Məhkəmə qərarları › İş №1(067)-60/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-60/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-60/2023 01.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 14 avqust 1974-cü ildə Xaçmaz rayonunun Nabran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, iki yetkinlik yaşına çatmayan uşağı olan, Xaçmaz rayonunun Nabran kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,022 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, 12 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Nabran kəndi ərazisində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirildikdən sonra 13 iyul 2022-ci il tarixdə, saat 01:10-dan 01:16-dək olan vaxt müddətində ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,022 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Nabran kəndində yaşadığı evin yaxınlığında olmuş, polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməsi barədə məlumat olduğunu bildirmişlər və ondan üzərində narkotik vasaitə olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmiş və bundan sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkilişlə üzərində saxladığı marixuana narkotik vasitəsini çıxarıb təqdim etmişdir. Həmçinin bildirdi ki, o, təxminən 8 ildir ki, narkotik vasitə – marixuana çəkərək istifadə etmiş, o, marixananı demək olar, bir ayda, iki ayda bir dəfə, toy mərasimlərində çəkmişdir. Ona toy mərasimlərində narkotik vasitəni tanımadığı şəxslər çəkəndə ona da vermişlər. Onun üzərindən aşkar olunmuş narkotik vasitəni yaşadığı evin bağ sahəsinin yanında yerləşən meşədə iki ədəd kiçik çətənə bitkisi şəklində tapmış, yəni meşədə olarkən orada həmin çətənə bitkilərini görmüş, dərərək kibrit qutusuna öz istifadəsi üçün qoymuş, o, həmin çətənə bitkisini görəndə həmin bitkinin yarpaqlarından artıq bir-iki dənəsi dərilmişdir. Onun bağının qapısı açılan kimi meşə başlayır, həmin çətənə bitkisini də elə meşənin onun bağının qapısına yaxın hissəsindən tapmışdır. O, çətənə bitkisini tapanda yanında heç kim olmamış, sadəcə, bağından meşəyə çıxanda elə meşənin girəcəyində görüb yarpaqlarını yığmışdır. O, əvvəllər əyani olaraq çətənə bitkisi görməmişdir. Həmin çətənə bitkisini kimin əkdiyini bilmir. O, həmin marixuananı tapandan təxminən 7-10 gün sonra polis tərəfindən tutulmuşdur. O, heç kimə narkotik vasitə verməmişdir. Bundan başqa bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqda ona qarşı heç bir təzyiq olunmamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu, səhv etdiyini anladığını, bir daha cinayət törətməyəcəyini, üç övladının olduğunu, onlardan ikisinin yetkinlik yaşına çatmayan olmasını, ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, təxminən 01 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan tüstüsünü çəkmək yolu ilə istifadə edir. 2022-ci ilin iyul ayının əvvəllərində yaşadığı Xaçmaz rayonunun Nabran kəndi ərazisindəki meşə sahəsində olan zaman meşədə bir ədəd çətənə bitkisinin olmasını görmüş, həmin çətənə bitkisi sıx kolların arasında olmuş, çətənə kolunun ətrafında çox sayda alaq otlarının bitməsindən həmin çətənə bitkisinin yabanı halda bitdiyini anlamış, özü narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyindən həmin narkotik vasitənin çətənə bitkisindən əldə edildiyini bilmiş, buna görə də həmin çətənə bitkisinin yarpaqlarını toplayıb qurutduqdan sonra özü üçün istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin bitkinin yarpaqlarını toplayıb üzərində saxlamış, bitkini isə meşə sahəsinə atmış, həmin bitkini atdığı yer yadında qalmamışdır. O, bitkidən əldə etdiyi hissələri qurudaraq istifadə etmiş, geriyə qalan hissəsini isə bir ədəd kibrit qutusuna yığaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 23:30-da yaşadığı Xaçmaz rayonu, Nabran kəndi ərazisində olmuş, həmin vaxt iki nəfər şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdirlər. Həmin zaman saxlanıldığı ərazidə avtomobillər intensiv hərəkət etdiyindən və insanlar çox olduğundan onu Xaçmaz RPŞ-yə dəvət etmiş, Xaçmaz RPŞ-də ona müdafiəçi təqdim edilmiş və hüquq və vəzifələri izah edilmiş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu aşkar edilmişdir. O, həmin qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin bir ədəd kibrit qutusu polis əməkdaşı tərəfindən götürülərək müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında Xaçmaz RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində təqsirləndirilənin üzərində axtarış keçirilmiş və üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt narkotik vasitəni özünün istehlakı üçün üzərində saxladığını, heç kəsə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı sonuncunun narkotik vasitələri üzərində daşıması və istifadə etməsinə dair olmuş, satışı ilə məşğul olması barədə olmamış, həmçinin təqsirləndirilənin narkotik tərkibli bitkilər əkməsi barədə məlumat olmamışdır. Bundan başqa, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis polkovnik-leytenantı rütbəsindədir. 12 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatla bağlı Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmiş, onlar 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nabran kəndində olmasını müəyyən etmiş və həmin gün saat 23:30-da ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, onlarla Xaçmaz RPŞ-yə gəlməsini bildirib Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs də onlarla birlikdə avtomobilə əyləşərək Xaçmaz RPŞ-yə gəlmiş, həmin vaxt onlar Təqsirləndirilən şəxs davranışına nəzarət etmişdir ki, əgər üzərində narkotik vasitə varsa üzərindən kənarlaşdıra bilməsin. Xaçmaz RPŞ-nin inzibati binasına gəldikdə müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş, bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmiş, Təqsirləndirilən şəxs isə bununla bağlı etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarın sol yan cibindən pul əskinazlarını çıxarıb xidməti otaqda masanın üzərinə qoymuş, həmin kibrit qutusu açıldıqda içərisində tünd yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin tünd yaşıl rəngli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində daşıyıb, saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə qurudulumuş marixunaya bənzər bitki mənşəli kütlə ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən pul əskinazları maddi sübut əhəmiyyəti daşımadığından özünə geri qaytarılmış, şəxsi axtarış keçirilməsi haqqında müstəntiq tərəfindən protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış və heç bir irad, vəsatət bildirilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X4, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5, Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə Xaçmaz RPŞnin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən isə 03 ədəd 10 AZN, 07 ədəd 5 AZN, 02 ədəd 01 AZN əskinazlarını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, hər hansı bir əşya aşkar edilməmişdir. Kibrit qutusu müstəntiq tərəfindən açıldıqda həmin kibrit qutusunun içərisində tünd yaşıl rəngli bitki mənşəli kütlənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni yaşadığı Xaçmaz rayonu, Nabran kəndində yerləşən meşə ərazisindən tapdığı narkotik tərkibli çətənə kolunun yarpaqlarını toplamaqla əldə etdiyini, hər hansı bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən bitki mənşəli kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bitki kütləsi müstəntiq tərəfindən ekspertizaya təqdim etmək üçün bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzəri şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edildikdən sonra müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 03 ədəd 10 AZN, 07 ədəd 5 AZN, 02 ədəd 01 AZN pul əskinazları götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Sabit Tahirov tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 7/765 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,022 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdqiqata qurudulmuş marixuana narkotik vasitəsindən 0,02 qram sərf edildikdən sonra qalıq – 6,002 qram təşkil etmişdir. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 16 sentyabr 2022-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 6,022 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 6,002 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 26 iyul 2022-ci il tarixli, 4083 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmilş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə edir, lakin narkotik vasitəni haradan və kimdən əldə etməsi və satması barədə məlumat daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,022 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Nabran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan qərarlardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı çağırışlara gəlmədiyindən xx.xx.2022-ci il tarixdə barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixli qərarlarla barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmış, xx.xx.2022-ci il tarixdə isə o, könüllü olaraq Xaçmaz RPŞ-yə gələrək özünü təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini, həmçinin onun barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları və cinayət məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq həmin cəzanı aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2022-ci il tarixli protokoldan, həmin tarixli “təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 6,022 qram olan narkotik vasitə qurudulmuş marixuanadan təqdqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 6,002 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 6,022 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 6,002 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,002 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,002 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar