Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-65/2025 16.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçilər: Xaçmaz rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxslər: X6 Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tərcüməçi: X2 iştirakları ilə 17 noyabr 1998-ci ildə X6 Respublikasının Əyn-Təmüşənt şəhərində doğulmuş, X6 Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, X6 Respublikasında qeydiyyatda olmaqla faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, 23 fevral 1995-ci ildə X6 Respublikasının Konstantin şəhərində doğulmuş, X6 Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, X6 Respublikasında qeydiyyatda olmaqla faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs X9 ölkələrinə getmək üçün vizasının olmaması səbəbindən qanunsuz yolla Rusiya Federasiyasından keçərək oradan Avropa ölkələrinə işləmək üçün getmək məqsədi ilə tanışı X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 sentyabr 2024-cü il tarixdə saat 20:40 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu Zuxuloba kəndi ərazisində yerləşən 1-ci sərhəd komendantlığının 3-cü sərhəd zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 480 metr məsafədə sərhəd pozucusu qismində saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Avropa ölkələrinə getmək üçün vizasının olmaması səbəbindən qanunsuz yolla Rusiya Federasiyasından keçərək oradan Avropa ölkələrinə işləmək üçün getmək məqsədi ilə tanışı X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 sentyabr 2024-cü il arixdə, saat 20:40 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu Zuxuloba kəndi ərazisində yerləşən 1-ci sərhəd komendantlığının 3-cü sərhəd Zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçrnəyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 480 metr məsafədə sərhəd pozucusu qismində saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar Azərbaycan Respublikasının X6 Respublikasında olan səfirliyindən viza alaraq 22 sentyabr 2024-cü il tarixdə Qətər Emirates təyyarəsi ilə Azərbaycan Respublikasına gəlmişlər. 24 sentyabr tarixdə isə Təqsirləndirilən şəxs2lə birlikdə Azərbaycan Respublikasının ərazisini tərk etmək istədiyinə görə, Bakı şəhərindən avtobusla Quba rayonuna getmişlər. Telefonunda olan xəritə vasitəsilə Rusiya Federasiyası istiqamətini müəyyən etdikdən sonra avtovaqzalda boş taksi vasitəsilə gecə saat 04 radələrində Quba rayonundan hərəkətə başlamışlar. 26 sentyabr tarixdə, səhər saat 09-10 radələrində isə hərbiçilər tərəfindən saxlanılmışlar. Onların Azərbaycan Respublikasına gəlməkdə məqsədləri Azərbaycan Respublikası ərazisindən istifadə etməklə Rusiya Federasiyası ərazisinə keçmək olmuşdur. Çünki X6 Respublikası vətəndaşlarına Avropa vizası verilmədiyi üçün onlar bu yola əl atmaq fikrinə düşmüşlər. Lakin bu barədə onlara heç kim məsləhət verməmişdir, Azərbaycan Respublikasında isə onların heç bir əlaqələri yoxdur. Hərbiçilər tərəfindən saxlanıldıqlarında Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və ya psixi təzyiqin göstərilməsinin şahidi olmamışlar. Onlar Azərbaycan Respublikasına gəldiklərində aqibətlərinin belə olacağının fərqində olmamışlar. O, məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərməsini bir daha təsdiq etmişdir. Əlavə olaraq o, sərhəd zastavasının hərbiçiləri tərəfindən saxlanılıb aidiyyəti şəxslərə təhvil verildikdən sonra otaq şəraitində üzündə çapığı olan mülki geyimli şəxsin yerdə onun üz və baş nahiyəsinə bir neçə dəfə təpik zərbələri edirməsini, lakin hər hansı xəsarət almadığını bildirmişdir. Eyni zamanda ilk dəfədir belə hadisə ilə üzləşdiyini və etdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 26 sentyabr 2024-cü il tarixdə, saat 20:40-da operator növbətçi baş çavuş Şahid2 zastavanın 8-ci sahədə mühəndistexniki çəpərini keçən iki nəfər şəxsin müşahidə olunduğunu ona məruzə etmişdir. Məruzə olunan zaman dərhal Sərhəd zastavasını “Silaha” komandosuna qaldırmış və başda özü olmaqla hadisə yerinə, yəni Rusiya Federasiyası ilə dövlət sərhəddinə tərəf hərəkət etmişdir. Dövlət sərhəddindən 470 metr aralıda, mühəndis-texniki çəpərdən içəridə, təqribən 70-80 metr məsafədə X6 Respublikası vətəndaşları olan həmin iki nəfər şəxsi kolluğun arasında gizlənib ətrafa baxdıqları müşahidə olunmuşdur. Təqsirləndirilən şəxslər tərəflərindən saxlanıldıqlarında üzərilərində hər hansı kəsici alət olmamışdır. O özündən başqa iki nəfər hərbiçi ilə birlikdə həmin iki nəfər X6 Respublikası vətəndaşlarını saxlamışlar. Daha sonra h/h-nin əməkdaşları gələrək əməliyyat xətti ilə saxlanılan şəxslərin izahatları alınaraq araşdırma aparılmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 26 sentyabr 2024-cü il tarixdə o, növbətçi operator xidmətində olduğu zaman Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə zastavanın 8-ci sahəsindən, Dövlət sərhəd xəttindən 480, maneə xəttindən 70 metr içəridə iki nəfər naməlum şəxsin hərəkət etdiyini müşahidə etmiş və bu barədə Sərhəd zastavasının rəisinə məruzə etmişdir. Sərhəd zastavası “Silaha” komandosuna qalxaraq həmin əraziyə hərəkət etmişlər. Sərhəd zastavasının rəisi və əsgər tərəfindən həmin şəxslər saxlanılmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 28 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, ədliyyə baş leytenantı X5 tərəfindən X6 Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 29, 318.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin cinayət işi ********* №-si altında qeydiyyata alınmışdır. - 26 sentyabr 2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 05) müəyyən edilir ki, 26 sentyabr 2024-cü il tarixdə, təxminən saat 19:46 radələrində “Növbətçi operator” xidmətini təşkil edən baş çavuş Şahid2 tərəfindən “PTZ” tipli kamera vasitəsi ilə sərhəd zastavasının 8-ci sahəsində, maneə çəpərindən təxminən 10 metr içəridə 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunmuş, dərhal sərhəd zastavasının şəxsi heyəti sərhəd zastavasının rəisi tərəfindən “Silaha” komandası ilə qaldırılaraq xidməti əraziyə hərəkət etmişdir. Təxminən saat 20:40 radələrində sərhəd zastavasının 8-ci sahəsində 97 nömrəli sərhəd nişanından 80 metr sağda, dövlət sərhəd xəttindən təxminən 480 metr aralı, maneə çəpərindən təxminən 70 metr içəridə AR-RF istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs saxlanılmışdır. - 26 sentyabr 2024-cü il tarixli “Tərcüməçinin təyin edilməsi haqqında” qərardan (cild 01, vərəq 06) müəyyən edilir ki, inzibati xətaya dair iş üzrə latın və ərəb qrafikalı azərbaycan əlifbasında sərbəst yazıb oxuya bilən Əli Rzayev ərəb dilində tərcüməçi qismində təyin olunmuşdur. - “İnzibati qaydada tutma haqqında” protokoldan (cild 01, vərəq 16) müəyyən edilir ki, X6 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 26 sentyabr 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. - “İnzibati qaydada tutma haqqında” protokoldan (cild 01, vərəq 22) müəyyən edilir ki, X6 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 26 sentyabr 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. - 27 sentyabr 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan (cild 01, iş vərəq 26) və təqsirləndirilən şəxslərin 3-cü sərhəd zastavasının 8-ci sahəsində X3 və X12 keçərək Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərdiyi hadisə yerinə baxış keçirilməsi barədə fotoşəkillərdən (cild 01, vərəq 26-28) müəyyən edilir ki, Baxış keçirilən ərazi Xaçmaz rayonu, Zuxuloba kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 3-cü sərhəd zastavasının 8-ci sahəsidir. Qeyd olunan yer 97 nömrəli sərhəd nişanından 80 metr sağda, dövlət sərhəd xəttindən təxminən 480 metr aralı, maneə çəpərindən təxminən 70 metr içəridə yerləşir. Həmin nöqtədən sağ tərəfə qonşu 2-ci sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olnmuşdur. Müqabil tərəfdə RF Dağıstan Respublikası Məhərrəmkənd rayonu Kabil Kazmalyar kəndi yerləşir. - “Canayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 56) müəyyən edilir ki, X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 28 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. - “Canayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 80) müəyyən edilir ki, X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 28 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 98) müəyyən edilir ki, X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 30 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 113) müəyyən edilir ki, X6 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 30 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, X6 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 barəsində 26 dekabr 2024-cü il tarixinədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmışdır - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-518/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, X6 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində 26 dekabr 2024-cü il tarixinədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmışdır - Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 155) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində məhkumluğunun olub-olmaması barədə məlumat yoxdur. - Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 156) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində məhkumluğunun olub-olmaması barədə məlumat yoxdur. - 01 oktyabr 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 157) müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə baş leytenantı X5 Azərbaycan Respublikası DSX-nın İstintaq və Təhqiqat İdarəsinin inzibati binasında, 7 nömrəli xidməti otaqda ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Oppo” markalı mobil telefonun – eni 7,4 sm, uzunluğu 15,3 sm, qalınlığı 0,9 sm-dir, arxa hissəsində “Oppo” sözləri yazılmışdır. Qeyd olunan mobil telefonun zənglər, mesaj, qalareya bölmələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən nəsə aşkar edilmədi. - 01 oktyabr 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 158) müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə baş leytenantı X5 Azərbaycan Respublikası DSX-nın İstintaq və Təhqiqat İdarəsinin inzibati binasında, 7 nömrəli xidməti otaqda ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Redmi” markalı mobil telefona baxış keçirmişdir. Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonun – eni 7,4 sm, uzunluğu 15,5 sm, qalınlığı 0,8 sm-dir, arxa hissəsində “Redmi” sözləri yazılmışdır. Qeyd olunan mobil telefonun zənglər, mesaj, qalareya bölmələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən nəsə aşkar edilməmişdir. - Azərbaycan Respublikası DTX-nin Arxiv-uçot idarəsi tərəfindən Azərbaycan Respublikası DSX-nın İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış 20 sentyabr 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxslər hər hansı bir xarici ölkələrdə silahlı birləşmələrdə və ya qruplarda iştirak edib-etməməsi və ya onun barəsində hər hansısa bir nüfuzdan salıcı materialların olub-olmaması barədə məlumat yoxdur. - 26 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 178) müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmaqla barələrində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması barədə qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin Məcəllənin 318.2-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzalarıını yüngülləşdirən halların olmasını və cəzalarını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaların çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlar təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan 26 sentyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan, 28 sentyabr 2024-cü il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-518/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 26 sentyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan, 28 sentyabr 2024-cü il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-519/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Cinayət işi materiallarında olan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus pasportlardandan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər X6 Respublikasının vətəndaşlarıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər əcnəbi vətəndaşları olduğundan onların barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgənikiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs X6 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs X6 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs2 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Cinayət işi üzrə maddi sübutun, mülki iddianın, məhkəmə xərcinin olmaması, xüsusi müsadirə üçün əmlak müəyyən edilməməsi, həmçinin cinayət predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgənikiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakın, məhkəmə xərcinin müəyyən edilməməsi nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-65/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-65/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver