Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-59/2022 19.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 və qanuni nümayəndəsi Şahid1 iştirakları ilə xx xxxx 2003-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə, xx xxxx 2004-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Xudat şəhəri, 1-ci şöbə ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 26 avqust 2021-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi dalan 1, 13 saylı evin qarşısında dayanan Zərərçəkmiş şəxs məxsus VAZ-21013 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmaq məqsədi ilə avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olmuş, daha sonra avtomobilin salonunda olan açarla mühərriki işə salaraq avtomobili idarə etməklə Xudat şəhəri ərazisi ilə hərəkət edib Xudat-Quba avtomobil yoluna çıxaraq hərəkətini davam etdirmiş, Quba rayonu ərazisinə keçdikdən sonra avtomobilin yanacağı bitdiyindən avtomobili yolun sağ kənarında saxlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Təqsirləndirilən şəxs2 26 avqust 2021-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi dalan 1, 13 saylı evin qarşısında dayanan Zərərçəkmiş şəxs məxsus VAZ-21013 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmaq məqsədi ilə avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olmuş, daha sonra avtomobilin salonunda olan açarla mühərriki işə salaraq avtomobili idarə etməklə Xudat şəhəri ərazisi ilə hərəkət edib Xudat-Quba avtomobil yoluna çıxaraq hərəkətini davam etdirmiş, Quba rayonu ərazisinə keçdikdən sonra avtomobilin yanacağı bitdiyindən avtomobili yolun sağ kənarında saxlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş şəxsin “VAZ” markalı avtomobilini qaçırmışlar. Həmin vaxt avtomobilin qapıları açıq, mühərriki işə salma açarı da yerində olmuşdur. Onlar avtomobili saxlanıldığı evin qarşısından səsi eşidilməsin deyə mühərrikini işə salmadan bir qədər itələməklə hərəkət etdirmiş, sonra isə mühərrikini işə salaraq Elvinlə növbə ilə sürüb Quba rayonuna getmişlər. Quba rayonunda polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə aparmışlar. Avtomobil polis şöbəsində qalmış, əvvəlcə Elvini, sonra isə onu sərbəst buraxmışlar. O, yaşadığı Xudat şəhərinə qayıdıb gəlmiş, Xudat şəhərində yolda Elvinin atası və babası ilə rastlaşmış, sonuncular polisə zəng edib məlumat vermişlər və polis əməkdaşları gəlib onu Xudat polis bölməsinə aparmışlar. Qaçırdıqları həmin avtomobil Xudat şəhərində poçt binasının arxasında, evin qapısının qarşısında olmuşdur. Həmin avtomobili Elvinlə o, itələyib evdən bir qədər kənarlaşdırandan və avtomobilin üzərində olan açarı ilə mühərriki işə saldıqdan sonra ilk olaraq avtomobili Elvin, daha sonra o, sürmüş, daha sonra yenidən yelərini dəyişərək növbə ilə sürmüşlər. Həmin avtomobili qaçırmağı Elvinə o təklif etmişdir. Fikirləşmişdir ki, həmin avtomobili sürərək qaytarıb yerinə qoyarlar, lakin Quba rayonunda saxlanılmışlar. Quba rayonunda polis əməkdaşları avtomobili qaçırmalarını bilməmişlər, sonunculara avtomobilin əmisinə məxsus olduğunu demiş, həmin vaxt polis əməkdaşları sürücülük vəsiqəsinin olub-olmadığını soruşmuş, sürücülük vəsiqəsinin üzərində olmadığını demiş, buna görə də avtomobili cərimə meydançasına aparmışlar. Quba rayonu istiqamətində getmələrinin səbəbi sadəcə avtomobili sürmək olmuşdur. Həmçinin həmin avtomobili qaçırmaqda məqsədləri sürmək olmuşdur. Həmin avtomobili götürəndə başqa şəxsə məxsus olduğunu, həmin zaman avtomobili götürmələrinin qanunsuz olduğunu bilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1la birlikdə zərərçəkmiş şəxsin “VAZ” markalı avtomobilini qaçırmışlar. Həmin vaxt avtomobilin qapıları açıq, mühərriki işə salma açarı da yerində olmuşdur. Onlar avtomobili saxlanıldığı evin qarşısından səsi eşidilməsin deyə mühərrikini işə salmadan bir qədər itələməklə hərəkət etdirmiş, sonra isə mühərrikini işə salaraq əvvəlcə o, daha sonra Sərxan, yəni növbə ilə sürüb Quba rayonuna getmişlər. Yolda olarkən avtomobilin benzini qurtarmış, polis əməkdaşları onlara yaxınlaşıb sürücülük vəsiqəsini istəmiş və avtomobilin kimə məxsus olduğunu soruşmuşlar. Sərxan avtomobilin əmisinə məxsus olduğunu və sürücülük vəsiqəsinin olmadığını demiş, bundan sonra onları Quba polis şöbəsinə aparmışlar. Avtomobil polis şöbəsində qalmış, onları isə sərbəst buraxmışlar. O, yaşadığı Xudat şəhərinə gəlmiş və babası ona bildirmişdir ki, onunla Sərxanı polis axtarır. O, Xudat polis bölməsində törətdikləri əməli etiraf etmişdir. Həmçinin bildirmişdir ki, həmin avtomobili sürüb əylənmək məqsədilə götürmüşlər, götürdükləri yerə də qaytaracaq idilər. Həmin avtomobili qaçırmağı ona Təqsirləndirilən şəxs1 təklif etmişdir. Avtomobili götürmələrinin qanunsuz olduğunu bilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun avtomobilini qaçırmışlar, sonradan isə avtomobil ona qaytarılmış, ona və avtomobilinə hər hansı ziyan dəyməmişdir. Həmçinin təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayəti və tələbi yoxdur, onları bağışlamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (şahid) Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Elvin hal-hazırda heç bir yerdə işləmir və oxumur. 26 avqust 2021-ci il tarixdə Elvinin polis əməkdaşları tərəfindən axtarıldığı ona məlum olmuş, bununla bağlı maraqlananda Elvinin Xudat şəhər sakini Mahmud adlı şəxsin avtomobilinin qaçırılmasında şübhəli olduğu üçün axtarıldığını bilmişdir. Həmin gün axşamüstü Elvin evə gəlmiş, atası Yüzənməd və əri Cavanşir onu götürüb Xaçmaz RPŞ-nin Xudat PB-nə aparmışlar. Elvinin həqiqətən qonşuları Təqsirləndirilən şəxs1 ilə birlikdə gecə saatlarında Xudat şəhər sakini Zərərçəkmiş şəxs məxsus avtomobili sürmək məqsədi ilə qaçırdıqları sonradan ona məlum olmuşdur. Lakin şəxsən özü Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 26 avqust 2021-ci il tarixdə nəvəsi Təqsirləndirilən şəxs2 polis tərəfindən axtarıldığını eşitmiş və maraqlananda ona məlum olmuşdur ki, nəvəsi Elvin, Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırmışdır. Axşam saatlarında Elvin evə gələndə sonuncunun atası zəng edib Elvinin evə gəlməsini ona bildirmiş, bundan sonra o, Elvini götürüb Xudat polis bölməsinə aparmışdır. Polis bölməsində ona məlum olmuşdur ki, Elvin Təqsirləndirilən şəxs1 ilə birlikdə gecə saatlarında Xudat şəhər sakini Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırmışlar. Zərərçəkmiş şəxslə hər hansı düşmənçiliyi və ədavətləri heç vaxt olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 26 avqust 2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs1 polis tərəfindən saxlanılaraq Xudat polis bölməsinə aparıldığını eşidib polis bölməsinə gedərək bu barədə maraqlananda Sərxanın Xudat şəhər sakini Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırmasında şübhəli olduğu üçün saxlanıldığını bilmişdir. Oğlu Sərxandan bu barədə soruşanda sonuncu ona demişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs2la birlikdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırmışlar. Zərərçəkmiş şəxslə aralarında hər hansı ədavət və ya qərəzli münasibətləri olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilmişdir ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin cinayət axtarışı üzrə sabiq baş əməliyyat müvəkkili olmuşdur. 26 avqust 2021-ci il tarixdə həmin bölməyə Xudat şəhər sakini Zərərçəkmiş şəxs VAZ-21013 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılması ilə bağlı şikayət ərizəsi daxil olmuşdur. Bundan sonra hadisəni törətmiş şəxsin müəyyən edilməsindən ötrü bölmədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmış, bununla bağlı ətraf rayonlarla əlaqə saxlanılanda Zərərçəkmiş şəxs məxsus qeyd olunan avtomobilin Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilməsi müəyyən edilmiş, bundan sonra Zərərçəkmiş şəxs özünün iştirakı ilə Quba RPŞ-yə gedilmiş və avtomobil duracaqdan götürülərək Xudat PBnə gətirilmişdir. Bölmədə avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobilə hər hansı bir zədə yetirilmədiyi müəyyən edilmişdir. Bundan sonra avtomobili qaçırmış şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, nəticədə hadisənin əvvəllər oğurluq etdiyinə görə Xaçmaz rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Xudat şəhəri 1-ci şöbədə yaşayan xx xxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və onunla qonşuluqda yaşayan xx xxxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Bununla bağlı qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xudat PB-nə gətirilmiş, izahatları alınarkən onlar hər ikisi gecə saatlarında Zərərçəkmiş şəxs məxsus avtomobili sürmək məqsədi ilə qaçırdıqlarını etiraf etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X2 ifadəsindən müəyyən edilir ki, o, Qusar şəhərində qeydiyyatda olsa da, 20 ilə yaxındır ki, Xaçmaz rayonu Xudat şəhəri 1-ci şöbə, yeni yaşayış massivində yaşayır. Cavanşir Seyidov və onun ailə üzvlərini həmin vaxtdan tanımış, aralarında münasibət yaxşı olmuşdur. X1 Seyidov uşaq vaxtlarından onun gözü qarşısında böyümüş, Təqsirləndirilən şəxs2 nə öz evlərində ailə üzvləri ilə, nə də qonşularla hər hansı bir münaqişə yaratmasını görməmiş, onun orta məktəbdə özünü yaxşı apardığını bilmiş və ondan evlərinə hər hansı bir şikayət daxil olmasını eşitməmişdir. Elvin çox vaxt yaşadıqları məhəllədə olduğundan və evdə valideynlərinə köməklik göstərdiyindən 2021-ci ilin avqust ayında onun avtomobil qaçırdığını eşidəndə buna inanmamışdır. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nin Xudat PB-nə müraciət edərək 26.08.2021-ci il tarixdə saat 02-dən saat 06-dək olan müddətdə yaşadığı ünvanda evinin qarşısında, küçədə saxladığı özünə məxsus VAZ-21013 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını, avtomobilinin qapılarını kilidləmədiyini, şüşələrini açıq qoyduğunu və mühərriki işəsalma açarını da avtomobilinin üzərində saxladığını bildirmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsi dalan 1, 13 saylı evin həyətə giriş darvazasının qarşı hissəsidir. Zərərçəkmiş şəxs yaşadığı ev ikimərtəbəli olmaqla mişar daşından inşa edilmiş, küçədən evin həyətinə giriş üçün dəmir materialdan hazırlanmaqla göy boya ilə rənglənmiş ikilaylı darvaza qoyulmuş, darvazanın sağ və sol tərəfləri mişar daşı ilə hasara alınmış, qarşı tərəfi isə otluq sahədir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs darvazanın qarşısındakı yeri göstərib 26 avqust 2021 -ci il tarixdə gecə saat 02 radələrindən saat 06 radələrinə kimi olan müddət ərzində naməlum şəxs və ya şəxslərin ona məxsus “VAZ-21013” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili məhz həmin yerdən qaçırdıqlarını bildirmişdir. İş materiallarında olan “Avtomobilə baxış keçirilməsi haqqında” 26 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin avtomobil “VAZ-21013” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı olmaqla ağ rənglidir. Baxış zamanı avtomobilin üzərində hər hansı bir zədə aşkar olunmamışdır. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs avtomobilin salonundan ona məxsus hər hansı əşya götürülmədiyini və avtomobilinin hər hansı detalının zədələnmədiyini bildirmişdir. İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 Xudat PB-də Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırdığı yeri göstərməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun göstərdiyi ünvana – zərərçəkmiş şəxsin yaşadığı Xudat şəhəri, X.Məmmədov küçəsi dalan 1, ev 13 ünvana gedilmiş və Təqsirləndirilən şəxs1 həmin ünvanda evin qarşısından Təqsirləndirilən şəxs2 ilə birlikdə “VAZ-21013” markalı, ** BU *** qeydiyyat nişanlı avtomobili həmin yerdən qaçırdığını göstərmişdir. İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs2 Xudat PB-də Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırdığı yeri göstərməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun göstərdiyi ünvana, yəni zərərçəkmiş şəxsin yaşadığı Xudat şəhəri, X.Məmmədov küçəsi dalan 1, ev 13 ünvana gedilmiş və Təqsirləndirilən şəxs2 həmin ünvanda evin qarşısından Təqsirləndirilən şəxs1 ilə birlikdə “VAZ-21013” markalı, ** BU *** qeydiyyat nişanlı avtomobili həmin yerdən qaçırdığını və hansı istiqamətdə apardıqlarını göstərmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətləri protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ələ keçirmə həmin Məcəllənin 185.2.1-ci maddəsinin tərkibini yaradır. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Qaçırılmış nəqliyyat vasitəsindən başqa cinayətlərin törədilməsi üçün istifadə edilməsi təhlil edilən əməlin təhlükəliliyini xeyli artırmış olur. Bu cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Bu cinayət obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma – başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Dayanacaq daimi və ya müvəqqəti ola bilər. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Nəqliyyat vasitəsini aparma mühərrikin köməyi ilə, habelə maşının əllə bir yerdən başqa yerə hərəkət etdirilməsi yolu ilə həyata keçirilə bilər. Nəqliyyat vasitəsi əvvəlki yerinə qaytarıldığı, yaxud hər hansı başqa yerdə qoyulduğu və ya onu aparan şəxsin tutulduğu andan cinayət başa çatmış sayılır. Bu cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma talamadan nəqliyyat vasitəsinə yiyələnmə məqsədinə görə fərqlənir. CM-nin 185ci maddəsi nəqliyyat vasitəsinin müvəqqəti istifadə üçün qaçırılmasını nəzərdə tutur. Əgər qaçıran şəxs nəqliyyat vasitəsini daimi olaraq öz istifadəsinə, sahibliyinə, sərəncamına keçirmək məqsədi güdürsə, əməl əmlakın talanması hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qabaqcadan əlbir olma dedikdə, iki və ya daha artıq şəxsin cinayət əməlini birgə törətmək üçün əməlin törədilməsinədək razılığa gəlməsi başa düşülür. Belə razılıq cinayətdən əvvəl istənilən anda (cinayətə hazırlıq və ya cinayətə cəhd mərhələsində), lakin hər bir halda özgənin əmlakını götürməyə bilavasitə yönəlmiş hərəkətlərdən əvvəl əldə edilməlidir. Əks təqdirdə, razılıq əmlakın götürülməsi prosesində əldə edildikdə qabaqcadan əlbir olma əlaməti olmayacaqdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərkib əlamətinin mövcud olması üçün daha bir mühüm şərt cinayətin qabaqcadan əlbir olan ən azı iki icraçı tərəfindən (birgə icraçılıqla) törədilməsidir. Həmin birgə icraçılardan hər biri cinayətin (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) subyekti üçün zəruri əlamətə malik olmalıdır, yəni konkret olaraq bu halda 14 yaşına çatmış və anlaqlı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 xx xxxx 2004-cü il tarixdə doğulmaqla cinayət əməlini törədərkən on səkkiz yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunurlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 09.06.2021-ci il tarixli hökmündən və 03.11.2021-ci il tarixli qərarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 04.12.2021-ci il tarixli qərarından və həmin Müəssisənin arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(067)- 59/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; məhkəmənin 03 noyabr 2021-ci il tarixli 7(067)-32/2021 saylı qərarına əsasən həmin hökmlə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 04 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” 04 dekabr 2021-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 subaydır, hərbi xidmətdə olmayıb, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 28 aprel 2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs1 ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 subaydır, hərbi xidmətdə olmayıb, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbinin olmadığını, sonuncu ilə barışdığını bildirərək, hər iki təqsirləndirilən şəxsi bağışladığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli ərizədən, həmin tarixli qəbzdən və sübutların qiymətləndirilməsi barədə 12 mart 2022-ci il tarixli qərardan müəyyən edilir ki, iş üzrə maddi sübut – VAZ-21013 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs özünə qaytarılaraq təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut olan “VAZ-21013” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin özünə qaytarılaraq təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:30-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut – “VAZ-21013” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin özünə qaytarılaraq təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-59/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-59/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver