəcədə pozulmasını bilmək zəruridir. Məhkəmə belə hesab etmişdir ki, bu halda yenidən əlavə ekspertizanın keçirilməsi onsuzda uzun çəkən məhkəmə prosesinin yenidən lüzumsuz uzanmasına gətirib çıxaracağından, vəsatəti rədd etmişdir. Beləliklə də, məhkəmə yuxarıda sadalanlara əsasən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, həmçinin təkrar və komisyon ekspertiza rəyilərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı sübuta yetirilmir, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələrindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı müzəffər Azərbaycan ordusunun əldə etdiyi Qələbə nəticəsində Respublikada 8 Noyabr günü Zəfər Günü kimi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsini qərara almışdır. Həmin Qərarın 9.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 14-cü bəndinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23-cü bəndinə əsaəsn Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq aşağıdakı orqanlar tərəfindən tətbiq edilir: 23.5. məhkəmələr – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində. Sözügedən Qərarın 45-ci maddəsinə əsasən bu Qərarın 23.1–23.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar bu Qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər. Göründüyü kimi, Amnistiya Qərarının tətbiqinə dair 4 aylıq müddət məhkəmələrə aid edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğunun törətdiyi cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına tövsif edildiyindən və həmin cinayət əməli 18 iyul 2020ci ildə, yəni Amnistiya Qərarının qüvvəyə minməsindən əvvəl törədildiyindən, habelə təqsirləndirilən şəxs Amnistiya Qərarında qeyd edilən hər hansı məhdudiyyətin təsirinə düşmədiyindən Təqsirləndirilən şəxs oğunun barəsində Amnistiya Qərarının 9.1-ci bəndi tətbiq edilməli, cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutub qəraraaldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələrindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-5/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-5/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver