Məhkəmə qərarları › İş №1(067)-68/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-68/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-68/2021 26.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1976-cı ildə Xaçmaz rayonunun Qədmalı-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonun Qədmalı-qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi 445 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 yanvar 2021-ci il tarixdə saat 18:45-dən 19:00-dək Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qədmalı-qışlaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin yataq otağında çarpayının altından bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 10 yanvar 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Xaçmaz rayonunun Qədmalı-Qışlaq kəndində yerləşən evinə gedərkən çayın kənarında sellofan torbanın olduğunu görmüş, torbanı götürüb açarkən içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu görmüşdür. Marixuanadan istifadə etdiyindən həmin sellofan torbanı götürmüş və yaşadığı evə gətirmişdir. 14 yanvar 2021-ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirməklə ondan evə baxış keçirilməsinə etirazının olubolmamasını soruşmuşlar. O da razılıq vermiş və videoçəkilişlə polis əməkdaşlarının iştirakları ilə yaşadığı evdə baxış keçirilmişdir. Baxış zamanı çayın kənarından tapdığı və yaşadığı evdə yataq otağında çarpayının altına qoyduğu bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. O, polis əməkdaşlarına həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı kəndin ərazisindən tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bütün bunlar barədə müvafiq protokol tərtib edilmiş, protokol özü və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonunun Qədmalı-Qışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıması və saxlaması barədə əməliyyat məlumatı əldə etdikdən sonra onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qədmalı-Qışlaq kəndindəki evinə gedərək Təqsirləndirilən şəxs özlərini təqdim edib narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra X4 Bölməsinin müstəntiqi Nemət Xasayev onların iştirakı ilə videoçəkilişlə, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı evə baxış keçirmişdir. Evin otaqlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altından 01 ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. X5 həmin torbanı açıb baxarkən içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütləsinın olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu, narkotik vasitəni kənd ərazisindəki çayın kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan baxış keçirilməsi haqqında 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qədmalı-qışlaq kəndindəki evinə baxış keçirilmiş, yaşayış evinin otaqlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altından 01 ədəd sellofan torba aşkar edilmiş, həmin torbanın içərisinə baxılarkən torbada bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi xarici görünüş və qoxusuna görə narkotik vasitə qurudulmuş marixuanaya bənzəmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu, kənd ərazisindən tapdığını bildirmişdir. Bundan sonra həmin bitki kütləsi qablaşdırılaraq götürülmüşdür. İş materiallarında CD diskə baxış küçirilməsi haqqında 06 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD diskə ibtidai araşdırma zamanı müstəntiq tərəfindən təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı baxış keçirilməsi haqqında 14 yanvar 2021-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 15 qnvar 2021-ci il tarixli, 7/76 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs........” yazıları və imzalar olan polietilen bağlamadakı bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 445,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 444,95 qram təşkil edir. İş materiallarında olan Məhkəmə narkoloji ekspertizasının 27 yanvar 2021-ci il tarixli 247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olmasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli, 885 nömrəli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xəstəxanada həkim-narkoloqun və həkim-psixiatrm qeydiyyatında yoxdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aşağı Zeyid kənd X6 üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi 445 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 yanvar 2021-ci il tarixdə saat 18:45-dən 19:00dək Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qədmalı-qışlaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin yataq otağında çarpayının altından bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməklə peşman olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 14 yanvar 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında 16 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 26 may 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 66,46 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(067)-68/2021 saylı qərarı əsasında Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 10 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 60 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 10 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 60 (altmış) manat ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar