Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-64/2023 16.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, məhkəmə iclasının katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər –Təqsirləndirilən şəxs1 müdafiəçisi, Abşeron rayin vəkil bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun müdafiəçisi, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 27 sentyabr 2022-ci il tarixdə Quba RPŞnin TB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə başlanmışdır və ibtidai istintaqın aparılması Rayon X4 Bölməsinin müstəntiqi, polis mayoru X3 icraatına verilmişdir. 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 28 sentyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 29 sentyabr 2022-ci il tarixdə isə ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunaraq, Quba rayon məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətində, əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 27 dekabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Quba RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X8 tərəfindən 10 oktyabr 2022-ci il tarixli qərarla cinayət işi ibtidai istintaqı aparılması üçün aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İBnə göndərilmiş, 17 oktyabr 2022-ci il tarixdə cinayət işinin icraata götürülüb ibtidai istintaqının aparılması Xaçmaz RPŞ-nin İB-nin Hafiz Əliyevə həvalə edildiyindən sonuncu tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır. Xaçmaz rayon məhkəməsinin hakimi Xıdır Quliyev tərəfindən 05 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri 27 dekabr 2022-ci il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. 27 dekabr 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 29 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrindən CM-nin 234.2-ci maddəsinə tövsif olunmuş və cinayət işi üzrə ibtidai istintaq vahid icraatda davam etdirilmişdir. 30 dekabr 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğluna Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 30 dekabr 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 17 yanvar 2023-cü il tarixdə müstəntiq Hafiz Əliyev tərəfindən tərtib edilmiş ittiham aktı Xaçmaz rayon prokuroru baş ədliyyə müşaviri Rəşad Məmmədov tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu 2022-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndi, Zülfüqar Arzumanov küçəsində yerləşən evinin həyətində satış məqsədi ilə qanunsuz olaraq çətənə (kannabis) bitkisindən kustar üsulla ümumilikdə 464,318 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb 7,086 qramını idarə etdiyi Vaz-21099 markalı ** MR *** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıyıb Quba rayonu, Timiryazev qəsəbəsinə apararaq 25 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs1 40 manata satıb qalan 5,732 qramını idarə etdiyi Vaz-21099 markalı ** MR *** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində, 451,5 qramını yaşadığı Xaçmaz rayon, Hacıəlibəy kəndi, Zülfüqar Arzumanov küçəsində yerləşən evinin həyətindəki yardımçı tikilidə saxlamış, Təqsirləndirilən şəxs1 də 25 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində həmin narkotik vasitənin 0,467 qramını tanışı Şahid1 satıb qalan 6,619 qramını idarə etdiyi Opel Astra markalı ** BK *** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamış, bu fakt Təqsirləndirilən şəxs1 Quba şəhəri, H.Əliyev prospektində saxlanılaraq Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanında yerləşən Quba rayon polis şöbəsinin inzibati binasında onun idarə etdiyi «Opel Astra» markalı ** BK *** qeydiyyat nişanlı avtomobilə 26 sentyabr 2022-ci il tarixdə saat 21:25-21:45 müddətində baxış keçirilərkən avtomobilin axa yük yerində saxladığı sellofan torbanın içərisində 04 ədəd kağız bükümdə 1,464 qram, 1,465 qram, 1,92 qram və 1,77 qram çəkilərdə olmaqla ümumilikdə 6,619 qram çəkidə, Quba rayonu, Alekseyevka kəndi ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi Vaz-21099 markalı ** MR *** qeydiyyat nişanlı avtomobilə 27 sentyabr 2022-ci il tarixdə saat 18:30-18:45 müddətində baxış keçirilərkən avtomobilin arxa yük yerində saxladığı plastmas vedrədə olan açar çantasının içərisində 07 ədəd kağız bükümdə 0,780 qram, 0,810 qram, 0,770 qram, 0,915 qram, 1,002 qram, 0,605 qram və 0,850 qram çəkilərdə olmaqla ümumilikdə 5,732 qram çəkidə, həmin gün saat 19:00-19:15 müddətində Təqsirləndirilən şəxs2 yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndi, Zülfüqar Arzumanov küçəsində, Quba-Xaçmaz avtomobil yolundan qərb istiqamətində 25 metr aralı məsafədə yerləşən evin həyətindəki yardımçı tikiliyə baxış keçirilərkən orada olan soyuducunun içərisində saxladığı 01 ədəd kağız bükümdə 11,500 qram çəkidə və həmin tikilinin divarına bərkidilmiş taxta rəfin üzərindəki sellofan torbanın içərisində isə 440 qaram çəkidə olmaqla ümumilikdə 457,232 qram çəkidə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitəni satmış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni hazırlayıb saxlamaqla daşımış, Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq narkotik vasitəni satmış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəfi cinayət işinin məhkəmə baxışına verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilir. İş materiallarında olan ittiham aktının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu özündə olan narkotik vasitənin bir hissəsini Quba rayonu, Timiryazev qəsəbəsinin ərazisində Təqsirləndirilən şəxs1 satmış, qalan hissəsini Xaçmaz rayonunun ərazisinə daşımış, əlavə olaraq Xaçmaz rayon, Hacıəlibəy kəndi, Zülfüqar Arzumanov küçəsində yerləşən evinin həyətindəki yardımçı tikilidə də bir qisim narkotik vasitə saxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu narkotik vasitəni Quba rayonunun inzibati ərazisində satsa da, narkotik vasitənin qalan hissəsini Xaçmaz rayona daşıması və Xaçmaz rayonunda yerləşən evində saxlaması cinayətin Xaçmaz rayonunda başa çatmasına dəlalət edir və bu mübahisəsiz bir haldır. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuş və barəsində olan cinayət işi düzgün olaraq Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Lakin iş materiallarında olan ittiham aktının təsviri-əsaslandırıcı hissəsindən əlavə olaraq görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Timiryazev qəsəbəsinin ərazisində Təqsirləndirilən şəxs2 narkotik vasitə almış, daha sonra isə həmin narkotik vasitənin bir hissəsini Quba rayonu Timiryazev qəsəbəsinin ərazisində tanışı Şahid1 satmış, qalan hissəsini isə özünə məxsus avtomobilində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 Quba rayonunun ərazisində polis əməkdaşları tərəfindən yaxalanmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əməli Quba rayonunun inzibati ərazisində baş vermiş və orada da başa çatmışdır. Təqsirləndirilən şəxslərin hər ikisi narkotik vasitələrin satışı ittihamı ilə məhkəmə məsuliyyətinə verilsələr də, onların əməllərində əlbirliyin olması ibtidai istintaqın özü tərəfindən təkzib olunmuşdur və bununla bağlı iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərarın 4-cü bəndində qeyd olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilsin. İbtidai istintaqın qənaətinə görə Bayramov X1 rayonun ərazisində narkotik vasitəni Təqsirləndirilən şəxs1 satdıqdan sonra, narkotik vasitənin qalıq hissəsini Xaçmaz rayonuna daşımış və Xaçmaz rayonunda polis əməkdaşları tərəfindən saxlanıldıqda üzərində və yaşadığı evində əlavə narkotik vasitələr aşkar olunmuşdur. Onun əməlinə hüquqi qiymət verilmiş və Təqsirləndirilən şəxs1lə narkotik vasitələrin satışında əlbir olması istisna edilmişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində aldığı narkotik vasitənin Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşmadan və əlbir olmadan bir qismini Quba rayonunda Murad Bilalova satmış, qalan qismini isə üzərində saxladıqda, Quba rayonunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təhlil olunanlardan açıq aşkar məlum olur ki, hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini müstəqil şəkildə törətmişlər. Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun əməli Xaçmaz rayonunun inzibati ərazisində, Təqsirləndirilən şəxs1 əməli isə Quba rayonunun inzibati ərazisində başa çatdığından, cinayət işi üzrə ibtidai istintaq vahid icraatda yox, hər bir təqsirləndirilən şəxs barəsində ayrı icraatda aparılmaqla, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun barəsində cinayət işi müvafiq olaraq Xaçmaz rayon Məhkəməsində, Təqsirləndirilən şəxs1 barəsində cinayət işi isə Quba rayon məhkəməsində baxılmalı idi. Lakin ibtidai istintaq orqanı hər iki təqsirləndirilən şəxs barəsində bir-biri ilə əlaqəli olmayan cinayət işlərini vahid icraatda istintaq etməklə, ittiham aktında iki nəfər təqsirləndirilən şəxsə qarşı ayrı-ayrı irəli sürülmüş ittihamları qeyd etməklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: -49.1-ci maddəsi: Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. 49.2-ci maddəsi: Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. -74.1-ci maddəsi: cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. -75.1-ci maddəsi: Cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. -299.3-cü maddəsi: Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; -300.1-ci maddəsi: Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 303.3. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; -289.3. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; Beləliklə də, cinayət-prosessual qanunvericiliyinin sadalanan hüquq normalarından görünür ki, cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılmalıdır. Bu tələbin icrası ilə bağlı məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələnin hazırlıq iclasında araşdırılması cinayət prosessual qanunvericiliyi ilə məhkəmənin üzərinə qoyulmuş imperativ prosessual tələbdir. Buna istinadən məhkəmə hazırki cinayət işi üzrə hazırlıq iclasında tərəflərin iştirakı ilə daxil olmuş cinayət işinin ona aid olub-olmamasını yoxlamış və məlum olmuşdur ki, iş üzrə iki nəfər təqsirləndirilən şəxslərdən birinin əməli üzrə cinayət işi Xaçmaz rayon məhkəməsinə, digərinin əməli üzrə cinayət işi isə Quba rayon məhkəməsinə aiddir. Qeyd olunduğu kimi, məhkəmə cinayət işinin ona aidiyyatı olmadığını aşkar etdikdə, işi aidiyyatı üzrə göndərilməsini təmin etməlidir. Lakin hazırki cinayət işi üzrə məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin barələrində cinayət işlərinin ayrılması və bu məhkəməyə aid olmayan cinayət işinin aidiyyatı üzrə Quba rayon məhkəməsinə göndərilməsi qeyri-mümkündür. Bu səbəbdən ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. İttiham aktından göründüyü kimi, cinayəti təkbaşına Quba rayonunun ərazisində başa çatdırmış və Quba rayon polis əməkdaşları tərəfindən yaxalanmış Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinə heç bir aidiyyatı olmadığı təqdirdə, ona elan olunmuş ittiham, onun tərəfindən törədilmiş cinayətin yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halları hazırki ittiham aktında əks olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 49.1 və 49.2-ci maddələrində qeyd olunduğu kimi, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun cinayət əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməmişdir. Onlar bir cinayəti birlikdə törətmədikləri üçün, onlara qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Bununla da, Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinin tələbləri pozulmuş, bu isə öz növbəsində həmin Məcəllənin 303.3.6-cı maddəsinə olan normanın tətbiqini zəruri edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsinin mütləq tələbinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan mənada Avropa Məhkəməsi hesab edir ki, "qanun"a xüsusən məhkəmə orqanlarının təsis edilməsi və səlahiyyəti haqqında qanun (Lavents Latviyaya qarşı, § 114; Rixert Polşaya qarşı, § 41, Yorqiç Almaniyaya qarşı, § 64), həmçinin pozulduğu halda məhkəmə baxışında bir və ya daha artıq hakimin iştirakının qeyri-qanuni olmasına səbəb olacaq hər hansı başqa milli qanunvericilik müddəası (Qorqiladze Gürcüstana qarşı, § 68; Pandjikidze və başqaları Gürcüstana qarşı § 104) daxildir. "Qanun əsasında yaradılmış" ifadəsi yalnız "məhkəmənin" mövcudluğu üçün hüquqi əsası deyil, həm də "məhkəmə" tərəfindən onun fəaliyyətini tənzimləyən (Qorqiladze Gürcüstana qarşı, § 68 ) konkret qaydalara riayət edilməsini və hər bir halda məhkəmənin tərkibini (Posoxov Rusiyaya qarşı, § 39; Fətullayev Azərbaycana qarşı, § 144; Kontaleksis Yunanıstana qarşı, § 42) əhatə edir. Müvafiq olaraq, milli qanunvericiliyin müddəalarına əsasən, təqsirləndirilən şəxsin işinə baxmaq üçün səlahiyyəti olmayan "məhkəmə" §61-ci maddənin nəzərdə tutulan mənası çərçivəsində "qanun əsasında yaradılmış" hesab olunmur (Rixert Polşaya qarşı §41; Yorqiç Almaniyaya qarşı, § 64). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Xaçmaz Rayon X4 bölməsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 Məmmədhüseyn oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Xaçmaz rayon X4 Bölməsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
5. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Hakim Sərxan Səmədzadə