Məhkəmə qərarları › İş №1(067)-51/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-51/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-51/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Şəhər 1saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, müəyyənetdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 231-1.2.3-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213- 1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cinayət işi materiallarında olan Baş Prokurorun müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən qəbul edilmiş ittiham aktının məzmunundan bəndin xaric edilməsi və ittiham aktındakı tövsiflə müqayisədə əməlin cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif edilməsi və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək haqqında qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213- 1.2.3-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılaraq 32970178 nömrəli sıra nömrəsi verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2023-ci ilin avqust ayında Rusiya Federasiyasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə ümumilikdə xeyli miqdarda malları, yəni pirotexniki vasitə və külli miqdar dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmə, saxlama, Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Rusiya Federasiyasındakı üzvləri ilə birlikdə istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etdikləri 1 qutusunun qiyməti 7 manat təşkil edən 34090 manat dəyərində 4870 qutu “X4” markalı, 1 qutusunun qiyməti 6 manat təşkil edən 49620 manat dəyərində 8270 qutu “Parliament Heets” markalı, 1 qutusunun qiyməti 3,5 manat təşkil edən 1645 manat dəyərində 470 qutu “Chapman” markalı, 1 qutusunun qiyməti 5 manat təşkil edən 1000 manat dəyərində 200 qutu “Lono” markalı, 1 qutusunun qiyməti 5 manat təşkil edən 500 manat dəyərində 100 qutu “Unicco” markalı, 1 qutusunun qiyməti 5 manat təşkil edən 300 manat dəyərində 60 qutu “Ashima” markalı, 1 qutusunun qiyməti 5 manat təşkil edən 200 manat dəyərində 40 qutu “Mac” markalı, 1 qutusunun qiyməti 5 manat təşkil edən 500 manat dəyərində 100 qutu “Joy” markalı olmaqla külli miqdarda, cəmi 87855 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatları və 1 ədədinin qiyməti 10 manat olan 43200 manat dəyərində 4320 ədəd “3M Stage Fountain” markalı pirotexniki vasitə olmaqla, ümumilikdə, xeyli miqdarda, 131055 manat dəyərində malları idarə etdiyi “X3 1844” markalı 77KM610/99YC540 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin döşəmə örtüyünün altında əvvəlcədən xüsusi saxlanc yeri kimi hazırlanmış boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə saxlamış, həmin malları idarə etdiyi nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış, 11 avqust 2023-cü il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən Samur gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu iləqəsdən keçirmiş və 12 avqust 2023-cü il tarixdə saat 13 radələrində həmin postda qeyd olunan nəqliyyat vasitəsində həyata keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatları və pirotexniki vasitələr saxlanıldığı yerdən aşkar edilərək əməkdaşları tərəfindən götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-600/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 213-1.2.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 1(067)-51/2024 nömrəli hökmü və həmin məhkəmənin hazırkı iş üzrə 28 dekabr 2023-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilsin. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmasına xitam verilmiş və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri birinci instansiya məhkəməsində hazırlıq iclasının qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi çıxış edərək Sumqayıt Apellyasiya Məhkəməsində aidiyyət məsələsinə baxıldığını və cinayət işinin aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməsinə etirazlarının olmadığını bildirmişlər. Müdafiəçi Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında həbs qətimkan tədbiri birinci instansiya məhkəməsində hazırlıq iclasının qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılması hissəsi ilə razı olmadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin barəsində ibtidai istintaq orqanı tərəfindən məhkəmə baxışına verilənədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş hazırlıq iclasında qətimkan tədbirinə münasibət bildirilmiş və ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində hökmlə cəza təyin edilərkən həbsə alınmışdır. Həmin hökm ləğv olunmasına baxmayaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri bərpa olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya qaydasında şikayət verə bilərdilər, lakin işə baxılmasının yubadılmaması üçün kassasiya şikayəti verməmişlər. Təqsirləndirilən şəxs tərəfindən ev dustaqlığı qətimkan tədbirinin tələbləri pozulmamışdır. Yazılı vəsatətlə müraciət edərək ev dustaqlığı qətimkan tədbirinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək bildirmişdir ki, cinayət hadisə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən Samur gömrük postunda baş vermişdir. Həmin ərazi Qusar rayonu inzibati ərazi vahidinə daxil olduğundan hadisənin baş verdiyi inzibati ərazi vahidi Qusar rayonudur. Belə olan halda aidiyyət qaydaları pozulduğundan Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinə əsasən cinayət işi aidiyyət üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə münasibətdə bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən cinayət işinin aidiyyət üzrə Qusar Rayon Məhkəməsinə göndərilməsi barədə səlahiyyəti olmasına baxmayaraq, qətimkan tədbirinin dəyişdirilməsi səlahiyyətində deyil. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən hökm ləğv edilərkən həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Vəsatətin təmin edilməyərək cinayət işinin aidiyyət üzrə Qusar Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, 11 avqust 2023-cütarixdə baş vermiş cinayət hadisəsinin törədildiyi yer isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən Samur gömrük postu olduğundan, cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Qusar Rayon Məhkəməsinə göndərilməlidir. AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 231-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi məhkəmə aidiyyəti pozulmaqla Xaçmaz Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 231- 1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar