Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-65/2022 09.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Maqsudkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən özünə və ailə üzvlərinə məxsus pay torpağında əkdiyi fındıq ağaclarına düşən kölgənin qarşısını almaq məqsədi ilə həmin fındıq ağaclarına kölgə salan ağacları kəsmək qərarına gəlmiş, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin noyabr ayının ortalarında, 5-6 gün müddətində Xaçmaz rayonunun Maqsudkənd kəndinin cənub hissəsində, Maqsudkənd-Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsində yerləşən ərazidə diametri 20 sm olmaqla 180 manat dəyərində 01 ədəd, diametri 16 sm olmaqla 150 manat dəyərində 01 ədəd və diametri 10 sm olmaqla 120 manat dəyərində 01 ədəd söyüd ağacı, habelə Xaçmaz rayonu, Maqsudkənd kəndinin cənub hissəsində, Maqsudkənd-Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində diametri 26 sm olmaqla bir ədədinin qiyməti 250 manat olan 02 ədəd, diametri 20 sm olmaqla bir ədədinin qiyməti 180 manat dəyərində 02 ədəd, diametri 16 sm olmaqla bir ədədinin qiyməti 150 manat dəyərində 03 ədəd, diametri 10 sm olmaqla bir ədədinin qiyməti 120 manat dəyərində 14 ədəd və diametri 6 sm olmaqla bir ədədinin qiyməti 100 manat dəyərində 5 ədəd cır tut ağacını mühərrikli mişarla qanunsuz olaraq kəsməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə xeyli miqdar təşkil edən 3940 manat ziyan vurmuş, yəni meşə fonduna daxil olmayan ağacları qanunsuz olaraq kəsməklə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 1998-ci ildə Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən Xaçmaz rayonu Maqsudkənd kəndi ərazisində ona 56 sot pay torpağı verilmiş və həmin torpaq sahəsində fındıq ağacları əkib bağ yaratmışdır. 2004- 2005-ci illərdə su kanalının dibi ilə bir neçə tut ağacı əkmişdir ki, həmin ağaclardan əldə edəcəyi məhsuldan doşab hazırlayıb satsın. O, həmçinin həmin ərazidə saxladığı malqara üçün kölgəliyə görə təxminən 10 ədəd söyüd ağacı da əkmişdir. Ağacları əkdikdən bir neçə il sonra onlar özləri pöhrələnərək sayı artmış və 2021-ci ilədək orada xeyli sayda tut ağacı və söyüd ağacı bitmişdir. İlk olaraq tut ağaclarından bir neçə dəfə məhsul yığıb doşab hazırlamış, lakin son illərdə artıq ağaclar bar verməməyə başlamışdır. 2010-cu ildə isə ona aid olan pay torpağı sahəsində fındıq bağı salmış, həmin ağaclar isə fındıq ağaclarına kölgə salmışdır. Bu səbəbdən qərara gəlmişdir ki, tut və söyüd ağaclarını kəsib onların yerində fındıq ağacları əksin. 2021-ci ilin noyabr ayının ortalarında əkdiyi söyüd və cır tut ağaclarını mühərrikli mişarla kəsməyə başlamış və beləliklə 2021-ci ilin noyabr ayının ortalarında bir neçə gün ərzində ümumilikdə 26 ədəd cır tut ağacı və 3 ədəd söyüd ağacı kəsmişdir. 30 noyabr 2021-ci il tarixdə saat 10 radələrində bağ sahəsində işləyərkən iki nəfər tanımadığı şəxsin ağacları kəsdiyi yerə yaxınlaşdığını görmüşdür. Daha sonra həmin şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdə bilmişdir ki, onlar ekologiya idarəsinin işçiləridir. Ekologiyanın işçiləri ağacların kimin tərəfindən kəsildiyini soruşduqda o, həmin ağacların özü tərəfindən kəsildiyini bildirmişdir. Bundan sonra həmin şəxslər ağacların kəsildiyi yerə baxış keçirərək akt tərtib etmişlər. O, həmin gündən sonra bir neçə dəfə olmaqla kəsdiyi ağacları daşıyıb yaşadığı evin həyətyanı sahəsinə aparmışdır ki, oduncaq kimi istifadə etsin. Həmin ağaclar öz pay torpaq sahəsində olduğu üçün ağacları kəsməmişdən əvvəl heç bir dövlət orqanına yazılı və ya şifahi qaydada müraciət etməmiş və bununla bağlı heç kimdən icazə almamışdır. Müvafiq icazə almalı olduğu barədə məlumatı olmamışdır. Ağacları kəsməsi faktı ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Öz əməlindən peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində kənd sakini Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinin kənarında olan ağacların qanunsuz kəsilməsi ilə bağlı idarənin əməkdaşlarına şifahi məlumat daxil olmuş, məlumat əsasında 30 noyabr 2021-ci il tarixdə saat 11 radələrində idarənin əməkdaşı Şahid1 ilə birlikdə həmin əraziyə getmiş və tərəflərindən ağacların kəsildiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Maqsudkənd-Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində pay torpaq sahəsi ilə yolun arasındakı yaşıllıq ərazidə diametrləri 10 sm, 16 sm və 20 sm olan 03 ədəd söyüd ağacının, 6 sm diametrli 05 ədəd, 10 sm diametrli 14 ədəd, 16 sm diametrli 03 ədəd, 20 sm diametrli 02 ədəd, 26 sm diametrli 02 ədəd cır tut ağacı olmaqla ümumilikdə 3 ədəd söyüd və 26 ədəd cır tut ağacının kəsildiyi aşkar olunmuşdur. Həmin vaxt torpaq sahəsində olan zaman Təqsirləndirilən şəxs özü də orada olmuş, sonuncudan ağacların kimin tərəfindən kəsildiyi soruşulduqda o, həmin ağacları sahədə əkdiyi fındıq ağaclarına kölgə saldığı üçün 2021-ci ilin noyabr ayının ortalarında kəsdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ərazi ekologiya idarəsindən müvafiq icazəsinin olub-olması soruşulduqda ağacları kəsməsi ilə bağlı heç bir icazə sənədinin olmadığını, eləcə də bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Bu səbəbdən onlar ağacların kəsilməsi faktını rəsmiləşdirərək akt tərtib etmiş və ağacların hər birinin diametrləri ölçülərək dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmış, 03 ədəd söyüd və 26 ədəd cır tut ağacının qanunsuz kəsilməsi nəticəsində vurulmuş ziyanın ümumi məbləğinin 3940 manat olduğu müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz ağac kəsməsi faktına görə təbiətə ümumilikdə 3940 manat ziyan dəymişdir. Həmin ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və dəymiş ziyan təqsirləndirilən şəxsdən tələb olunur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 2010-cu ildən Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Susayqışlaq bələdiyyəsinin mülkiyyətində Xaçmaz rayonu Susayqışlaq, Maqsudkənd, Pərdəqıran, Şollar və Çaxçaxlı kəndi ərazilərində yerləşən torpaq sahələri vardır. 2021-ci ilin noyabr ayının sonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə ona telefonla zəng edərək Xaçmaz rayonunun Maqsudkənd-Fərzəlioba avtomobil yolunun sol kənarında 3 ədəd söyüd və 26 ədəd cır tut ağaclarının Maqsudkənd kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi barədə məlumat vermiş, o, ağacların kəsilməsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Bununla yanaşı, 02 dekabr 2021-ci il tarixdə qeyd etdiyi idarəyə arayış verilmişdir ki, Təqsirləndirilən şəxs ağacları kəsmək istəməsi ilə bağlı bələdiyyəyə müraciət etməmiş və bələdiyyə tərəfindən sonuncuya heç bir icazə verilməmişdir. Maqsudkənd ərazisindən keçən avtomobil yolları və yolların kənarındakı torpaqlar Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin mülkiyyətindədir. Sonradan ağacların kəsildiyi əraziyə baxış keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssismühafizə yegeri Şahid1 göstərdi ki, Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində kənd sakini Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinin kənarında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş məlumat əsasında 30 noyabr 2021-ci il tarixdə saat 11 radələrində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçisi Nümayəndə ilə birlikdə həmin əraziyə getmiş və tərəflərindən ağacların kəsildiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Maqsudkənd-Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində pay torpaq sahəsi ilə yolun arasındakı yaşıllıq ərazidə diametrləri 10 sm, 16 sm və 20 sm olan 03 ədəd söyüd ağacının, 6 sm diametrli 05 ədəd, 10 sm diametrli 14 ədəd, 16 sm diametrli 03 ədəd, 20 sm diametrli 02 ədəd, 26 sm diametrli 02 ədəd cır tut ağacı olmaqla ümumilikdə 3 ədəd söyüd və 26 ədəd cır tut ağacının kəsildiyi aşkar olunmuşdur. Həmin vaxt torpaq sahəsində olan zaman Təqsirləndirilən şəxs özü də orada olmuş, sonuncudan ağacların kimin tərəfindən kəsildiyi soruşulduqda o, həmin ağacları sahədə əkdiyi fındıq ağaclarına kölgə saldığı üçün 2021-ci ilin noyabr ayının ortalarında özünün kəsdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ərazi ekologiya idarəsindən müvafiq icazəsinin olub-olması soruşulduqda o, ağacları kəsməsi ilə bağlı heç bir icazə sənədinin olmadığını, eləcə də bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Bu səbəbdən onlar ağacların kəsilməsi faktını rəsmiləşdirərək akt tərtib etmiş və ağacların hər birinin diametrləri ölçülərək dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 72676 nömrəli aktdan və həmin akta əlavədən görünür ki, 26 ədəd cır tut və 3 ədəd söyüd ağacının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın 3940 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 fevral 2022-ci il tarixli, 9/565 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası ETSN, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əlavədən istifadə etməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 29 ədəd müxtəlif diametrli söyüd və cır tut ağaclarının qanunsuz götürülməsinə (kəsilməsinə) görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 3940,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda diametrləri və qiymtətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubdan görünür ki, Xaçmaz rayonu Maqsudkənd kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz rayonu Maqsud kəndinin cənub hissəsində, Maqsudkənd- Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində qanunsuz olaraq kökündən kəsilmiş, meşə fonduna daxil olmayan yaş halda, köküstə bioloji inkişafda olan 3 ədəd söyüd, 26 ədəd cır tut cinsli ağacların yerləşdiyi əraziyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən naturada baxış keçirilmiş və kəsilmiş 3 ədəd ağacın xx.xx.1999-cu il tarixli, JN-0159 KOD 30223038 nömrəli “torpağa mülkiyyət haqqında” dövlət aktına əsasən xüsusi mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı 1.66 ha torpaq sahəsinin üzərində, digər 26 ədəd ağacın isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon X12 Bölməsinin müstəntiqi Rəşad Babayev və digər polis əməkdaşları tərəfindən hadisə yerinə- ağacların kəsildiyi Xaçmaz rayonunun Maqsudkənd kəndinin cənub hissəsində, Maqsudkənd-Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində yerləşən ərzaiyə Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həyətindəki 1 ədəd mühərrikli mişarı təqdim edərək həmin ərazidə 26 ədəd tut və 3 ədəd söyüd ağaclarını həmin mişarla kəsdiyini bildirmiş və ağacları kəsdiyi yerləri göstərmişdir. İş materiallarında olan müddi sübut kimi tanımaq haqqında müstəntiqin 18 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 ədəd cır tut və 3 ədəd söyüd ağacını kəsdiyi mühərrikli mişar maddi sübut əhəmiyyəti kəsb etdiyindən 17 mart 2022-ci il tarixdə baxış keçirilərək götürülməklə maddi sübut kimi tanınmış, baxış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü 1 ədəd CD diskin iş materiallarına əlavə olunması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Susayqışlaq kənd İƏD-dən alınmış 12 mart 2022-ci il tarixli, 160 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Maqsudkənd kəndində yaşayır, ailə tərkibi 1977-ci il təvəllüdlü arvadı X3- uşaqları- xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X2 və 30 dekabr 2009-cu il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Susayqışlaq kənd İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən özünə və ailə üzvlərinə məxsus pay torpağında əkdiyi fındıq ağaclarına düşən kölgənin qarşısını almaq məqsədi ilə həmin fındıq ağaclarına kölgə salan ağacları kəsmək qərarına gəlmiş, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin noyabr ayının ortalarında, 5-6 gün müddətində Xaçmaz rayonunun Maqsudkənd kəndinin cənub hissəsində, Maqsudkənd-Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsində yerləşən ərazidə diametri 20 sm olmaqla 180 manat dəyərində 01 ədəd, diametri 16 sm olmaqla 150 manat dəyərində 01 ədəd və diametri 10 sm olmaqla 120 manat dəyərində 01 ədəd söyüd ağacı, habelə Xaçmaz rayonu, Maqsudkənd kəndinin cənub hissəsində, Maqsudkənd-Fərzəlioba kənd avtomobil yolunun sol tərəfində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində diametri 26 sm olmaqla bir ədədinin qiyməti 250 manat olan 02 ədəd, diametri 20 sm olmaqla bir ədədinin qiyməti 180 manat dəyərində 02 ədəd, diametri 16 sm olmaqla bir ədədinin qiyməti 150 manat dəyərində 03 ədəd, diametri 10 sm olmaqla bir ədədinin qiyməti 120 manat dəyərində 14 ədəd və diametri 6 sm olmaqla bir ədədinin qiyməti 100 manat dəyərində 5 ədəd cır tut ağacını mühərrikli mişarla qanunsuz olaraq kəsməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə xeyli miqdar təşkil edən 3940 manat ziyan vurmuş, yəni meşə fonduna daxil olmayan ağacları qanunsuz olaraq kəsməklə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini qismən etiraf etməklə peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.. Hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanı Təqsirləndirilən şəxs tələb etdiklərini bildirsə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək təqsirləndirilən şəxsə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə izah olunmalıdır ki, cinayət mühakimə icraatı zamanı tərəflərindən mülki iddia veilmədyindən onların Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanc yerinə təhvil verilmiş bir ədəd mühərrikli mişar hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs qanunsuz ağac kəsdiyi əraziyə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ41NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5500 (beş min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan 1 ədəd mühərrikli mişar dövlət nəfinə müsadirə edilsin. Maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxsvə qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-65/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-65/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver