Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-63/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonu, Zərdabi qəsəbəsinin sakini X2 ondan qərəzli formada Quba rayon Polis Şöbəsinə şikayəti əsasında onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış, nəticədə yekun məhkəmə qərarı ilə iş üzrə icraata əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Bundan qeyzlənən X3 və “7Times.A” kanalının əməkdaşı X11 yaydığı məlumatların yalan olduğunu bildiyi halda onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları əks etdirən ifadələrlə “7Times.A” kanalnda çıxış etmişdir. Cəlal Fərzəliyevin ona qarşı böhtan xarekterli əməlləri aşağıdakı sübutlarla təsdiq olunur: 2022-ci ildə sosial internet şəbəkəsində “youtube” saytında “7Times.A” X12 çıxışında onun və qardaşı barədə “Bir müddət bundan əvvəl isə həmin kənddə yaşayan Süleymanov Coşğun və onun qardaşı Süleymanov Ceyhun yolda Sehrinaz Mirzəyevanın qarşısını kəsib onlarla intim münasibətə girməsini istəyiblər. İki qardaş hətta bu iyrənc əməllərini həyata keçirmək üçün qadına qarşı zor belə tətbiq eləyiblər. Onlar xanıma bildirib ki, bizimlə intim münasibət qurmasan, heç vaxt bu obyektin sənədini ala bilməyəcəksən” ifadələrini demişdir. Sehrinaz Mirzəyeva çıxışında “mənə dedi ki, sən burada heç bir iş görə bilməyəcəksən, yəni biz deyən olmasa. Seleymanov Coşğun da mənim qoluma əl atdı ki, davay bizimlə gedirsən. Məni qolumdan aparıb .... mən güclə qolumu əlindən çıxardım. Yenə harda gördülər, yəni gəlirlər, öz təkliflərini eləyirlər, maşını saxlayırlar”. Cəlal Fərzəliyev yenidən şərh verərək “S. Mirzəyeva 7TimesAZ-a bildirib ki, Süleymanov qardaşları mütəmadi olaraq bir neçə dəfə ona bu təklifi bildiriblər. O bu barədə bir dəfə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib. Amma aparılan araşdırmaların sonunda məhkəmə bu iki qardaşı 50 manat cərimə etməklə kifayətlənib. İnşallah kimsəsiz bir qadına qarşı dəyyusluq edən Süleymanov qardaşlarının bu əməlləri DİN-in sərt kötəyi ilə alınar” ifədələrini demişdir. Bu faktlar şikayətə əlavə olunan diskdə ətraflı əks olunur. S. Mirzəyevanın çıxışında qeyd etdikləri öz təsdiqini tapmadığına görə Quba rayon Məhkəməsinin 3(027)-933/2022 saylı, 15 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə onun şikayəti əsasında başlanmış işə xitam verilmişdir. Bu şəxsin niyyəti barələrində şər və böhtan xarakterli məlumatlar yaymaqla əslində özünün, daha doğrusu onu maraqlandıran şəxsin mənafeyinə xidmət etməklə onları, onun qanunsuz əməllərinə qarşı etirazdan çəkindirməkdir. X6 onun mərhum valideynlərinin də əksinin olduğu fotoşəkil yayımlaması, bir daha onun şərəf və ləyaqətinə zidd əməl törətdiyi təsdiq olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X11 əməlləri ilə AR CM-nin 147.1-ci və 148-ci maddələrində, X4 əməlləri ilə AR CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilənlərə əsasən, X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinməklə, X11 barəsində AR CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər və onların müdafiəçiləri xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində əməlin harada, nə vaxt törədilməsi göstərilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmununda əməli törədən şəxslərdən biri kimi qeyd olunmuş şəxsin adı Səhrinaz, Şəhrinaz və Sehrinaz olaraq fərqli göstərilmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətə əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən törədilməsini göstərən hər hansı sənəd və ya videodisk əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən: 293.3.1. şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə görə, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə görə, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayətdə əməlin harada, nə vaxt törədilməsi dəqiq göstərilmədiyindən, (şikayət ərizəsində əməlin məhz barəsində şikayət vermiş şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı sənəd və ya videodisk olmadığından) həmçinin hazırkı qərarda qeyd edilən halları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-63/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-63/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver