Məhkəmə qərarları › İş №1(067)-67/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-67/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-67/2025 19.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, özünün deməsinə görə fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Bayoba kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Yergüc kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi xeyli miqdarda, yəni 7,638 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu, Yergüc kəndi ərazisindən keçən hissəsində olan avtobus dayanacağının yanında saxlanılıb ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında 13 sentyabr 2024-cü il tarixdə, saat 00:33-00:43 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunda 7,638 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar edilmiş narkotik vasitəni Xaçmaz rayonunun Yergüc kəndinin yanından keçən avtomobil yolunun kənarında olan dayanacağın yaxınlığındakı su kanalının kənarında yerdən tapmış, həmin vaxt polis əməkdaşlarının gəldiyini görərək həyəcanlanaraq özünü itirmiş, polis əməkdaşları ona yaxınlaşmışlar və tapdığı həmin narkotik vasitə onun cibindən aşkar edilmişdir. Həmçinin bildirdi ki, o, hazırkı iş üzrə saxlanılanadək narkotik vasitədən iki dəfə istifadə etmiş, üçüncünü çəkmək isə ona “qismət olmamışdır”. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldıqdan sonra orada onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Üzərində saxladığı həmin narkotik vasitə kibrit qutusunda olmuş, çəkisinin nə qədər olduğunu isə dəqiq bilmir, lakin kibrit qutusunun içərisində dolu vəziyyətdə olmuşdur. O, üzərindən aşkar edilmiş narkotik vasitəni su kanalının kənarında yerdən taparkən elə kibrit qutusunun içərisində olmuşdur. O həmin su kanalının yaxınlığında müntəzəm olaraq dayanmışdır. O, əvvəllər istifadə etdiyi narkotik vasitələri kimdənsə almamış, şənlik məclislərində dost-tanışı ilə birlikdə çəkərək istifadə etmişdir. O, əvvəllər də yalnız marixuana narkotik vasitəsindən istifadə etmiş, başqa növdən istifadə etməmişdir. Narkoloji ekspertizanın rəyinə görə onun həm də psixotrop maddələrdən istifadə etməsinin göstərilməsinə münasibətdə o, bildirir ki, ekspertin rəyinə etirazı yoxdur. Ola bilsin, istifadə etdiyi marixuananın tərkibində hansısa dərmanlar olmuş və bu da onun qanına keçmişdir, lakin o, yalnız marixuana istehlak etmişdir. O, ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edir, törətdiyi cinayət əməlinə görə peşmandır. O, iş üzrə şahidlərin məhkəmə iclasında verdiyi ifadəsində, həmçinin həmin şahidlərin məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələrində qeyd olunanların düzgün olduğunu təsdiq edir. O, törətdiyi əməli etiraf edir, cinayət əməlini törətməklə səhv etdiyini anlayır, törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Yergüc kəndində ailəsi ilə birlikdə yaşayır. O, bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan yandıraraq tüstüsünü nəfəsinə çəkmə yolu ilə istifadə edir. 10 sentyabr 2024-cü il tarixdə günorta saatlarında yaşadığı Xaçmaz rayonu, Yergüc kəndi ərazisində su kanalının kənarında olduğu zaman yerdən bir ədəd sellofan torba tapmış, diqqətini cəlb etdiyindən həmin sellofan torbanı yerdən götürərək içərisinə baxanda torbanın içərisində bir ədəd yapışdırıcı, müxtəlif kağız kəsikləri və bir ədəd kibrit qutusunun olmasını görmüşdür. O, həmin kibrit qutusunu götürüb içərisinə baxarkən kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananın olmasını görmüşdür. Özü narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğundan həmin kibrit qutusunu özü ilə götürmüşdür ki, daha sonra istifadə edər, lakin sellofan torba və içərisində olan yapışdırıcı ilə kağız kəsiklərini isə orada atmışdır. 12 sentyabr 2024-cü il tarixdə, saat 23 radələrində özünə məxsus olan “VAZ 21011” markalı, Az **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Yergüc kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun üzərində yerləşən dayanacaqda dayanmışdır. Həmin vaxt iki gün öncədən tapdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu da əynində olan şalvarın cibində olmuşdur. O, orada olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşmalarını görmüşdür. O, polis əməkdaşlarının ona yaxınlaşdığını görəndə həyəcanlanaraq üzərində olan kibrit qutusunu atmaq istəsə də, əlini cibinə aparıb sonra görəcəklərini düşünərək cibindən çıxarmışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, özünə məxsus olan avtomobillə polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Polis əməkdaşları onunla birlikdə olduqlarından üzərində olan kibrit qutusunu ata bilməmişdir. Polis şöbəsində üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş və həmin vaxt şəxsi istifadəsi üçün üzərində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu aşkar edilərək içərisinə baxılmışdır. Polis əməkdaşları kibrit qutusunun içərisində bitki kütləsinin olmasını görərək həmin kibrit qutusunu elektron tərəzidə çəkmişlər. Kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə çəkisinin 10,9 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. O və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalarla təsdiq edilmişdir. O, hər hansı şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamış və hər hansı şəxsə satmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsində xidmət edir. O, hazırkı iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə təqsirləndirilən şəxsi onlar polis şöbəsinə gətirmişlər, bu barədə raportla məruzə edilmiş və polis şöbəsində təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmçinin bildirdi ki, o, polis şöbəsində iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş və üzərindən narkotik vasitənin aşkar edilməsinin şahidi olmuşdur. Lakin o, təqsirləndirilən şəxsin üzərindən hansı növ narkotik vasitənin aşkar edildiyini hazırda xatırlamır, ibtidai istintaq zamanı hazırkı iş üzrə şahidi olduğu xüsusatları ifadəsində dəqiq olaraq bildirmişdir. O, məhkəmə iclasında elan edilmiş ifadəsinin düzgün olduğunu təsdiq edir. Onlar iş üzrə təqsirləndirilən şəxsi Quba-Xaçmaz yolunun kənarında saxlamışlar. Təqsirləndirilən şəxsi o və polis əməkdaşı Şahid2 saxlamışlar. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək müəyyən edildi ki, o, Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 12 sentyabr 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin növbətçi hissəsinin polis nəfəri, polis baş serjantı Şahid2 ilə xidmətdə olarkən avtomobillə Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu, Yergüc kəndi ərazisindən keçən hissəsində yerləşən avtobus dayanacağının yanından keçərkən dayanacağın yanında VAZ-21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmasını görmüşlər. Avtomobilin yanından keçərkən avtomobilin sürücü oturacağında bir nəfər şəxsin oturduğunu görüb Şahid2 idarə etdiyi avtomobillə geri dönüş edib gəlib həmin avtomobilin arxasında dayanmışdır. Onlar avtomobildən enib **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan tərəfdən qapısına yaxınlaşıb qapının şüşəsindən içəriyə baxan zaman sürücü oturacağında oturmuş şəxs özünü itirib əlini cəld əynində olan şalvarın cibinə aparmışdır. Həmin vaxt avtomobilin sükan tərəfdəki ön qapısının şüşəsi açıq vəziyyətdə olmuşdur. Onlar həmin şəxsə özlərini təqdim edib Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirib ad, soyad və rütbələrini bildirmişlər, bundan sonra həmin şəxsə avtomobildən enməsini demişlər. Avtomobildən endikdən sonra həmin şəxsin əlini tez-tez əynində olan şalvarın sağ yan cibinə salıb-çıxardığını görüb onun üzərində daşınması qanunla qadağan olunmuş əşya və yaxud narkotik vasitə olması barədə onlarda şübhələr yaranmışdır. Onlar həmin şəxsi şəxsiyyətinin müəyyən edilməsi və üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin şəxs adının Fərid olduğunu, idarə etdiyi avtomobillə gəlmək istədiyini onlara demişdir. Bundan sonra o, həmin şəxsin idarə etdiyi avtomobilə əyləşmiş, Mehman da özünün idarə etdiyi avtomobillə onların arxası ilə gəlmişdir. Onlar Xaçmaz RPŞ-nə gəlib çatdıqdan sonra Fəridi Xaçmaz RPŞ-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər və növbətçi hissədə yoxlama zamanı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra o, raport yazmış və şöbə rəhbərliyindən xahiş etmişdir ki, həmin şəxsin üzərinə şəxsi axtarış keçirilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nemət Xasayevə həvalə olunmuşdur. Xaçmaz RPŞ-nin inzibati binasında yerləşən xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin, onun və Şahid2 iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin bitki küləsinin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra içərisində bitki kütləsi olan kibrit qutusu müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin 10,9 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kibrit qutusu bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Şəxsi axtarış prosesi əvvəldən axıradək videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, polis əməkdaşı Şahid1lə xidməti çağırışla əlaqədar qayıdarkən Quba-Xaçmaz avtomobil yolunun kənarında dayanmış avtomobilə yaxınlaşmışlar və onlar avtomobildən düşərək özlərini həmin avtomobilin sürücüsünə təqdim etmişlər, sürücü ilə danışdıqları zaman sonuncunun narahat olduğunu, əlini tez-tez cibinə salmaqla özünü şübhəli apardığını görmüşlər. Buna görə də onlar iş üzrə təqsirləndirilən şəxsi polis şöbəsinə dəvət etmişlər, sonuncu öz avtomobili ilə onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində təqsirləndirilən şəxsin üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən cibindən bir kibrit qutusunu çıxararaq müstəntiqə təqdim etmiş və təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisindəkinin narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin bildirdi ki, iş üzrə təqsirləndirilən şəxsi saxladıqları gün onlar tərəfindən başqa şəxs saxlanılmamış, yalnız Təqsirləndirilən şəxs saxlamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli raportdan müəyyən edilir ki, həmin raportla Xaçmaz RPŞ-nin rəhbərliyinə məruzə edilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:30-da Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 və Xaçmaz RPŞ-nin NH-nin polis nəfəri, polis baş serjantı Şahid2 birlikdə xidmətdə olduqları zaman əvvəlcədən heç bir əməliyyat məlumatları olmadığı halda Xaçmaz rayonu, Yergüc kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolu üzərində yerləşən avtobus dayanacağının yanında bir nəfər şəxsin “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olmasını, həmin avtomobilin yaxınlığından keçən zaman sürücü oturacağında əyləşən şəxsin həyəcanlanaraq qeyri-adekvat hərəkətlər etməsini görmüş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini müəyyən etmək istədikdə onun üzərində nəyisə gizlətmək istədiyini hiss etmişlər və Azərbaycan Respublikası CPM-nin 148.2, 148.2.1, 148.3 və 148.3.1-ci maddələrinə əsasən onlarda həmin şəxsin üzərində narkotik vasitə olması barədə şübhə yarandığından həmin şəxsi Xaçmaz RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər, Xaçmaz RPŞ-nin Növbətçi Hissəsində məlum olmuşdur ki, həmin şəxs Xaçmaz rayonu, Yergüc kənd sakini Təqsirləndirilən şəxsdur. Həmin raportla Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ehtimalının nəzərə alınaraq onun üzərinə şəxsi axtarış keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X3 RPŞ-nin İTB-nin sahə rəisi Şahid1, Xaçmaz RPŞ-nin NH-nin polis nəfəri Şahid2, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən isə “Keno” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoyur. Onun üzərinə şəxsi axtarış keçirilən zaman başqa hər hansı predmet aşkar edilməmişdir. Kibrit qutusunun içərisinə baxılan zaman orada görünüş və qoxusuna görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuananı nəzərdə tutaraq “nəşə” olmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirir. O, həmin bitki kütləsini yaşadığı kəndin ərazisində olan su kanalının kənarından tapmasını, hər hansı şəxsdən narkotik vasitə almamasını və satmamasmı bildirmişdir. Onun üzərindən aşkar edilmiş siqaret qutusunun içərisinə baxılan zaman orada yalnız siqaret dənələrinin olması müşahidə edilmişdir. İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kibrit qutusu müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman qutu ilə birgə çəkisinin 10,9 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusu içərisindəki bitki kütləsi ilə birlikdə müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılıb möhürlənərək götürülür. Siqaret qutusu əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X4 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 7/1529 nömrəli ekspert rəyindən müəyyən edilir ki, üzərində “Təqsirləndirilən şəxs imza ....” yazı və imzalar olan kağız paketdə təmiz çəkisi 7,638 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 7,588 qram təşkil etmişdir. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 7,638 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 7,588 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 17 sentyabr 2024-cü il tarixli, 6314 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, tapşırıq əsasında keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin. Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 28 noyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,638 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Yergüc kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonşular və kənd camaatı ilə münasibəti normal olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki,məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarını, az ağır olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 12 sentyabr 2024-cü il tarixli raportdan, “Şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan, tutmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 14 sentyabr 2024-cü il tarixli qərardan və xx.xx.2024cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs saxlanılmaqla azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə (saat 23:30-da) məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdən (saat 00:20-də) xx.xx.2024-cü il tarixədək (saat 19:00-a) şübhəli şəxs qismində tutulmuş, bununla da o, ibtidai istintaq orqanı tərəfindən 02 (iki) gün müddətdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 35-ci bəndində göstərilir ki, CPM-in 147.1.1-147.1.3, 147.2.1-147.2.3, 148 və 149-cu maddələrinin əlaqəli şərhi onu deməyə əsas verir ki, CPM-in 148-ci maddəsində göstərilən hallarda cinayət törətməsinə şübhə yaranması ilə əlaqədar şəxs əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən və yaxud CPM-in 149-cu maddəsində göstərilən halda hadisəni görən kənar şəxs tərəfindən yaxalandıqda, şəxsin şübhəli şəxs qismində tutulması hər hansı bir qərara əsasən deyil, CPM-in 148 və ya 149-cu maddəsində göstərilən faktların meydana gəlməsinə görə baş vermiş olur və bu halda artıq baş vermiş (hər hansı bir qərar olmadan həyata keçirilmiş) tutma faktının rəsmiləşdirilməsi tələb olunur ki, bu da CPM-in 148.5-ci maddəsində təsbit edildiyi kimi, cinayət prosesini həyata keçirən orqan (məsələn, təhqiqatçı və ya müstəntiq) tərəfindən tutma protokolunun tərtib edilməsi yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,588 qram narkotik vasitə - qurudulmuş marixuana Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,588 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,588 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar