Məhkəmə qərarları › İş №1(067)-64/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-64/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-64/2021 02.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Pavlovka (Müşkür) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Müşkür kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə, saat 02:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonunun Müşkür kəndindəki evin həyətinə, daha sonra isə həyətdə olan tövlənin qapısını açmaqla içəri qanunsuz daxil olaraq 900 manat dəyərində 01 baş iki illik dişi dananı oğurlayıb 600 manata Şahid1 satmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Müşkür kəndində yaşayır. Həmin kənddə yaşayan Zərərçəkmiş şəxs, yəni iş üzrə zərərçəkmiş şəxs onun dayısı oğludur. O, 2020-ci ilin avqust ayında Xaçmaz şəhərində X5 ilə tanış olmuş və sonrakı günlərdə onlar öz aralarında razılaşmışlar ki, evlənib bir yerdə yaşasınlar. 2020-ci ilin oktyabr ayında o, Zeynəbi Xaçmaz rayonunun Müşkür kəndinə yaşadığı evə aparmış və həmin vaxtdan da onlar qeyri-rəsmi olaraq ər-arvad kimi bir yerdə yaşamışlar. Bir müddət keçdikdən sonra Zeynəb ona demişdir ki, ürəyi xəstədir. 2020-ci ilin dekabr ayının axırlarında Zeynəbin hamilə olduğunu bilmiş və həmin vaxtdan sonra Zeynəbin ürəyində narahatçılıq daha da artmışdır. Zeynəb tez-tez ona ürəyində ağrılar olduğunu bildirmiş, maddi vəziyyəti yaxşı olmadığına görə o, Zeynəbin müalicəsi üçün lazım olan dərmanları ala bilməmiş və hamiləliyi ilə bağlı Zeynəbi xəstəxanaya aparıb müayinə etdirə bilməmişdir. O, əvvəlcə nənəsi Səriyədən, sonra isə başqa qohumlarından borc pul istəmiş, ancaq onlar ona borc pul verməmişlər. Bu səbəbdən də o qərara gəlmişdir ki, dayısı oğlu Ceyhunun həyətində olan tövlədə saxladığı danalardan birini oğurlayıb sataraq pul əldə etsin. Məqsədi pul əldə etdikdən sonra Zeynəbi xəstəxanaya aparıb müalicə etdirmək olmuşdur. Dayısı oğlu Ceyhunun yaşadığı evlə onun evinin arasında təxminən 500-600 metr məsafə vardır. 17 yanvar 2021-ci il tarixdə, saat 02:15 radələrində yaşadığı evdən çıxıb piyada dayısı oğlu Ceyhunun yaşadığı evinin yaxınlığına getmişdir. Saat 02:30 radələrində Ceyhunun yaşadığı evin yaxınlığına çatmış və sonuncunun evinin işıqlarının sönülü olduğunu görüb başa düşmüşdür ki, onlar yatmışlar. O, əvvəlcə ətrafa nəzər yetirmiş və tamamilə sakitçilik olduğunu görüb tor hasarın üstündən keçməklə evin həyətinə daxil olmuş, sonra isə evin ön tərəfində olan tövlənin taxtadan olan qapısını açıb içəri daxil olaraq qapı ilə üzbəüz bağlanmış qara rəngli dananın ipini açıb bayıra çıxarmış və səs salmadan dananın boğazına bağlanmış ipdən çəkərək evin ətrafına çəkilmiş tor hasarın yaxınlığına gətirmiş, sonra isə tor hasarı əyib üstündən keçirməklə dananı küçəyə çıxarıb piyada Xaçmaz şəhəri istiqamətində gəlmişdir. Yolda diqqət yetirəndə görmüşdür ki, oğurladığı həmin dana dişidir. Saat 04:45 radələrində o, Xaçmaz şəhərinə çatmış və oğurladığı dananı satmaq üçün Xaçmaz şəhəri, Bakı prospektində olan heyvan bazarına aparmışdır. İki saata yaxın bazar ərazisində dayanıb gözləmiş, sonra bazara heyvan satan şəxslər və alıcılar gəlmişlər. Saat 08 radələrində tanımadığı bir nəfər ona yaxınlaşıb həmin dananı neçəyə satmaq istədiyini soruşmuş, o da həmin dananın özünə məxsus olduğunu və 700 manata satdığını bildirmişdir. Sonra həmin şəxs ona 600 manat verə biləcəyini bildirmiş, o həmin məbləğə razılaşaraq Ceyhunun tövləsindən oğurladığı qara rəngli dişi dananı həmin şəxsə 600 manata satmışdır. Həmin şəxs ona 6 ədəd 100 manatlıq əsginas vermiş, o, pulu aldıqdan sonra adını və istifadəsində olan mobil telefon nömrəsini həmin şəxsə deyərək bazardan çıxıb Quba rayonunun Əliməmmədoba kəndinə Zaur adlı şəxsin evinə getmişdir. Çünki bir gün əvvəl Zaur ona zəng vurub demişdir ki, bağının ətrafına tor hasar çəkdirir, bu işdə onun kömək etməsini istəmişdir. Zaurun evində olarkən Xaçmaz RPŞ-nin əməkdaşları gəlmiş və onu Xaçmaz RPŞ-yə aparmışlar. O, polis şöbəsində olarkən etiraf edərək bildirmişdir ki, dayısı oğlu Ceyhunun həyətində olan tövlədən bir baş qara rəngli dişi dananı oğurlayıb 600 manata satmışdır. Sonra dananı satdığı həmin şəxs, yəni Saleh polis şöbəsinə gəlmiş və o aldığı 600 manat pulu Salehin özünə qaytarmışdır. Həmçinin təkcə Ceyhunun tövləsindən olmaqla bir baş dananı oğurladığını, başqa heç yerdən oğurluq etmədiyini, cinayət əməlini tək törətdiyini, ona oğurluq etməkdə heç kimin köməklik etmədiyini bildirmişdir. Hazırda zərərçəkən şəxsə vurduğu zərərin ödənildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, atası Qərib və qardaşı Kamranla birlikdə Xaçmaz rayonunun Müşkür kəndində yaşayır. Müşkür kəndində olan evlərinin həyətyanı torpaq sahəsi 0,08 ha-dır. Həyətyanı torpaq sahəsi üç tərəfdən tor hasarla, bir tərəfdən isə daş hasarla əhatə olunmuşdur. Yaşadığı evin ön tərəfində tövlə yerləşir və o, tövlədə bir baş inək, üç baş dişi dana və bir baş erkək dana saxlayır. Yaşadığı evlə tövlə arasında olan məsafə isə təxminən 20 metrdir. Yaşadığı evin həyətində olan tövlədə saxladığı heyvanlara gündəlik özü qulluq göstərir. O hər gün təxminən səhər saat 07:30 radələrində və axşam saat 19 radələrində tövləyə gedib təmizlik işləri görmüş, sonra isə heyvanlara ot və su vermişdir. 16 yanvar 2021-ci il tarixdə həmişə olduğu kimi təxminən saat 19 radələrində tövləyə gedib təmizlik işləri gördükdən sonra inəyə və danalara ot vermiş, sonra isə tövlənin qapısını bağlayıb evə getmişdir. 17 yanvar 2021-ci il tarixdə, saat 08 radələrində heyvanlara ot vermək üçün tövləyə gedəndə görmüşdür ki, tövlənin qapısı bağlıdır. O, qapını açıb tövləyə daxil olanda görmüşdür ki, qapı ilə üzbəüz bağladığı qara rəngli, iki illik, diri çəkisi 200 kq olan dişi dana yerində yoxdur. Bayıra çıxıb dananın ayaq izləri ilə gedəndə görmüşdür ki, dana həyətdə təzə tikdirdiyi evin ön tərəfindən keçməklə həmin yerdə olan tor hasarın yaxınlığına gətirilmiş və tor hasar əyilərək üstündən keçirilib yol istiqamətində aparılmışdır. O, evə gəlib bu barədə atasına və qardaşı Kamrana bildirmiş, sonra isə evdən çıxıb Xaçmaz RPŞ-yə getmiş, şikayət ərizəsi yazıb həyətindəki tövlədən bir baş dişi dananın oğurlanması barədə məlumat vermiş, sonra isə polis şöbəsindən çıxıb qardaşı Kamranla birlikdə Xaçmaz şəhəri, Bakı prospektində olan heyvan bazarına getmişdir. Heyvan bazarında gəzib baxarkən görmüşdür ki, tanımadığı bir nəfər onun danasını boğazına bağlanmış ipdən çəkərək aparır. O, həmin şəxsə, yəni sonradan adını bildiyi Salehə yaxınlaşıb dananı kimdən aldığını soruşmuş, Saleh demişdir ki, həmin dananı 600 manata Elnur adlı şəxsdən almışdır. O, həmin anda başa düşmüşdür ki, həyətlərində olan tövlədən dananı bibisi oğlu Elnur oğurlamışdır. O, Salehə demişdir ki, aldığı dana ona məxsusdur, həyətində olan tövlədən axşam oğurlanmış, dananı satan Elnur da onun bibisi oğludur. Sonra o, zəng vurub bu barədə atasına bildirmiş, bir qədər keçdikdən sonra atası, ondan sonra isə polis əməkdaşları bazara gəlmişlər. Atası da danaya baxdıqdan sonra özlərinə məxsus olduğunu bildirmişdir. Saleh dananın ona məxsus olduğuna və Elnurun həmin dananı onların tövləsindən oğurlayıb satdığına əmin olduqdan sonra dananı onun özünə təhvil verərək demişdir ki, Elnurdan dananı alarkən dananı oğurladığını bilməmiş və bu barədə heç bir məlumatı olmamış, Elnur dananın özünə məxsus olduğunu demiş, Elnura inanıb 600 manat verərək həmin dananı almışdır. Hazırda ona vurulmuş zərərin ödənildiyini, Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də heç bir iddiası və şikayəti olmayacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edildi ki, o, Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonunun Qobuqıraq kəndində yaşayır. Bəzi vaxtlarda o, Xaçmaz şəhəri Bakı prospektində olan heyvan bazarına gedib ayrı-ayrı şəxslərdən dişi və erkək danalar alır və bir müddət yaşadığı evin həyətində olan tövlədə saxlayıb kökəltdikdən sonra yenidən satır. 17 yanvar 2021-ci il tarixdə, saat 06:30 radələrində o, evdən çıxıb həmin heyvan bazarına getmişdir ki, münasib qiymətə heyvan olsa, alsın. Heyvan bazarında gəzib heyvanlara baxarkən görmüşdür ki, tanımadığı bir nəfər, yəni iş üzrə təqsirləndirilən şəxs bir baş qara rəngli dişi dana satır. O, həmin şəxsə yaxınlaşıb satmaq istədiyi heyvanın qiymətini soruşmuş, həmin şəxs də ona demişdir ki, həmin heyvan özünə məxsusdur, 700 manata satır. O, həmin şəxsə 600 manat pulu olduğunu bildirərək demişdir ki, dananı həmin qiymətə satmağa razıdırsa, ona satsın. Həmin şəxs onunla razılaşmış və həmin şəxsdən adını və harada yaşadığını soruşduqda demişdir ki, adı Elnurdur, Xaçmaz rayonunun Müşkür kəndində yaşayır. Sonra o, Elnurdan əlaqə saxlamaq üçün istifadəsində olan mobil telefon nömrəsini soruşmuş, Elnur da 055 638-32-19 mobil telefon nömrəsini istifadə etdiyi bildirmişdir. Bundan sonra o, Elnura 6 ədəd 100 manatlıq əsginas verib satdığı dananı Elnurdan almış və bazar ərazisində dayanıb gözləmişdir ki, bazara gələn yük avtomobillərindən biri ilə aldığı dananı yaşadığı kəndə aparsın. Bazarda olduğu zaman tanımadığı bir nəfər, yəni sonradan adını bildiyi Ceyhun adlı şəxs ona yaxınlaşıb demişdir ki, aldığı dana ona məxsusdur, axşam tövləsindən oğurlanıb. Sonra onların yanına tanımadığı 3-4 nəfər başqa şəxslər gəlmiş və onlar da onun Elnurdan aldığı dananın Ceyhuna məxsus olduğunu bildirmişlər. O həmin şəxslərə dananı Müşkür kəndindən olan Elnur adlı şəxsdən aldığını, Elnurun mobil nömrəsini bildirdikdə Ceyhun ona demişdir ki, Elnur onun bibisi oğludur. Sonra bazara polis əməkdaşları gəlmişlər və o, izahat verərək dananı həmin gün Elnur adlı şəxsdən 600 manata aldığını göstərmişdir. Sonra o, Elnurdan aldığı dananı Ceyhunun özünə təhvil vermişdir. O, təqsirləndirilən şəxsdən dananı alarkən oğurladığını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır.Təqsirləndirilən şəxs ona demişdir ki, satdığı dana özünə məxsusdur. Həmin dananın oğurluq olmasını bilsəydi, heç vaxt razılaşıb almazdı. İş materiallarında olan 17 yanvar 2021-ci il tarixli ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs qeyd olunan tarixdə evinin həyətində olan tövlədən ona məxsus 01 baş qara rəngli, dişi iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə ərizə ilə məlumat vermiş, daha sonra ondan oğurlanmış dananın heyvan bazarında satıla biləcəyini ehtimal etdiyindən həmin bazara getmiş, orada özünə məxsus dananın bibisi oğlu Elnur tərəfindən Saleh adlı şəxsə satıldığını öyrənmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 17 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonunun Müşkür kəndində yerləşən yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin evin giriş darvazasından solda Zərərçəkmiş şəxs məxsus malqaranın saxlanıldığı daşdan tikilmiş tövlə yerləşir. Tövlənin içərisində zərərçəkmiş şəxs 17.01.2021-ci il tarixdə həmin tövlədən ona məxsus 01 baş iribuynuzlu heyvanın oğurlandığı yeri göstərmişdir. İş materiallarında olan “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 10 fevral 2021ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılaraq müəyyən edilmişdir ki, polis əməkdaşlarının cinayət əməlini törətdiyi yeri göstərməsi təklifindən sonra təqsirləndirilən şəxs oğurluq etdiyi yeri göstərmək üçün birlikdə Xaçmaz rayonunun Müşkür kəndinə gedilmiş, o, həmin kənddə dayısı oğlu Zərərçəkmiş şəxs yaşadığı evi göstərmiş, həmin evin həyətinə daxil olaraq təqsirləndirilən şəxs 17.01.2021-ci il tarixdə həmin həyətdə yerləşən oğurluq etdiyi tövləni, 01 baş iribuynuzlu heyvanı tövlənin içərisində hansı hissədən oğurladığını əyani olaraq göstərmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 17 yanvar 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Şahid1 iş üzrə təqsirləndirilən şəxs tərəfindən satılmış 01 baş iribuynuzlu heyvana baxış keçirilərək müəyyən edilmişdir ki, həmin heyvan qara rənglidir, cinsiyyəti dişidir, təxmini yaşı 01 il 06 aylıqdır, baş nahiyəsindən quyruq nahiyəsinə qədər uzunluğu 02 metr, dırnaq nahiyəsindən baş nahiyəsinə qədər hündürlüyü 01 metr 20 sm-dir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 9/588 №-li rəyindən müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxsdən oğurlanmış dananın xüsusiyyətlərinə uyğun olaraq, 01 baş iki illik, diri çəkisi 200 kiloqram olan dişi dananın 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 900,0 manat müəyyən edilmişdir. Bununla da təqsirləndirilən şəxsin cinayət əməli ilə zərərçəkmiş şəxsə vurduğu maddi ziyan 900 (doqquz yüz) manat məbləğində təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 06 mart 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü madəsinin dispozisiyası şəxsin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndində izah edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndində görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə, saat 02:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tor hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonunun Müşkür kəndindəki evin həyətinə, daha sonra isə həyətdə olan tövlənin qapısını açmaqla içəri qanunsuz daxil olaraq 900 manat dəyərində 01 baş iki illik dişi dananı oğurlayıb 600 manata Şahid1 satmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 31 may 2021-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir iddiası və şikayəti olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkən şəxsə vurduğu zərərin ödənilməsini, zərərçəkən şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan 17 yanvar 2021-ci il tarixli qəbzdən və 21 yanvar 2021-ci il tarixli maddi sübutun tanınması barədə qərardan müəyyən edilir ki, iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs məxsus 01 baş qara rəngli, dişi dana zərəçəkmişin özünə təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 01 baş qara rəngli, dişi dananın zərəçəkmişin özünə qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş materiallarında olan 17.01.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, təqsirləndirilən şəxsin 01 baş dananı oğurlayaraq 600 manata satdığı Şahid1 həmin məbləğdə pul geri qaytarılmışdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X3, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 01 baş qara rəngli, dişi dananın zərəçəkmişin özünə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X3, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar