Məhkəmə qərarları › İş №1(067)-6/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-6/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-6/2021 27.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Əkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə xx xxxxxxx 1996-cı ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «XXİ ƏSR» restoranın qarşısında bacanağı Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncunun bir gün əvvəl yaşadığı evdə təşkil olunmuş məclis zamanı söyüş söyməsi ilə aralarında baş vermiş mübahisə zamanı kənar şəxslərin gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə kəllə ilə vuraraq ona sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz ətrafı və sağ böyür nahiyyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yarasıkimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki,o, ailə üzvləri ilə birlikdə Quba rayonu 1-ci Nügədi kəndində yaşayır. Rəsmi olaraq işləmir, ancaq fərdi olaraq gündəlik işləyib ailəsini dolandırır. Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır, onun bacanağıdır, onunla münasibəti yaxşı olmuşdur. O, 2018-ci ildə Xaçmaz rayon sakini Mirzəyeva (İsayeva) Əfsanə Elçin qızı ilə ailə həyatı qurmuşdur. Həmin nigahdan bir övladı olmuşdur. X3 rayonu, Köhnə-Xaçmaz kəndində Günel adlı bacısı isə Mahir ilə birlikdə yaşayır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə ailəsi ilə bacanağı Mahirin evinə qonaq getmişdir. Orada masa arxasında oturub çörək yeyərkən Mahirlə ikisi 0.5 litrlik araq içmişlər. Söhbət zamanı onun işindən danışmışlar. Bu vaxt Mahir onu ələ salaraq demişdir ki, güya onu işdə sındırmışlar və işdə hörməti olmayan adamdır. O da Mahirə onu sındıran adam olmamış, belə adamı özü sındıra biləcəyini demişdir. Bu söhbət zamanı aralarında mübahisə yaranmış və Mahir ondan tələb etmişdir ki, evindən çıxıb getsin. Bu zaman Mahir bir neçə dəfə onu pis söymüşdür. O da ailəsi ilə qapıdan çıxanda Mahir təkrarən onu söymüşdür. O, ailəsi ilə getmək istəyəndə Mahir demişdir ki, get uşaqlarını evinə qoy, sonra qayıt gəl söhbət edək. O da Mahirə demişdir i, sən içkilisən, sabah söhbət edərik. Bir gün sonra o, Mahirin içkili olduğuna görə inanmayıb zəng vurmuş və niyə axşam onunla kobud danışdığını və onu hansı səbəbdən söydüyünü soruşmuşdur. Mahir təkrarən onunla görüşmək istədiyini bildirmiş və bir daha onu söymüşdür. O da Mahirə iş yerinə gəlməyi və işlədiyi Quba rayonu, Qaraçay kəndində yerləşən restoranda görüşüb söhbət etmək istədiyini bildirmişdir. Lakin, Mahir razı olmamış, buna görə Mahiri söhbət etmək üçün Xaçmaz rayonunda yerləşən kanal deyilən yerə çağırmışdır. Lakin, Mahir ona “sən kimsən ki, sənin ayağına gəlim” deyərək Xaçmaz şəhərinə gəlməyini tələb etmiş və onu bıçaqla vuracağını bildirmişdir. Bu barədə sonradan o, əmisi oğlu Elvinə danışmış, Elvindən xahiş etmişdir ki, onunla getsin. Elvin də Mahiri tanımışdır. Çünki bir müddət əvvəl Mahir Elvinin qardaşından maşın almış və maşından narazıçılıqları da olmuşdur. O, Elvinlə getməyə hazırlaşanda maşını köhnə olduğuna görə getməmiş, buna görə tanışı Kakaşanın VAZ-2106 markalı avtomobili ilə getməyi təklif etmişdir. O da razılaşmış və onlar Xaçmaz şəhərinə gəlmişdilər. Əvvəl zəngləşəndə Mahir onları Bay-oba kəndi yoluna çağırmış, sonra Xaçmaza çatanda “XXİ ƏSR” restoranın qarşısında olduğunu demişdir. Buna görə onlar həmin yerə getmişdilər. Kakaşan maşında əyləşib gözləmiş, o da Elvin ilə birlikdə maşından düşüb restoranın qarşısında dayanmış Mahirlə görüşmüşdülər. Söhbət zamanı o, Elvinlə birlikdə Mahirin yanında durmuşdular. Mahirə bir gün əvvəl evində ailəsi ilə birlikdə olan zaman onu haqsız söymüş və ona qarşı kobudluq etməsini bildirmişdir. Halbuki, o, Mahirə qarşı heç bir söyüş və hörmətsizlik etməmişdir. Həmin vaxt Mahir özünə haqq qazandırmağa çalışmış və demişdir ki, guya o, Mahirlə telefonda danışanda söymüşdür. Söhbət bitdikdə o, Elvinlə birlikdə aralanıb getmək istəyəndə Elvin onu çağırmış və əlini çiyninə qoyub demişdir ki, sən yaxşı oğlan deyilsən. Bu vaxt artıq əsəbləşib bir dəfə Mahirin sifət nahiyəsindən kəlləsi ilə (başı ilə) vurmuşdur. Mahiri vurduqdan sonra, yerə yıxılmışdır. Bundan sonra əmisi oğlu Elvin onun üstünə gələrək onu kənara çəkmiş və çıxıb həmin yerdən getməyini tələb etmişdir. Bu vaxt Kakaşan da maşından düşüb gəlib Mahirlə onu aralamışdır. X4 yanında qalıb köməklik etmiş, Kakaşan isə onu maşına aparmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayır. İki övladı var. Rəsmi olaraq “xxxx” MMC-də sürücü kimi işləyir. Təqsirləndirilən şəxsTahir oğlu onun bacanağıdır, onunla əvvəllər münasibəti yaxşı olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə bacanağı Taleh ailəsi ilə onun evinə qonaq gəlmişdir. Bir yerdə oturub onunla araq içmişdir. İkisinin arasında olan söhbət zamanı Taleh iş yerində olan şəxslərdən narazılıq etmişdir. O da Talehə zarafatla “işdə səni sındırıblar?” demişdir. Bu sözü Talehin xoşuna gəlməmiş və Taleh onu sındıran şəxsi pis söyüşlə evinin içində söymüşdür. O da Talehə iradını bildirib evdə söyüş söyməməsini demişdir. Lakin, Taleh yenidən söyüş söydüyü üçün onu evdən qovmuş və sonra söhbət edəcəyini Talehə bildirmişdir. Bir gün sonra Taleh ona zəng etmiş və onunla görüşüb söhbət etmək istədiyini demişdir. Taleh onu yaşadığı Quba rayonu, Qaraçay kəndinə, Ağ-çinar kafesinə çağırmışdır. Lakin, həmin yerə getməmiş və Talehə yaşadığı yerə yaxın gəlməsini xahiş etmişdir. Bir qədər sonra saat 20 radələrində Taleh VAZ-2106 markalı avtomobil ilə yanında iki nəfər şəxslə Xaçmaz şəhərinə gəlmişdir. Onlar Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “XXİ ƏSR” kafesinin qarşısında görüşmüşlər. Söhbət zamanı qəfildən Taleh onun sifət nahiyəsindən kəllə ilə vurmuş və zərbədən yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra Taleh oradan çıxıb getmiş, lakin, Talehin əmisi oğlu hadisə yerində onun yanında qalaraq onu sakitləşdirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonu Qədmalı-Qışlaq kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq kənd təsərrüfatı ilə məşğul olur. Quba rayon sakini Şahid1 tanıyır, onunla dost kimi münasibəti yaxşıdır. Ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin, Quba rayon sakini Təqsirləndirilən şəxs Şahid1 görə tanımışdır, Elvin ilə Taleh əmi oğludurlar. Bundan başqa, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs tanımır, onunla hər hansı ədavəti və münasibəti olmamışdır. Belə ki, istintaq zamanı öyrənmişdir ki, Zərərçəkmiş şəxs Talehin bacanağıdır. O, xx xxxxxxx 2019-cu il tarixdə dostu Elvinlə birlikdə Quba rayonunda olmuşdur. Təxminən axşam saat 20 radələrində Elvinin əmisi oğlu Taleh ona zəng etmiş və onlar telefonda nədənsə danışmışdılar. Bundan sonra Elvin ondan xahiş etmişdir ki, Talehi götürək, onun bacanağı ilə işi vardır. Ona görə onun maşını ilə Xaçmaz şəhərinə getməli olduğunu bildirmişdir. O isə Elvinlə razılaşmışdır. Sonra Elvinlə birlikdə idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə Quba şəhərində yerləşən mərkəzi dairənin yaxınlığından Talehi də götürüb Xaçmaz şəhərinə gəlmişdilər. O, təxminən 21 radələrində Xaçmaz şəhəri Bakı prospekti ilə Xudat şəhəri istiqamətində gəlib yolun sağ kənarında “XXİ Əsr” restoranın qarşısında avtomobili saxlamışdır. Elvin ilə Taleh maşından düşüb, yolun əks tərəfinə “XXİ Əsr” restoranının qarşısına tərəf getmişdilər. O isə maşında əyləşib onları gözləmişdir. Taleh ilə Elvin yolun o biri tərəfinə keçib, kiminləsə görüşmüşdülər. Sonradan isə həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Onların orada bir neçə dəqiqə söhbət etdikdən sonra əlbəayaxa olduqlarını görmüşdür. Qıraqdan yoldan keçən tanımadığı şəxslər hamısı onlara baxdığını bildirmişdir. O da Talehin Mahirlə əlbəayaxa olduğunu görüb tez maşından düşmüş və onların yanına getmişdir. Onların davasını ayırmışdır. O, Talehi ayırıb maşına gətirib mindirmişdir. Elvin isə Mahirin yanında qalmış və onunla nə söhbət etdiklərini bilməmişdir. Bundan sonra söhbət qurtarmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Quba rayon Qaraçay kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq kənd təsərrüfatı ilə məşğul olur. Quba rayonu 1-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onun əmisi oğludur və münasibətləri yaxşıdır. Bundan başqa, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs tanıyır, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə Bakıdan Quba rayonuna yaşadığı evə gəlmişdir. Bu zaman Taleh ona zəng edərək bacanağı Mahir ilə aralarında söz söhbət olduğunu və onun Mahirlə yaxşı münasibətdə olduğunu bildirərək Mahirlə görüşüb bu məsələyə son qoyulmasını, aralarında olan anlaşılmazlığın aradan qalxmasına köməklik göstərməyini xahiş etmişdir. O da Talehə etiraz etməmiş və Mahirə zəng edərək görüşmək isdədiyini bildirmişdir. Mahir də buna etiraz etməmiş və həmin gün saat 21 radələrində Taleh və tanışı Kakaşanın VAZ-2106 markalı avtomobili ilə Xaçmaz rayon H.Əliyev küçəsində Mahirlə söhbət etməyə getmişdilər. Ora çatdıqdan sonra Talehlə Mahiri barışdırmaq istəmişdir. Onlar Xaçmaz şəhəri Bakı prospektində yerləşən “XXİ ƏSR” restoranının qarşısına gəlmişdlər. Kakaşan avtomobildə onları gözləmiş, o isə Taleh ilə maşından düşüb, Mahirin yanına getmişdilər. X5 ilə söhbət edən zaman Mahir Talehə qarşı qeyri etik ifadələr işlətmiş və heç birinin gözləmədiyi anda Taleh Mahirin sifətinə kəllə ilə vurmuşdur. Bu zaman Mahir yerə yıxılmışdır. Sonra onlar arasında münaqişə baş vermişdir. O, onların davasını ayırmağa çalışmışdır. Bu zaman davanı görən Kakaşan da avtomobildən düşərək, onların yanına gəlmişdir. Kakaşan Talehin uzaqlaşdıraraq avtomobilə aparmışdır. O isə Mahirin yanında qalmış və Mahirə köməklik göstərmişdir. Sonra Mahir ona, Talehə zəng edərək Talehin bura gəlməsini ona söz demək isdədiyini bildirmişdir. O, davanın daha da böyüməməsi üçün onu sakitləşdirmiş və evinə göndərmişdir. İşdə olan Xaçmaz rayon MTE və PA Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019cu il tarixli 767 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sağ qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol göz ətrafı və sağ böyür nahiyyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx xxxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Quba rayon İcra Hakimyyəti Başçısının 1-ci Nügədi kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «XXİ ƏSR» restoranın qarşısında bacanağı Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncunun bir gün əvvəl yaşadığı evdə təşkil olunmuş məclis zamanı söyüş söyməsi ilə aralarında baş vermiş mübahisə zamanı kənar şəxslərin gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə kəllə ilə vuraraq ona sağ qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol göz ətrafı və sağ böyür nahiyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi jinayətin ağırlığını və onun əmlak vəziyyətini nəzərə alaraq, ona əməlinin tövsif olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş jərimə növündə jəza təyin etməyi məqsədə müvafiq hesab edir. Bu zaman məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Mirzəyev X2 Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar