Məhkəmə qərarları › İş №1(067)-57/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-57/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-57/2021 07.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1973-cü ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, Əbilov küçəsi dalan 1, ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 11 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin əməkdaşlarının “xxxx” QSC-nin Xudat dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu həmin xətt polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının ön sol cibində saxladığı 02 ədəd kibrit qutusunun içərisindən ayrı-ayrılıqda 5,471 qram və 6,357 qram olmaqla, ümumilikdə 11,828 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı işlə əlaqədar tutulmamışdan əvvəl yaşadığı Xudat şəhəri ərazisində yerləşən dəmir yolu stansiyası ərazisindən keçərkən relslərin yanından iki ədəd kibrit qutusu tapmış, həmin kibrit qutularını götürüb içinə baxarkən içərisində yaşıl rəngli kütlələrin olmasını görmüş, kibrit qutularında narkotik vasitə olan marixuananın olmasını aşkar etmiş, narkotik vasitədən hərdən bir istifadə etdiyi üçün kibrit qutularındakıların marixuana olduğunu bilərək öz istifadəsi üçün götürmüş, tapdığı həmin narkotik vasitəni iki ədəd kibrit qutusunda üzərində gəzdirərək daşımışdır. 11 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində o, həmin narkotik vasitədən istifadə etmək qərarına gəlmiş, buna görə evdən çıxaraq sakit bir yer axtarmış və Xudat dəmir yolu stansiyası ərazisinə gəlmişdir. Həmin yerdə sakit bir yer axtararkən ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olmalarını demişlər. Sonra barəsində onlara əməliyyat məlumatı daxil olması barədə onu məlumatlandıraraq Yalama st. XPB-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Orada onun anket məlumatlarını soruşaraq bölmənin Əli adlı təhqiqatçısının olduğu otağa dəvət etmişlər. Həmin otaqda təhqiqatçı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə onu məlumatlandırıb vəkillərin siyahısını təqdim etmiş, hüquqlarının müdafiəsi üçün vəkil seçməyini təklif edəndə o, siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən Müdafiəçi dəvət etmiş, onu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutmuş, bu barədə protokol tərtib etmiş, həmin protokolu o, müdafiəçisi ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı müdafiəçisinə onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyini təklif etmiş, lakin müdafiəçi şəxsi axtarış keçirilməsində şahid olacağını deyərək imtina etmişdir. O, buna etiraz etmədiyini qeyd edərək bu barədə ərizə yazmışdır. Sonra təhqiqatçı onu bölməyə dəvət edən iki nəfər polis əməkdaşının yanında barəsində daxil olmuş əməliyyat məlumatı barəsində təkrarən məlumatlandıraraq ona hüquq və vəzifələrini izah etmiş, videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olubolmamasını soruşmuşdur. O, etiraz etmədiyini bildirmiş, sonra təhqiqatçı videoçəkilişi aparmaq üçün otağa daha bir nəfər polis əməkdaşı dəvət etmiş, çəkiliş başladıqda ona hüquq və vəzifələri barədə bildiriş verərək ciblərində olan əşyaları çıxarıb qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. O da əynində olan qara rəngli şalvarın ön sağ və arxa sağ ciblərindən bir ədəd açar, bir ədəd “Nokia” markalı mobil telefon, üç ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq,bir ədəd 1 manatlıq pul əsginaslarını və şalvarının ön sol cibindən içərisində marixuana olan 02 ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuş, orada polis əməkdaşlarına təqdim etdiyi kibrit qutularının içərisindəki kütlələrin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra təhqiqatçı içərisində marixuana olan hər iki kibrit qutusunu onun yanında masanın üzərindən götürərək zərfə qoyulmuş, bundan sonra o, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz st. XPŞ-nin Xudat st. XPM-nın rəisi vəzifəsində xidmət edir. 11 yanvar 2021-ci il tarixdə Xudat şəhər sakini Təqsirləndirilən şəxs, yəni iş üzrə təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi və üzərində saxlaması ilə əlaqədar yaxalanması tədbirində ondan başqa Yalama st. XPB-nin polis əməkdaşı Şahid2 və həmin polis bölməsinin PPXM-nın polis nəfəri Şahid3 da olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra saat 23 radələrində iş üzrə Təqsirləndirilən şəxs stansiya ərazisinə gəldiyini görmüş, bu vaxt o, polis leytenantı Şahid2 və polis nəfəri Şahid3 təqsirləndirilən şəxsə yaxınlaşmış, özlərini təqdim edərək ona narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Yalama st. XPB-nə gəlmiş, bölmədə həmin şəxs özünü təqdim edərək Xudat şəhəri, Əbilov küçəsi dalan 1, ev 14-də yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin əynində qalın uzunqol köynək, qara rəngdə cins şalvar olmuşdur. Təqsirləndirilən şəxs Yalama st. XPB-nin inzibati binasına təhqiqatçı Əli Hüseynovun xidməti otağına dəvət edilmiş, bu vaxt o, Təqsirləndirilən şəxs barəsində rəhbərliyə məruzə etmiş, bundan sonra təhqiqatçı Əli Hüseynov xidməti otağında Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını deyərək vəkillər siyahısını təqdim edərək müdafiəçi seçməsini təklif etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən bölməyə Müdafiəçi dəvət etmiş, Təqsirləndirilən şəxs müdafiəçi ilə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokolu Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi imzalamışlar. Həmin vaxt təhqiqatçı müdafiəçiyə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsini təklif etmiş, lakin müdafiəçi şahid olacağını deyərək şəxsi axtarış keçirilməsindən imtina etmişdir. Buna Təqsirləndirilən şəxs etiraz etmədiyini deyərək bu barədə ərizə yazmış və sonra təhqiqatçı onun, Şahid2, Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna etirazının olub-olmamasını soruşmuş, sonuncu etirazının olmadığını demişdir. Sonra təhqiqatçı xidməti otağında Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək hüquq və vəzifələrinə dair bildiriş təqdim etmiş, sonuncuya üzərində olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Əliyar əynində olan qara rəngli cins şalvarın ön sağ və arxa sağ ciblərindən bir ədəd açar, bir ədəd “Nokia” markalı mobil telefon, üç ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, bir ədəd 1 manatlıq pul əsginasları və şalvarının ön sol cibindən içərisində yaşıl rəngdə kütlə olan 02 ədəd kibrit qutusunu təqdim edərək həmin kibrit qutularında narkotik vasitə - marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kibrit qutusunda narkotik vasitəni bir neçə gün öncə Xudat dəmir yolu stansiyası ərazisindən tapdığını və narkotik vasitələrdən uzun müddətdir ki, istifadə etdiyini, narkotik vasitələri tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxsdən həmin narkotik vasitələri satmaq niyyəti olub-olmaması soruşulmuş, o isə satmaq niyyəti olmadığını, özünün istehlakı üçün saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı içərisində marixuana olan həmin iki ədəd kibrit qutusunu zərfə qablaşdıraraq ekspertizaya təqdim edilməsi üçün zərfin üzərini möhürləmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, o və digər iştirakçılar tərtib edilmiş protokolla tanış olmuş və imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və DVD diskə məhkəmə iclasında kompyuter vasitəsi il baxış keçirilərək müəyyən olundu ki, qeyd olunan tarixdə Xaçmaz st. XPŞ-nin Yalama XPB-də Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu, sağ yan cibindən bir ədəd aşar, bir ədəd “Nokia” markalı telefon, arxa sağ cibindən üç ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, bir ədəd 1 manatlıq əsginasları çıxardaraq masanın üzərinə qoymuşdur. 02 ədəd kibrit qutusu açıldıqda hər iki qutuda yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin iki ədəd kibrit qutusu içərisindəki həmin bitki mənşəli kütlələr ilə birlikdə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2021-ci il tarixli, 7/56 №-li ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 5,471 qram və 6,357 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ümumi çəkisi 11,828 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatına 0,1 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra ümumi qalıq çəkisi 11,728 qram təşkil etmişdir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə təmiz çəkisi 11,828 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 11,728 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz st. Xətt Polis şöbəsinin anbarında RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 27 yanvar 2021-ci il tarixli, 221 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 04 mart 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisi 11,828 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 11 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin əməkdaşlarının “xxxx” QSC-nin Xudat dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu həmin xətt polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının ön sol cibində saxladığı 02 ədəd kibrit qutusunun içərisindən ayrı-ayrılıqda 5,471 qram və 6,357 qram olmaqla, ümumilikdə 11,828 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş 15.01.2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəli olmaqla Xudat şəhərində yaşadığı müddətdə özünü sakit, mülayim xarakterli, ətrafdakılara qarşı qayğıkeş və təmkinli göstərmişdir. Hər hansı mübahisə və qonşular arası söz-söhbətdə iştirak etməmişdir. Onun barəsində Xudat şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ailəli olmasını və yaşadığı yer üzrə sakit və mülayim xarakterli şəxs kimi xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin barəsində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 yanvar 2021-ci il tarixli protokoldan və 13 yanvar 2021-ci il tarixli “tutmadan azad etmə və təqsirləndirilən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş ümumilikdə təmiz çəkisi 11,828 qram təşkil etmiş narkotik vasitə - qurudulmuş marixuanadan tədqiqata 0,1 qram sərf edildikdən sonra ümumi qalıq çəkisi 11,728 qram təşkil edir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə təmiz çəkisi 11,828 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə təmiz çəkisi 11,728 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi Xaçmaz st. Xətt Polis şöbəsinin anbarında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz st. Xətt Polis şöbəsinin anbarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz çəkisi 11,728 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat 82 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz st. Xətt Polis şöbəsinin anbarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza tədqiqatından sonra ümumilikdə təmiz çəkisi 11,728 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat 82 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar