Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-57/2025 09.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X11 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxsin nümayəndəsi: X9 Müdafiəçi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1990-cı ildə Xaçmaz rayonu, Çaykənarı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Çaykənarı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2024-cü ilin fevral ayının ortalarında heç bir xüsusi icazəsi olmadan Xaçmaz rayonunun Çaykənarı kəndinin şimal hissəsində kənd sakini Nurməmmədov NamikTofik oğlunun yaşadığı evdən qərb istiqamətində 12 metr aralı məsafədə yerləşən kəndarası yolun kənarında, X6 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (meyvə bağına) bitişik, Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin mülkiyyətində olan ərazidən meşə fonduna daxil olmayan köküstə yaş vəziyyətdə diametrləri 50, 60 və 67 sm olan “Söyüd” cinsli ağacları elektrikli ağac kəsən mişarla qanunsuz olaraq qəsdən kəsib götürməklə təbiətə xeyli miqdarda, yəni 4050 (dörd min əlli) manat məbləğində maddi ziyan vurmuş, bununla da o, meşə fonduna daxil olmayan ağacları, yəni məhdud istifadəli (məhəllədaxili) yaşıllıqları qanunsuz kəsməklə (götürməklə) xeyli miqdarda ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fevral ayının ortaları qazla təmin olunmadığından və evdə uşaqlarına soyuq olduğuna görə yandırmaq üçün ittihamda qeyd edilən ağacları kəsmişdir. O, iş yerinin olmadığını, kənd sakinlərindən kim nə iş təklif etsə gedib işlədiyini bildirmişdir. Həmin söyüd ağaclarının kəsilməsini ona kimsə sifariş verməmiş və ağaclar evin önünü kəsməmişdir. Yandırmağa odunu olmadığı üçün həmin ağacları kəsmişdir. Əvvəllər bağ sahələrində işlədiyi üçün bağlarda kəsilərək çıxarılan meyvə ağaclarını odun kimi yandırmaq üçün evinə aparmışdır. Lakin son zamanlar usta yanında fəhlə işlədiyi üçün yandırmağa odunu qurtarmışdır. O, həmin ağacları günorta saatlarında kəsmiş, həmin vaxt yoldan keçən şəxslər ağacları kəsdiyini görmüşlər. Həmçinin o, ağacları kəsmək barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etməmişdir və ya bu barədə heç kimə məlumat verməmişdir. Təxminən bir ay yarımdan sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib araşdırma aparmışlar. Araşdırma zamanı həmin ağacları onun kəsməyi barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına məlumat verilmişdir. O, etdiyi cinayət əməlini etiraf etmişdir. Ağacları kəsərkən yanında kimsə olmamışdır və ağacları kəsib sobaboyu doğradıqdan sonra evə aparıb yandırdmışdır. Evi hadisə yerinin yaxınlığında yerləşir. O, maddi imkansızlığı səbəbindən dəymiş ziyanı ödəməmişdir, iş yeri isə yoxdur. Yaşadığı ünvan 2 ünvanına qaz çəkdirməmişdir. Yaşadığı kənddə isə odun satılır, lakin həmin ərəfədə maddi imkanı olmadığından yandırmaq üçün odun ala bilməmişdir. Nəqliyyat vasitəsi olmadığı üçün isə quru odun haradansa gətirə bilməmişdir. O, həmin ağacları matorlu mişarla təxminən bir saat ərzində kəsib doğramışdır. Doğradığı odunları əl arabası ilə həyətinə daşımaqda bir neçə nəfər ona köməklik göstərmişlər. Lakin onlar ağacları kəsdiyi zaman görməmişlər. Belə ki, nəqliyyat vasitəsi olmadığı üçün yaxınlıqda olan, yəni evindən 25-30 metr aralı məsafədə olan həmin ağacları kəsmişdir. Həmin ağacların gövdələri yoğun olmasına baxmayaraq, təxminən 10 il əvvəl baş hissələri kəsildiyindən yeni budaqları pöhrələnmişdir. Ona görə həmin ağaclardan yandırmaq üçün az odun əldə etmişdir. İki körpə uşağı var və etdiyi əməlin cinayət olduğunu dərk edir. Həmçinin etdiyi əmələ görə üzr istəyir və barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməklə (götürməklə) xeyli miqdarda ziyan vurmasıbarədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqının yekun iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 məhkəmə iclasında təqsirləndirilən şəxsin etdiyi əməli etiraf etməsi, səmimi yanaşması və peşmançılıq hissələrini nəzərə alaraq mümkün yüngülləşdirici hallardan istifadə edilib aşağı həddə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclaslarında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 07 mart tarixdə əməkdaşları ərazidə xidməti reyd keçirdikləri zaman 03 ədəd ağacın kesildiyini müşahidə edərək Akt tərtib etmişlər. İdarə tərəfindən aidiyyəti materiallar toplanaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Cinayət tərkibi olduğuna görə nazirlik tərəfindən material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan işin araşdırılması Xaçmaz RPŞ-yə həvalə olunduqdan sonra Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən kəsilən həmin ağacları kəsən şəxsin Təqsirləndirilən şəxs olması aşkar edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı Qərarında qeyd olunmuşdurki, dəymiş ziyanın məbləği 1000 manatı keçməsi cinayət işi başlanmasına əsas verir. Məhkəmə istintaqı zamanı şahid X12 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, əmisi oğlu ilə birlikdə bağ sahəsinə işləməyə getdikləri vaxt qonşusu Təqsirləndirilən şəxs onları yanına çağırıb odunların daşınmasında kömək etmələrini istəmişdir. Təqsirləndirilən şəxs maddi imkanı olmadığına görə həmin əməli törətmişdir. Təqsirləndirilən şəxs onları köməyə çağırdığında odunları doğrayıb hazır vəziyyətə gətirmişdi. Onlar Təqsirləndirilən şəxs odunları həyətinə daşınmasında köməklik göstərmişlər. Həmin odunları iki dəfə matorlu yük arabası ilə Səxavətin həyətinə daşımışlar. O, həmin ağacların kəsilməsinin qanunsuz olduğunu sonradan bilmişdir. Lakin Səxavət evin elektrik təchizatını qonşusundan təmin edir, qazla isə təmin olunmadığından odunların daşınmasında köməklik göstərmişdir. Lakin onlar həmin odunlardan öz həyətlərinə aparmamışlar. Onlar Səxavətə kömək etmək məqsədilə getdiklərində sonuncu tək olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 06 iyun 2024-cü il tarixli “Cinayət işi başlanması haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri X22 tərəfindən Cinayət təqibindən kənar icraatlar idarəsində toplanmış 81C-24 nömrəli materialı Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisində xeyli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Xaçmaz rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 Xidmətinə ünvanlandığı xx.xx.2024-cü il tarixli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X7 Xidməti tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublardan, həmin məktublara əlavə edilmiş 84160 nömrəli, 07 mart 2024-cü il tarixli “Akt”dan, Xaçmaz RİHB-nın Çaykənarı kənd İƏD-də nümayəndəsinin 07 mart 2024-cü il tarixli “Arayış”dan, hesablama cədvəlindən və fotoşəkillərdən (cild 01, vərəq 04-12) müəyyən edilir ki, Xaçmaz rayonu, Çaykənarı kənd ərazisində kəndin şimal hissəsində kənd daxili yolun kənarında 03 (üç) ədəd yaş halda söyüd cinsinə mənsub bioloji inkişafda olan müxəlif diametrdə olan ağacların şəxs və ya şəxslər tərəfindən qanunsuz olaraq kəsilməklə məhv edilməsi nəticəsində təbiətə cəmi 4050,00 (dörd min əlli) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. - “Baxış keçirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və audio diskdən(cild 01, vərəq 14-20) müəyyən edilir ki, Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisindən, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində 03 (üç) ədəd köküstə yaş söyüd ağaclarının qanunsuz olaraq kəsdiyi yerə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuoru, İİ dərəcəli hüquqşünas X3 RİHB-nın Çaykənarı kənd İƏD üzrə nümayəndəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişinin, idarənin mühafizə yegerinin və Çaykənarı kənd sakini X4 iştirakları ilə birlikdə baxış keçirərək protokol tərtib etmişdir. - 03 iyul 2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 30) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə fakta görə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqı aparılmasından ötrü icraatına qəbul edilmişdir. - 06 iyul 2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan (cild 01, vərəq 32) müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - 06 iyul 2024-cü il tarixli “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan (cild 01, vərəq 38) müəyyən edilmişdir ki, 3-14-44/2- 594/2024 nömrəli etibarnamə əsasında ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş hüquqi şəxs “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi”nin nümayəndəsi qismində tanınmaqla prosesə buraxılması və ona hüquq və vəzifələrinin izah edilməsi barədə qərar qəbul olunmuşdur. - 08 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 48) müəyyən edilmişdir ki, cinayət işi üzrə kompleks məhkəməbioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də rəy alınması mümkün olmamış və bununla da təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin əməlinə obyektiv hüquqi qiymət verilməsi mümkün olmadığından Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 7/1244-9/6176 nömrəli ekspert rəyindən (cild 01, vərəq 52) müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Xaçmaz rayon polis şöbəsinin 02 avqust 2024cü il tarixli məktubuna əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli 84160 nömrəli aktda göstərilən məlumatlara əsasən – Xaçmaz rayonu, Çaykənarı kənd bələdiyyəsinin ərazisində köküstə yaş vəziyyətdə 50, 60 və 67 sm diametrli Söyüd cinsli ağacların kəsilməsi müəyyən olunmuşdur. Aparılmış tədqiqat nəticəsində, rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə, Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2024-cü il tarixli, 84160 nömrəli aktına əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 ədəd köküstə yaş vəziyyətdə söyüd ağaclarının qanunsuz götürülməsinə (məhv edilməsinə) görə təbiətə dəymiş ziyanın ümumi məbləği 4050,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və dəymiş ziyan rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. - 84160 nömrəli, 07 mart 2024-cü il tarixli “Akt”ın təsdiqlənmış surətindən, Xaçmaz RİHB-nın Çaykənarı kənd İƏD-də nümayəndəsinin 07 mart 2024-cü il tarixli “Arayış”ın təsdiqlənmiş surətindən, hesablama cədvəlinin təsdiqlənmiş surətindən və fotoşəkillərin surətlərindən (cild 01, vərəq 56-65) müəyyən edilir ki, Xaçmaz rayonu, Çaykənarı kənd ərazisində kəndin şimal hissəsində kənd daxili yolun kənarında 03 (üç) ədəd yaş halda söyüd cinsinə mənsub bioloji inkişafda olan müxəlif diametrdə olan ağacların şəxs və ya şəxslər tərəfindən qanunsuz olaraq kəsilməklə məhv edilməsi nəticəsində təbiətə cəmi 4050,00 (dörd min əlli) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. - 26 sentyabr 2024-cü il tarixli “Cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 70) müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 26 sentyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 01, vərəq 76-80) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının ortalarında Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisindən, Xaçmaz rayonu, Çaykənarı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən bir-birinə yaxın məsafədə yerləşən, sıra ilə əkilmiş üç ədəd Söyüd ağacları qanunsuz olaraq dib kökündən kəsdiyi yeri əyani şəkildə göstərmişdir. - 26 sentyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 82) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. - 26 sentyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 101-103) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Xaçmaz RİHB-nın Çaykənarı kənd İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən və ona əlavə edilmiş Ş/V-nin surətlərindən (cild 01, vərəq 107-108) müəyyən edilir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Çaykənarı kənd (Alekseyevka) sakinidir və həmin kənddə qeydiyyatdadır. Tam orta təhsillidir, təhsilini bitirdikdən sonra isə hərbi xidmət borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra ailəsinə məxsus pay torpaqlarında çalışmışdır. O, həmin kənddə yaşadığı dövrdə özünü fəal və nümunəvi bir vətəndaş kimi göstərmiş, kəndin sosial həyatında yaxından iştirak etmişdir. Barəsində kənd camaatı və əlaqədar təşkilatlardan Xaçmaz rayonu, Çaykənarı kənd İƏD-nin nümayəndəliyinə heç bir şikayət və mənfi məlumat daxil olmamışdır. Fərdi əməklə məşğuldur, ailəlidir və iki azyaşlı övladı var. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 118) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 11 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 120) müəyyən edilir ki, Qərarın təsviri hissəində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilmiş hesab edilmişdir. Şahid2 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 259-cu maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinə əsasən Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Çaykənarı kənd İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən və ona əlavə edilmiş Ş/V-nin surətlərindən (cild 01, vərəq 107-108) müəyyən edilir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Çaykənarı kənd sakinidir və həmin kənddə qeydiyyatdadır. Tam orta təhsillidir, təhsilini bitirdikdən sonra isə hərbi xidmət borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra ailəsinə məxsus pay torpaqlarında çalışmışdır. O, həmin kənddə yaşadığı dövrdə özünü fəal və nümunəvi bir vətəndaş kimi göstərmiş, kəndin sosial həyatında yaxından iştirak etmişdir. Barəsində kənd camaatı və əlaqədar təşkilatlardan Xaçmaz rayonu, Çaykənarı kənd İƏD-nin nümayəndəliyinə heç bir şikayət və mənfi məlumat daxil olmamışdır. Fərdi əməklə məşğuldur, ailəlidir və iki azyaşlı övladı var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 118) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, cinayət əməlini maddi imkansızlıq səbəbindən törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində göstərilən cəzanı ağırlaşdıranhalları müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən hallarolan himayəsində azyaşlı uşaqlarının olmasını, cinayət əməlini maddi imkansızlıq səbəbindən törətməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı əlavə vəzifələri yerinə yetirməlidir: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.4-cü maddəsinə əsasən məhkum islah olunmasına kömək edən digər vəzifələri yerinə yetirməlidir: -Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək: -Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dən növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X5, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbərtutaraq, məhkəmə HÖKMETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dən səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-57/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-57/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver