Məhkəmə qərarları › İş №1(067)-51/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-51/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-51/2022 12.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, 17 dekabr 2021-ci il tarixdə saat 18:30 radələrində o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri R.Behbudov küçəsində saxlanılıb gətirilərək, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan mixəyi rəngli gödəkcənin sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.230 qram və 0.277 qram olan heroin, həmçinin əynindəki şalvarın arxa sol cibindəki eynək qabının içərisindən şprisdəki 0.13 ml həcmli məhlulda təmiz çəkisi 0.007 qram heroin olmaqla ümumi təmiz çəkisi 0,514 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. 16 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Xaçmaz səhəri mərkəzi bazarın arxasındakı yük avtomobilləri idarəsinin həyətindən keçərkən yerdə bir ədəd sellofan torba tapmış, torbanı açıb içərisinə baxdıqda içərisində 01 ədəd ağ rəngli ip və eynək qabı olduğunu, eynək qabının içərisində isə 3 ədəd siqaret kağızı bükümləri, 3 ədəd işlənmiş şpris, bir ədəd boş şüşə ampula, bir ədəd boş dəmir vazelin qabı, bir ədəd alüminium folqadan hazırlanmış və üzəri qara lentlə sarınmış düzbucaqlı qapaq və bir ədəd də kiçik ölçülü üzəri qara lentlə sarınmış plastik qab olduğunu aşkar etmişdir. Kağız bükümləri açıb içərisinə baxdıqda ikisinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroin, bir ədədinin içərisində isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra bir ədəd plastik qabı açıb içərisinə baxdıqda orada da ağ rəngli maddə olduğunu aşkar etmişdir. Lakin plastik qabın içərisində olan maddənin nə olmasını bilməmişdir. Eynək qabının içərisindəki 3 ədəd şprislərdən birinin içərisində tünd qəhvəyi rəngli maye olmuşdur. O, tapdığı əşyaları gələcəkdə istifadə etmək məqsədilə özü ilə götürərək əynindəki gödəkçənin cibinə qoymuş və yoluna davam etmişdir. Ertəsi gün, 17 dekabr 2021-ci il tarixdə saat 18:30 radələrində Rəşid Behbudov küçəsi ilə evlərinə tərəf piyada gedərkən ona mülki geyimli iki nəfər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis işçiləri ilə birlikdə Polis Şöbəsinə gəlmiş, şöbənin inzibati binasında ona narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkil təqdim etmişlər. Daha sonra ona bildirmişlər ki, üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəkdir. O, da etiraz etməmiş, sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla gəzdirilməsi qadağan olunan hər hansı əşya varsa təqdim etsin. O, bir gün əvvəl yerdən tapdığı və üzərində şəxsi istifadəsi üçün saxladığı, narkotik vasitələri və eynək qabını içərisindəki əşyalarla birlikdə çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş 03 ədəd kağız büküm içərisindəki narkotik vasitələrlə birlikdə, 03 ədəd şpris, 01 ədəd şüşə ampula, içərisində ağ rəngli maddə olan 01 ədəd plastik qab müstəntiq tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək imzalanmış və maddi sübut kimi götürülmüşdür. Bununla bağlı tərtib edilmiş protokolu o, və digər iştirakçılar imzalamışlar. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 raport yazaraq rəhbərliyə məruzə etmiş, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə saat 18:30 radələrində Xaçmaz şəhəri R.Behbudov küçəsində müşahidəyə götürmüş və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasında Xaçmaz rayon X4 bölməsinin müstəntiqi Elxan Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl müstəntiq Elxan Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçəsinin sol yan cibindən 3 (üç) ədəd kağız bükümü, şalvarının arxa sol cibindən isə eynək qabını, gökçəsinin sağ yan cibindən isə bir ədəd ip, kibrit qutusu və bir ədəd iyirmi qəpik pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlər açılarkən ikisinin içərisindən qəhvəyi rəngli heroinə bənzər maddə, digərinin içərisindən isə ağ rəngli metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Eynək qabını açdıqda isə bir ədəd içərisində məhlul olan şpris və iki ədəd boş şpris, içində ağ kristal şəkkilli maddə olan bir ədəd plastik qab və bir ədəd sınmış boş ampula olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni, psixotrop maddəni və digər əşyaları tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd büküm, bir ədəd plastik qab, bir ampula və üç ədəd şpris kağız zərfdə qablaşdırılaraq götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək ucadan oxunmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan şəxsi axtarış keçirilməsi haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən 3 ədəd siqaret kağızı bükümünü, əynindəki şalvarın arxa sol cibindən isə 1 ədəd eynək qabını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin bükümlər açıldıqda ikisinin içərisindən tünd qəhvəyi rəngli kütlənin digər bükümdə isə ağ rəngli kütlənin metamfetaminə oxşar maddənin olduğu müəyyən edilmişdir. Eynək qabı açıldıqda isə bir ədəd içərisində maye olan və iki ədəd boş istifadə olunmuş şpris, bir ədəd boş vazelin qabı, bir ədəd içərisində ağ rənglu kristall şəkilli maddə olan plastik qab, bir ədəd sınmış şüşə ampula aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin norkotik vasitə və psixotrop maddəni və digər əşyaları tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən iki ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan kağız büküm və bir ədəd içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan kağız büküm və digər əşyalar bir ədəd zərfdə qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd 20 qəpik pul maddi sübut əhəmiyyəti daşımadığından özünə qaytarılmışdır. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd disk daşıyıcıya 21 yanvar 2022-ci il tarixdə müstəntiq tərəfindən təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 17 dekabr 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2021 -ci il tarixdli 6/5540 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki- 2 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,230 qram və 0.277 qram qram, ümumi təmiz çəkisi 0,507 qram qəhvəyi rəngli tozşəkilli maddə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd 1 ml-lik şprisdəki 0,13 ml həcmində qəhvəyi rəngli məhlul kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,007 qramdır. Heroin məhlul şəklində olduğu üçün və bükümdəki heroinlə eyni kimyəvi tərkibdə olub-olmamasını müəyyən etmək mümkün deyildir. 2 (iki) ədəd 1 ml-lik şprisin və bir ədəd boş şüşə ampulun içərisində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlərlə eyni tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir, Təqdim edilmiş heroinin ümumi təmiz çəkisi 0,514 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən norkotik vasitələrin” 1 ci siyahısına daxildir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,407 qram, metamfetaminin qalıq çəkisi 0,13 qram, mayenin qalıq çəkisi 0,065 ml təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 yanvar 2022-ci il tarixli 373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 20 dekabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,507 qram olan narkotik vasitə heroin, 01 ədəd şpris içərisindəki 0.3 ml heroin məhlulu ilə birlikdə, habelə üzərində heroin izləri olan 02 ədəd şpris və 01 ədəd boş şüşə ampul və şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,407 qram qalığı, 01 ədəd şpris içərisində heroin məhlulunun ekspertiza tədqiqatından sonra qalan 0,065 ml qalığı ilə birlikdə, üzərində heroin izləri olan 02 ədəd boş şpris və 01 ədəd boş şüşə ampul saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımış, 17 dekabr 2021-ci il tarixdə saat 18:30 radələrində o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri R.Behbudov küçəsində saxlanılıb gətirilərək, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan mixəyi rəngli gödəkcənin sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.230 qram və 0.277 qram olan heroin, həmçinin əynindəki şalvarın arxa sol cibindəki eynək qabının içərisindən şprisdəki 0.13 ml həcmli məhlulda təmiz çəkisi 0.007 qram heroin olmaqla ümumi təmiz çəkisi 0,514 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, Prokurorun təqsirləndirilən şəxsin tutlmadan azad edilib barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 19 dekabr 2021-ci il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 dekabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdən 19 dekabr 2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində məhkəmənin müvafiq axtarış qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(067)-51/2022 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 17 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 14 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 17 aprel 2022-ci il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 17 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,407 qram qalığı, 01 ədəd şpris içərisində heroin məhlulunun ekspertiza tədqiqatından sonra qalan 0,065 ml qalığı ilə birlikdə, üzərində heroin izləri olan 02 ədəd boş şpris və 01 ədəd boş şüşə ampul məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 114 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdən 19 dekabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,407 qram qalığı, 01 ədəd şpris içərisində heroin məhlulunun ekspertiza tədqiqatından sonra qalan 0,065 ml qalığı ilə birlikdə, üzərində heroin izləri olan 02 ədəd boş şpris və 01 ədəd boş şüşə ampul məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar