Məhkəmə qərarları › İş №1(067)-57/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-57/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-57/2022 12.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi X1 iştirakları ilə xx xxxxxxx 1999-cu ildə Xaçmaz rayonunun Müqtədir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, 18 oktyabr 2021-ci il tarixdə cəzanı çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Xaçmaz rayonunun İstisu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə Xaçmaz şəhəri, S.Rüstəm küçəsində 2 nömrəli evin həyətinin giriş qapısının qarşısında dayanmış, Zərərçəkmiş şəxs məxsus VAZ-2106 markalı, ** BU *** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olduqdan sonra, sükanın altında olan naqilləri bir-birinə birləşdirməklə avtomobili işə salmış, həmin avtomobil ilə Xaçmaz-Xudat yolunda hərəkət edib sağ tərəfə dönüb Çiləgir kəndi istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək, yolun sol kənarında olan torpaq təpəyə dəyərək qəza törətmiş, bununla da o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 12 fevral 2022-ci il tarixdə saat 18 radələrində o, gəzmək üçün Xaçmaz şəhərinə gəlmiş, Xaçmaz-Xudat yolunun kənarında olan adını bilmədiyi kafedə oturub təxminən 6 bakal pivə içdikdən sonra saat 22 radələrində yaşadığı Müqtədir qəsəbəsinə getmək üçün kafedən çıxmışdır. Piyada gəzə-gəzə Xaçmaz-Xudat yolunun kənarında yerləşən “Yaşıl bağ” restoranının qarşısına gəlmişdir. Həmin vaxt yaxınlıqda VAZ 2106 markalı avtomobilin dayandığını görmüş, gecə olduğu üçün həmin avtomobili işə salıb avtomobil ilə Müqtədir qəsəbəsinə, yaşadığı evə getməyi, səhəri gün avtomobili qaytarıb yerinə qoymağı fikirləşmişdir. Bu məqsədlə, avtomobilin qabaq sol oturacağına əyləşib sükanın alt hissəsində olan naqilləri dartıb çıxararaq, naqilləri birbirinə toxundurub avtomobili işə salmış, avtomobilin işlək vəziyyətdə qalması üçün naqilləri əli ilə bir-birinə sıxıb, bir əli ilə də avtomobili idarə edərək yola düşmüşdür. Bir qədər hərəkət etdikdən sonra əlində tutuduğu naqillərin qızmağa başladığını görmüş, sonra həmin naqillər tamamilə qızıb barmaqlarını yandırmağa başlamışdır. Buna görə də o, həmin naqilləri əlindən buraxdıqda avtomobilin qabaq işıqları sönmüş, o, yolu görə bilmədiyi üçün idarə etməni itirdiyindən avtomobil nəyəsə çırpılmış və o, qəza törətmişdir. Qəza baş verərkən bir anlıq özündən getmiş, az sonra özünə gəldikdə avtomobilin arxa oturacağında uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Özünə gəlib avtomobildən enmiş, az sonra tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşduqda o, heç bir şey olmadığını demiş, sonuncu qəzanın baş verməsini gördüyünü bildirmişdir. O da həmin şəxsə hər şeyin yaxşı olduğunu demiş, lakin həmin şəxs oradan getməmişdir. Bundan sonra oraya tanımadığı polis əməkdaşı gəlmiş və ondan nə baş verdiyini soruşduqda, o, qorxduğu üçün heç bir şeyin olmadığını, avtomobilin kimə məxsus olduğunu və qəzanı kimin törətdiyini bilmədiyini demişdir. Həmin polis əməkdaşı Xaçmaz rayon Polis rayon Polis Şöbəsinin əməkdaşlarını dəvət etmiş və bir qədər sonra oraya çoxlu sayda polis əməkdaşları gəlmişdir. Daha sonra o, həmin polis əməkdaşaları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlmiş və orada izahat verərək avtomobili qaçırdığını bildirmişdir. Zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə imkanı yoxdur və ödəməyəcəkdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 11 fevral 2022-ci il tarixdə saat 20 radələrində evə gələrək idarə etdiyi “VAZ 2106” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Xaçmaz şəhəri, S.Rüstəm küçəsində, 2 nömrəli evin giriş qapısının qarşısında saxlayıb yaşadığı evə daxil olmuşdur. Həmin gün dayısıgil və xalasıoğlu onların evinə qonaq gəlmişlər. Dayısının idarə etdiyi avtomobil onun yaşadığı evin giriş qapısında dayandığından, o, avtomobili qonşusunun qapısının qarşısında saxlamışdır. Avtomobilinin qapılarının bağlanma yerinə su düşdüyündən, avtomobilin qabaq sağ qapısı və arxa sol qapısı yaxşı bağlanmamışdır. 12 fevral 2022-ci il tarixdə saat 00:05-də qonaqları yola salmaq üçün yaşadığı evin qarşısına çıxdıqda avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. O, xalasıoğluna zəng edib avtomobilini görübgörmədiyini soruşmuş, xalasıoğlu Tural Ağakişiyev ona avtomobilin harada olmasından xəbəri olmadığını, saat 22 radələrində onlardan gedərkən avtomobilin qonşunun qapısının qarşısında olduğunu bildirmişdir. O, avtomobilinin qaçırılmasından şübhələnib, saat 00:14 radələrində DİN-nin 102 xidmətinə zəng edib naməlum şəxs tərəfindən, özünə məxsus VAZ 2106 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılmasını bildirmişdir. Bundan sonra Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsindən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq onu ərizə yazmaq və izahat vermək üçün Polis Şöbəsinə dəvət etmişlər. O, dayısı ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gəlib, avtomobilinin qaçırılması barədə ərizə yazmış və izahat vermişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə avtomobilini qaçırılmamışdan əvvəl saxladığı yerə gedib, həmin yeri polis əməkdaşlarına təqdim etmişdir. Həmin yerə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Avtomobilin qaçırıldığı yerə baxış keçirilən zaman, polis əməkdaşına zəng olunaraq avtomobilin tapıldığı bildirilmişdir. Sonradan ona məxsus avtomobilin Xaçmaz rayonunun Çiləgir kənd yolunda olduğu ona məlum olmuşdur. O, təhqiqatçı ilə birlikdə avtomobilin tapıldığı yerə getmiş, oraya çatarkən avtomobilinin Xaçmaz-Xudat yolundan Xaçmaz rayonunun Çiləgir kəndinə gedən yolda qəzalı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt avtomobili qaçıran şəxs Təqsirləndirilən şəxs da orada olmuşdur. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olmaqla dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çiləgir kəndində yaşayır. 12 fevral 2022-ci il tarixdə o, dostu ilə Xaçmaz şəhərində yeyib-içdikdən sonra yaşadığı Çiləgir kəndinə yola düşmüşdür. Xaçmaz-Xudat-Yalama yolundan Çiləgir kəndinə gedən yol ilə piyada gedərkən yolun dəmir yol keçidi olan körpüsünə yaxınlaşdığı zaman yolda bir ədəd avtomobilin qaldığını görmüşdür. Əvvəlcə avtomobilin xarab olub yolda qaldığını düşünmüş, avtomobilə yaxınlaşdıqda Çiləgir kəndinin sakinlərinə məxsus avtomobil olmadığını görmüşdür. Avtomobilin qarşısında dayanmış şəxsə yaxınlaşmış, kim olduğunu və avtomobilə nə olduğunu soruşduqda, həmin şəxs heç nə olmadığını demişdir. Bu zaman həmin şəxsin sərxoş vəziyyətdə olduğunu başa düşmüşdür. O, qəzanın necə baş verdiyini soruşmuş, həmin şəxs də avtomobili idarə edən zaman idarə etməni itirib qəza törətdiyini bildirmişdir. Ondan harada yaşadığını soruşduqda, sonuncu Müqtədir qəsəbəsində yaşadığını bildirmişdir. Daha sonra həmin şəxsdən Çiləgir kəndində nə axtardığını soruşduqda sonuncu cavab verməmişdir. Bu zaman həmkəndlisi, polis əməkdaşı Şahid1 oraya gəlmiş, avtomobilin sürücüsünün sərxoş olduğunu görüb sonuncudan avtomobilin sənədlərini istəmişdir. Həmin şəxs avtomobilə dair sənədlərinin olmadığını bildirmişdir. Murad avtomobilin sürücüsündən avtomobilin kimə məxsus olduğunu soruşduqda, həmin şəxs avtomobilin sahibini tanımadığını bildirmişdir. Murad avtomobilin qaçırıldığından şübhələnərək dərhal Xaçmaz rayon Polis Şöbəsinə bu barədə məlumat vermiş, bundan sonra oraya polis əməkdaşları gəlmişdir. Sonradan ona Muxammed İsayev tərəfindən Zərərçəkmiş şəxs məxsus avtomobilin qaçırıldığı məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 12 fevral 2022-ci il tarixli, 160-3817-1222 saylı məktubundan görünür ki, “Vaz 2106” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil Xaçmaz rayonunun Digah-oba kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs adınadır. İş materillarında olan “Avtomotoservis və Ticarət Müəssisəsi Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasından” alınmış 17 fevral 2022-ci il tarixli T1364 nömrəli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği 1051 (min əlli bir) manat təşkil edir. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 15 fevral 2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, VAZ 2106 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 04 mart 2022-ci il tarixli tələbnamədən və Xaçmaz rayon məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 1(067)- 78/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 1(067)-78/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, 18.10.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli, 104 saylı arayışdan, AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun İstisu qəsəbəsində yaşayır, ailə tərkibi 1963-cü il təvəllüdlü anası X6, 1993-cü il təvəllüdlü qardaşı X3 və 2015-ci il təvəllüdlü qızı X2 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə Xaçmaz şəhəri, S.Rüstəm küçəsində 2 nömrəli evin həyətinin giriş qapısının qarşısında dayanan, Zərərçəkmiş şəxs məxsus VAZ-2106 markalı ** BU *** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq məqsədi ilə avtomobilin qapısını açaraq içərisinə daxil olduqdan sonra, sükanın altında olan naqilləri bir-birinə birləşdirməklə avtomobili işə salmış, həmin avtomobil ilə Xaçmaz-Xudat yolunda hərəkət edib sağ tərəfə dönüb Çiləgir kəndi istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək, yolun sol kənarında olan torpaq təpəyə dəyərək qəza törətmiş, bununla da o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun əvvəllər məhkum olunub islah olunmayaraq, yenidən qəsdən cinayət törətməsini, iş üzrə dəymiş ziyanı aradan qaldırmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 12 fevral 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin təqsirləndirilən şəxsin X7 azad edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin 14 fevral 2022-ci il tarixli qərarı ilə həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə X7 həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 12 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan “Vaz-2106” markalı, ** BU *** qeydiyyat nişanlı avtomobilin sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilmədiyini bildirsə də cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək təqsirləndirilən şəxs Muxammed İsayevə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun təqsirləndirilən şəxs Muxammed İsayevə qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 12 may 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-2106” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması, həmçinin cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar