Məhkəmə qərarları › İş №1(067)-52/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-52/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-52/2025 21.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X16 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X2 iştirakı ilə xx xxxxxxx 1970-ci ildə Xaçmaz rayonu, İstisu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının əvvəllərində qardaşı X5 mülkiyyətində olmaqla Xaçmaz rayonu, İstisu qəsəbəsi, N.Nərimanov küçəsində, həmin qəsəbə məscidindən cənub istiqamətində 500 metr aralı məsafədə yerləşən və orada yaşayış evi olmayan həyətyanı torpaq sahəsində olan su arxının kənarında qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 12 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 13 iyul 2024-cü il tarixdə saat 21:00-21:15 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin Xudat PB-nin əməkdaşları tərəfindən X5 mülkiyyətində olmaqla Xaçmaz rayonu, İstisu qəsəbəsi, N.Nərimanov küçəsində, həmin qəsəbə məscidindən cənub istiqamətində 500 metr aralı məsafədə yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilərkən su arxının kənarında əkilmiş yaş vəziyyətdə ümumi çəkisi 135 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, mal otararkən çayın kənarından bir ədəd çətənə kolunu görmüş və götürərək gətirib kolların dibinə atmışdır. Daha sonra toxumlarını yığıb evin yanında əkərək qulluq etmiş və həmin toxumlar bitmişdir. Həmin cinayət əməlini törədərkən ona heç kim kömək etməmişdir və ya heç kimin onun etdiyi əməldən xəbəri olmamışdır. O, həmin çətənə kollarını öz istifadəsi üçün yetişdirmişdir. Marixuanadan 03 (üç) il müddətdə istifadə etmiş, digər narkotik vasitələrdən isə istifadə etməmişdir. Buna baxmayaraq narkotik vasitədən asılılığı yoxdur. O, etdiyi əməldən utandığını,peşman olduğunu və belə nəticələnəcəyini bilmədiyini, əgər bilmiş olsa idi həmin əməli törətməyəcəyini, həmin əməli törədənlərə qarşı gələcəkdə aidiyyəti dövlət orqanlarına köməklik göstərəcəyinə dair söz vermişdir. O, özünün yaşını, əlavə olaraq onun himayəsində 87 yaşlı yataq xəstəsi olan anasının, xəstə həyat yoldaşının olduğunu və ailənin bütün öhdəliklərinin onun üzərində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etməsibarədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən yay aylarının birində İstisu qəsəbəsində yaşayan Aydın adlı şəxsin narkotik vastilərin əkilib-becərilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq həmin əraziyə getmişlər və Aydın adlı şəxslə evinin yanında rastlaşmışlar. Onlar Aydına mövzunu izah etdiklərində Aydın etdiyi əməli etiraf edərək evinin yanında olan bağ sahəsinin yuxarı hissəsində kanalın yanında, kolluq ərazidə çətənə kollarını əkdiyini etiraf etmişdir və əmlaka baxış keçirilməsinə şərait yaratmışdır. Həmin çətənə kollarının gizli yerdə, yəni günəş şüası ilə şüalanan yerdə suyun kənarında otluq ərazidə əkildiyini bildirmişdir. Həmin yerə baxış keçirdiklərində Aydın təxminən 10-12 ədəd onun çəkilərini bilmədiyi çətənə kolunu onlara təqdim etmişdir. O, həmin kolların özünə məxsus olduğunu, öz istifadəsi üçün əkdiyini və özünün qulluq etdiyini bildirmişdir. Həmçinin o, təqsirləndirilən şəxsi əvvəldən narkotik vasitə istifadiçisi kimi tanımamışdır. Eyni zamanda təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. O, təqsirləndirilən şəxsin qardaşını tanıyır, məktəbdə müəllim işlədiyini və İstisu qəsəbəsində yaşadığından məlumatlıdır. O, təqsirləndirilən şəxsin qardaşının tərbiyəli insan olduğunu, problemli ailə olmadığını bildirmişdir. Onun təqsirləndirilən şəxsin həmin cinayət işi üzrə kiminləsə əlbir olması və ya başqa hər hansı cianayət törətməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Xudat PB-nın əməkdaşlarının dəvəti ilə İstisu qəsəbəsinə gedərək orada narkotik tərkibli çətənə koluna baxış keçirmişlər. Baxış keçirilərkən ayrı hissələr üzrə qulluq olunmuş vəziyyətdə əkilmiş 12 ədəd çətənə koluna bənzər kol, yəni hündürlüyü 20 sm-dan 80 sm-ya dək aqrotexniki qulluq edilmiş çətənə kolları onun tərəfindən müəyyən edilərək torpaqdan çıxardılıb təhvil verilmişdir. O, 80 sm-ya dək hündürlüyü olan kolların sayı 4-5 ədəd olduğunu bildirmişdir. Həmin çətənə kollarının çəkilərinin ölçüldüyünü, lakin onun səlahiyyətində olmadığı üçün çəkiləri ilə maraqlanmadığını bildirmişdir. O, kolları tərəzidə çəkilərkən qeyd etməyi üçün iştirak edir. Lakin 12 ədəd olduğundan və kiçik həcmlilər də olduğu üçün çəkiləri ölçülərkən o, iştirak etməmişdir. Belə ki, toxumlar torpaqa atıldıqda pərakəndə formada bitə biləcəyini, lakin həmin çətənə kollarına qulluq olunduğunu və həmçinin çətənə kollarının avqust, sentyabr aylarında ağac formasına düşdüyünü, iyul aylarında isə kiçik oduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 14 iyul 2024-cü il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - 13 iyul 2024-cü il tarixli “Mütəxəssis təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 11) müəyyən edilir ki, HK-1/2226 nömrəli material üzrə Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı idarəsində aqronom işləyən Şahid4 mütəxəssis qismində təyin edilmişdir. - 13 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 16) müəyyən olunmuşdur ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi, polis baş leytenantı X1 RPŞnin Yalama PB-nın CA üzrə əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin Xudat PB-nın polis nəfəri Şahid2, Xaçmaz RPŞ-nin Xudat PB-nın manqa komandiri Şahid3 və Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyən Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumatın yoxlanılmasından ötrü onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, İstisu qəsəbəsində qardaşı X7 məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi ilə bağlı Xaçmaz RPŞ-nin Xudat PB-nə daxil olmuş məlumatla əlaqədar qeyd olunan həyətyanı torpaq sahəsinə gəlib baxış keçirilmişdir. Nofəl Mədətxanova məxsus həyətyanı torpaq sahəsi Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində, həmin kənd məscidindən cənub istiqamətində 500 metr aralı məsafədə yerləşməklə ətrafı kollarla əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsindən su arxı keçir və su arxının kənarı nisbətən hündür olmaqla ətrafı bütünlüklə sıx kollarla əhatə olunmuşdur. Həyətyanı torpaq sahəsində bütünlüklə fındıq ağacları əkilmişdir. Təqsirləndirilən şəxs qardaşı Nofəl Mədətxanova məxsus həyətyanı torpaq sahəsində olan su arxının kənarına onları gətirdikdə kollardan təmizlənmiş yerdə çətənə bitkilərinə oxşar 20-80 sm arası hündürlükdə bitkilərin əkilib-yetişdirildiyini görmüşlər. Həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su tökülərək qulluq göstərilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkiləri onun əkdiyini, nə məqsədlə əkdiyini soruşduqda o, həmin yerdə olan çətənə bitkilərini istifadə etməsi məqsədi ilə özünün əkdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom ƏspəndiƏspəndiyevdə bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduqlarını, diblərinə su tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılıb sayıldıqda 12 ədəd olduğu müəyyən edilmiş və bir ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq möhürlənib həmin yerdə olan bir ədəd sarı rəngli plastmas qab və 01 ədəd bağ qayçısı ilə birlikdə götürülmüşdür. Təqsirləndirilən şəxs çətənə bitkilərinə oxşar bitkilər əkdiyi həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və görüntülərin köçürüldüyü disk protokola əlavə edilmişdir. - Xaçmaz rayon Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 xx.xx.2024-cü il tarixli “Rəy”indən (cild 01, vərəq 14) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən həyətyanı torpaq sahəsində olan su arxının kənarında, sıx kollarla əhatə olunmuş yerdə sıra ilə 12 ədəd çətənə bitkisinə oxşar bitkilər əkilmişdir. Çətənə bitkisinə oxşar bitkilər 20-80 sm hündürlükdə olmaqla diblərinə su tökülərək aqrotexniki qaydada qulluq göstərilməklə kultivasiya olunub becərilmişdir. Onlarla birlikdə baxışda iştirak edən Təqsirləndirilən şəxs da bildirmişdir ki, həmin həyətyanı torpaq sahəsi qardaşı Nofəl Mədətxanova məxsusdur, qardaşına məxsus həyətyanı torpaq sahəsində əkilmiş bitkilər çətənə bitkiləridir və çətənə bitkilərini o, özü əkib-yetişdirmişdir ki, yarpaqlarını yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Baxış zamanı çətənə bitkilərinə oxşar bitkilər köklərindən çıxarılaraq 01 ədəd polietilen torbada qablaşdırılaraq götürülmüşdür. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 40) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə, saat 22:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in“Çıxarış”dan (cil 01, vərəq 48) müəyyən edilir ki, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan (Qeydiyyat nömrəsi: **********) **********42 reyestr nömrəli 0.06 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/1152 (cild 01, vərəq 56) nömrəli ekspert rəyindən müəyyən edilir ki, üzərində “...Təqsirləndirilən şəxs bağ sahəsinin yanında.. ..” yazılan qara rəngli polietilen bağlamada 12 (on iki) ədəd yaş vəziyyətdə ümümi çəkisi 135 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərilmişdir.Çətənə bitkilərinin ümumi çəkisi 135 qram, təqdqiqata 0,06 qram sərf edildikdən sonra qalıq – 134,4 qram təşkil etmişdir. - 15 iyul 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan (cild 01, vərəq 63) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X19 tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 15 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsintutmadan azad olunması və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan və “İltizam”dan (cild 01, vərəq 78-82) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 16 iyul 2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 86) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Hafiz Əliyevin tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi haqqında videogörüntülərinə Təqsirləndirilən şəxs, tərcüməçi X3 və müdafiəçisi Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında 01 ədəd CD formatlı diskə baxış keçirilmişdir. - 16 iyul 2024-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan (cild 01, vərəq 88) və 01 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 01, vərəq 114) müəyyən edilir ki, Xaçmaz rayonu, İstisu qəsəbəsindəki həyətyanı torpaq sahəsində aşkar edilərək götürülmüş işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 134,4 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 01 ədəd plastmas qab və 01 ədəd bağ qayçısı saxlanmasından ötrü RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkilərini əkdiyi Xaçmaz rayonu, İstisu qəsəbəsindəki həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 (bir) ədəd “CD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 5(067)-175/2024 nömrəli qərarından (cild 01, vərəq 92) müəyyən edilir ki, Xudat PB-nın əməliyyat müvəkkili Şahid1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat tədbirinin keçirilməsinə dair 13 iyul 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 103) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. - Xaçmaz RİHB-nın İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 106) müəyyən olunmuşdur ki, MədətxanovNofəl Söhbət oğlunun adına Xaçmaz rayonu, İstis qəsəbəsi, N.Nərimanov küçəsində 0.06 ha nömrəsiz həyətyanı torpaq sahəsi vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 13 avqust 2024-cü il tarixli, 5544 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 01, vərəq 109) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 2-ci və 19-cu bəndlərinə əsasən məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİİ Siyahı), qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evin həyatyanı torpaq sahəsindən aşkar olunmuş kultivasiya etdiyi 12 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin yaş halda təmiz çəkisi 135 qram olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinə əsasənqanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 103) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 105) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs X8 ilə rəsmi nikahlarından 2015-ci il təvəllüdlü X10 adında azyaşlı uşağı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 107) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşadığı dövr ərzində özünü tərbiyəli bir vətəndaş kimi aparmışdır. Ona qarşı İstisu İƏD rəhbərliyinə heç bir şikayət daxil olmamışdır. Ailəsi ilə mehriban davranmışdır. Nümayəndəlik tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞin 21 yanvar 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, 1937-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə “Ürəyin xroniki işemik xəstəliyinin digər formaları. Essensailhipertenziya. Qaraciyərin başqa rubrikalarında təsnif olunmayan pis degenerasiyası, xroniki tubolointerstisial nefrit” diaqnozu ilə, xx.xx.2024-cü il tarixdə “Digər xroniki obstruktiv ağciyər xəstəliyi” diaqnozu ilə, xx.xx.2025-ci il tarixdə “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşaiət olunan stenokardiya. Ağciyərin digər dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi” diaqnozu ilə poliklinika şöbəsinə ambulator müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs yaşını, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən hallar olan bir azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, yaşını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 (iki) gün müddətdə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanılma müddəti, yəni cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs şətənə (kannabis) bitkilərini əkdiyi Xaçmaz rayonu, İstisu qəsəbəsindəki həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş qalıq çəkisi 134,4 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs Xaçmaz rayonu, İstisu qəsəbəsindəki həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş bir ədəd plastmas qab və bir ədəd bağ qayçısının cinayətlərin alətləri kimi istifadə olunması iş üzrə müəyyən edilmədiyindən qanuni sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbərtutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməqdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkilərini əkdiyi Xaçmaz rayonu, İstisu qəsəbəsindəki həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş qalıq çəkisi 134,4 qram olan 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-yə təhvil verilmiş Təqsirləndirilən şəxs Xaçmaz rayonu, İstisu qəsəbəsindəki həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş bir ədəd plastmas qab və bir ədəd bağ qayçısının cinayətlərin alətləri kimi istifadə olunması iş üzrə müəyyən edilmədiyindən qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış 01 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, maddi ziyanın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar