Məhkəmə qərarları › İş №1(067)-63/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-63/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-63/2021 10.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Pərdiqran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Pərdiqran kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188 və 237.1-ci maddələrində nəzərdə tutlan ittiham elan olunmuşdur ondan ötrü ki, o, 2020-ci ilin aprel ayının ortalarında yaşadığı Xaçmaz rayonunun Pərdiqran kəndinin ərazisində yerləşməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Pakının mülkiyyətində olan Xudat Meşə sahəsinin 9-cu dolayının 13-cü kvartalındakı meşə massivində müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş 100 m2 ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə torpağa basdıraraq əkmiş və əkdiyi toxumlardan əmələ gələn 12 (on iki) ədəd çətənə (kannabis) bitkisinə 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları xeyli miqdarda kultivasiya edərək həmin torpaq sahəsini özbaşına tutmuş, bu fakt Xaçmaz rayon Polis Şöbəsinin X8 əməkdaşları tərəfindən keçirilmiş əməilyyat tədbirləri nəticəsində 30 avqust 2020-ci il tarixdə, saat 18 radələrində həmin əraziyə baxış keçirilən zaman xeyli miqdarda olan 12 (on iki) ədəd, yaş vəziyyətdə ümumi xalis çəkisi 705,0 (yeddi yüz beş) qram narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 2020-ci ilin qış aylarında yaşadığı küçədən tapdığı narkotik vasitə olan çətənə toxumlarını 2020-ci ilin aprel ayının ortalarında yetişdirmək məqsədilə yaşadığı kənddə yerləşən meşə massivində müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş boş ərazidə torpaqda basdıraraq əkmişdir. Əkdiyi toxumlar cücərib inkişaf etməsi üçün həmin yerə tez-tez gedib su verərək torpağını nəm halına gətirmiş, bitkilərin tez və yaxşı inkişaf etməsi üçün diblərini yumşaldaraq alaq otlarından təmizləmişdir. Əkdiyi toxumlardan 12 (on iki) ədəd narkotik tərkibli çətənə bitkisi çıxmış və tez-tez həmin sahəyə gedərək onların böyüməsinə nəzarət etmişdir. 30 avqust 2020-ci il tarixdə, saat 14:30 radələrində yaşadığı kənddə olarkən Xaçmaz rayon Polis Şöbəsinin X8 əməkdaşları ona yaxınlaşıb barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, qəbul etmə və narkotik tərkibli bitkiləri əkib-becərmə ilə bağlı daxil olmuş məlumatın yoxlanılmasından ötrü onu polisə dəvət etmişlər. O, səmimi olaraq polis əməkdaşlarına narkotik vasitə olan və ya qanunla qadağan olunan heç bir şey olmadığını, yaşadığı kənddə yerləşən meşə ərazisində 12 ədəd narkotik tərkibli çətənə bitkisi əkib-becərdiyini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən əldə edilməsi, daşınması və ya saxlanması qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Narkotik tərkibli bitkiləri əkdiyi yerə baxış keçirilməsindən ötrü polis əməkdaşları və baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssis ilə birlikdə onun təklif etdiyi istiqamətlə yaşadığı kənddə yerləşən meşə ərazisinə getmişlər və o, həmin narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Videoçəkiliş aparılmaqla və aqronommütəxəssinin iştirakı ilə həmin yerə baxış keçirilən zaman o, polis əməkdaşlarına aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Aqronom-mütəxəssis həmin bitkilərin günəş şüaları düşən yerdə əkildiyini, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpağın tərkibində çürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin hamısı köklərindən çıxarıldıqdan sonra sayılmış və onların ümumilikdə 12 ədəd olması müəyyən edilmişdir. Həmin 12 ədəd bitki kisədə qablaşdırılıb möhürlənərək götürülmüş və o da daxil olmaqla bütün iştirakçılar kisənin üzərinə yapışdırılaraq möhürlənmiş vərəqin üzərinə imza etməklə qablaşdırmanın tamlığını təsdiq etmişlər. Daha sonra bu barədə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Samur- Yalama Milli Parkının mühafizə yegeri Nümayəndə göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının ortalarında Xaçmaz rayon Polis Şöbəsinin X8 əməkdaşı Şahid1 ona 30 avqust 2020-ci il tarixdə Xaçmaz rayonunun Pərdiqran kəndində yerləşən meşə massivində həmin kəndin sakini Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilmiş 12 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürüldüyünü, həmin bitkilərin əkildiyi torpaq sahəsinin Samur-Yalama Milli Parkının mülkiyyətində olmaqla onun nəzarət etdiyi əraziyə daxil olduğunu və bunu həmin əraziyə gedib yerində baxaraq dəqiqləşdirmək lazım olduöunu bildirmişdir. Onlar birlikdə Şahid1 göstərdiyi əraziyə getdikdə həqiqətən də həmin yerin Samur-Yalama Milli Parkının mülkiyyətinə aid olmaqla Xudat Meşə sahəsinin 9-cu dolayının 13-cü kvartalında yerləşdiyi yer olduğunu görmüşdür. O, bu barədə işlədiyi parkın rəhbərliyinə məlumat vermişdir. O, təhkim olunduğu əraziləri mütəmadi şəkildə gəzərək nəzarət etsə də, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yer sıx şəkildə bitən müxtəlif meşə ağacları, sarmaşıqlı və tikanlı kol-kosla əhatə olunmaqla olduqca çətin keçilən yer olduğu üçün həmin yeri görməmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkməsi nəticəsində Samur-Yalama Milli Parkına heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X8 Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz rayonunun Pərdiqran kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qəbul etməsi və narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə X10 daxil olmuş məlumatı raport yazaraq rəhbərliyə məruzə etmiş, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar işlədiyi bölmənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq tədbirlərin keçirilməsindən ötrü ondan, işlədiyi bölmənin polis sahə rəisi, polis baş leytenantı Şahid2, manqa komandiri, polis baş serjantı Şahid3, polis nəfərləri, polis serjantları Şahid4 və Şahid5, həmçinin təhqiqatçı, polis mayoru X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində olduğunu müəyyən edərək 30 avqust 2020-ci il tarixdə, saat 14:30 radələrində ona yaxınlaşıb özlərini təqdim edərək, barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, qəbul etmə və narkotik tərkibli bitkiləri əkibbecərmə ilə bağlı daxil olmuş məlumatın yoxlanılmasından ötrü X10 dəvət etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq onlara narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, üzərində narkotik vasitə və ya qanunla qadağan olunan heç bir şey olmadığını, yaşadığı kənddə yerləşən meşə ərazisində 12 ədəd narkotik tərkibli çətənə bitkisi əkib-becərdiyini bildirmişdir. X7 təhqiqatçı Mübariz Əliyev tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının dövlət hesabına müdafiə olunması üçün müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs dəvət edilmiş hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etsə də, üzərində nəşə və qanunla qadağan olunan heç bir şey olmadığını, amma öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədilə özündə olan çətənə toxumlarını 2020-ci ilin aprel ayının ortalarında yaşadığı kənddə yerləşən meşə ərazisində əkdiyini və əkdiyi çətənə bitkisinin toxumlarından əmələ gələn 12 ədəd narkotik tərkibli çətənə bitkisinin ştillərinə nəzarət edərək onlara qulluq göstərdiyini, həmin bitkiləri əkdiyi yeri göstərə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, lakin üzərindən əldə edilməsi, daşınması və ya saxlanması qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yerə baxış keçirilməsindən ötrü şəxsi axtarışın aparılmasında iştirak edən şəxslər və baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssis ilə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə yaşadığı kənddə yerləşən meşə ərazisinə getmişlər. Təqsirləndirilən şəxs həmin meşə ərazisində narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri onlara göstərmişdir. Videoçəkiliş aparılmaqla və aqronom-mütəxəssinin iştirakı ilə həmin yerə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əkib yetişdirdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Aqronommütəxəssis həmin bitkilərin günəş şüaları düşən yerdə əkildiyini, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpağın tərkibində çürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olduöunu bildirmişdir. Aşkar edilmiş bitkilərin hamısı köklərindən çıxarıldıqdan sonra sayılmış və onların ümumilikdə 12 ədəd olması müəyyən edilmişdir. Həmin 12 ədəd bitki sintetik kisədə qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüş və o da daxil olmaqla bütün iştirakçılar kisənin üzərinə yapışdırılaraq möhürlənmiş vərəqin üzərinə imza etməklə qablaşdırmanın tamlığını təsdiq etmişlər. Meşə ərazisində şərait olmadığı üçün baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol təhqiqatçı tərəfindən X8 inzibati binasında tərtib edilmiş və bütün iştirakçılar tərəfindən inzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X9 Pois Bölməsinin sahə rəisi Şahid2, X11 manqa komandiri Şahid3, X11 polis nəfərləri Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları təsdiq etmişlər. İş materiallarında olan 30 avqust 2020-ci il tarixli, baxış keçrilmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisini kultivasiya etdiyi torpaq sahəsi Xaçmaz rayonunun Pərdiqran kəndi ərazisindəki meşə massivində, kəndin özündən 800 metr məsafə içəridə yerləşən, müxtəlif növ meşə ağacları və kol-kosla əhatə olunmuş, sahəsi 100 m2 olan ərazidir. Bu sahədə biri-birindən təxminən 2 metr aralı məsafədə və hündürlükləri təxminən 50 sm-dən 110 sm-ə kimi olan narkotik tərkibli çətənəyə oxşar 12 ədəd bitki əkilmişdir. Əkilmiş həmin bitkilərə günəş şüalarının düşməsi, diblərinin yumşaldılması, su verilərək nəm halına gətirilməsi və alaq otlarından təmizlənməsi, əkildiyi torpağın tərkibində çürüntü olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs 12 ədəd bitkinin narkotik tərkibli çətənə bitkiləri olduğunu, öz şəxsi istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Aqronom-mütəxəssis Şahid6 həmin bitkilərin günəş şüaları düşən yerdə əkildiyini, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpağın tərkibində çürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilərin hamısı bir-bir kökündən çıxarıldıqdan sonra yerdə düzülərək sayılmış və onların ümumilikdə 12 ədəd olması müəyyən edilmişdir. Həmin bitkilər ağ sintetik kisədə qablaşdırılmaqla möhürlənib maddi sübut kimi götürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid6 tərəfindən tərtib edilmiş 30 avqust 2020-ci il tarixli rəydən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisini kultivasiya etdiyi Xaçmaz rayonunun Pərdiqran kəndi ərazisindəki meşə massivindəki sahəsi 100 m2 olan torpaq sahəsinə baxış keçirilərkən aşkar olunmuş biri-birindən təxminən 2 metr aralı məsafədə və hündürlükləri təxminən 50 sm-dən 110 sm-ə kimi olan 12 ədəd bitkilər narkotik xassəli çətənə bitkisi olmaqla, həmin bitkilərin dibləri yumşaldılmış, su verilərək nəm halına gətirilmiş və alaq otlarından təmizlənməklə aqrotexniki qaydada qulluq göstərilməklə becərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 31 avqust 2020-ci il tarixli, 7/577 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumi sayı 12 (on iki) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 705,0 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənənin tədqiqata sərfdən sonra qalıq çəkisi 704,76 qram təşkil edir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 31 avqust 2020-ci il və 02 sentyabr 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi 12 (on iki) ədəd, yaş vəziyyətdə ümumi xalis çəkisi 705,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin bitkilərin ekspert tədqiqatından sonra qalıq qalmış 704,76 qramı saxlanılması üçün Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, çətənə (kannabis) bitkisinin əkilən yerə baxış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 01 oktyabr 2020-ci il tarixli, 2722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSlİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Susayqışlaq İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şəbəsi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli, 43 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2002-ci il təvəllüdlü qardaşı X1 02 iyul 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış ürzə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prerzidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olan 28 may 2002-ci il təvəllüdlü qardaşı X1 2ci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikalarını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə tərədilmiş əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə törədilmiş əməllər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Pərdiqıran kəndinin ərazisində yerləşməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkının mülkiyyətində olan Xudat Meşə sahəsinin 9-cu dolayının 13-cü kvartalındakı meşə massivində müxtəlif növ ağaclarla və kök bitkiləri ilə əhatə olunmuş 100 kvm ərazini özbaşına tutmamış, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkməmiş, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməmişdir. O, həmin torpaq sahəsinə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əkərək həmin torpaq sahəsini özbaşına becərmişdir. Beləliklə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs əməlində torpaq üzərində mülkiyyət hüququnun pozulması cinayətinin törədilməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı eyni məzmunlu vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində torpaq üzərində mülkiyyət hüququnu pozma cinayətinin törədilməsi olmadığından, ona irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində torpaq üzərində mülkiyyət hüququnun pozulması cinayətinin törədilməsi olmadığından ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılmalıdır. Lakin məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının ortalarında yaşadığı Xaçmaz rayonunun Pərdiqran kəndinin ərazisində yerləşməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Pakının mülkiyyətində olan Xudat Meşə sahəsinin 9-cu dolayının 13-cü kvartalındakı meşə massivində müxtəlif növ ağaclarla və kol bitkiləri ilə əhatə olunmuş 100 m2 ərazidə istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə torpağa basdıraraq əkərək əkdiyi toxumlardan əmələ gələn 12 (on iki) ədəd çətənə (kannabis) bitkisinə 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək onları xeyli miqdarda kultivasiya etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri və iş materialları ilə tamamilə öz təsdiqini tapmışdır, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyəedilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 30 avqust 2020-ci il tarixli protokoldan, müstəntiqin tutulmuş şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 01 sentyabr 2020-ci il tarixli müstəntiqin tutulmuş şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2020-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.12ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs kultivasiya etdiyi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 704,76 qram təşkil edən 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni kultivasiya etdiyi keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 72 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(067)-63/2021 saylı qərarı əsasında Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 120 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 318, 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 237.1-ci maddələri ilə irəli sürülmüş ümumi ittihamdan Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2020-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs kultivasiya etdiyi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 704,76 qram təşkil edən 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni kultivasiya etdiyi keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar