Məhkəmə qərarları › İş №1(067)-60/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-60/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-60/2025 23.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1992-ci ildə Xaçmaz rayonunun Qobu-qıraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-11/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Xaçmaz rayonunun Qobu-qıraq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddəni - metamfetamini qəsdən xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib saxlamaqla daşımışdır. Belə ki o, Xaçmaz st. X12 əməkdaşları tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində saxlanılaraq Xaçmaz st. X12 inzibati binasında 01 avqust 2024-cü il tarixdə, saat 21:55-dən 22:15-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sol yan cibindən kibrit qutusunun içində bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamda qeyd olunduğu kimi, həqiqətən də, onun üzərində 0,378 qram çəkidə metamfetamin psixotrop maddəsi olmuş, həmin maddəni üzərində şəxsi istehlakı üçün saxlamışdır. O, 2024-cü ilin avqust ayının əvvəllərində yaşadığı ünvana Xaçmaz şəhəri dəmir yolu vağzalı ərazisindən keçərək gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və üzərində şəxsi axtarış keçirilərək üzərindən həmin psixotrop maddə aşkar edilmişdir. Həmçinin bildirdi ki, o, üzərindən aşkar edilmiş metamfetamini tanımadığı şəxsdən almışdır. Həmin metamfetamini internet vasitəsilə tanış olduğu şəxsdən almış, lakin psixotrop maddəni həmin şəxslə görüşərək almamış, metamfetamini Xaçmaz şəhərində yerləşən “Şəxsiyyətlər parkı”nda ona həmin şəxs tərəfindən qoyulan yer bildirilmiş və o, gedərək həmin yerdən metamfetamini götürmüşdür. O, aldığı həmin psixotrop madəyə görə pulu ödəmə terminalı vasitəsilə tanımadığı həmin şəxsin verdiyi kart hesabına köçürmüş, lakin pulu köçürməsi barədə qəbz onda yoxdur. O, qeyd etdiyi parkın yanında olan şadlıq sarayının qarşısından metamfetamini götürərək yaşadığı ünvana getmək üçün dəmiryolu vağzalından keçərək getmək istəyərkən elə həmin gün polis tərəfindən saxlanılmışdır. Metamfetamini götürdüyü yerdə videomüşahidə kamerası olmamışdır. O, metamfetamindən təxminən iki ildir ki, istifadə edir. O, törətdiyi cinayət əməlindən peşmandır, kirayə evdə yaşayır, onun iki azyaşlı uşağı var, atası vəfat etmiş, qardaşı da cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olur. Təxminən iki ildir ki, “patı” kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 20:00 radələrində Xaçmaz şəhəri ərazisində “Şəxsiyyətlər” parkı adlanan yerdə əvvəllər tanımadığı Ceyhun kimi özünü təqdim edən şəxsə 40 manat verib 1 (bir) ədəd büküm “patı, yəni psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Sonra Xaçmaz dəmiryolu stansiyasının ərazisindən keçib evə gedərkən polis əməkdaşları ona tərəf yaxınlaşıb özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələri daşımaqda, saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz stansiyasının X14 dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə X14 getmişdir. X12 inzibati binasında özünü Xaçmaz stansiyasının X12 İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı kimi təqdim edən polis əməkdaşı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə bildirib, vəkillərin siyahısını təqdim etmişdir. O da siyahıda olan vəkillərdən biri ilə təmin edilməyini xahiş etmişdir. Bundan sonra siyahıda olan dövlət hesabına olan vəkillərdən Pərviz Müslümov ilə təmin edilmişdir. Vəkilin iştirakı ilə təhqiqatçı şübhəli şəxs qismində tutulmağı barədə ona protokol tərtib etmişdir. Həmin protokolu o, vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onun vəkili Pərviz Müslümovun iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarışın aparılacağını izah etmişdir. O, üzərinə şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış başladıqda təhqiqatçı ona hüquq və vəzifələrini bir də izah etmiş, bu barədə bildiriş verərək üzərində nə varsa çıxarıb masanın üzərinə qoymağını təklif etmişdir. O da əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli pul qabı və sol yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoymuşdur. Kibrit qutusunun içərisinə baxdıqda sellofan bükümdə Ceyhundan öz şəxsi istifadəsi üçün aldığı “patı”, yəni psixotrop maddə metamfetamin olmuşdur. Həmin 1 ədəd sellofan bükümdə olan “patı”, yəni psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə, saat təxminən 20:00 radələrində Xaçmaz şəhəri ərazisində “Şəxsiyyətlər” parkı adlanan yerdə Ceyhun adlı şəxsdən 40 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt təhqiqatçı psixotrop maddə metamfetamini kiməsə satmaq və ya vermək niyyətinin olub-olmadığını soruşmuş, o bildirmişdir ki, həmin “Patı”nı, yəni psixotrop maddə metamfetamini kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Sonra təhqiqatçı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü masanın üstündən götürüb elektron tərəzidə çəkib və ekspertizaya təqdim edilməsi üçün zərfə qoymuş, möhürləyərək qablaşdırıb maddi sübut kimi götürmüşdür. Sonda üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə o da imzalamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə də olan psixotrop maddə metamfetamini aldığı Çeyhun adlı şəxslə Xaçmaz şəhər ərazisində “Şəxsiyyətlər” parkı adlanan yerdə təsadüfən rastlaşmış və oradan tanımış, onun barəsində başqa hər hansısa bir məlumatı olmamışdır. Yəni Ceyhunun soyadını, ata adını, işlədiyi yeri və ya yaşadığı yeri bilməmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni heç kimə satmamış və ya satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Xaçmaz st. XPŞ-nin CAQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 avqust 2024-cü il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs adlı şəxsin tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmişdir. Daha sonra onun tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. O, Xaçmaz st. XPŞ-nin PPXM-nın manqa komandiri, polis baş serjantı Şahid2 ilə birlikdə Xaçmaz dəmir yol stansiyasının ərazisində müşahidə aparmağa başlamışlar. Saat 21:20 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində peyda olmuşdur. Onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək, əldə olunmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmişdir. O, raport tərtib edərək Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə məruzə etmişdir. Materialın sonrakı icrası Xaçmaz st. XPŞnin təhqiqatçısı Əli Hüseynova həvalə olunmuşdur. X9 xidməti otağında şöbəyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində şöbəyə əməliyyat məlumatı daxil olmasını deyərək sonuncuya vəkil seçməsi üçün vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə X5 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və vəkili Pərviz Müslümov tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək buna onun etirazının olub-olmaması soruşulmuş, cavab olaraq bildirdimişdir ki, üzərinə şəxsi axtarışın keçirilməsinə etirazı yoxdur, bundan sonra X9 xidməti otağında Təqsirləndirilən şəxs hüquq və vəzifələrini başa salaraq ona bu barədə bildiriş vermiş, təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edib üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli pul qabı və sol yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin kibrit qutusunun içərisinə baxıldıqda içində iki ədəd çöp və bir ədəd büküm aşkar edilmişdir. Büküm açılıb baxış keçirilərkən içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olmasını etiraf etmiş, həmin metamfetamini Xaçmaz şəhər ərazisində Ceyhun adlı şəxsdən öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satmaq niyyəti olub-olmadığı soruşulanda o, arabir düşəndə narkotik vasitə və psixotrop maddə istifadə etdiyindən, həmin aldığı psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxan və içərisində psixotrop maddə metamfetamin olan büküm elektron tərəziyə qoyularaq çəkildikdə 0,44 qram tərəzidə göstərmiş və zərfə qoyularaq qablaşdırılmış, o, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olmuş və protokolu imzalamışdır. Həmçinin bildirdi ki, onlar tərəfindən əməliyyat tədbirləri keçirilsə də, təqsirləndirilən şəxsin psixotrop maddəni aldığını bildirdiyi Ceyhun adlı şəxsi aşkar edə bilməmişlər, bundan başqa, təqsirləndirilən şəxs özü də həmin Ceyhun adlı şəxsi heç vaxt görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz st. XPŞ-nin TQ-nun təhqiqatçısı X1. XPŞ-nin CAQnun əməliyyat müvəkkili Şahid1, həmin polis şöbəsinin PPXM-nin komandiri Şahid2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Xaçmaz st. XPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli pul qabı və sol yan cibindən isə 1 ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən çıxardaraq təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisindən iki ədəd kibrit çöpü və 1 ədəd büküm aşkar olunur və həmin büküm təhqiqatçı tərəfindən açılıb içərisinə baxıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. İçərisində kristal formalı maddə olan həmin büküm elektron tərəzidə çəkilir və çəkisinin bükümlə birlikdə 0,44 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni Xaçmaz şəhər ərazisində Ceyhun adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, özü narkotik istifadəçisi olduğunu bildirir. Baxışda iştirak edən müdafiəçi Pərviz Müslümov şübhəli şəxs Təqsirləndirilən şəxs onu harada, nə vaxt saxlanılaraq X14 gətirildiyini, bundan əvvəl, yəni çəkilişdən əvvəl üzərinə şəxsi axtarışın keçirilibkeçirilmədiyini, ona qarşı fiziki və ya psixi təsirin olub-olmamasını, müdafiəçiyə bildiriləsi sözünün olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs cavab olaraq bu gün axşam saat 21 rədələrində dəmir yolu vağzalının qarşısında saxlanıldığını və aşkar olunmuş psixotrop maddəni öz istifadəsi üçün alaraq üzərində saxladığını, ona qarşı heç bir təzyiqin olunmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan psixotrop maddəyə bənzər kristal formalı ağ rəngli kütlə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülüb ekspertizaya təqdim olunmasından ötrü müvafiq qaydada qablaşdırılmaqla üzəri möhürlənərək imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş bir ədəd pul qabı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarışın videoçəkilişi Xaçmaz st. XPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti X7 tərəfindən qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3953 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN DYNPİ Xaçmaz st. X17 Arayışlar üçün” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,378 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin psixotrop maddəsindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,328 qram təşkil etmişdir. İş materiallarında olan 08 avqust 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,378 qram təşkil etmiş metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,328 qram çəkidə qalıq qalmış həmin psixotrop maddə Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 sentyabr 2024-cü il tarixli, 6466 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı, Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsini “Ceyhun” adlı şəxsdən alması müəyyən olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamış, sözügedən “Ceyhun” adlı şəxsin şəxsiyyəti və yaşadığı yer barədə heç bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz istifadəsi üçün üzərində saxlamış, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 5(067)- 188/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlaması və gəzdirməsi barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 07 noyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,378 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixotrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-11/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Hülövlü kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var.(xx.xx.2014 və xx.xx.2017) İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Hülövlü kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs iki övladı var. O, yaşadığı kənddə kənd sakinləri ilə yaxşı münasibətdədir. Barəsində Nümayəndəliyə heç vaxt heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki,məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş hökmün surətindən və arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-11/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm 29 dekabr 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 23 yanvar 2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində olan Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-11/2024 saylı hökmünün icrası barədə Göstəriş 17 yanvar 2025-ci il tarixdə probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq tədbirlər görülür. Məhkum şöbənin qeydiyyatına götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(031)-11/2024 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan, tutmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 03 avqust 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(031)-11/2024 nömrəli hökmünə dair cinayət işi üzrə xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 12 (on iki) gün müddət, ümumilikdə 04 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə (66.5) təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,378 qram psixotrop maddə metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,328 qram metamfetamin təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,378 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,328 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,328 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (02 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(031)-11/2024 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, yəni cəmi 01 il 03 ay müddətinə azadlıqdan məhrumetməyə bərabər tutularaq Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(031)-11/2024 nömrəli hökmünə dair cinayət işi üzrə xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 12 (on iki) gün müddət, ümumilikdə 04 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,328 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (02 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar