Məhkəmə qərarları › İş №1(067)-61/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-61/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-61/2025 19.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının əvvəllərində Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən yaşayış olmayan həyətyanı sahədə qanunsuz olaraq qəsdən əkdiyi xeyli miqdar təşkil edən 10 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. Belə ki, 27 avqust 2024-cü il tarixdə, saat 21:40-21:55 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən koordinatları 41,63238° N (şimal uzunluğu) və 48,66825° E (şərq eni) olan yaşayış olmayan həyətyanı sahəyə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 4400 qram (4kq 400qr) olan 10 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət əməlini törətməkdə səhv əməl etdiyini anlayır, əməli törətməsinin səbəbi xəstəliyi ilə əlaqədar olmuşdur. O, 2021-2022-ci illərdə ağ ciyərində dağılma olduğundan ağ ciyər dispanserində müalicə almışdır. Hər həftənin şənbə və bazar günləri həmin dispanserdən evə buraxılmış, evə buraxıldığı həmin günlərdən birində Xaçmaz şəhərində yerləşən köhnə avtovağzalda dayanacaqda bir büküm tapmış, həmin bükümün içərisində 10 ədəd çətənə toxumu olmuş və bükümü götürərək özündə saxlamışdır. Sonra isə o, ağ ciyər dispanserində müalicəsi başa çatdığı üçün müalicəsinin ev şəraitində davam etdirilməsi üçün evə buraxılmışdır. Yaşadığı evə qayıtdıqdan sonra görüb bilmişdir ki, qonşuluğunda yaşayan şəxsdə xərçəng xəstəliyini müalicə etdirmək üçün həmin toxumun yağından sifariş etdirərək gətirirlər. Onun özü üçün dərman almağa maddi imkanı yoxdur, buna görə fikirləşmişdir ki, həmin toxumları əkərək istifadə edər. Həkimin göstərişinə görə ona ağır işlərdə işləmək, ucadan qışqırmaq və öskürmək olmaz, yalnız yüngül işlər görə bilər o, bir dəfə həkimin bu göstərişinə əməl etməyərək ağır iş görmüş və ciyərində qanaxma baş vermiş və o, yenidən dispanserdə müalicə almışdır. O, görmüşdür ki, əldə etdiyi qazancı müalicəsi üçün dərmanlara sərf olunur, ailəsinin dolanışığı üçün vəsaiti çatmır, buna görə də fikirləşmişdir ki, marixuana əkərək çəkər və dərmanlara pul xərcləməz, dərmanlara verəcəyi pulu ailəsi üçün xərcləyər. Bu fikirlə də o, səhv hərəkət edərək hazırkı cinayəti törətmişdir. Həmçinin bildirdi ki, o, sağalması üçün demək olar, hər vasitədən istifadə etmiş, lakin xeyri olmamış, çarəsiz qalaraq eşitdiyi məlumatlara əsaslanaraq marixuanadan da istifadə edərək sağalacağını düşünmüşdür. O, çətənə bitkisini müalicə məqsədilə əkmişdir. Onun çətənə bitkisini yetişdirdiyi torpaq sahəsi onun baxaraq qulluq etdiyi qoca bir kişinin torpaq sahəsi olmuş və həmin şəxs torpaq sahəsini ona vəsiyyət etmişdir. O, həmin torpaq sahəsində həmçinin tərəvəz də əkmişdir. Onun əkərək yetişdirdiyi çətənə bitkisi 10 ədəd olmuşdur. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. O, çətənə bitkisini onun yağını əldə etmək üçün deyil, qurudaraq çəkmək üçün əkmişdir, fikirləşmişdir ki, çəkməklə ağrılarını keyitmiş olar. O, ailəlidir, bir azyaşlı uşağı var. Törətdiyi cinayət əməlinə görə çox peşmandır, buna görə üzr istəyir. Ailəsini, uşağının nəzərə alınaraq bağışlanmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2021-ci ildə Xaçmaz RMX-də ağ ciyərində olan xəstəliklə əlaqədar müalicə almışdır. Müalicə alsa da, tam sağalmamış, buna görə internet vasitəsilə ciyərlərini necə müalicə edə biləcəyi barədə araşdırma aparmışdır. Çətənə bitkisinin toxumlarından əldə edilən yağ ağ ciyərlərin müalicəsinə kömək edə biləcəyini öyrənmişdir. Buna görə çətənə bitkisi əkmişdir. Bundan başqa, 2021-2022-ci illərdə Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yaşayan Məmmədrza Məmmədrzayev adlı qoca kişiyə qulluq etmiş, xəstə olduğundan əziyyətini çəkmiş, paltarını yumuş, yemək vermişdir. Məmmədrza xəstə olduğundan bir müddət sonra rəhmətə getmiş və rəhmətə getməzdən qabaq notarial qaydada vəsiyyətnamə yazaraq Xaçmaz rayonu, Şollar kəndində yerləşən həmin həyətyanı sahəsini vəsiyyət etmişdir. Məmmədrza rəhmətə getdikdən sonra həmin həyətyanı sahəyə baxmış və oraya sahiblik etmiş, hətta orada yaşamaq üçün ev tikməyə başlamış, lakin evin çox kiçik hissəsini tikmişdir, tamamilə yarımçıqdır. 2023-cü ilin sonlarında Xaçmaz şəhərində yerləşən avtovağzaldan bir ədəd kağız bükümdə toxum tapmışdır. Həmin toxumların çətənə bitkisi toxumu olduğunu bildiyi üçün saxlamışdır, 2024-cü ilin may ayının əvvəlində toxumları qabda əkib ştil halına gətirdikdən sonra Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən həyətyanı sahədə torpaqda basdırmaqla əkmişdir. Həmçinin həmin həyətyanı sahədə qarğıdalı bitkiləri də əkmiş, çətənə kollarını da həmin qarğıdalı bitkilərinin arasında əkmişdir ki, kənardan heç kim görməsin. Həmin bitkilərə mütəmadi qulluq etmiş, su vermiş, diblərini yumşaltmışdır ki, bitkilər inkişaf etsin. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində həmin həyətyanı sahənin qarşısında olan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb orada çətənə bitkiləri əkməyi barədə məlumat əldə etdiklərini bildirmişdirlər. Polis əməkdaşlarının əkindən məlumatlı olmalarını bilmişdir. Buna görə əməlini etiraf edib həyətdə çətənə kolları əkdiyini boynuna almışdır. Daha sonra müstəntiq, mütəxəssis və digər polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə həyətə baxış keçirilmiş, baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Baxış zamanı çətənə kollarını təqdim etmiş, oradan əkdiyi 10 ədəd çətənə bitkiləri çıxarılmış, qablaşdırılmış və möhürlənib üzəri imzalanaraq götürülmüşdür. Çəkiliş zamanı kolları əkdiyini səmimi etiraf etmişdir. Həmin bitkiləri əkdiyi torpaq sahəsində yaşayış evi, həmçinin yaşayış olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İdarəsində aqronom vəzifəsində işləyir. Polis şöbəsi tərəfindən o, Xudat şəhəri, Şollar kəndində torpaq sahəsinə baxışda iştirak etmək üçün mütəxəssis-aqronom kimi dəvət edilmiş, o, polis əməkdaşları ilə birlikdə həmin kəndə getmiş, təqsirləndirilən şəxsin də iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə o, torpaq sahəsində əkilmiş 10 ədəd, hündürlükləri təxminən 50-180 sm aralığında olan çətənə koluna bənzər bitkilərə baxmış, həmin bitkiləri kökündən çıxarmış və müəyyən etmişdir ki, onlara aqrotexniki qulluq edilmiş, suvarılmışdır. Həmin 10 ədəd çətənə koluna bənzər bitki polis tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ali təhsilli aqronomdur. Xaçmaz Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İdarəsində aqronom vəzifəsində işləyir. 27 avqust 2024-cü il tarixdə polis əməkdaşlarının dəvəti ilə Xaçmaz RPŞ-yə getmiş, orada mütəxəssisin təyin edilməsi haqqında qərarla tanış olmuş, hüquq və vəzifələri izah olunmuş, daha sonra isə X9 və digər polis əməkdaşları ilə birlikdə həmin gün saat 21 radələrində Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən ünvanın qarşısına getmişdir. Polis əməkdaşları ilə birlikdə Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən ünvanın önünə getmiş və orada bir nəfər şəxsə yaxınlaşıb videoçəkiliş aparılmaqla ona təqdim etmiş, daha sonra X9 sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə Xaçmaz RPŞ-nin Xudat PB-nə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməsi barədə məlumat daxıl olduğunu bildirib sonuncudan həmin məlumat barəsində soruşduqda Təqsirləndirilən şəxs etdiyi əməli etiraf edib həqiqətən də çətənə bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Təqdim edildikdən sonra X9 baxış keçirilməsinə etirazın olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuş, sonuncu da etirazının olmadığını bildirmişdir. Orada Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi polis kapitanı Rəşad Babayev tərəfindən həmin şəxsə Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən ona vəsiyyət edilmiş torpaq sahəsində videoçəkilişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə həmin ünvana daxil olmuşdurlar. Bundan sonra Təqsirləndirilən şəxs qapıdan içəri daxil olaraq bir neçə metr irəli gedərək həyətin arxa tərəfində əkilmiş qarğıdalı bitkilərinin arasına getmişlər. Həmin bitkilərin arasında olan çətənə bitkilərinə bənzər kolları təqdim edərək həmin bitkilərin çətənə kolları olmasını və əkməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini öz ağ ciyərində olan xəstəliyinin müalicəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını, suvarılmasını bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılaraq kənara yığılıb sayılmış və onların 10 ədəd hündürlükləri orta hesabla 50-180 santimetr aralığında olan bitkilər olması müəyyən edilmişdir. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 01 ədəd ağ rəngli sintetik torbaya yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənərək götürülmüşdür. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün o və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş qablaşmanın üzərinə imza etmişdirlər. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs vəsiyyətnamə ilə verilmiş Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi altında Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 27 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən vəsiyyət edilən ünvanın qarşısında olmasını bildikdən sonra əvvəlcədən dəvət edilmiş mütəxəssis-aqronom Şahid3 iştirakı ilə həmin yerə getmişdirlər. Orada Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi Rəşad Babayev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadə etməsi barədə polisdə məlumatın olduğunu bildirərək Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən vəsiyyət edilmiş torpaq sahəsində videoçəkilişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə həmin ünvana daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ilə qapıdan içəri daxil olaraq bir neçə metr irəli gedərək həyətin arxa tərəfində əkilmiş qarğıdalı bitkilərinin arasına getmişdirlər. Həmin bitkilərin arasında olan çətənə bitkilərinə bənzər kolları təqdim edərək bildirdi ki, həmin bitkilər çətənə kollarıdır, onları özü əkmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini öz ağ ciyərində olan xəstəliyinin müalicəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra mütəxəssis Şahid3 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını, suvarılmasını bildirmişdir. Bundan sonra, aşkar edilmiş bitkilər kökündən çıxarılaraq kənara yığılıb sayılmış və onların 10 ədəd olması müəyyən edilmişdir. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 01 ədəd sintetik torbaya yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənərək götürülmüşdür. Bundan başqa, baxış keçirilən zaman həmin yerdən başqa hər-hansı əşya və ya predmet götürülməmişdir. Baxış zamanı hadisə yerinin dəqiq koordinatları müstəntiq tərəfindən İphone markalı mobil telefonla, həmin telefonda quraşdırılmış xəritə tətbiqi vasitəsilə yoxlanılmışdır. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Şahid2 həmin ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və baxışın keçirilməsinin videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X2 RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili Şahid1, Xudat PB-nin polis nəfərləri Şahid2, X5 və mütəxəssis-aqronom Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs vəsiyyət edilən Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. X9 Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə baxış keçirməli olduğunu bildirərək, etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs isə etirazının olmadığını bildirir. X9 Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib-əkməməsi barədə soruşur. Təqsirləndirilən şəxs ona vəsiyyət edilən həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilərin olmasını bildirir və könüllü olaraq həmin yeri göstərir. Baxış keçirilən torpaq sahəsindən aşkar edilmiş ümumilikdə 10 ədəd çətənə bitkisinə bənzər bitki X9 tərəfindən bir ədəd ağ sintetik torbada qablaşdırılır. Daha sonra X9 baxış keçirilməsinin başa çatmasını bildirir, etirazların olub-olmamasını soruşur, hər hansı etiraz olmur. Baxış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri Emin İlyasov tərəfindən aparılmışdır. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən torpaq sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 10 (on) ədəd, uzunluqları 50-180 sm aralığında olan bitkilər çətənə bitkiləridir. Onların dibləri yumşaldılmış, günəş işığının düşdüyü yerdə əkilmiş, sulanmış və çürüntülərlə gübrələnərək aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 7/1439 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş ümumi sayı 10 (on) ədəd yaş vəziyyətdə ümumi çəkisi 4400 qram (4kq 400qram) olan bitkilər, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkilərindən təqdqiqata cəmi 0,5 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra qalıq 4399,5 qram təşkil etmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi 10 (on) ədəd, ümumi çəkisi 4400 qram (4kq 400qram) qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 4399,5 qram çəkidə qalıq qalmış həmin çətənə (kannabis) bitkiləri Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 09 sentyabr 2024-cü il tarixli, 6130 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan vəsiyyətnamənin, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətlərindən və Xaçmaz rayon İHB-nın Susayqışlaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Xaçmaz rayonu, Şollar kəndi, F.Xoyski küçəsində yerləşən, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiya etdiyi torpaq sahəsi X1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs vəsiyyət etdiyi torpaq sahəsidir. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, Keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən həyətyanı sahədə əkdiyi və aşkar edilərək götürülmüş 10 (on) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini öz istifadəsi üçün özü tək əkərək aqrotexniki qaydada qulluq göstərmişdir. Ona heç kim kömək etməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi çətənə bitkilərinin toxumlarının mənbəyini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitə satmasına dair heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 5(067)- 210/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Şollar kəndi, X12 küçəsində yerləşən həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 24 avqust 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 15 noyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 237.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinin videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) həmin Məcəllənin 237.1-ci maddəsinin tərkibini yaradır. Elmi mənada “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı madəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 21-ci bəndində izah edilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİİ Siyahı), qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdarı 16-800 ədəd (31-1550 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitki - çətənə (kannabis) bitkisi 10 (on) ədəd olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. (xx.xx.2018) İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xudat şəhəri, Səttarxan küçəsi, ev 31-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. Evlidir, bir övladı var. Hərbi xidmətdə olub. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş tibbi arayışdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz Vərəm şöbəsində ambulator müayinədə olmuşdur. Ona “keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı qalıq əlaməti – bərkimiş ocaqlar fibrotik və sol tərəfli plevral qalınlaşmalar” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində (bir) azyaşlı uşağının olmasını və səhhətindəki xəstəliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 29 avqust 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs kultivasiya etdiyi 10 (on) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4399,5 qram təşkil etmiş 10 (on) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs həyətyanı sahədə əkib yetişdirdiyi və aşkar edilərək götürülmüş 10 (on) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirdiyi həyətyanı torpaq sahəsində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs həyətyanı sahədə əkib yetişdirdiyi və aşkar edilərək götürülmüş 10 (on) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib yetişdirdiyi həyətyanı torpaq sahəsində keçirilmiş baxışın videoçəkilişinin (bir ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar