Məhkəmə qərarları › İş №1(067)-66/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-66/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-66/2025 30.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz st. X8 əməkdaşları tərəfindən 12 avqust 2024-cü il tarixdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində saxlanılaraq Xaçmaz st. X8 inzibati binasında 12 avqust 2024-cü il tarixdə saat 20:20-dən 20:50- dək olan müddət ərzində keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibində saxladığı qırmızı rəngli sellofanda təmiz çəkisi 85,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Xaçmaz rayonu, Nərəcan kəndində yaşayır, subaydır. 2014-cü ildə Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələri ilə məhkum olunmuşdur. Hazırda narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. xx.xx.2024-cü il tarixdə Xaçmaz dəmir yolu stansiyasına iş axtarmaq üçün gəlmiş. Saat təxminən 19:30 radələri olardı dəmir yolunda tikinti gedən ərazidə yerə atılmış qırmızı rəngli selofanda bükülü gördüyü üçün əyilib yerdən həmin selofanı alaraq içinə baxan zaman həmin selofanın içində ki, maddənin marixuana olduğunu görmüşdür. O, özü həmin narkotik tərkibli vasistəsindən istifadə etdiyi üçün həmin vasitəni tanımış və həmin bükülünü şalvarının cibinə arabir istifadə etmək məqsədilə qoymuşdur. Dəmir yolu ərazisində gəzişdiyi zamanı polis əməkdaşları ona tərəf yaxınlaşıb özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələri daşımaqda, saxlamqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz stansiyasının X10 dəvət etmişdilər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə X10 getmişdir. X8 inzibati binasında özünü Xaçmaz stansiyasının X8 İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru kimi təqdim edən polis əməkdaşı ona barəsində daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şöbəyə gətirilməsini bildirdikdən sonra ona vəkillərin siyahsı təqdim edilmişdir. O da siyahıda olan vəkillərdən biri ilə təmin edilməyini xahiş etmişdir. Bunadan sonra ibtidai istintaqda onun hüquqlarını müdafiəsi üçün Yusif Talıbov ona vəkil təyin edilmiş və vəkilin iştirakı ilə təhqiqatçı şübhəli şəxs qismində tutulmağı barədə Təqsirləndirilən şəxs protokol tərtib etmiş. Həmin protokolu o vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onun vəkili Yusif Talıbovun iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarışın aparılacağını izah etmiş. O, üzərinə şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış başladıqda təhqiqatçı ona hüquq və vəzifələrini birdə izah etmiş, bu barədə bildiriş verərək üzərində nə varsa çıxarıb masanın üzərinə qoymağını təklif etmişdir. O, da əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülüdə narkotik vasitə olan marixuananı çıxarıb masanın üzərinə qoymuş və bildirdimiş ki, həmin bir ədəd selofan bükülüdə olan marixuananı 12,08.2024-cü il tarixdə Xaçmaz dəmiryolu stansiyasına iş axtarmaq üçün gedərkən saat təxminən 19:30 radələri olardı tikinti gedən ərazidə yerdən dəmir yolu relslərinin yanından tapmış, özü əvvəllər arabir istifadə etdiyindən yerdən tapdığı bükümün içərisində marixuana olduğunu tanımış və şəxsi istifadəsi üçün əynindəki cins şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. Həmin vaxt təhqiqatçı marixuana olan bükülünü ondan hardan əldə etməyini, marixuananı ona hər hansı bir şəxsin satıb satmadığını soruşmuş, o da marixuananı tapdığını bildirmiş və arabir istifadəçisi olduğundan üzərində saxlamışdır. Onun həmin marixuananı kiməsə satmaq və ya vermək niyyətim olmamışdır. Sonra təhqiqatçı onun üzərindən aşkar olunmuş marixuana olan bir ədəd selofan bükülünü masanın üstündən götürmüş, elektron tərəzidə çəkmiş və ekspertizaya təqdim edilməsi üçün zərfə qoyub möhürləyərək qablaşdırıb maddi sübut kimi götürmüşdür. Sonda üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə o da imzalamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükülü də olan narkotik vasitə marixuananı taparaq əldə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heç kəsdən narkotik vasitə almamış və heç kimədə satmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Ağababa oğlu ifadəsində göstərmişdir ki, 12 avqust 2024-cü il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmiş. Daha sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. Şahid1 və Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Xaçmaz dəmir yol stansiyasının ərazisində müşahidə aparmağa başlamışlar. Saat 19:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində peyda olmuş. O, tək idi. Onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək, əldə olunmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə raportla məruzə etmişdir. Materialın sonrakı icrası Xaçmaz st. XPŞ-nin baş təhqiqatçı Nəzər Həbibova həvalə olunmuşdur. X3 xidməti otağında şöbəyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində şöbəyə əməliyyat məlumatının daxil olmasını deyərək ona vəkillərin siyahısı təqdim edilmiş vəkil seçməsi təklif olunmuş və o, siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə X4 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokolu Təqsirləndirilən şəxs və onun vəkili Yusif Talıbov tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçiriləcəyini deyərək buna onun etirazının olub-olmamasını soruşmuş. O, cavab olaraq bildirmiş ki, onun üzərinə şəxsi axtarışın keçirilməsinə etirazı yoxdur, bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs hüquq vəzifələrini başa salaraq ona hüquq vəzifələri ilə bağlı bildiriş verərək ona müraciət edib üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibində saxladığı sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı Nəzər Həbibov sellofan bükülüyə baxaraq içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmiş ki, qırmızı rəngli sellofan bükülünün içərisində narkotik vasitə olan marixuanadır. Həmin bir ədəd selofan bükülüdə olan marixuananı xx.xx.2024-cü il tarixdə Xaçmaz dəmir yolu stansiyasına iş axtarmaq üçün gedərkən saat təxminən 19:30 radələri olardı tikinti gedən ərazidən dəmir yolu relslərinin yanından yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmaq niyyəti olub-olmadığını soruşulanda o, ara-bir düşəndə narkotik vasitə istifadə etdiyindən, həmin tapdığı narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxmış və içərisində narkotik vasitə marixuana olan sellofan bükülü elektron tərəziyə qoyularaq çəkilmiş bükülü qarışıq 93,29 qram tərəzidə göstərmiş və zərfə qoyularaq qablaşdırılmış o, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olmuş və protokolu imzalamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid Xaçmaz st. X8 PPXM-nın polis nəfəri, polis serjantı Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Ağababa oğlunun ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz st. XPŞ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru Nəzər Həbibov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində tünd göy rəngli qısa qol köynək, göy rəngli cins şalvar, ayağında isə qəhvəyi rəngli başmaq olmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində oian əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli sellofan, bir ədəd bir manatlıq əskinaz və şalvarının sol yan cibindən isə bir ədəd alışqan və bir ədəd ağ rəngli siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bükülünün içərisində yaşıl rəngli spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. İçərisində yaşıl rəngli, spesifik iyli bitki tərkibli kütlə olan sellofan bükülü elektron tərəzidə ölçüldü və çəkisinin 93,29 qram olması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellafon torbanın içərisindəki həmin yaşıl rəngli bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olmasını qeyd etmiş, həmin kütləni Xaçmaz dəmir yolu stansiyasının ərazisində relslərin ətrafında yerdən tapdığını və həmin narkotik vasitəni özü ilə götürüb öz istifadəsi üçün üzərində saxladığını, Xaçmaz dəmiryolu stansiyası ərazisindən keçib evinə gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar bitki kütləsi gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülüb müvafiq qaydada qablaşdırılmaqla üzəri möhürlənərək imzalarla təstiq edimiş və protokola əlavə edilmişdir. Digər əşyalar götürülməyərək Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı çəkilmiş videogörüntülər 01 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə xx.xx.2024-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınmış və həmin DVD diskin cinayət işi materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 13 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1351 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN DYNPİ X12 Şöbəsi Arayışlar üçün” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs yazısı və imzalar olan kağız paketdə 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 85,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 85,0 qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana xx.xx.2024-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınmış və marixuananın ekspertiza tədqiqatından sonra qalan 84,95 qram qalığının 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon Məhkəməsinin hakimi Nərmin Abiyevanın xx.xx.2024-cü il tarixli qərarından görünür ki, əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024- cü il tarixli 6298 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və opiodlərin birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan müvafiq olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda qeyd olunmuşdur ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın mənbəyini, həmçinin həmin narkotik vasitə marixuananı həqiqətən də taparaq əldə etməsini müəyyən olunması mümkün olmamışdır, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı satış məqsədi ilə deyil, öz istifadəsi üçün üzərində saxlaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə tərəfimdən xx.xx.2024-cü il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Nərəcan kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 625 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Nərəcan kəndində yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Nərəcan kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 624 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası 1959-cu il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Nərəcan kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 623 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökümündən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən əldə edib saxlamaqla daşımış, bu fakt o, Xaçmaz st. X8 əməkdaşları tərəfindən 12 avqust 2024-cü il tarixdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində saxlanılaraq Xaçmaz st. X8 inzibati binasında 12 avqust 2024-cü il tarixdə saat 20:20-dən 20:50- dək olan müddət ərzində keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibində saxladığı qırmızı rəngli sellofanda təmiz çəkisi 85,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 12 avqust 2024-cü il (saat 19:40) tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin 14 avqust 2024-cü il tarixli qərarından görünür ki, 14 avqust 2024-cü il tarixdə həbsdən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz st. X9 saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 84,95 qram marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxsdən tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmənin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz st. X9 saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 84,95 qram marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar