Məhkəmə qərarları › İş №1(067)-62/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-62/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-62/2021 18.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, tərcüməçi X3 iştirakı ilə xx xxxxxxx 1978-ci ildə Xaçmaz rayonunun Şimali kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç uşağı olan, Xaçmaz rayonunun Şimali kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, bu fakt 14 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində Xaçmaz RPŞnin Yalama PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonunun Ləcət kəndində saxlanılaraq Yalama PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən içərisinə 25,126 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış bir ədəd şüşə banka əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır.Rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olur. Təxminən bir il olmuşdur ki, arabir düşəndə narkotik vasitə olan marixuanadan çəkməklə istifadə etmişdir. 10 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonunun Şimali kəndinə gedən zaman Nabran-Xudat avtomobil yolunun sol tərəfində dəniz kənarında sarı rəngli sellofana bükülmüş şüşə banka diqqətini cəlb etmiş və həmin bankanı götürüb açanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Narkotik vasitə istehlak etdiyinə görə həmin bükülünü götürmüş və şəxsi istifadəsi üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq saxlamışdır. 14 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı Ləcət kəndindəki evdən çıxıb çörək almaq üçün ərzaq dükanına gedərkən küçədə polis əməkdaşları ona yaxınlaşaraq əvvəlcə özlərini təqdim etmiş və bundan sonra ona qanunsuz olaraq narkotik vasitə saxlamaqda və üzərində daşımaqda şübhəli olduğu bildirilərək Xaçmaz RPŞ-nin Yalama PB-nə dəvət edilmişdir. O etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin PB-nə getmiş, bölmədə şübhəli kimi tutulduğu andan ona müdafiəçi təqdim olunmaqla müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçirilmiş və axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı narkotik vasitə - marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bununla bağlı protokol tərtib edilmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə barədə nə ailə üzvlərinin, nə də başqa heç kimin məlumatı olmamışdır. Hərdən bir düşəndə qurudulmuş marixuana istehlak etsə də, narkotik vasitə satan şəxslər tanımamış və heç kimə narkotik vasitə satmamışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, ailəli olduğunun, himayəsində üç uşağının olduğunun və ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin Yalama PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilidir. 14 yanvar 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi və daşıması barədə Xaçmaz RPŞ-nin Yalama PB-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla bölmə rəhbərliyinə məruzə edilmiş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7, Yalama PB-nin polis nəfərləri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 qrupun tərkibinə daxil edilmiş və onlar keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Bundan sonra polis nəfərləri Şahid2 və Şahid3la birlikdə Xaçmaz rayonunun Ləcət kəndi ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdən çıxıb küçə ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onlarla birlikdə Yalama PB-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmiş, X6 tərəfindən təqsirləndirilən şəxsə hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuş və hüquqlarının müdafiəsindən ötrü Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 bölməyə dəvət edilərək təqsirləndirilən şəxsə təqdim olunandan sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təqsirləndirilən şəxsə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə üstünə videoçəkiliş vasitəsilə axtarış aparılacağı bildirilmiş və şəxsi axtarışın videoçəkilişinin qeydə alınması Yalama PB-nin növbətçi köməkçisi, polis serjantı Şahid4 həvalə olunmuşdur. Şəxsi axtarışa başlamamışdan əvvəl təqsirləndirilən şəxsə üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra təqsirləndirilən şəxs əynində olan şalvarının ciblərindən bir ədəd mobil telefon, 45 manat pul, bir qutu “Palmall” markalı siqaret və bir ədəd alışqan, qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən isə sarı rəngli sellofana bükülmüş bir ədəd şüşə banka çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxsin təqdim etdiyi həmin şüşə banka açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqsirləndirilən şəxs bankanın içərisindəki kütlənin marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 10 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonunun Şimali kəndi ərazisində dəniz kənarından tapdığını və özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin üstündə axtarış davam etdirilsə də, onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxsin təqdim etdiyi 45 manat məbləğində pul, bir ədəd alışqan, bir qutu siqaret və bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilənin özünə qaytarılmışdır. Sellofana bükülmüş, içərisində marixuana olan bir ədəd şüşə banka ekspertizaya göndərilməsindən ötrü müvafiq qaydada qablaşdırılıb möhürlənməklə götürülmüş və faktla bağlı X6 tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin üstünə axtarış keçirilməsi prosesinin videogörüntüləri əvvəldən axıra kimi növbətçi köməkçisi Şahid4 tərəfindən “Samsung 21S” markalı mobil telefon vasitəsilə qeydə alınmış və bir ədəd CD diskə köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadələri elan edilərək tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələrindən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, 14 yanvar 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin Yalama PB-nin növbətçi hissəsində xidmətdə olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi və daşıması barədə Xaçmaz RPŞ-nin Yalama PB-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə həmin polis bölməsinni CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmış və rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7, Yalama PB-nin polis nəfərləri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 qrupun tərkibinə daxil edilmişlər. Təqsirləndirilən şəxs həmin gün saat 18:30 radələrində həmin polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. X6 tərəfindən təqsirləndirilən şəxsə hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuş və hüquqlarının müdafiəsindən ötrü Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 bölməyə dəvət edilərək təqsirləndirilən şəxsə təqdim olunandan sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təqsirləndirilən şəxsə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə üstünə videoçəkiliş vasitəsilə axtarış aparılacağı bildirilmiş və şəxsi axtarışın videoçəkilişinin qeydə alınması ona həvalə olunmuşdur. Şəxsi axtarışa başlamamışdan əvvəl təqsirləndirilən şəxsə üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra təqsirləndirilən şəxs əynində olan şalvarının ciblərindən bir ədəd mobil telefon, 45 manat pul, bir qutu “Palmall” markalı siqaret və bir ədəd alışqan, qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən isə sarı rəngli sellofana bükülmüş bir ədəd şüşə banka çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxsin təqdim etdiyi həmin şüşə banka açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqsirləndirilən şəxs bankanın içərisindəki kütlənin marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 10 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonunun Şimali kəndi ərazisində dəniz kənarından tapdığını və özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin üstündə axtarış davam etdirilsə də, onun üstündən başqa narkotik vasitə və ya cinayət xarakterli digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxsin təqdim etdiyi 45 manat məbləğində pul, bir ədəd alışqan, bir qutu siqaret və bir ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilənin özünə qaytarılmışdır. Sellofana bükülmüş, içərisində marixuana olan bir ədəd şüşə banka ekspertizaya göndərilməsindən ötrü müvafiq qaydada qablaşdırılıb möhürlənməklə götürülmüş və faktla bağlı X6 tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin üstünə axtarış keçirilməsi prosesinin videogörüntüləri əvvəldən axıra kimi onun tərəfindən “Samsung 21S” markalı mobil telefon vasitəsilə qeydə alınmış və bir ədəd CD diskə köçürülərək materiala əlavə olunmuşdur. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin axtarışın videoçəkilişinin qeyd olunduğu DVD diskə məhkəmə iclasında kompyuter vasitəsilə baxış keçirilərək müəyyən edilir ki, qeyd olunan tarixdə müdafiəçinin də iştirakı ilə Xaçmaz RPŞ-nin Yalama PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əyinində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən sarı rəngli sellofana bükülmüş bir ədəd şüşə banka çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxsin təqdim etdiyi həmin şüşə banka açıldıqda içərisində yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən edilir. Sorğu zamanı təqsirləndirilən şəxs bankanın içərisindəki kütlənin marixuana kimi tanıdığı narkotik vasitə olduğunu bildirir və özünün istehlakı üçün saxladığını bildirir. Daha sonra qeyd olunan kütlə zərfdə qablaşdırılaraq möhürlənir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli, 7/71 №-li rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üstündən...” yazısı və imzalar olan kağız paketdəki sarı rəngli sellofan torbanın içərisində 01 (bir) ədəd şüşə bankada təmiz çəkisi 25,126 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0.05 qram sərf edildikdən sonra qalıq 25,076 qram təşkil etmişdir. İş materiallarında olan 16 yanvar 2021-ci il tarixli “maddi sübutun tanınması haqqında” və 02 mart 2021-ci il tarixli sübutların qiymədləndirilməsinə dair qərarlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuananın ekspertiza tədqiqatından sonra qalan 25,076 qram qalığı maddi sübut kimi tanınaraq möhürlənmiş vəziyyətdə Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 10 fevral 2021-ci il tarixli, 411 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və əməliyyat tapşırığına cavabdan müəyyən edilir ki, əməliyyat tapşırığı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə - marixuananı əldə etdiyi mənbəni və onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 02 mart 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsihaqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsikimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 25,126 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, bu fakt 14 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonunun Ləcət kəndində saxlanılaraq Yalama PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən içərisinə 25,126 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış bir ədəd şüşə banka əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Nabran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan, doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində biri azyaşlı olmaqla üç uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Nabran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə özünə hörmət qazanmış, hər bir an öz qonşularına köməyini əsirgəməmişdir. Təqsirləndirilən şəxsoğlu barəsində nümayəndəliyə kənd əhalisi tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olmaqla himayəsində biri azyaşlı olmaqla üç uşağının olmasını, ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2.Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 14 yanvar 2021-ci il tarixli protokoldan və 16 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 10 fevral 2021-ci il tarixli, 411 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 25,126 qram qurudulmuş marixuandan 0.05 qram tədqiqata sərf edildikdən sonra qalıq 25,076 qram təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd şüşə bankada olan təmiz çəkisi 25,126 qram olmuş qurudulmuş marixuandan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 25,076 qramı Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra 25,076 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat 82 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra 25,076 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat 82 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X4, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar