Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-70/2025 12.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X15 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 15 avqust 1969-cu ildə Xaçmaz rayonu, Müzəffəroba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Müzəffəroba kənd tam orta nəktəbində gözətçi işləyən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə axşam saat 21 radələrində Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol kənarında “Uğur market”dən 50 metr qərb istiqmətində olmaqla Müzəffəroba kəndinə doğru daşlıq yolun 400 metr məsafəsində olan yaşadığı Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən nömrəsiz evinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sağ əli ilə Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutaraq sol əli ilə sonuncunun təpə nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla vurub “sol gicgah və təpə nahiyələrinin hematomaları, sol yanaq və sol çiyin nahiyələrinin sıyrıqları” kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə günü həyat yoldaşı ilə telefonda mübahisə etmiş və ona zəng edib təhqir edərək “indi gəlirəm sənin canın üçün” sözlərini demişdir. Bu barədə telefon danışıqları əldə olunarsa heç bir şahidə ehtiyac olmadan hərşeyə aydınlıq gətiriləcəkdir. Təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gəlməsi barədə ailə üzvləri tərəfindən bildirilmişdir. O, İlkini qapının önündə qarşılamış və küçədə səs-küy salmamağı, qonşulardan ayıb olduğunu deyib qapıdan içəri dəvət etmişdir. Lakin İlkin onu bu təklifi ilə razılaşmayaraq avtomobilində əyləşib söhbət etməyi ona demişdir. Bundan sonra o avtomobildə əyləşmişdir. İlkin onu avtomobildə əyləşdikləri vaxt təhqir etmiş və o bu barədə İlkinə öz iradını bildirmişdir. İlkin ona “indi bax burada nə baş verəcək, qanınızı tökəcəyəm” sözlərini demişdir. Bu zaman onun qızı qapını açıb dedi ki, “İlkin gəl həyətdə söhbət edək”. İlkin onun qızını alçaldıcı ifadələrlə təhqir etmiş və qızı da, ona qarşılıqlı olaraq cavab vermişdir. İlkinin avtomobildən düşüb saxlanc yerindən bıçağı götürdüyünü gördüyündə o qaçıb qızına yaxınlaşdığı vaxt bıçaqla qızı İlkin tərəfindəın vurulmuşdur. Bu zaman o, qızının öldüyünü zənn etmişdir. Daha sonra İlkin tərəfindən bıçağın dəstəyi ilə qızının vurulduğunu anlamışdır. Həmin vaxt qızı Əminə yerə yıxıldıqdan sonra anası İrinanın tərəfindən yerdən qaldırılmışdır. Sonra İlkin əlindəki bıçağın uc hissəsini arxaya çevirməklə dəstəyindən tutub onlara tərəf dayanmışdır. Həmin vaxt İlkin özündə olmamışdır. Ola bilsin ki, İlkin həmin vaxt sərxoş olmuşdur. O, İlkinə yaxınlaşıb onun əlindəki bıçağı əlini qararaq almağa çalışmış, bu zaman hər ikisi yerə yıxılmışlar və İlkinin əlini qarmış, əlindəki bıçaq yerə düşdükdən sonra o, bıçağı götürmüşdür. İlkin avtomobilinə əyləşib yüksək sürətlə hərəkət edərək oradan uzaqlaşmışdır. Hadisə havanın qaralmaq üzrə olduğu vaxtda baş vermişdir. Hadisədən sonra o DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermiş və Zərərçəkmiş şəxs hadisə anında əlini buraraq aldığı bıçağı polis şöbəsində TB-da təhvil vermişdir. Növbəti gün o PŞ-ya dəvət edilmiş və TB-da izahatı alınmışdır. Zərərçəkmiş şəxs izahatında onun tərəfindən vurulduğunu bildirmişdir. Lakin hadisədən sonrakı gün Zərərçəkmiş şəxs PŞ-da olduğu vaxt video kameraları ilə qeydə alınmış görüntülərə baxılarsa onun İlkini vurmağına dair üzərində hər hansı izə rast gəlinmədiyi müəyyən olunacaqdır. Belə ki, o, Zərərçəkmiş şəxs hər-hansı xəsarət yetirmədiyini, əksinə İlkinin Əminənin sinə nahiyəsindən bıçağın dəstək hissəsi ilə xəsarət yetirdiyini, lakin ekspertiza rəyində sağlamlığa zərər vurmayan xəsarətlər kimi həqiqətə uyğun olmayan rəyin verildiyini bildirmişdir. 56 yaşı var və bu zamanadək başına belə hadisə gəlməmişdir. Həmçinin qızına, onun uşaqlarına o baxır və himayəsində yaşlı atası vardır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qayınatasıdır. Həyat yoldaşı ilə münasibətləri pozulmuş və hal-hazırda da ayrı yaşamış, azyaşlı uşaqlar Əminə ilə birgə atasının evində yaşamışdırlar. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə böyük qızı ilə bir yerdə olmuş, həmin vaxt bacısının azyaşlı qızı da yaşadığı evdə olmuş və onlayn dərsə qoşulmuşdur. Həmin vaxt yoldaşı Əminə dəfələrlə bacısı qızına zəng etmiş, lakin sonuncu, onlayn dərsə qoşulduğuna görə Əminənin zənginə cavab verə bilmədiyindən bundan xəbəri olmayan Əminə bacısı qızına vatsap vasitəsi ilə səs göndərərək telefonun zənginə cavab verməyi bildirmişdir. Bacısı qızının mesajına cavab vermədiyini görüb Əminə dəfələrlə zəng etmiş, lakin dərsə qoşulu olduğundan Əminənin telefonlarına cavab verə bilməmişdir. Bir az vaxt keçdikdən sonra bacısı qızı Məryəm Əminəyə telefon zənginə cavab verərək, dərs oxumasını, ona görə də telefon zənglərinə cavab verə bilmədiyini bildirmişdir. Lakin, Əminə telefonda Məryəmlə əsəbi halda kobud şəkildə danışaraq Məryəmə “niyə cavab vermirsiz, bu dəqiqə sizi polisə verəcəm” deyərək Məryəmi nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra zəng edərkən Əminə ailəsini nalayiq ifadələrlə təhqir etmiş və azyaşlı qızını evlərinə gətirməyini tələb etmişdir. Bundan sonra qızını götürərək avtomobili ilə Əminənin yaşadığı Müzəffəroba kəndinə getmiş, Təqsirləndirilən şəxs evin qapısının qabağında dayandığını görmüş və avtomobildən düşməmişdir. Əjdərlə salamlaşmış və söhbət etmək üçün avtomobilə əyləşməsini xahiş etmişdir. Əjdər isə evin həyətinə keçməyə təklif etmiş, lakin bundan imtina etmişdir. Əjdər avtomobilə əyləşmiş və söhbət edərkən Əjdərə Əminənin ailə üzvlərinə qarşı telefonda təhqiramiz sözlər deyib, hədə-qorxu gəlməsini bildirmişdir. Əjdər uca səslə kobud şəkildə “sən bir dəqiqə dayan, danışma, özün guya böyük adamsan?!” demişdir. Əminə atası Əjdərin uca səslə danışdığını görüb avtomobilin sürücü tərəfdən qapısına yaxınlaşaraq qapını açıb qışqıraraq “düş aşağı” demişdir. Bu zaman Əminəyə zəhmət olmasa qapını bağla, Əjdər dayı ilə söhbəti olmasını bildrimişdir. Lakin, Əminə uca səslə qışqıraraq nalayiq ifadələr deməyə başlamış və əlindən tutaraq avtomobildən dartıb çıxartmağa çalışmışdır. Əminəni özündən uzaqlaşdırmaq üçün sonuncunu itələmişdir. Bu zaman Əminənin anası Şahid2 və avtomobildən çevik olaraq düşən atası Təqsirləndirilən şəxs, Əminəyə köməklik etmək üçün üstünə gəlmişdirlər. Əminə və İrina üz nahiyyəsinə cırmaqlar və sillə zərbələri endirməyə başlamışdırlar. Təqsirləndirilən şəxs sağ əli ilə boyun nahiyyəsindən tutmuş, sol əl ilə təpə nahiyəsinə bir neçə dəfə yumruqla vurmuş və avtomobildən düşürdərək yerə yıxmışdır. Birtəhər onların əlindən çıxıb maşınına əyləşmiş və tez oradan uzaqlaşmışdır. Uzaqlaşan zaman maşını qəfildən hərəkətə gətirdiyindən sonradan ora gələn ətrafda yaşayan sakinlərdən bir nəfər şəxs avtomobilinə təpik zərbəsi ilə vurmuş, lakin avtomobili saxlamamış və oradan uzaqlaşmışdır. Avtomobilini qəfil və sürətlə idarə etdiyinə görə zərbə vurulmuşdur. Əlində bıçaq olmamış, nə bıçaqla, nədə əli ilə vurmamış, yalnız itələmiş, Əminə hansı şəkildə xəsarət aldığını bilməmişdir. Üstündə bıçaq olduğu halda həmin vaxt özünü müdafiə etmək üçün istifadə edərmiş. Hadisə 13 avqust 2024-cü il tarixdə, saat 21 radələrində baş vermişdi, hadisə zamanı orada Əminə, Əjdər və İrina olmuşdur. Başqa heç kim olmamış, avtomobilinə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi, vəkili qismində izahat vermiş Müdafiəçi1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini boynuna almır. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmişlə barışmamışdır və zərərçəkmiş şəxsin şəxsiyyətini, ləyaqətini alçaldacaq hərəkətlər etmişdir. O, prokurorun mövqeyi ilə razıdır və təqsirləndirilən şəxsin qeyri- səmimi olduğunu nəzərə alaraq və barışığa hər hansı səbəblərə getmədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, həyat yoldaşı Zərərçəkmiş şəxs spirtli içki qəbul etdiyi və narkotik vasitə istifadə etməyi şübhəsi olduğundan aralarında münasibətləri pisləşmiş və ayrılaraq atasının Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən evinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə böyük qızı həyat yoldaşının evində olmuşdur. O, qızına paltar tikdirmək məqsədilə dərziyə gedərək bədən ölçülərinin götürülməsi üçün Zərərçəkmiş şəxs bacısı qızına zəng etmiş, sonuncuya səsli mesaj göndərmişdir. İlkinin bacısı qızı mesajlarına yazılı olaraq uşaq yatıb demişdir. Bundan sonra uşaq ağlayır və danışmaq istəmir demişdir. Sonra həyat yoldaşı İlkin ona zəng edərək niyə bacısı qızını narahat etməsini, sonuncunun ingilis dili dərsinə onlayn formada qoşulduğunu demişdir. İlkinlə danışan zaman sonuncun anası anası onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş və cavab olaraq o, İlkinin ünvanına söyüş söymüş, təhqir etmiş və telefonu söndürmüşdür. Sonra İlkin yenidən ona zəng etmiş və aralarında söz mübahisəsi davam etmişdir. İlkin telefonu söndürərək onun atası Təqsirləndirilən şəxs zəng etmiş və ünvanına söyüş söyüş söyərək təhqir etmişdir. Bununla bağlı o DİN-nin 102 zəng mərkəzinə zəng edərək həyat yoldaşı Zərərçəkmiş şəxs tərəfindən təhqir olunduğu barədə məlumat vermişdir. Təxminən 15 dəqiqədən sonra İlkin böyük qızını onun Müzəffəroba kəndində yaşadığı atasının evinə gətirmişdir. Atası Təqsirləndirilən şəxs evin çöl darvazasının qarşısında dayanmış, o isə həyətdə olmuşdur. O, böyük qızının həyətə girdiyini görmüş və sonra qardaşı Emil atası Əjdərin İlkinin avtomobilinə əyləşib söhbət etmələrini bildirmişdir. Həmin vaxt o, avtomobilə yaxınlaşmış və sürücünün qapısını açaraq İlkindən “gəl evin içərisində söhbət edək” demişdir. Sükan arxasında oturan İlkin kobud şəkildə “qapını bağla” demişdir. Qapını bağlamamış, İlkin onun ünvanına nalayiq ifadələr işlədərək qapını bağlamağa çalışmışdır. Lakin Əminə qapının bağlanmasına imkan verməmiş və qapını tutub dayanmışdır. Sonra İlkin onu itələyərək avtomobilin qapısının saxlanc yerində bıçağı götürərək bıçağın dəstək hissəsi ilə sol çiynindən vurmuş və nəticədə o, yerə yıxılmışdır. Bu zaman atası Təqsirləndirilən şəxs avtomobilin ön sərnişin hissəsindən düşərək İlkinin əlində olan bıçağı sonuncunun əlini buraraq almış və bu zaman hər ikisi yerə yıxılmış və Əjdər bıçağı İlkinin əlindən almışdır yıxılmışdır. Bu zaman anası Şahid2 onlara yaxınlaşmış və onu İlkindən uzaqlaşdıraraq evin həyətinə apamışdır. Sonra İlkin avtomobilə əyləşərək oradan böyük sürətlə uzaqlaşmışdır. O, atası Əjdərin İlkini vurmadığını və sonuncuya Əjdər tərəfindən xəsarət yetirilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş Məhkəmə-Tibbi Ekspertiza və PA Birliyi Xaçmaz rayon şöbəsinin rəisi X7 ifadəsində göstərmişdir ki, 14 avqust 2024cü il tarixdə Zərərçəkmiş şəxs tibbi müayinədən keçirilərkən onun bədəni üzərində yetirilmə müddəti 14 avqust 2024-cü il tarixə uyğun gələn sol gicgah və təpə nahiyələrinin hemotomaları, sol yanaq və sol çiyin nahiyələrinin sıyrıqları kimi xəsarətlər müəyyən edilmişdir. Qeyd olunan xəsarətlərdən sol gicgah və təpə nahiyələrinin hemotomaları bərk küt əşya (əşyalar) təsirindən törənməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir, sol yanaq və sol çiyin nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir və bununla bağlı tərəfindən 14 avqust 2024-cü il tarixdə rəy tərtib olunmuşdur. Məhkəmə-tibbi ekspertizası zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sol gicgah və təpə nahiyələrinin hemotomaları xəsarətləri aşkar edilmişdir və buda ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur. Həmin xəsarətlərin törənmə mexanizmi onun sol gicgah nahiyəsində olan hemotoma yıxılma və zərbə ilə vurulma nəticəsində əmələ gəlməsi mümkündür, lakin təpə nahiyəsində aşkar edilmiş hemotoma yumruq zərbəsi nəticəsində alınması xarakterikdir, yıxılma nəticəsində yarana bilməz. Xəsarətlər özü-özünə yetirilməyə xarakterik deyil. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin və ekspertin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və işi icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, 40780158-№-li cinayət işi 22 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi başlanılmışdır. - “Raport”dan (cild 01, vərəq 03) müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:44-də vətəndaş Şahid1 070 713-50-32 saylı mobil nömrədən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək Xaçmaz rayonu, Müzəffəroba kəndində əri tərəfindən döyülməsi, atasının isə bıçaqla hədələnməsini bildirmişdir. - “Raport”dan (cild 01, vərəq 04) müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:33-də vətəndaş Zərərçəkmiş şəxs 051 206-69-10 saylı mobil nömrədən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək Xaçmaz rayonu, Müzəffəroba kəndində həyat yoldaşı Əminə ilə aralarında münaqişə olması, Əminə və valideynləri tərəfindən döyülməsi barədə məlumat vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X24 14 avqust 2024-cü il tarixli, 373 nömrəli ekspert rəyindən (cild 01, vərəq 15) müəyyən edilir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gicgah və təpə nahiyələrinin hematomaları, sol yanaq və sol çiyin nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol gicgah və təpə nahiyələrinin hematomaları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir, sol yanaq və sol çiyin nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X24 14 avqust 2024-cü il tarixli, 376 nömrəli ekspert rəyindən (cild 01, vərəq 16) müəyyən edilir ki, 2002-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsi nahiyəsinin şişkinlik və qançırı bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. - “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən (cild 01, vərəq 17-18) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən Xaçmaz RPŞ-nin KTQ-nın baş inspektor-kriminalisti X8 və Şahid1 iştirakları ilə 14 avqust 2024-cü il tarixdə Xaçmaz RPŞ-yə gəlmiş Təqsirləndirilən şəxs bir ədəd mətbəx bıçağını təqdim edərək 13 avqust 2024-cü il tarixdə yaşadığı Xaçmaz rayonu, Müzəffəroba kəndində aralarında yaranmış mübahisə zamanı Əzizov Zərərçəkmiş şəxs Əminə Əjdər qızına həmin bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Təqdim olunmuş bıçaq tiyə və dəstəkdən ibarət olmaqla ümumi uzunluğu 24 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan olmaqla bir tərəfi kəsici, digər tərəfi küt kənara malikdir. Kəsici kənarın hər iki tərəfi itilənmişdir. Tiyənin uzunluğu 13 sm olmaqla ucu deşici xassəyə malikdir. Tiyənin orta hissədə eni 2,1 sm, qalınlığı isə 1mm-dir. Tiyənin ucu kəsici tərəfin maili formada əyilərək küt tərəfə birləşməsi nəticəsində əmələ gəlmişdir. Tiyənin sol yan səthinə “SANLİU 666” yazısı həkk edilmişdir. Bıçağın dəstəyi tiyənin davamı olmaqla qara rəngli plastik materialdandır və üzərinə metal rəngli dəmir materialdan üzlük qoyularaq üç yerdən metal sıxıcı ilə bərkidilmişdir. Dəstəyin uzunluğu 10,2 sm, orta hissədə 2 sm, orta hissədə qalınlığı 1 sm-dir. Qeyd olunan bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən fotoşəkili çəkilməklə qablaşdırılıb 59 saylı möhürlə möhürlənərək götürülmüşdür. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 33) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır - “Baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 01, vərəq 69-70) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs, hal şahidləri X9 və X10 iştirakları ilə xəsarət alması ilə bağlı hadisə yerinə baxış keçirilmişdir. - “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan (cild 01, vərəq 74- 76) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 İlkin Ehtiyar oğluna Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsini bilavasitə hadisə yerinə çıxmaqla və ifadəsində göstərdiyi halların düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadənin yerində yoxlanılmasını aparmışdır. - “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 07 noyabr 2011-ci il tarixli qərardan (cild 01, vərəq 89) müəyyən edilir ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan (cild 01, vərəq 99) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltiza” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 125-127) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 31 oktyabr 2024-cü il tarixli məktubdan (cild 01, vərəq 132) görünür ki, Zərərçəkmiş şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 18 noyabr 2024-cü il tarixli məktubdan (cild 01, vərəq 133) görünür ki, Təqsirləndirilən şəxs İsmayl oğlu “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2024-cü il tarixli, 3/1797 №-li ekspert rəyindən (cild 01, vərəq 142) müəyyən edilir ki, təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində sonradan düzəlişlər edilməmişdir və soyuq silah hesab edilmir. - “Cinyət işinin başlanmasının rədd edilməsi barərə” 14 iyul 2023-cü il tarixli qərardan (cild 01, vərəq 149) müəyyən edilir ki, Şahid1 Xaçmaz RPŞ-yə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmişdir. - “İnzibati tənbeh vermə haqqında” qərardan və “İnzibati xəta haqqında protokol”un surətindən (cild 01, vərəq 153-155) müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Şahid1 yaşadığı evdə döydüyünə görə Azərbaycan Respublikası İXP-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tətbiq olunmuşdur. - “Cinyət işi başlanmasının rədd edilməsi barərə” 20 yanvar 2024-cü il tarixli qərardan (cild 01, vərəq 157) müəyyən edilir ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmişdir. - “Sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 01, vərəq 158) müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mətbəx bıçağı Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanması nəzərə alınsın. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə, təqsirini etiraf etməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməyərək zərərçəkən şəxsə hər hansı xəsarət yetirmədiyini bildirsə də, müdafiəçisinin təkrar ekspertizanın keçirilməsi və xəsarətin dərəcəsinin müəyyən edilməsi barədə vəsatəti ilə razılaşmış və vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin və məhkəmə istintaqı zamanı cəlb edilmiş ekspertin ifadələri, eyni zamanda ekspertiza rəyləri eləcə də iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 33) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Müşkür kənd İƏD tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 55) müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci il təvəllüdlü həyat yoldaşı Mamedova İrina, xx.xx.2002ci il təvəllüdlü qızı Şahid1, xx.xx.2003-cü il təvəllüdlü oğlu X16, xx.xx.2006-cı il təvəllüdlü gəlini X12, xx.xx.2014-cü il təvəllüdlü oğlu Mamedov Emil, xx.xx.1937-ci il təvəllüdlü atası X13, xx.xx.2020-ci il təvəllüdlü nəvəsi X18 və xx.xx.2021-ci il təvəllüdlü nəvəsi X17 olmaqla ailə tərkibi vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Müşkür kənd İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 56) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Müzəffəroba kəndində yaşayır. Onun yaşadığı ərazidə kənd sakinləri və qonşular ilə münasibəti hər zaman normaldır. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Xaçmaz rayon, Müzəffəroba kənd tam orta məktəbin 14 yanvar 2025-ci il tarixli, 33№-li “Arayış”dan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həqiqətən Xaçmaz rayonu, Müzəffəroba kənd tam orta məktəbində gözətçi işləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsnın əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin barəsində cəzansını yüngülləşdirən hallar olan bir azyaşlı övladının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını və barəsində cəzasını ağırlaşdıran halların olmamasını, yaşını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X5, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFTBİKCTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-70/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-70/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver