Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-59/2020 20.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə xx xxxx 1982-ci ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri secilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Xudat şəhəri, Mərkəzi Malikanə, ev 5, mənzil 5-də yaşayan Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun adına yaşadığı evin qarşısında olan 0,04 ha boş torpaq sahəsinə dair çıxarış düzəldəcəyini vəd etməklə aldadıb 2017-ci ilin aprel ayının ortalarında Xudat şəhəri, Mərkəzi Malikanə, 5 nömrəli evin qarşısında 350 manat, 2018-ci ilin may ayının ortalarında yenə də Xudat şəhəri, Mərkəzi Malikanə, 5 nömrəli evin qarşısında 750 manat olmaqla ümumilikdə 1100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Xaçmaz rayonu, Xudat şəhəri, Gənclik küçəsi, ev 7-də yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun adına həyətyanı torpaq sahəsi və ev iüçün çıxarışlar düzəldəcəyini vəd etməklə aldadıb 2018-ci ilin sentyabr ayının ortalarında Xudat şəhər musiqi məktəbinin qarşısında 200 manat, 2018-ci ilin sentyabr ayının axırlarında Xudat şəhəri, Ordubadi küçəsində 100 manat, 2018-ci ilin oktyabr ayının axırlarında Xudat şəhəri, Osman Mirzəyev küçəsində 150 manat və 2018-ci ilin noyabr ayının ortalarında Xudat şəhəri, O.Mirzəyev küçəsində 80 manat olmaqla ümumilikdə 530 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsi, ev 25-də yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyətə malik olmadığı halda sonuncunu almaq istədiyi X2 məxsus torpaq sahəsi üçün eskiz layihəsi və çıxarış düzəldəcəyini vəd etməklə aldadıb 2018-ci ilin dekabr ayının ortalarında Xudat şəhəri, Babək küçəsində 1050 manat, iki gün keçdikdən sonra isə Xudat şəhər, O.Mirzəyev küçəsində Xudat şəhər Dəmiryol vağzalının qarşısında 155 manat olmaqla, ümumilikdə 1205 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbədə yaşayan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyətə malik olmadığı halda sonuncunun adına həyətyanı torpaq sahəsi, evi, anası Əminə Rzayevanın adına olan həyətyanı torpaq sahəsi üçün çıxarışlar düzəldəcəyini və Xudat şəhəri, 1-ci şöbə ərazisində olan 0,05 ha boş torpaq sahəsini Əminə Rzayevanın adına rəsmiləşdirəcəyini vəd etməklə aldadıb xx xxxxxx 2018-ci il tarixdə Xudat şəhəri, 1-ci şöbədə Zərərçəkmiş şəxs3 yaşadığı evdə 800 manat, xx xxxxxx 2019-cu il tarixdə Xudat şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında 300 manat olmaqla ümumilikdə 1100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Armudpadar kəndində yaşayır. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, əvvəllər «xxxxxxxxxx» MMC-də layihə məsləhətçisi işləmişdir. Xudat şəhərində yaşayan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əvvəllər tanımamışdır. Dəqiq tarixi xatırlamır, 2017-ci ilin aprel ayının ortalarında Xudat şəhəri, Mərkəzi Malikanə, 5 nömrəli evin qarşısında olarkən həmin evdə yaşayan sakinlərlə görüşərək onlara demişdir ki, Bakı şəhərində Layihə İnstitutunda işləyir, sənədi olmayan torpaqlar və evlər üçün eskiz layihəsi və çıxarışlar hazırlayır. Tanımadığı bir qadın, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısında olan boş torpaq sahəsini ona göstərib həmin torpaq sahəsi ilə bağlı onun adına çıxarış düzəldə bilib-bilməyəcəyini soruşmuş, o, da ona demişdir ki, ilkin olaraq 350 manat pul versə evinin qarşısında olan torpaq sahəsinin eskiz layihəsini hazırlatdırar. İki-üç gün keçdikdən sonra o, Svetlananın yaşadığı evin qarşısına gedib eskiz layihəsini hazırlamaq üçün ondan 350 manat pul istəmiş, Svetlanada yaşadığı evin qarşısında ona 350 manat pul vermişdir. O, Svetlanadan 350 manat pulu aldıqdan sonra çıxıb getmiş və təxminən bir ay keçdikdən sonra Svetlananın göstərdiyi torpaq sahəsi və gələcəkdə həmin torpaq sahəsində tikdirəcəyi evin eskiz layihəsini «xxxxxxxxxx» MMC-də hazırlatdıraraq gətirib Svetlanaya vermişdir. Səhfən Svetlanaya verdiyi eskiz layihəsində ünvan olaraq Xudat şəhəri, 4-cü şöbə göstərilmişdir. Svetlana bu barədə ona bildirdikdə demişdir ki, ona verdiyi eskiz layihəsində ünvan səhfən Xudat şəhəri, 4-cü şöbə göstərilmişdir, narahat olmasın, sonradan aparıb düzəltdirəcəkdir. 2018-ci ilin may ayın əvvəllərində o, yenidən Svetlananın yaşadığı evin qarşısına gedib onunla görüşərək demişdir ki, 750 manat pul versə evinin qarşısında olan torpaq sahəsi ilə bağlı onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alar. Svetlana onunla razılaşmış və 2018-ci ilin may ayının ortalarında Xudat şəhərində yaşadığı evin qarşısında ona 750 manat pul vermişdir. Svetlanadan 750 manat pulu aldıqdan sonra iki-üç ay ərzində evinin qarşısında olan torpaq sahəsi ilə bağlı onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağını bildirərək ondan ayrılıb getmişdir. Sonradan o, Svetlananın ona göstərdiyi torpaq sahəsi ilə bağlı çıxarış düzəldə bilməmiş və Svetlanadan aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Svetlana zəng vurub göstərdiyi torpaq sahəsi ilə bağlı çıxarışı nə vaxt gətirəcəyini soruşduqda isə ona demişdir ki, narahat olmasın, yaxın günlərdə çıxarışı gətirib ona verəcəkdir. Lakin sonrakı günlərdə o, Svetlananın ona göstərdiyi torpaq sahəsi ilə bağlı çıxarış düzəldə bilməmiş və bu səbəbdən də onun etdiyi zənglərə cavab verməmişdir. O, Xudat şəhəri, Mərkəzi Malikanə, 5 nömrəli evin qarşısında olan boş torpaq sahəsi ilə bağlı eskiz layihəsi və çıxarış düzəltmək adı ilə Svetlanadan ümumilikdə 1100 manat pul almışdır. Bundan başqa, o, Xudat şəhərində yaşayan Zərərçəkmiş şəxs2 2018-ci ilin sentyabr ayından tanımışdır. 2018-ci ilin sentyabr ayının ortalarında istifadəsində olan mobil telefona xatırlamadığı nömrədən zəng gəlmiş və cavab verdikdə tanımadığı bir qadın Xudat şəhərində yaşadığını, özünə məxsus torpaq sahəsi ilə bağlı çıxarış düzəltdirmək istədiyini bildirdikdə həmin qadına, yəni sonradan adını bildiyi Dəstəgülə demişdir ki, Xudat şəhərinə gələndə özü onunla görüşəcəkdir. Həmin vaxtdan təxminən 3-4 gün keçdikdən sonra o, Xudat şəhərinə gedib Dəstəgülə zəng vuraraq Xudat şəhər musiqi məktəbinin qarşısında olduğunu bildirmişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Dəstəgül musiqi məktəbinin qarşısına gəlib onunla görüşmüşdür. Söhbət zamanı o, Dəstəgülə daşınmaz əmlakların eskiz layihələrini çəkdiyini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldığını və daşınmaz əmlakla bağlı digər işlər gördüyünü bildirmişdir. Dəstəgül onun torpaq sahəsi və evi üçün çıxarış düzəldə bilib-bilməyəcəyini soruşduqda demişdir ki, ilkin olaraq ona 300 manat pul versə onun üçün həmin sənədləri düzəldə bilər. Dəstəgül 300 manat pulu olmadığını bildirmiş və musiqi məktəbinin qarşısında ona 200 manat pul verib demişdir ki, qalan 100 manat puluda sonra verəcəkdir. 2018-ci ilin sentyabr ayının axırlarında o, Dəstəgülə zəng vurub demişdir ki, gəlib həyətyanı torpaq sahəsini ölçəcəkdir, qlan 100 manat puluda düzəldib versin. Danışdığı günün səhərisi o, Xudat şəhəri, Ordubadi küçəsinə gedib Dəstəgüllə görüşmüş və Xudat şəhəri, Ordubadi küçəsində Dəstəgül ona 100 manat pul vermişdir. Bundan sonra Dəstəgüllə birlikdə sonuncunun tikdirdiyi evə gedib ölçmə işləri aparmış və Dəstəgülə demişdir ki, bir ay müddətində evinə dair çıxarışı gətirib ona verəcəkdir. 2018ci ilin oktyabr ayının axırlarında o, Xudat şəhəri, Osman Mirzəyev küçəsində Dəstəgüllə görüşərək onun torpaq sahəsi və tikdirəcəyi evin «xxxxxxxxxx» MMC-də hazırlatdırdığı eskiz layihəsini özünə vermişdir. Sonra o, Dəstəgüldən evinə dair çıxarış alınması üçün əlavə 150 manat pul istəmiş, sonuncuda inandığı üçün Xudat şəhəri, Osman Mirzəyev küçəsində ona 150 manat pul vermişdir. 2018-ci ilin noyabr ayının ortalarında o, yenidən Dəstəgülə zəng vurub evinə dair çıxarışın hazırlanması üçün əlavə olaraq 80 manat pul lazım olduğunu bildirmiş, sonuncuda həmin gün Xudat şəhəri, O.Mirzəyev küçəsinə gəlib onunla görüşərək ona 80 manat pul vermişdir. Dəstəgülə 10-15 gün ərzində evinə dair çıxarış düzəltdirib gətirəcəyini bildirərək ondan ayrılıb getmişdir. Sonradan o, Dəstəgülün evinə dair çıxarış düzəldə bilməmiş və ondan aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Dəstəgül zəng vuranda isə onun zənglərinə cavab verməmişdir. O, Dəstəgülün həyətyanı torpaq sahəsi və evi üçün çıxarışlar düzəldəcəyini vəd edərək ondan ümumilikdə 530 manat pul almışdır. Bundan başqa, o, Xudat şəhərində yaşayan Zərərçəkmiş şəxs1 2018-ci ilin dekabr ayından tanımışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində Xaçmaz rayonu, Şollar kəndində olarkən təzə tikilmiş evlərdən birinin qarşısında tanımadığı bir nəfərlə, yəni sonradan adını bildiyi Yüzbeklə görüşmüş və söhbət zamanı Yüzbekə demişdir ki, Bakı şəhərində Layihə institutunda işləyir, sənədi olmayan evlər üçün eskiz layihəsi və çıxarışlar hazırlayır. Sözlərindən sonra Yüzbek Xudat şəhəri ərazisində torpaq sahəsi almaq istədiyini, ancaq almaq istədiyi torpaq sahəsinə dair çıxarış olmadığını bildirdikdə demişdir ki, özü daşınmaz əmlakların eskiz layihələrini çəkir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alır. Yüzbek həmin sənədlərin hazırlanması üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda isə demişdir ki, 1000 manat pul versə almaq istədiyi torpaq sahəsinin eskiz layihəsini hazırlayıb gətirər, sonradan isə özü həmin torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb ona verər. Yüzbek onunla razılaşmış və 2018-ci ilin dekabr ayının ortalarında o, Xudat şəhəri, Babək küçəsinə gəlib Yüzbeklə görüşmüş və sonuncu həmin küçədə ona 1050 manat pul vermişdir. Yüzbekdən 1050 manat pulu aldıqdan sonra narahat olmamasını, 21 gün ərzində almaq istədiyi torpaq sahəsinə dair eskiz layihəsini hazırlayacağını və çıxarış düzəltdirib gətirəcəyini deyərək ondan ayrılıb getmişdir. İki gün keçdikdən sonra o, yenidən Yüzbekə zəng vurub sənədlərin hazırlanması üçün əlavə olaraq 155 manat pul lazım olduğunu bildirmiş, səhəri gün isə Xudat şəhər, O.Mirzəyev küçəsinə gəlib Xudat şəhər Dəmiryol vağzalının qarşısında Yüzbeklə görüşmüş və həmin yerdə sonuncu ona 155 manat pul vermişdir. Ancaq o, söz verdiyi vaxtda Yüzbekin almaq istədiyi torpaq sahəsinə dair sənədləri hazırlaya bilməmiş və bu səbəbdən də onun etdiyi zənglərə cavab verməmişdir. O, Yüzbekin almaq istədiyi torpaq sahəsi ilə bağlı eskiz layihəsi və çıxarış düzəldəcəyini vəd edərək ondan ümumilikdə 1205 manat pul almışdır. Bundan başqa, o, Xaçmaz rayon sakini Zərərçəkmiş şəxs3 2018-ci ilin dekabr ayının əvvələrindən tanımışdır. 2018-ci ilin dekabr ayında mobil telefonuna xatırlamadığı mobil telefon nömrəsindən zəng gəlmiş və cavab verdikdə danışan şəxs adının Vahid olduğunu, özünə məxsus torpaq sahəsi ilə bağlı çıxarış düzəltdirmək istədiyini bildirmişdir. Səhəri gün o, Xudat şəhərinə gəlib yaşadığı evdə Vahidlə görüşmüş, söhbət zamanı Vahidə «xxxxxxxxxx» MMC-də işlədiyini, daşınmaz əmlakların eskiz layihələrini çəkdiyini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldığını və daşınmaz əmlakla bağlı digər işlər gördüyünü bildirmişdir. Sonra Vahidə demişdir ki, 800 manat pul versə 10 gün ərzində onun özünə məxsus fərdi yaşayış evinin eskiz layihəsini hazırlayıb gətirəcəkdir, sonradan isə həyətyanı torpaq sahəsi, evi və anasının adına olan həyətyanı torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb ona vercəkdir. Vahid onunla razılaşmış və həmin gün yaşadığı evdə ona 800 manat pul vermişdir. Vahiddən 800 manat pulu aldıqdan sonra narahat olmamasını, yaxın günlərdə lazım olan sənədlərin hamısını düzəldib ona vercəyini bildirmişdir. 2019-cu ilin yanvar ayının ortalarında Vahidə zəng vurub evi ilə bağlı eskiz layihəsinin hazır olduğunu, Xudat şəhəri, M.F.Axundov küçəsində olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra Vahid gəlib onunla görüşmüş və o, Vahidin evi ilə bağlı hazırlanmış eskiz layihəsini ona verib demişdir ki, yaxın günlərdə evi, həyətyanı torpaq sahəsi və anasının adına olan həyətyanı torpaq sahəsi ilə bağlı çıxarışlarıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alıb ona verəcəkdir. Sonra o, Vahidə demişdir ki, əlavə olaraq 300 manat pul versə anasının adına olan həyətyanı torpaq sahəsinin qonşuluğunda olan 0,05 ha torpaq sahəsinidə anasının adına rəsmiləşdirə bilər. Vahid 300 manata həmin torpaq sahəsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirdikdə demişdir ki, necə rəsmiləşdirəcəyinin ona aidiyyəti yoxdur, 300 manat versin qalan işləri özü həll edəcəkdir. Vahid onunla razılaşmış və gedib evdən 300 manat pul gətirib ona vermişdir. Vahiddən 300 manat pulu aldıqdan sonra ona çıxarışlarla birlikdə 0,05 ha torpaq sahəsinin anasının adına rəsmiləşdirilməsi ilə bağlı sənədləridə gətirib ona verəcəyini deyərək ondan ayrılıb getmişdir. Həmin vaxtdan sonra Vahidlə görüşməmiş, sonuncudan aldığı pulu xərclədiyi və söz verdiyi sənədləri düzəldə bilmədiyi üçün onun etdiyi zənglərə cavab verməmişdir. Vahiddən həyətyanı torpaq sahəsi, evi, anasının adına olan həyətyanı torpaq sahəsi üçün çıxarışlar düzəldəcəyini vəd edərək 800 manat, 0,05 ha boş torpaq sahəsini Vahidin anasının adına rəsmiləşdirəcəyini vəd edərək isə 300 man pul almışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4göstərdi ki, o, oğlu Osmanla birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə, ev 5, mənzil 5-də yaşayır. Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs 2017-ci ilin aprel ayının ortalarından tanıyır. O, 2005-ci ildən Xudat şəhəri, Mərkəzi Malikanə, ev 5, mənzil 5-də yaşayır. Yaşadığı mənzil əvvəllər mənzil istismar idarəsinin balansında olmuş, sonradan o, yaşadığı mənzili özəlləşdirməklə öz adına keçirmişdir. Yaşadığı evin qarşısında isə 0,04 ha boş torpaq sahəsi var. Dəqiq tarixi xatırlamır, 2017-ci ilin aprel ayının ortalarında tanmadığı bir nəfər, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlib onlara demişdir ki, Bakı şəhərində Layihə İnstitutunda işləyir, sənədi olmayan torpaqlar və evlər üçün çıxarışlar hazırlayır. O, yaşadığı evin qarşısında olan boş torpaq sahəsini Kamilə göstərib həmin torpaq sahəsi ilə bağlı onun adına çıxarış düzəldə bilib-bilməyəcəyini soruşmuş, Kamildə ona demişdir ki, ilkin olaraq 350 manat pul versə evinin qarşısında olan torpaq sahəsi ilə bağlı çıxarış hazırlatdırar. İki-üç gün keçdikdən sonra Kamil yaşadığı evin qarşısına gəlib çıxarış hazırlatdırmaq üçün ondan 350 manat pul istəmiş, o, da Kamilə inanıb yaşadığı evin qarşısında ona 350 manat pul vermişdir. Kamil 350 manat pulu ondan aldıqdan sonra çıxıb getmişdir. Təxminən bir ay keçdikdən sonra Kamil gətirib ona bir ədəd sənəd vermiş və o, həmin sənədə baxanda görmüşdür ki, üz qabığında eskiz layihəsi sözləri, adı, soyadı, ata adı yazılıb, ünvan olaraq isə Xudat şəhəri, 4-cü şöbə göstərilib. Kamilə verdiyi eskiz layihəsində ünvanın səhf göstərildiyini bildirdikdə isə demişdir ki, narahat olmasın, sonradan aparıb düzəltdirəcəkdir. 2018-ci ilin may ayın əvvəllərində Kamil yenidən yaşadığı evin qarşısına gəlib ona demişdir ki, evinin qarşısında olan torpaq sahəsi ilə bağlı onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınması üçün əlavə olaraq 750 manat pul lazımdır. O, yenədə Kamilə inanmış və Xudat şəhərində fəaliyyət göstərən «Molbulaq» kredit təşkilatından 400 manat kredit almış, əlavə olaraq isə 350 manat pul düzəldib ümumilikdə 750 manat pulu 2018-ci ilin may ayının ortalarında Xudat şəhərində yaşadığı evin qarşısında Kamilə vermişdir. Kamil 750 manat pulu ondan aldıqdan sonra iki-üç ay ərzində evinin qarşısında olan torpaq sahəsi ilə bağlı onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağını bildirərək çıxıb getmişdir. Kamil söz verdiyi vaxtda evinin qarşısında olan boş torpaq sahəsinə dair çıxarış hazırlayıb gətirməmiş və o, ona zəng vurub bu barədə maraqlananda demişdir ki, narahat olmasın, yaxın günlərdə çıxarışı gətirib ona verəcəkdir. Lakin sonrakı günlərdə Kamil onunla əlaqə saxlamamış, zəng vuranda isə etdiyi zənglərə cavab verməmişdir. Kamilin onu aldatdığını başa düşmüş və sonrakı müddətdə nə qədər cəhd etsədə Kamilə verdiyi pulu ondan ala bilməmişdir. Sonradan bilmişdir ki, Kamil Xudat şəhər sakinləri Vahidi, Dəstəgülü və Yüzbekidə sənəd düzəltmək adı ilə aldadıb pul almışdır. Bu səbəbdən də onlar kollektiv ərizə ilə Xaçmaz rayon prokurorluğuna müraciət etmişlər. Kamil yaşadığı evin qarşısında olan boş torpaq sahəsi ilə bağlı onun adına çıxarış düzəldəcəyini vəd edərək ümumilikdə 1100 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayətçi olduğunu ğildirmiş və təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2göstərdi ki, o, qızı Sevinclə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Gənclik küçəsi, ev 7-də yaşayır. Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından tanıyır. Təxminən 3-4 il əvvəl o, Xudat şəhərində 0,03 ha həyətyanı torpaq sahəsi alıb həmin yerdə bir mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Ancaq həyətyanı torpaq sahəsinə və tikdirdiyi evə dair çıxarış alınmamışdır. 2018-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə məxsus fərdi yaşayış evləri üçün eskiz layihəsi hazırladığını eşitmiş və həmin dövrdə Kamilin istifadəsində olan mobil telefon nömrəsini öyrənib onunla əlaqə saxlamış, sonuncuda ona demişdir ki, özü gəlib onunla görüşəcəkdir. Təxminən 3-4 gün keçdikdən sonra Kamil ona zəng vurub Xudat şəhər musiqi məktəbinin qarşısında olduğunu bildirmiş və o, musiqi məktəbinin qarşısına gedib Kamillə görüşmüşdür. Söhbət zamanı Kamil daşınmaz əmlakların eskiz layihələrini çəkdiyini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldığını və daşınmaz əmlakla bağlı digər işlər gördüyünü bildirmişdir. Kamildən onun torpaq sahəsi və evi üçün çıxarış düzəldə bilib-bilməyəcəyini soruşduqda demişdir ki, ilkin olaraq 300 manat pul versə onun üçün həmin sənədləri düzəldə bilər. O, Kamilə 300 manat pulu olmadığını bildirmiş və musiqi məktəbinin qarşısında ona 200 manat pul verib demişdir ki, qalan 100 manat puluda sonra verəcəkdir. 2018-ci ilin sentyabr ayının axırlarında Kamil ona zəng vurub demişdir ki, gəlib həyətyanı torpaq sahəsini ölçəcəkdir, qlan 100 manat puluda düzəldib ona versin. Danışdığı günün səhərisi Kamil o zaman kirayədə yaşadığı Xudat şəhəri, Ordubadi küçəsinə gəlib onunla görüşmüş və Xudat şəhəri, Ordubadi küçəsində o, Kamilə 100 manat pul vermişdir. Bundan sonra Kamil onunla birlikdə tikdirdiyi evə gedib ölçmə işləri apardıqdan sonra ona demişdir ki, bir ay müddətində evinə dair çıxarışı gətirib ona verəcəkdir. 2018-ci ilin oktyabr ayının axırlarında Kamil Xudat şəhəri, Osman Mirzəyev küçəsinə gəlib onunla görüşərək ona bir ədəd sənəd vermiş və o, həmin sənədə baxanda görmüşdür ki, üz qabığında eskiz layihəsi sözləri, adı, soyadı, ata adı yazılıb. Kamil həmin sənədi ona verdikdən sonra evi ilə bağlı çıxarış alınması üçün əlavə 150 manat pul istəmiş, o, da inandığı üçün Xudat şəhəri, Osman Mirzəyev küçəsində Kamilə 150 manat pul vermişdir. 2018-ci ilin noyabr ayının ortalarında Kamil yenidən ona zəng vurub evinə dair çıxarışın hazırlanması üçün əlavə olaraq 80 manat pul lazım olduğunu bildirmiş, o, da həmin gün Xudat şəhəri, O.Mirzəyev küçəsinə gəlib Kamillə görüşərək ona 80 manat pul vermişdir. Kamil 10-15 gün ərzində onun evinə dair çıxarış düzəltdirib gətirəcəyini bildirərək ondan ayrılıb getmişdir. Həmin vaxtdan sonra o, Kamili görə bilməmiş, zəng vuranda isə sonuncu onun etdiyi zənglərə cavab verməmişdir. Kamilin onu aldatdığını başa düşmüş və sonrakı müddətdə nə qədər cəhd etsədə Kamilə verdiyi pulu ondan ala bilməmişdir. Sonradan bilmişdir ki, Kamil Xudat şəhər sakinləri Vahidi, Svetlananı və Yüzbekidə sənəd düzəltmək adı ilə aldadıb pul almışdır. Bu səbəbdən də onlar kollektiv ərizə ilə Xaçmaz rayon prokurorluğuna müraciət etmişlər. Kamil həyətyanı torpaq sahəsi və evi üçün çıxarışlar düzəldəcəyini vəd edərək ümumilikdə 530 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayətçi olduğunu ğildirmiş və təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsi, ev 25də yaşayır. 2018-ci ilin noyabr ayında Xudat şəhərində yaşayan X1 özünə məxsus 0,10 ha torpaq sahəsinin 0,05 ha-nı satdığını eşitmiş və gedib Məmmədrza ilə görüşərkən bilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinə dair çıxarış yoxdur. Həmin vaxt Məmmədrza ilə razılaşmışlar ki, onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alsınlar, sonradan isə 0,05 ha torpaq sahəsinin ona satılması ilə bağlı aralarında müqavilə bağlansın. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlib bu barədə maraqlananda ona torpağın layihəsinin lazım olduğu deyilmiş, o, onladan torpaq sahəsinə dair layihənin necə və haradan alındığını soruşduqda isə bildirmişlər ki, yeni layihə 2019-cu ilin yanvar ayında gələcəkdir. Həminə ərəfədə o, Çingiz adlı şəxsin Xaçmaz rayonu, Şollar kəndi ərazisində tikdirdiyi fərdi yaşayış evində təmir işləri aparmışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində tanımadığı bir nəfər, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs Şollar kəndinə təmir işləri apardığı evin qarşısına gəlmiş və söhbət edərkən ona demişdir ki, Bakı şəhərində Layihə İnstitutunda işləyir, sənədi olmayan evlər üçün eskiz layihəsi və çıxarışlar hazırlayır. O, Kamilə Xudat şəhəri ərazisində torpaq sahəsi almaq istədiyini, ancaq almaq istədiyi torpaq sahəsinə dair çıxarış olmadığını bildirdikdə demişdir ki, özü daşınmaz əmlakların eskiz layihələrini çəkir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alır. Kamildən həmin sənədlərin hazırlanması üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda isə demişdir ki, 1000 manat pul versə almaq istədiyi torpaq sahəsinin eskiz layihəsini hazırlayıb gətirəcəkdir, sonradan isə özü həmin torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb ona vercəkdir. O, Kamillə razılaşmış və 2018-ci ilin dekabr ayının ortalarında Kamil Xudat şəhəri, Babək küçəsinə yaşadığı evin qarşısına gəlmiş və o, yaşadığı evin qarşısında Kamilə 1050 manat pul vermişdir. Kamil 1050 manat pulu ondan aldıqdan sonra narahat olmamasını, 21 gün ərzində almaq istədiyi torpaq sahəsinə dair eskiz layihəsini hazırlayacağını və çıxarış düzəltdirib gətirəcəyini deyərək çıxıb getmişdir. İki gün keçdikdən sonra Kamil yenidən ona zəng vurub sənədlərin hazırlanması üçün əlavə olaraq 155 manat pul lazım olduğunu bildirmiş, səhəri gün isə Xudat şəhər, O.Mirzəyev küçəsinə gəlib Xudat şəhər Dəmiryol vağzalının qarşısında onunla görüşmüş və həmin yerdə o, Kamilə 155 manat pul vermişdir. Kamil söz verdiyi vaxtda almaq istədiyi torpaq sahəsinə dair sənədləri hazırlayıb gətirməmiş və o, ona zəng vurub bu barədə maraqlananda demişdir ki, narahat olmasın, yaxın günlərdə sənədləri gətirib ona verəcəkdir. Lakin sonrakı günlərdə Kamil onunla əlaqə saxlamamış, zəng vuranda isə etdiyi zənglərə cavab verməmişdir. Kamilin onu aldatdığını başa düşüb sonrakı müddətdə nə qədər cəhd etsədə Kamilə verdiyi pulu ondan ala bilməmişdir. Sonradan bilmişdir ki, Kamil Xudat şəhər sakinləri Vahidi, Dəstəgülü və Svetlananıda aldadıb pul almışdır. Bu səbəbdən də onlar şikayət ərizəsi ilə Xaçmaz rayon prokurorluğuna müraciət etmişlər. Kamil Xudat şəhər sakini Məmmədrzanın ona satmaq istədiyi torpaq sahəsi ilə bağlı eskiz layihəsi və çıxarış düzəldəcəyini vəd edərək ümumilikdə 1205 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayətçi olduğunu ğildirmiş və təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbədə yaşayır. X3 Xudat rabitə sahəsinin sürücüsü işləyir. Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının əvvələrindən tanıyır. 1993-cü ildə keçmiş «Nəsimi» sovxozu tərəfindən Xudat şəhəri, 1-ci şöbə ərazisində ona 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş və o, həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikdirib ailəsi ilə birlikdə yaşayır. Ancaq həyətyanı torpaq sahəsinə və tikdirdiyi evə dair çıxarış alınmamışdır. Bundan başqa Xudat şəhəri, 1-ci şöbə ərazisində anası Əminə Rzayevaya məxsus 0,08 ha həyətyanı torpaq sahəsi var və həmin toraq sahəsinə dairdə çıxarış alınmamışdır. 2018-ci ilin oktyabr ayının axırlarında Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə məxsus fərdi yaşayış evləri üçün sənədlər düzəltdiyini eşidib sonuncu ilə əlaqə saxlamış və xx xxxxxx 2018-ci il tarixdə Kamil onun yaşadığı evə gəlmişdir. Söhbət zamanı Kamil «xxxxxxxxxx» MMC-də işlədiyini, daşınmaz əmlakların eskiz lahiyələrini çəkdiyini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldığını və daşınmaz əmlakla bağlı digər işlər gördüyünü bildirmişdir. Kamil onun evinə gələndə boynuna iplə üzlük içərisində olan vəsiqə asmışdır. Evdə olarkən Kamil boynuna asdığı vəsiqəni çıxarıb stolun üstünə qoymuş və o, vəsiqəni götürüb baxanda görmüşdür ki, üzərinə «xxxxxxxxxx» MMC, Təqsirləndirilən şəxs, registr» sözləri yazılıb. Kamildən harada yaşadığını soruşduqda Xaçmaz rayon, Çaxçaxlı kəndində yaşadığını bildirərək ona demişdir ki, 800 manat pul versə 10 gün ərzində onun özünə məxsus fərdi yaşayış evinin eskiz layihəsini hazırlayıb gətirəcəkdir, sonradan isə həyətyanı torpaq sahəsi, evi və anasının adına olan həyətyanı torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb ona vercəkdir. O, Kamilə inanmış və həmin gün təxminən saat 17 radələrində yaşadığı evdə ona 800 manat pul vermişdir. Kamil 800 manat pulu ondan aldıqdan sonra narahat olmamasını, yaxın günlərdə lazım olan sənədlərin hamısını düzəldib ona vercəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Kamil ona zəng vurub evi ilə bağlı eskiz layihəsinin hazır olduğunu, Xudat şəhərinə gəldiyini bildirmiş, o, da gedib Xudat şəhəri, M.F.Axundov küçəsində Kamillə görüşmüşdür. Kamil evi ilə bağlı hazırlanmış eskiz layihəsini ona verib demişdir ki, yaxın günlərdə evi, həyətyanı torpaq sahəsi və anasının adına olan həyətyanı torpaq sahəsi ilə bağlı çıxarışlarıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alıb ona verəcəkdir. Sonra Kamil ona demişdir ki, əlavə olaraq 300 manat pul versə anasının adına olan həyətyanı torpaq sahəsinin qonşuluğunda olan 0,05 ha torpaq sahəsinidə anasının adına rəsmiləşdirə bilər. O, 300 manata həmin torpaq sahəsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirdikdə Kamil demişdir ki, necə rəsmiləşdirəcəyinin ona aidiyyəti yoxdur, 300 manat verisin qalan işləri özü həll edəcəkdir. O, Kamillə razılaşmış və qayıdıb evdən 300 manat pul götürdükdən sonra əmisi oğlu Feyruzla birlikdə gedib Xudat şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında Kamillə görüşmüşlər. Xudat şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında o, 300 manat pulu çıxarıb əmisi oğlu Feyruzun yanında Kamilə vermişdir. Kamil 300 manat pulu ondan aldıqdan sonra demişdir ki, çıxarışlarla birlikdə 0,05 ha torpaq sahəsinin anasının adına rəsmiləşdirilməsi ilə bağlı sənədləridə gətirib ona verəcəkdir. Sonra Kamil onlardan ayrılıb getmişdir. Həmin vaxtdan sonra o, Kamili görə bilməmiş, zəng vuranda isə sonuncu onun etdiyi zənglərə cavab verməmişdir. Maraqlananda bilmişdir ki, Kamilin işlədiyi «xxxxxxxxxx» MMC ancaq daşınmaz əmlakın eskiz layihələrini hazırlaya bilir. Kamilin onu aldatdığını başa düşmüş və sonrakı müddətdə nə qədər cəhd etsədə Kamilə verdiyi pulu ondan ala bilməmiş, bu səbəbdən də məcbur olub şikayət ərizəsi ilə Xaçmaz rayon prokurorluğuna müraciət etmişdir. Kamil həyətyanı torpaq sahəsi, evi, anasının adına olan həyətyanı torpaq sahəsi üçün çıxarışlar düzəldəcəyini vəd edərək 800 manat pulunu, 0,05 ha boş torpaq sahəsini anasının adına rəsmiləşdirəcəyini vəd edərək isə 300 man pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayətçi olduğunu ğildirmiş və təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Azərbaycan küçəsi, ev 15-də yaşayır. X4 Xudat rabitə sahəsində elektrik işləyir. Xudat şəhərində yaşayan Zərərçəkmiş şəxs3 əmisi oğludur, Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. xx xxxxxx 2019-cu il tarixdə Vahidlə birlikdə işdən çıxıb evə gedərkən Vahidin mobil telefonuna zəng gəlmiş və sonuncu telefona cavab verdikdən sonra ona demişdir ki, zəng vuran Kamildir, Kamil onun həyətyanı torpaq sahəsi və evi üçün çıxarış düzəldir, o, Xudat şəhəri, M.F.Axundov küçəsinə gəlmişdir. Vahidlə birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsinə gedib Kamillə görüşmüşlər və sonucu Vahidə bir ədəd eskiz layihəsi verib demişdir ki, yaxın günlərdə evi, həyətyanı torpaq sahəsi və anasının adına olan həyətyanı torpaq sahəsi ilə bağlı çıxarışlarıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alıb ona verəcəkdir. X12 demişdir ki, əlavə olaraq ona 300 manat pul versə anasının adına olan həyətyanı torpaq sahəsinin qonşuluğunda olan 0,05 ha torpaq sahəsinidə anasının adına rəsmiləşdirə bilər. Vahid 300 manata həmin torpaq sahəsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirdikdə Kamil demişdir ki, necə rəsmiləşdirəcəyinin ona aidiyyəti yoxdur, 300 manat versin qalan işləri özü həll edəcəkdir. Vahid Kamillə razılaşmış və onunla birlikdə evinə gedib 300 manat pul götürdükdən sonra birlikdə geri qayıdıb Xudat şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında Kamillə görüşmüşlər. Xudat şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında Vahid 300 manat pulu çıxarıb onun yanımda Kamilə vermişdir. Kamil 300 manat pulu Vahiddən aldıqdan sonra demişdir ki, çıxarışlarla birlikdə 0,05 ha torpaq sahəsinin Vahidin anasının adına rəsmiləşdirilməsi ilə bağlı sənədləridə gətirib ona verəcəkdir. Bundan sonra Kamil onlardan ayrılıb getmişdir. Sonradan eşitmişdir ki, Kamil Vahidi aldadıb pul almışdır və onun ev, həyətyanı torpaq sahəsi və anasının adına olan torpaq sahəsi ilə bağlı çıxarış düzəltməmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 14 gün müddətinə azadlğın məhdudlaşdırılması cəzasının, 04 ay 10 gün hissəsini çəkmiş, çəkilməmiş 01 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması çəzası qalmışdır. İş materiallarında olan Xaçmaz rayonu, Yergüc kənd İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir və onun himayəsində 2 azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li, xx xxxx 2015-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda baş verir. Həmin Qərarın 4-cü bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin Qərarın 8-ci bəndində məhkəmələ izah edilmişdir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Həmin Qərarın 24-cü bəndində qeyd edilmişdir ki, məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilmişdir ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə, onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 36-cı bəndində məhkəmələ izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq keçirməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşaqlarının olmasını, yaşadığı yer üzrə müsbət xaraktenizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 04 gün hissəsi yeni hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilsin və cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 04 gün hissəsi yeni hökmlə təyin edilmiş03 (üç) ilmüddətinə azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilsin və cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-59/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-59/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver