Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-56/2021 05.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X10 vəkili və nümayəndəsi Nümayəndə, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının, Dağıstan Respublikasının, Kayakənd rayonunun Kayakənd kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyasının, Dağıstan Respublikasının, Kayakənd rayonun Kayakənd kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonu İstisu qəsəbəsində kirayədə yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 22 noyabr 2020-ci il tarixdə saat 19 radələrində etibarnamə ilə idarə etdiyi Rusiya Federasiyası vətəndaşı X9 məxsus olan “Renault Magnum 480” markalı X326KP33 nömrə nişanlı soyuduculu qoşqusu olan yük avtomobili ilə Xaçmaz rayonu Xudat şəhəri istiqamətindən Qusar rayonu istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən yolun Xaçmaz rayonu Ləgər kəndi ərazisindən keçən hissəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və eyni Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin hadisə barəsində müvafiq orqanlara xəbər vermədən, xəsarət alana yardım göstərmədən hadisə yerindən getməməli olduğu halda, buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin yolun hərəkət hissəsini hərəkət istiqaməti üzrə sağdan sola keçmək istəyən piyada X15 vuraraq ehtiyatsızlıqdan sonuncuya burun kökü nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, sağ baldır nahiyəsinin cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol bud sümüyünün qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və ölümünə səbəb olan baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşahidə olunmuş alın nahiyəsinin əzilmiş yarası və alın sümüyünün açıq sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olmuş və idarə etdiyi Murad Qadjiyevə məxsus yuxarıda qeyd olunmuş avtomobilə 100 manat maddi ziyan vurmaqla, həmin avtomobillə yol nəqliyyat hadisəsi yerindən qaçmış, bununla da o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərdi ki, o uzaq qohumu olan Murad adlı şəxsə məxsus Renault Megan markalı X326KP33 dövlət qeydiyyat nişanlı avtomobillə yük daşınması ilə məşğul olaraq öz dolanışığını təmin edir. Hadisədən təxminən 8 gün öncə yəni ilk dəfə olaraq ölkələrarası yük daşımaq məqsədilə yuxarıda qeyd etdiyi avtomobillə Azərbaycan Respublikasına daxil olaraq İran İslam Respublikasına getmişdir. O, İran Respublikasının Astara şəhərindən badımcan aldıqdan sonra İran Respublikasından çıxaraq Rusiya istiqamətində hərəkətə başlamışdır. 21.11.2020-ci il tarixdə saat təxminən 19 radələrində həmin avtomobillə Xaçmaz rayonu Xudat şəhəri istiqamətindən Qusar rayonu istiqamətində hərəkət etmişdir. O, yol boyunca avtomobili tələb olunan hərəkət sürətində idarə etmişdir. Bir qədər hərəkət etdikdən sonra Qusar rayonu istiqamətinə polis postunun olduğunu görmüş və sürətini azaldaraq 50 km/saat sürətlə hərəkət edib posta daxil olmuşdur. Posta daxil olduğu anda orada hər hansı bir şəxsin olmasını görməmişdir. Yük maşınları üçün keçid sərbəst olduğundan postu rahat şəkildə tərk etmişdir. O hər hansı bir şəxsin yolun hərəkət hissəsində olub-olmamasını görməmişdir. Bundan sonra postun digər tərəfindən çıxaraq hərəkətini davam etdirmişdir. O, bir neçə kilometr getdikdən sonra polis əməkdaşları onu yolda saxlamışlar və onun yol nəqliyyat hadisəsi törətdiyini bildirmişlər. Polis əməkdaşları törətdiyi yol nəqliyyat hadisəsi zamanı bir insanın öldüyünü ona bildirmişlər. O bundan sonra polis əməkdaşları ilə birlikdə Xudat PB-nə getmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. Heç bir maddənin və spirtli içkinin təsiri altında olmamışdır. O, idarə etdiyi avtomobil hissələrinin qəzadan sonra düşməsini bilməmiş, daha sonradan avtomobilə baxdığı zaman bilmişdir. Posta daxil olduğu zaman hava qaranlıq olmuş və yüngül yağış yağmışdır. Həmin zaman asfalt yaş olmuşdur. Postu keçən zaman zaman yolda piyadanın olmasını görmədiyindən əyləci sıxmamışdır. Bu səbəbdən də, hadisə yerindən qaçmağı ilə bağlı olan ittihamı qəbul etmir. Onun qeyd olunan avtomovili idarə etmək, həmçinin yük daşımaq üçün icazəsi və müvafiq sənədləri olmuşdur. Postda heç kim ona dur əmri verməmiş və o diqqətlə baxmadığından orada hər hansı bir şəxslərin olmasını görməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 vəkili və nümayəndəsi Nümayəndə ifadə verərək göstərmişdir ki, 21.11.2020-ci il tarixdə saat 19 radələrində Xudat şəhərindən Qusar rayonu istiqamətində gedən yolda Xaçmaz rayonu Ləgər kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən X5 Könül Kərimağa qızının rəsmi nikahlı həyat yoldaşı olmuşdur. X3 Maqomedmurad Abdulkadiroviçi isə əvvəllər tanımamışdır. X13 ilə aralarında hər hansı bir münaqişə davadalaş və ədavət olmamışdır. Həmin gün X13 axşam saatlarında yaşadığı evdə olduğu zaman həyat yoldaşının yol nəqliyyat hadisəsi zamanı öldüyünü bilmişdir. Həyat yoldaşı Xaçmaz rayonu Xudat PB-də polis nəfəri vəzifəsində işləmişdir. Şahin həmin gün qeyd olunan yolda “covid-19” virusi ilə əlaqədar quraşdırılmış stasionar postda xidmətdə olmuşdur. Həmin zaman Xudat şəhəri istiqamətindən gələn yük avtomobili həyat yoldaşını vurmuşdur. X13 hadisəni görməmişdir. İstintaq zamanı verdiyi ərizədə imtina edir. İstintaq zamanı X13 ərizə vermişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, lakin hal-hazırda həmin ərizədən imtina edir, onu etibarsız hesab olunmasını xahiş edir, ona görə ki, təqsirləndirilən şəxs həyat yoldaşını öldürməsindən sonra, onlara maddi dəstək olmasına vədlər versə də, vədlərinə əməl etməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X7 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, onun özünə məxsus olan “Renault Magnum 480” markalı X326KP33 nömrə nişanlı yük avtomobili vardır. O, həmin yük avtomobili ilə Rusiya Federasiyası və qonşu ölkələrin ərazisində yük daşınması ilə məşğul olur. Təqsirləndirilən şəxs Dağıstan Respublikası Kayakent rayonu Kayakent sakini kimi tanıyır. X15 tanımır. 2020-ci ilin noyabr ayında o, özünə məxsus olan yuxarıda qeyd olunan yük avtomobilini Maqomedmurada etibarnamə ilə vermişdir. Belə ki, Maqomedmurad həmin avtomobillə Azərbaycan Respublikasından keçərək İran İslam Respublikasına getməli və həmin ölkədən yük kimi Rusiya Federasiyasına badımcan gətirməli imiş. 22.11.2020-ci il tarixdə o, yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs ona məxsus olan avtomobillə Azərbaycan Respublikası Xaçmaz rayonu ərazisində qəza törətməsini bilmişdir. Həmin zaman ona məlum olmuşdur ki, Maqomedmurad həmin avtomobillə polis əməkdaşını vurmuş və nəticədə polis əməkdaşı dünyasını dəyişmişdir. O, həmin hadisəni özü görməmişdir. Baş vermiş hadisə ilə bağlı hər hansı bir şəxsdən hər hansı bir şikayəti yoxdur. Hadisə zamanı onun avtomobilinə təxminən 5000 rubl, yəni 100 manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı heç bir mülki iddiası və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Xudat PB-də manqa komandiri vəzifəsini daşımaqla, polis baş sercantı rütbəsindədir. X2 əvəllər tanımamışdır. Onunla aralarında hər hansı bir münaqişə davadalaş və ədavət olmamışdır. X15 isə iş yoldaşı kimi tanımışdır. Şahin də Xaçmaz RPŞ-nin Xudat PB-də polis siravisi olaraq işləmişdir. Onunla da həmçinin aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Onlar 21.11.2020-ci il tarixdə Covid 19 (koronavirus) virusunun qarşısının alınması məqsədilə Xudat şəhəri ilə Qusar rayonu ərazisində quraşdırılmış, Xaçmaz rayonu Ləgər kəndi ərazisində yerləşən stasionar postda növbədə olmuşlar. Onlar həm Xudat şəhəri istiqamətindən həm də Qusar rayonu istiqamətindən hərəkət edən avtomobilləri saxlayaraq yoxlanış həyata keçirmişlər. Belə ki, həmin gün saat 19 radələrində o xudat şəhəri istiqamətindən gələn avtomobili yoxlamışdır. Həmin zaman Şahin Qocayev də yolun o olduğu hissəsində olmuşdur. Bu anda Qusar rayonu istiqamətindən avtomobilin gəldiyini görmüşlər. Şahin həmin avtomobilə dayanması üçün işarə etmişdir. Həmin avtomobil gəldiyi istiqamət üzrə yolun sağında dayanmışdır. Şahin həmin avtomobili yoxlamaq məqsədilə yolu Xuda-Qusar istiqamətinə görə sağdan sola normal addımlarla keçməyə başlamışdır. Bu anda o Xudat şəhəri istiqamətindən yük avtomobilinin sürətlə gəldiyini görmüşdür. Həmin avtomobil gəldiyi sürətlə yolun əks hərəkət hissəsində Şahin Qocayevi vurmuşdur. Bu zaman Şahin zərbənin təsirindən 30-40 metr kənara yolun sağ istiqamətində yıxılmışdır. Onlar nə qədər həmin yük avtomobilini saxlamağa cəhd etsələr də avtomobilin sürücüsü dayanmayaraq hərəkətini davam etdirmişdir. Bundan sonra o və postda olan digər əməkdaşlar təcili tibbi yardıma zəng etmişlər. O həmin yük avtomobilini görmüşdür. Belə ki yük avtomobilinin dövlət qeydiyyat nişanı X326KP33 markası isə “Renault” olmuşdur. O bu barədə Xudat polis bölməsinə məlumat vermişdir. Həmin yük avtomobili piyadanı qəzadan yan keçmək məqsədilə yolun əks tərəfində vurmuşdur. X20 zərbənin təsirindən həmin yük avtomobilinin hərəkət istiqamətində bir qədər getdikdən sonra yolun sağ tərəfində yıxılmış vəziyyətdə dayanmışdır. Onlar qəzadan sonra yük avtomobilinin arxasınca dayanması üçün işiq və səs siqnalları versələr də yük avtomobili hərəkətini davam etdirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, BDYPİ-nin YPXA-nın 2 tağım YPXB kiçik inspektoru vəzifəsində olmaqla, polis baş sercantı rütbəsindədir. X15 Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşı kimi tanıyır. Təqsirləndirilən şəxs isə tanımır. Onlarla aralarında əvvəllər hər hansı bir mübahisə davadalaş və ədavət olmamışdır. 22.11.2020-ci il tarixdə saat təxminən 19-20 radələrində iş yoldaşı olan Şahid3 ilə birlikdə xidməti ərazilərində xidmətdə olmuşlar. Həmin zaman Xaçmaz rayonu ilə Qusar rayonu arasında quraşdırılmış stasionar postda yol nəqliyyat hadisəsi baş verməsi barədə onlara məlumat verilmişdir. Belə ki, həmin postda xidmətdə olan X14 yük avtomobili tərəfindən vurulmasını və yol nəqliyyat hadisəsini törədən yük avtomobilinin hadisə yerindən Qusar rayonu istiqamətində qaçmasını, həmin yük avtomobilinin saxlanılmalı olduğunu bilmişlər. Həmin yük avtomobilinin Renault markalı Rus dövlət qeydiyyat nişanlı olması onlara bildirilmişdir. Bundan sonra onlar həmin yük avtomobilini saxlamaq məqsədilə Qusar rayonu istiqamətində hərəkət edən yük avtomobillərinə diqqətlə baxmağa başlamışlar. Bir qədər irəlilədikdən sonras Qusar rayonu Çubuqlu kəndi ərazisinə çatmamış “Renault” markalı X326KP33 rus dövlət qeydiyyat nişanlı yük avtomobili onların diqqətilərini cəlb etmişdir. Belə ki, həmin yük avtomobilinin ön hissəsindəki qoruyucu zərbədən sınmış vəziyyətdə olmuşdur. Onlar həmin yük avtomobilinə bir neçə dəfə saxlaması üçün işıq və səs siqnalları ilə işarə verdikdən sonra həmin yük avtomobilinin sürücüsü avtomobili saxlamışdır. Yük avtomobilinin sürücüsünün özünü aqressiv aparması onların diqqətilərini cəlb etmişdir. Onlar həmin yük avtomobilini saxlamaları barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə məlumat vermişlər və bir qədər sonra Xudat polis bölməsinin əməkdaşları həmin yerə gəlmişlər. Daha sonra baş vermiş yol nəqliyyat hadisəsinin həmin yük avtomobili ilə həmin sürücü tərəfindən törədilməsi dəqiqləşdirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3, Şahid2 ifadəsi ilə anoloji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X6 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibb ekspertizasının 22.11.2020-ci il tarixli 59 saylı rəyindən görünür ki, X14 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdi: baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşahidə olunmuş alın nahiyəsinin əzilmiş yarası və alın sümüyünün açıq sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sol bud sümüyünün qapalı sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, sağ baldır nahiyəsinin cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, burun kökü nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlər həyatı olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan şərait və müddətdə, yəni 22.11.20-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, Ş.Ş.Qocayevin ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunın xəsarətlər nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 3-5 saat əvvəl baş vermişdir. Ş.Ş.Qocayevin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-yol nəqliyyat hadisələri ekspertizasının 24.11.2020-ci il tarixli 8/2024 №-li rəyindən görünür ki, Renault Magnum 480 markalı X326KP33 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun” 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə trasoloji ekspertizasının 16.12.2020-ci il tarixli 8/2213 №-li rəyindən görünür ki, təqdim edilmiş “Renault Magnum 480” markalı, X326KP33 rus dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (radiator örtüyündə (oblisovkada), qabaq bamperində, qabaq sol farada, qabaq loqoda (emblemdə)) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetlə kontaktda olması, dəyməsi, o cümlədən şaquli istiqamətdə piyadanın (insanın) vurması nəticəsində yaranması mümkündür. Hadisə yerindən götürülmüş loqonun (emblemin) və gözlüyün təqdim edilmiş “Renault Magnum 480” markalı, X326KP33 Rus. Dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olması istisna edilmir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi özünün qismən etirafı, şahid ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 42-cı maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini, ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməsini, törətdiyi əməldən peşman olmasın cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyindən barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, axtarışa verilmiş və 03 avqust 2021-ci il tarixdə tutularaq saxlanılmışdır. AR CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. AR CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs barəsində secilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və ondan 200 (iki yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2020-ci ildən 26 iyul 2021-ci il tarixədək, yəni 08 (səkkiz) ay 04 (dörd) gün həbsdə və ev dustaqlığında saxlandığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, 08 (səkkiz) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxsdan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış və Xaçmaz RPŞ-nin cərimə meydançasında saxlanılan “Renault Magnum 480” markalı X326KP33 rus dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X4ytarılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-56/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-56/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver